"Laçınla bağlı bu qərar hamının ürəyindən oldu"
Azər Məmmədov: "Laçın olduğu kimi bərpa edilir"
Bu gün Laçının şəhər və kəndləri erməni işğalından sona yenidən qurulur, bərpa edilir, laçınlılar yavaş-yavaş öz yurdlarına qayıdırlar. Strateji əhəmiyyətə malik bu sərhəd rayonumuzun Şərqi Zəngəzurun bu dilbər guşəsinin - Laçının erməni faşistlərinin törətdiyi dağıntılarından sonra yenilənən görüntüsü həm laçınlılar, həm də beynəlxalq müstəvidə diqqətlə izlənir. Təbii ki, hər bir laçınlı evinin tez bir zamanda tikilib başa çatmasını gözləyir, bu istiqamətdə prosesin necə getdiyini daim diqqətdə saxlayır. Digər xarici qrupların Laçına olan maraqlarının arxasında gizlənn niyyətlər də bəllidir. Amma xaricdən gələn xülyalar laçınlıları heç də narahat etmir, onlar qayıtmağa tələsir. Bu gün Laçın şəhərinin bərpa quruculuq işləri necə gedir, necə yenilənir və perspektivdə Laçının ponaramasında nələr gözləyir.
Versus.Az xəbər verir ki, bu barədə müsahibə verən vaxtilə Laçın rayonunun baş memarı, hazırda isə Laçının yenidən qurulması prosesində məsləhətçi memar kimi fəaliyyət göstərən Azər Məmmədov maraqlı məqamlara toxunub.
- Laçının keçmiş memarı, hazırda isə məsləhətçi memarı kimi bu gün Laçına baxanda onun ponaramasını necə görürsüz, görülən işlərin fonunda perspektivi necə təsəvvür edirsiz?
- Ötən il sentyabr ayının 4-dən Laçına gəlmişik. Qeyd edim ki, Laçının bərpa abadlıq işinə “Bakı Abadlıq Xidməti” idarəsinin baş direktoru Bünyad Qasımov rəhbərlik edir. Möhtərəm prezidentin qərarı belə oldu ki, Laçın olduğu kimi, yəni hər kəsin evi öz yerində bərpa olunsun. Bu, bizim üçün böyük bir hədiyyə oldu. Çünki öz ata-baba ocağına, öz evində məskunlaşmaq daha gözəldir, nəinki gedib təzə bir məkanda, villa olsa da belə yerləşmək bizi keçmişimizdən sanki ayırardı. Ona görə də laçınla bağlı bu qərar hamının ürəyindən oldu.
Yəni Laçın bu gün olduğu kimi bərpa olunur. Laçında yeraltı komunuikasiyalar əlavə olunmaqla, müasirlik artırılıb. İndi Laçını Avropa miqyaslı gözəl şəhərlərdən birinə çevirmək istəyirik. Laçın Azərbaycanımızın ən gözəl şəhərlərindən biri olcaq.
Laçında hardasa 1200-ə yaxın fərdi ev var. Hər bir evin birinci mərtəbəsində, hətta zirzəmisində oturan adam belə qarşıdakı dağları, dərələri, mənzərəni görə bilir. Yəni hər bir məkan coğrafi yerindən asılı olaraq ponaramadadır. Hətta mən deyim ki, biz vaxtında Laçının gözəlliyini yaxşı görə bilməmişik. Mən memar olduğum üçün Laçına gələn incəsənət adamları - heykəltaraşlar, memarlarla görüşür, söhbətlər aparırdıq. Hələ o vaxt Laçına gələn qonaqlar bu şəhəri İsveçrəyə oxşadırdılar. İndi gələnlər də o sözü deyir. Laçının sabahını çox gözəl görürəm. Düşünürəm ki, yenilənən Laçın əvvəlkindən də gözəl olacaq. Təsəvvür edin ki, Laçında yerin üstü ilə heç bir kommunikasiya xətti yoxdur -elektirik, qaz, su, suların axıdılması, kabel - hamısı yerin altı ilə işlənir. Dağın başında olan evlərə də kanalizasiaya, internet çəkilib. Biz evlərə kabel xətləri çəkmişik ki, kimsə evin üstünə əlavə antenə qoymasın. Evində oturan hər bir kəs evin içində quraşdırılmız kabeldən istifadə edib istədiyi kanallara qoşula biləcək.
