Paşinyanın “demokratiya oyunu” bitdi


Ermənistan sonuncu arqumentini də itirir
MÜŞFİQ ƏLƏSGƏRLİ
Ermənistada hazırki gərginlik, böhran təkcə Qaqik Sarukyanın - parlamentdə fraksiya rəhbəri olan bir şəxsin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilməsiylə bağlı deyil. Bu mərhələni Paşinyan hökuməti özünəməxsus "demokratik yolla" həll edib, öncə onun deputat toxunulmazlığını ləğv etdirib. Prosesi parlamentdaxili prosedurlarla həll etdirməklə, qınaqlardan yayınacağını, "demokratiya oyununu" davam etdirə biləcəyini düşünüb. Amma Sarukyandan fərqli olaraq, onun tərəfdarlarına qarşı davranışında eyni təmkini qoruya bilməyib, gerçək simasını büruzə verib.
Qaqik Sarukyan Ermənistanda vacib şəxsdlərdəndir, "Çiçəklənən Ermənistan" partiyasının lideridir, Ermənistan parlamentində təsirli fraksiyalardan birini- "Sarukyan" fraksiyasını yönləndirir, milyonçudur, tərəfdarları, kütlə arasında nüfuzu var. Təqib edilməsinə etiraz olaraq, tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə, Sarukyanın təqib edilməsinin real səbəblərini açmağa cəhd göstəriblər. Əsl böhran da bu mərhələdə başlayıb. Paşinyanın göstərişi ilə təhlükəsizlik qüvvələri aksiyanın qarşışısını aqressiv, kobud formada alıblar; yüzlərlə adam saxlanılıb, aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edilib. Beləliklə, demokratiyanın təməl prinsipləri-sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı pozulub, polisin ayaqları altına atılıb. Başqa bir məsələdir ki, Q.Sarukyan Nikol Paşinyan hakimiyyətini tənqid etdikdən sonra təzyiqlərə məruz qalıb, fəaliyyət imkanları məhdudlaşdırılıb. Paşinyan komandası bununla da Ermənistanda fərqli fikirləri təqib etdiyini, siyasi plüralizmi boğduğunu büruzə verib. Hansıki, ifadə azadlığı, azad toplaşma hüququ, etiraz etmək, haqqını tələb etmək, KİV-in sərbəst fəaliyyətinə imkan yaratmaq Qərbin "önəm verdiyi" demokratik dəyərlər sistemidir. Paşinyan komandası son iki gün ərzində- iyunun 16 -dan başlayaraq cərəyan edən proseslər fonunda bütün bu dəyərlər sistemini ayaqlar altına atdığını bir daha təsdiqləmiş oldu.
Əslində bənzər hadisələr Paşinyanın hakimiyyətə gəlişinin ilk anlarından, 2017-ci ildən etibarən baş verir. Qərb təşkilatlarının legitim hesab etdiyi seçkinin nəticələrini inqilabi yolla dəyişərək baş nazir postuna yiyələnməklə, Paşinyan hansı yolun xidmətçisi olduğunu göstərmişdi. Reallıqda uduzduğu bir seçkinin nəticələri nəzərə alınmadan, "seçkinin favoriti" elan edilmişdi. Saxtakarlıq, güc yolu yolu ilə əldə etdiyi hakimiyyətin formalaşmasından həmən sonra "demokratiya quruculuğu" adı altında ölkənin ictimai-siyasi fiqurlarını-öz rəqiblərini repressiv vasitələrlə, bir-bir həbsə atdırmaqla sıradan çıxardı. Robert Köçəryan, Serj Sarkisyan və digərlərinə qarşı münasibətdə sərgilədiyi qeyri-demokratik siyasət bu şəxslərə qarşı ümumi narazılıq fonunda gözardı edilsə də, Paşinyanın "demokratiya oyunu" qısa zaman kəsiyində ifşa edildi. Məsələn, Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan Paşinyanın hərəkətlərinə qarşı etiraz əlaməti olaraq həbsxanada aclıq edərək öldü, amma onun etirazlarına diqqət yetirilmədi. Hətta ölkə KİV-lərinin bu barədə məlumat yaymaları da yasaqlandı. Bu müddət ərzində Paşinyanın cəzasız qalmasının, bütün avantüralarına göz yumulmasının tək səbəbi Açıq Cəmiyyəti İnstitutu- Soros Fondu başda olmaqla Qərbin bəzi mərkəzləri tərəfindən himayə edilməsidir. Paşinyanın 2018-ci ildəki küçə yürüşlərini bənzər qüvvələrin dəstəyilə idarə edib. Ermənistanda qısa zaman kəsiyində anti-sorosçuların həbs edilməsi deyilənlərə sübutdur. Təəssüf ki, Qərbin digər "demokratik təsisatları" da bu avantüraya göz yumub, Paşinyanın oyunlarının sürətlənməsinə rəvac veriblər. ATƏT, ABŞ Dövlət Departamenti, ABŞ-ın Ermənistandakı səfiri və digərlərinin baş verənlərlə bağlı seyrçi mövqe tutmaları şübhə doğurmaqla yanaşı, Ermənistan əhalisinin Paşinyan eyforiyasına qapılmalarına da yardımçı olublar. Az qala Paşinyan haqqında dünyanın aparıcı demokratlarından biri olmaq imici formalaşdırılıb. Onun Mixail Saakaşvilinin yolunu davam etdirməsi, Qafqazda demokratiya qurucusu olması kimi yanlış rəy formalaşdırılıb. Təəssüf ki, belə təbliğatın toruna düşənlər arasında Azərbaycanın bəzi müxalifət təmsilçiləri, sosial şəbəkə istifadəçiləri var. Bu yalançı imicdən istifadə edərək onun Azərbaycana qarşı olan hərəkətlərinə, erməni şəbəkəsinin Azərbaycan dövlətinə qarşı apardığı qarayaxma kampaniyasına dəsətək verilib.
Amma indi durum dəyişir. Paşinyanın "demokrat imici" indi məhz ermənilərin özü tərəfindən dağıdılır. Son günlərdə Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır, ölkədə siyasi böhran yaşanır. Onunla işimiz yox. Bizim üçün maraqlı olan məqam Paşinyanın yalançı demokrat imici fonunda Azərbaycana qarşı olan basqılardır. İqtisadi, siyasi, hərbi sahədə uduzmuş Ermənistanın sonuncu arqumenti-guya insan haqlarına hörmət qoyan bir rejim qurulması ideyası da puça çıxır.
Xəbər lenti

Ermənistandan Azərbaycana qarşı növbəti ekoloji TƏHDİD
Naxçıvan və Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub