Vətən müharibəmiz...

12:59 30-01-2021 | icon 1333 | Şəhidlər və şahidlər
Vətən müharibəmiz...

Bu müharibədə igidlərimiz qanları, canları hesabına illərdir gözükölgəli olan xalqımızı bu utancdan xilas etdi. Onların şərəfli yolu hər kəsin ümid işığı oldu. Bütün dünya Azərbaycan əsgərlərinin savaşa çalıb-oxuyaraq, gülə-gülə getdiyini izlədi. Yaralı qartalımıza məlhəm olacaq bu yol uşaqdan böyüyə hər kəsi ayaqlandırdı. Polad meydanından Qələbə məşəlini alovlandıran qığılcımlar sonradan Zəfər alovlarını şölələndirdi. Vətən müharibəmizin hər dəqiqəsi yazdıqca bitməyən bir dastan oldu. Bitən isə 30 illik həsrət və acı!

 
 
Biz xalq olaraq uzun illərdən sonra ilk dəfə bu günün qürurunu yaşadıq. İlk dəfə olaraq bu günün əzəmətini vəsf etməyə sözlərimiz aciz qaldı. İlk dəfə olaraq, o gün "Görəsən dədəmin qəbri necə oldu?" deyən atalarımızın sızlayan baxışlarına " Ay Allah, evimi dağıtsalar, eybi yox, həyətimdə çadır qurub qalaram"- deyən analarımızın göz yaşlarına məlhəm oldu...
 
 
Bu əzəməti bizə yaşatmaq üçün igidlərimiz canından keçdi, sağlamlığını itirdi.. Amma yaşatdı. Sevərək yaşatdı. Sevərək seçdi bu yolu. Sevərək sevgisini qorudu. Ən böyük sevgi olan Vətən sevgisini...
 
 
Bu sevgini qorumaq üçün canını sipər etmiş igidlərimizdən biri də Ramiyyə ananın gözünün ağı-qarası, yeganə övladı Ruslan İmanquliyevdir.
 
 
İmanquliyev Ruslan Natiq oğlu 1996-ci ilin mart ayının 14-də Sumqayıt şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra peşəyə yiyələnmək məqsədi ilə 1 nömrəli Sumqayıt şəhər peşə liseyinə daxil olmuş və liseyi telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisası ilə bitirmişdir.
 
 
Ruslan İmanquliyev 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılmış və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayonunda DSX-nin N saylı hərbi hissəsində çevik alay taborunda xidmət etmişdir.
 
 
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Ruslan müddətdənartıq hərbi xidmətdə çalışmaq üçün 2019-cu ilin dekabrında kursu bitirir və Vətən keşiyində bir qəhrəman əsgər kimi dayanır.
 
 
Ruslan Priküşkül qəsəbəsində N saylı hərbi hissədə tank əleyhinə tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu kimi işləməyə başlamışdır. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak etmişdir.
 
 
R.İmanquliyev Vətən müharibəmizin başlandığı ilk gündən düşmənlə qarşı-qarşıya ön cəbhədə vuruşmuşdur. O, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirmiş, 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində son döyüşünə qatılmışdır. Döyüşün qızğın anında Ruslanın silahı itir. O, ağır artilleriya ilə düşmənə layiqli cavab verib, onların qüvvələrini azaltdıqdan sonra, hərbi anda sadiq qalaraq silahının arxasınca gedir. Döyüşün şiddətinə baxmayaraq İmanquliyev silahını götürür, amma mənfur düşmənin gülləsi də ondan yayınmır. Ruslan silahı əlində döyüşərək qəhrəmancasına Şəhidlik zirvəsinə ucalır.
 
 
Anası Ramiyyə xanımın dediklərindən: "Ruslana hərbi forma çox yaraşırdı. Arxasınca fərəhlə baxmaqdan doymazdım".
 
 
Gənclik illəri Azərbaycan Xalq hərəkatının başlandığı dövrə təsadüf edən və həmin dövrün fəal gənclərindən olan Ramiyyə xanım övladını da Vətənə böyük sevgi ruhunda tərbiyə etmişdi. Belə tərbiyə almış övladın başqa yol seçməsi zatən mümkün də deyildi...
 
