Komandirinə kömək edərkən yaralanan qəhrəmanımız

15:29 02-02-2021 | icon 564 | Şəhidlər və şahidlər
Komandirinə kömək edərkən yaralanan qəhrəmanımız

Əlihüseyn Mirzəyev: “Düşmən yaxın döyüşdən qorxub qaçırdı”

 

İkinci Qarabağ müharibəsinin igid döyüşçüləri bu gün də öz xidmətini davam etdirir. Onlardan biri də Azərbaycanın tarixi qələbəsinə imza atan 20 yaşlı Əlihüseyn Mirzəyevdir. Lerik rayonundan olan hərbçimiz müharibənin başladığı ilk gündən, sentyabrın 27-dən ön cəbhədə olub.

 

Sentyabrın 27-si ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Ə.Mirzəyev qələbə qazandıqca əsgərlərin daha da ruhlandığını deyir.

 

 

Söhbət zamanı hərbçimiz deyib ki, döyüş başlayan zaman tərəddüd etmədən torpaqlarımız uğrunda mübarizəyə qoşulub:

 

“Sentyabrın 27-də döyüşlər başladı. Təbii ki, sevinirdik, amma həm də həyəcanlı idik. Vətən müharibəsində iştirak etmək hər kəsə nəsib olmur. İllərdir torpaqlarımızın işğal altında qaldığını düşündükcə düşmənə olan nifrətimiz daha da dərinləşirdi. Tək nigaranlığımız ailələrimizdən idi. Onlar narahat olmasın deyə döyüşə getdiyimizi belə demirdik. Ailəm üçün narahat idim. Düşündüm ki, təki hər şey yaxşı olsun, onlara qələbə xəbərini verərəm. Beləliklə Füzulinin azad olunması uğrunda döyüşlər başladı. Düşmənin canlı qüvvəsini məhv etdik, qənimətlər ələ keçirdik və onları öz torpaqlarımızdan qovduq”.

 

 

 

“Qardaşlarımız şəhid oldu, amma bu gün onların da ruhu şaddır”

 

Ə.Mirzəyev deyir ki, döyüşlərin ən acı anı silah yoldaşlarını itirmələri olub:

 

“İlk döyüş günləri çətin keçirdi. Amma hədəfə doğru irəliləyirdik. Qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirirdik. Bir tərəfdən sevinirdik, bir tərəfdən isə üzülürdük. Şəhidlərimiz oldu. Onları döyüş meydanından çıxaran zaman ürəyimiz daşa dönürdü. Orada heç kim bir-birini tanımırdı, amma doğma qardaşdan daha yaxın idik. 

 

 

Döyüş tapşırığını yerinə yetirən zaman məndən irəlidə gedən əsgər yoldaşım vuruldu. Komandirimiz İsa Əliyev bizimlə birlikdə irəliləyirdi. O, bizi çətin döyüşdən çıxardı. Dayanmaq olmazdı. Çox ağır döyüş idi. Həmin gün heç kim özünə gələ bilmirdi. Lakin səhər açıldı və bizə dəstək qrupu gəldi. Növbəti döyüş tapşırığımız müvafiq istiqamətdə yüksəkliyin alınması idi. Həmin istiqamətdə erməni əsgərləri ilə qarşı-qarşıya gəldik. Düşmən yaxın döyüşdən qorxub qaçırdı və biz həmin yüksəkliyi onları qova-qova aldıq”.

 

“Yaralı komandirimə köməyə gedərkən yaralandım”

 

Hərbçimiz deyir ki, oktyabrın 5-də komandiri döyüş zamanı yaralandı:

 

“Komandirimə köməyə gedən zaman mən də yaralandım. Bir müddət ağrıdan özümü itirmişəm. Daha sonra komandirimizlə birlikdə 20 kilometr piyada yol qayıtdıq. Əsgər yoldaşlarımız bizə kömək etdi. Hava soyuq idi və yağış yağırdı. Paltarlarımız islanmışdı. Əsgər yoldaşlarımız bizi hospitala çatdırdılar. Orada bizə çox yaxşı qulluq etdilər. Yaralı olduğum üçün tərpənə bilmirdim. Əynimi yaşlı bir həkim dəyişəndə ağlayırdı. Qorxmasın deyə ona yaxşı olduğumu deyirdim. Üç gün orada qaldıqdan sonra döyüş meydanına qayıtdım.

Hadrut istiqamətində qızğın döyüşlər gedirdi. Döyüşlərin sonunda bizi iki qrupa ayırdılar. Gecəni səhərə qədər yatmadıq. Yüksəkliyi aldığımız yerdə mövqelərimizi möhkəmləndirdik. Silah yoldaşlarım Zeynal və Nurlanla birgə növbətçi idik. Düşmənlə aramızdakı məsafə təxminən 100 metr idi. Onların səslərini eşidirdik. Səhər atışma başladı. Ağır artilleriyalardan atəş açılırdı”.

 

“Dua edirdim ki, sağ qayıdıb, ailəm üçün ev tikim”

 

 

Nəhayət Şuşaya daxil olduqlarını deyən Ə.Mirzəyev ən çətin döyüşün məhz burada yaşandığını deyib:

 

“Üç gün Şuşa uğrunda ağır döyüşlər getdi. Dua edirdim ki, qalib çıxaq və hər birimiz ailəmizin yanına qayıdaq. Bizim heç vaxt evimiz olmayıb. Ailəmə söz vermişdim ki, salamat qayıdıb, onlar üçün ev tikəcəm. Nəhayət üç gündən sonra Şuşa artıq düşməndən təmizləndi. Yüksəkliklərə artıq Azərbaycan ordusu hakim idi. Şuşada Azərbaycan bayrağı dalğalanırdı. Həmin günün səhəri Şuşa məscidində azan səsləndi. Hər kəs azanın səsi ilə oyandı və bu, çox möhtəşəm idi. Qarabağ artıq bizimdir. Ali Baş Komandanımızın rəhbərliyi altında biz qalib gəldik. Qarabağ Azərbaycandır”.

 

O deyir ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi bitənə qədər mülki əhalinin ordumuza dəstəyi əsgərlərin döyüş ruhunu artırıb.

 

Xatırladaq ki, Ə.Mirzəyev bu gün də Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirir. /Oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI