İlham Əliyevlə Putinə "Şərurlu İsfəndiyar"dan ŞİKAYƏT ETDİ
15 il keçib, amma hələ də nə pulunu, nə də mənzili ala bilmir
Rusiya Federasiyası, Tümen vilayətinin Nijnivartovsk şəhərində uzun illərdir yaşayan Rusiya vətəndaşı Əhmədov Əhməd Mustafa oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Bakı şəhərində üzləşdiyi problemlərlə əlaqədar olaraq müraciət ünvanlayıb.
Qeyd edək ki, Əhməd Əhmədov 2008-ci ildə Bakı şəhərində mənzil almaq məqsədi ilə 15 il keçməsinə baxmayaraq, tikinti şirkətinə ödədiyi nə pulu, nə də mənzili ala bilir.
Əhməd Əhmədovun müraciətini olduğu kimi oxuculara təqdim edirik:
"Mən məcburam ki, öz hüquqlarımın müdafiə olunması üçün Sizlərə, hər iki dost ölkənin Prezidentlərinə və mətbuat vasitəsi ilə geniş ictimaiyyətə müraciət edim.
Bir neçə il əvvəl Sizə və Rusiyanın Azərbaycandakı səfirinə müraciət edərək mənim qanuni əmlak maraqlarımın Azərbaycanda müdafiə olunmasını xahiş etmişdim. Çox təəssüf hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının bəzi kommersiya təşkilatı və vəzifəli şəxsləri tərəfindən məhz mənim işimlə bağlı bütün beynəlxalq müqavilələr, o cümlədən MDB dövlətləri arasında bağlanmış Minsk və Kişinyov konvensiyası pozulmuşdur.
Bir daha xatırlatmaq istədim ki, mən bir Rusiya vətəndaşı olaraq 14 iyul 2008-ci il tarixində, “Şərur” MTK-nın nəzdində fəaliyyət göstərən “Azərtikinti ATF” MMC rəhbəri Azər Quliyev ilə bağlanmış №08/17647 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347-48, tikilən “8” bloklu “16” mərtəbəli yaşayış binasının “4” blok, “4” mərtəbə ümumi sahəsi “103,5” kv.m., izolə olunmuş 2 otaqlı mənzilin ümumi dəyərinin 77625 ABŞ dolları, yəni 100 %-ni ödəmişdim.
Lakin məlum olub ki, “Azərtikinti ATF” MMC vəzifəli şəxslər məni və digər vətəndaşları aldadaraq, ödədiyimiz pul məbləğlərini mənimsəyiblər. Fakt üzrə “Azərtikinti ATF” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır.
Azər Quliyev həbs olunandan sonra getdim ”Şərurlu İsfəndiyar"ın yanına. Dedi ki, bina bizimdir, müqaviləni Azər Quliyevnən bağlamısınız, əlavə olaraq 25000 manat verin, mənzillərinizi alın. Dedim, buna imkanımız çatmaz. Neçə dəfə yanına gedib-gəldim, xeyri olmadı. İş məhkəməyə getdi. İlk gündən etibarən məhkəmə bizi arxayın saldı ki, pullarınızı qaytaracaqlar.
Biz əslində Azər Quliyevin həbs olunmasını istəmirdik. İstədiyimiz o idi ki, bizə dəyən maddi ziyan ödənilsin. Azər Quliyevin özünün də əlində sənədlər vardı, deyirdi ki, evlər satılacaq, pullar camaata qaytarılacaq. Hətta İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov məhkəməyə gələndə bizə demişdi ki, sizin evləri qaytaracağıq. Amma sonra hər şey dəyişdi.
Nəticə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli hökmü ilə Quliyev Azər Cəlil oğlu CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə, azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş.
Həmçinin, həmin cinayət işi üzrə mən zərərçəkmiş şəxs qismində tanınmışam. Tərəfimizdən verilmiş mülki iddia təmin edilmiş, xeyirimizə dəymiş ziyanın məbləği 45.381 manat pulun Quliyev Azər Cəlil oğlundan tutularaq ödənməsi qərara alınmışdır.
Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilməsini İsfəndiyar Axundov sözügedən məhkəmədə xüsusilə vurğulayıb.
Amma Məhkəmənin bu qərarına baxmayaraq bizə dəyən zərəri heç kim ödəmədi.
Getmədiyim, şikayət etmədiyim yer qalmayıb. Nə mənzilimi ala bilirəm, nə də pulumu.
Mənim kimi 10 nəfərdən çox aldadılmış payçı var. Hamımız evsiz-eşiksiz küçələrdə qalmışıq
İndi mənim ümidim yalnız Sizlərədir, Cənab İlham Əliyevə və Vladimir Vladimiroviç Putinə!
Yuxarıda qeyd edilənləri nəzəzrə alaraq, Sizlərdən xahiş edirəm ki, Azərbaycan Respublikası ərazisində mülkiyyət hüququmun müdafiəsi və mənə dəymiş ziyanın ödəniməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli Qərarın icra olunmasına köməklik göstərəsiniz".
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...