 
Min arzu-dilək ilə böyütdüyü övladı ilə hər zaman qürur duyan ana cəmi 3 ay idi ki, onu evləndirmişdi.
Ruslanın evlənməsi babasının ölümünə, həm də mövcud pandemiya vəziyyətinə uyğun olaraq çox qapalı olmuşdu.
 
 
"Onların heç birlikdə şəkilləri belə yoxdur" - deyən Ramiyyə xanım gəlininə baxaraq deyir: "O mənim gəlinim yox, qızımdır". Bu sözləri deyə biləcək yalnız azərbaycanlı ana ola bilər. Elə bir azərbaycanlı ana ki, müharibə bitdikdən sonra Şəhid olmuş yeganə övladının döyüşdən qalib qayıdan yoldaşlarını gözlərini silərək, gülərüzlə qarşıladı.
 
 
Müharibəmizdə təkcə döyüşən oğullar deyil, onları böyüdüb boya-başa çatdıran analar da qəhrəmandır.
Şücaət göstərmiş igidlərimiz kimi onları dünyaya gətirmiş anaların haqqında da əsərlər yazılmalı, gerçək tariximiz gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır...
 
 
Övladını Vətənə məhəbbətlə böyüdən və onunla fəxr edən Ramiyyə xanım bütün otağı başdan-başa Ruslanın şəkilləri ilə bəzəyib. Övladı ilə son görüşünü ana belə xatırlayır:
 
"Ruslanı son gördüyüm gün 27 sentyabr oldu. Onu səhər 05.30-da yola salmışdım və həmin gün axşam işdən qayıdacağını gözləyirdim... İndi də gözləyirəm...
 
 
"Ruslanla sentyabrın 30-u Şəhidlər xiyabanına gedərkən danışanda səsindəki dəyişikliyi hiss etdim: "Hər şey yaxşı olacaq - yalnız dua edin" - dedi.
 
 
"Son danışığımız isə oktyabrın 1-i beşə on beş dəqiqə işləmiş oldu. "Qulaqlarım tutulub" - dedikdə, ona "gedim, tək övlad olduğunu deyərək qayıtmağını xahiş edim" - söylədim. Əsla razı olmadı..
 
Ruslanın həyat yoldaşı Elvira xanımın dediklərindən: "Biz qonşu olmuşuq. Mənim telefon nömrəmi anasından götürmüşdü və evlilik təklifini də mesajla yazmişdi".
 
"Ruslan ağır təbiətli idi " - deyən Elvira xanım sözünə davam edir. - "Ən böyük xoşbəxtlik onun mənim yanımda olması idi".
 
 
Ruslanın şəklinə baxaraq onunla danışırmış kimi Elvira xanım sözünə davam edir:
 
"Son zamanlarda özünə çox qapanırdı. Son arzusu da var idi... o da həyata keçmədi ... xoşbəxtliyim də onunla bərabər getdi..."
 
 
Ruslanın gətirilməsini Ramiyyə xanım belə xatırlayır:
 
"Balkona çıxmasaydım heç kəs qapıya gəlib, Ruslanın Şəhid olduğunu deyə bilmirdi. Həyətdə 300 adam var idi. Hamı balkona baxırdı. Həmin vaxt göyə baxdım, Ruslanı gördüm, bulud kimi.. arxasından işıqlar çıxırdı....
Onda bildim ki, o qayıtmayacaq. 2-3 dəqiqəyə buxarlanıb getdi..."
 
 
"Bu evdə gözləyirəm onu... Otaqdan çıxmaq istəmirəm, gedəndə tez gəlmək istəyirəm - birdən gələr görmərəm onu deyə..."
 
 
R.İmanquliyev döyüşdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin işğaldan azad olunması uğrunda" medalları ilə təltif olunub.
 
Məqamın qarşısında baş əyirəm, igidim.
 
 
 
 
Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI