Nazir müəllimlərə müraciət edib
Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır.
Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərə ünvanladığı müraciətində bildirib.
Nazir əlavə edib ki, bunun sayəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.
C.Bayramov qeyd edib ki, əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər:
"Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.
Bu il YUNESKO Beynəlxalq Müəllim Gününü “Təhsil hüququnun təminatı hazırlıqlı müəllim tələb edir” şüarı altında keçirir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş və bu il 5-ci il dönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm verib".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"