Laçının aşağı başında Həkəri çayı keçir. Laçın üçün ən gözəl yenilik onun yanında Həkəri bulvarının salınması oldu.
- Laçını görməyənlərə onu təsvir edin: Siz də Laçının aşağı başı dediniz: Laçının Başı, Ayağı deyilən hissəsi hansı anlamda yaranıb?
- Laçının bünövrəsi 1923-cü ildə qoyulub. Əsas mərkəzində iki küçə olub. Biri “Kommunist” küçəsi idi, bir də o vaxt Sovet İttifaqı Qəhrəmanı var idi - Əvəz Verdiyev - onun adına idi. Sonradan şəhər böyüdükcə, camaat o küçənin ayağına “şəhərin ayağı”, baş tərəfinə də “şəhərin başı” deyirdilər. Şəhərin başında Mərkəzi meydanda Leninin heykəli, poçt var idi. İndi Laçın böyüyüb, küçələrin sayı artıb. Biz Laçından çıxanda 10 minə yaxın əhali var idisə, köçkünlük dövründə 2500-ə yaxın artıb olub. Hazırda 12500 əhali Laçına qayıtmalıdır. Bu gün görülən işlər hələ ki, həmin 12500 üçün hesablanır, tədbirlər görülür. Ancaq 2035-ci ilə kimi Laçında 18 min əhali olacaq. Biz o 18 min əhalini nəzərə almaqla komunikasiya xətlərini çəkirik.
Zəngilan, Cəbrayıl tərəfdən gələnlər əvvəlcə boz dağları görür, Laçına yaxınlaşdıqca qayalar da yaşıllaşır. Qayanın üstündə də ağaclar bitib. Laçında quru kontinental iqlimdir. İqliminə görə çox gözəl təbiəti var. Laçın doğrudan da gözəldir...
- Laçında komunikasiyaların Avropa standartlarına uyğun qurulması ilə yanaşı, Laçının özünün köhnəliyini saxlayacağını qeyd etdiniz...
- Tutaq ki, indi evlərin üstünə natural kirəmit vurulur. Vaxtilə laçında evlərin üstü ancaq qırmızı, ağ dəmirdən olub, kirəmit olmayıb. Evlərin üzərinə əlavə taxtadan bəzək vurulur. Pəncərələrin qapaqları (nalişnik) taxtadan vurulur. Hər bir evin həyətində gül-çiçəklik olacaq. Bir sözlə, vaxtilə həyətdə olan əlavə tikintilər hamısı götürülüb. Şəhərdə qoyun, toyuq, cücə olmayacaq. Yalnız gül-çiçək olacaq...
- Bəs toyuq-cücə, qoyun-quzu saxlamaq istəyənlər nə edəcək?
- İnək, qoyun saxlamaq istəyən onu kənddə saxlayacaq. Çünki şəhərdə olan hər bir ailənin kəndlərdə də evləri var. O şeylər şəhərə kənddən gələcək. Şəhərdə qoyun-keçi saxlasalar təbiəti korlayar, o gözəlliklər məhv olar.
- Zəhmət olmasa Laçının baş planına diqqət çəkərdiniz.
- Laçının baş planı 1984-cü ildə Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən işlənmişdi. Biz Laçını plana uyğun olaraq tikirdik. Laçın işğal olunandan sonra işlər yarımçıq qaldı. Laçın azad olunandan sonra Prezidentimiz televiziyada çıxış edib dedi ki, Laçının köhnə işlənmiş baş planı əsas götürüləcək və ona yeniliklər, əlavələr edilməklə işlər qurulacaq. Hazırda həmin proses gedir. Yəni Laçının yenidən qurulmasında 1984-cü ilin baş planı əsas götürülüb, üzərində əlavə işlər görülür. Küçələr genişləndirilir. Dünənki küçə ilə bugünkü küçə düz gəlmir. Çünki dünən Laçında 8 min laçınlı var idisə, bu gün hardasa 10 mini keçəcək. Bundan başqa, məsələn, Həkəri çayının suyu daimidir, yəni yağış yağanda, sel olanda gəlmir, daimi bulaq suyudur. O suların da qarşısında gözəl parklar salınıb, ağaclar əkilib, çayda böyük daşlarla göllər yaradılıb. Gölün içi ilə də panton üstündə körpülər salınıb. Bir sözlə, gözəllik... Gölə qayıqlar gətirlirb, dağın başında bulvar salmışıq.
- Laçın həm də sərhəd rayonudur, Laçının bərpa prosesində bu amil necə nəzərə alınıb?
- Mən belə başa düşürəm ki, Laçının bərpa prosesinin başqa rayonlardan qabağa salınması bizim Laçının strateji ərazidə yerləşməsidir. İndi Laçında oturub evimdən baxıram, Ermənistanın iki kəndi görünür. Hətta burdan baxanda “humanitar yardım” adı ilə gələn fransızların maşınları da görünür. Əvvəllər sülhməramlılar vertalyotlarla ryonumuzun üstündən keçib gedirdilər. Həmin o vertalyotla gedənlər şəkilləri çəkir və görürlər ki, dünən Laçın necə idi, sonra ermənilər necə dağıtdılar və qısa müddətə necə bərpa olunur. Təsəvvür edin ki, biz Laçına ötən ilin sentyabr ayında gəlmişik, özümüz bir aya yerləşmişik, oktyabr ayından burda tikinti işləri başlanıb və 3 ay da qışa düşdü. Yerdə qalan vaxtı hesablasaq, görün qısa müddətdə nə qədər işlər görülüb. Yeraltı komunikasiyalar hamısı qazılıb çəkilib. Onu da deyim ki, qazıntılar torpaqda deyil, daş qayalar üzərində aparılıb. Daşkəsən maşınların ucundakı dəmir yeyilirdi, amma daşı çapa bilmirdi, elə möhkəm qayaları yarmışıq. Qışda pəncərələrə selofan çəkib içəridə işləyirdik. Yəni bir neçə aya Laçında hardasa 700-ə yaxın ev bərpa olunub. Laçına təxminən 300-ə yaxın ailə köçürülüb. Amma bəzi problemlər də var. Bəzi podratçılar qabiliyyətli olmadığı üçün sakinlərdən gələn şikayətlər də olur. Biz onları da aradan qaldıracağıq.
Sentyabr ayının axırından ikinci plana 1500 evin yenidən bərpasına başlayacağıq. Hansı evləri ki, biz indiyə qədər bərpa eləmişik, onlar tam dağıdılmamışdı. Yerdə qalan evləri yandırıblar, dağıdıblar. O evlər təzdən tikilib insanlara veriləcək.
Qeyd etdiyim kimi, sentyabr ayında ikinci dalğa başlanır. Konsepsiya budur ki, bir ailənin hər bir övladına evlər tikilsin. Əgər bir ailədə 4 oğul varsa, onlardan biri ata-ananın evində varis qalacaq, yerdə qalanlara evlər tikilməlidir. Eyni məsələni Zabux kəndinə tətbiq elədilər. Əvvəl Zabuxda 86 ev olub, indi isə 210 evdir. Zabux da gözəl salınıb.
- Şərqi Zəngəzura doğru açılan yolları, yerləri gördüyünüzü dediniz. Sərhəddə ermənilər tərəfindən hər hansı təhlükəli həmlələrlə üzləşməmisiniz, bu istiqamətdə narahatlığınız varmı?
- Laçında sakitlikdir. Təxribatlar sərhəddə var. Sərhədimiz şükür ki, yaxşı qorunur. Hələ 80-ci illərdə bizim ermənilərlə sərhəddə yerləşən torpaqlarla bağlı çox mübahisələrimiz olub. Sonra araşdıranda görmüşük ki, ermənilər həmin torpaqların sənədlərini saxta yolla düzəldiblər. O vaxt ərazilərimizin çox hissəsi ermənilərin istifadəsinə keçmişdi. Amma indi həmin torpaqların hamısı özümüzdədir. O vaxt saxta yolla ələ keçirdikləri torpaqlar da qaytarılıb. Ordumuz sovet vaxtı ata-babamız dediyi, biz bildiyimiz sərhədimiz boyu düzülüblər. Ordumuzu sərhəddə görəndən sonra burda heç bir qorxumuz yoxdur. Laçın camaatı da tez bir zamanda evinə, yurduna qayıtmaq istəyir. İnanın ki, bu dəqiqə şərait yaradasan hamı qaçıb gələr Laçına. Bu bizim ən gözəl xüsusiyyətimizdir. Bakıda elə düşünürdülər ki, heç kəs qayıtmayacaq, amma belə deyil...
- Məsləhətçi memar kimi daha nələrin olmasını arzu edərdiz?
- İstərdim ki, yol infrastrukturu daha da genişlənsin. Çünki əsas tikinti, inkişf yoldan başlayır. Təqdirəlayiq haldır ki, hazırda gözəl yollar çəkilib və davam edir. Laçından 21 metr enində 4 zolaqlı yol keçir. Düz Füzulidən -Horadizdən başlayıb gəlir Laçından keçib gedir Kəlbəcərdən Gəncəyə. Bunun özü Laçın üçün böyük əhəmiyyətə malikdir.
Laçında həddən çox mineral su yataqları var. Təsəvvür edin ki, 50-100 metr məsafə arasında 10 bulaq var. Biri isti su, bir turş su, biri böyrək, biri göz, biri alergiya suyu və sair... Üstəlik Laçının meşələrinin hamsı meyvə ağaclarıdır. Hətta II dünya - “Böyük Vətən Müharibəsi” dövründə insanlar bu meşələrin hesabına buralarda yaşayıblar. Meşədə fındıq, qoz, alma, armud, moruq, ərik və başqa meyvələr var. Bizim meşələr elədir. Laçın daşlıq ərazidir, amma o daşın üstündə nə əksən bitir. Bakıda torpaqda bir ağaçı yaşıllaşdırmaq üçün nə qədər çalışırsan, amma Laçında ağac daşın üstündə bitir. O vaxt (müharibədən əvvəl) mənə müraciət edirdilər, qayanın üstündə yer verirdik, 2 ildən sonra gedirdik ki, yamyaşıl, bağ-bağatdır. Bizdə Laçının yuxarı tərəflərində çılpaq yerlər var. Bünyad müəllim dağın başına su çəkdirib, indi orda çiləmə su çəkdirmək istəyir ki, yayda sular çilənsin, həmişə yaşıl olsun.
- Görünən odur ki, Laçın yüngül sənayenin inkişafı üçün çox münbit ərazidir. İnsanların iş yerləri ilə təmin olunması üçün hansı addımlar atılır?
- İnsanlar bura gəlib yaşayacaqsa, cənnət olsa da birinci onlara iş yerləri lazımdır. Bu məqsədlə Bünyad Qasımov hökumətin razılığı əsasında Laçında “Zertinin düzü” deyilən yerdə “aqrozona” yaradıb. Orda yeni-yeni mini zavodlar, fabriklər tikilir, 1000 nəfərədən çox iş yeri açılır. Çalışırıq ki, gələnlərin hamısı işlə təmin olunsun. Laçında vaxtilə insanlar idarə-müəssisələrdə işləyib. Əsas iş sahələri səhiyyə, maarif, təhsillə bağlı olub. İndi əlavə olaraq həmin fabrik zavodlar da tikilir.
Düzdür, 90-cı ilin əvvəllərində Sumqayıtın, Bakının zavodları gəlib burda hərəsi özlərinə filiallar tikdilər, amma yarımçıq qaldı. İndi həmin proqram davam etdirilir, iş yerləri açılır. Bəlkə də gələcəkdə Ağdamdan, Füzulidən də gəlib burda işləyib gedəcəklər. Bu dəqqə Bünyad Qasımov bir ağsaqqal laçınlını işə götürüb. Onlar dərman bitkilərini - baldırğan, şoşan, itburnu, kəklikotu və sair yığıb yaradılan qəbul məntəqəsinə verirlər. Bakıda “Laçın” firma mağazası açıb camaatı bu bitkilərlə təmin edəcəklər. Eyni zamanda bilirik ki, Laçında bir neçə çeşiddə pendir istehsal olunub. İndi bu sahənin mütəxəssislərini İtaliyaya təcrübəyə göndərib pendir istehsalında çeşidi artırmaq nəzərdə tutulub. Bundan sonra Laçın adı ilə bir neçə yox, 10-dan çox pendir növ istehsal olunacaq. /"Həftə İçi"/, /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...