“Hələlik bizim dar ağacına çəkilən vaxtlarımızdır”
İqbal Ağazadə: “İctimai-siyasi düşərgə elə bir prosesə “hamilədir” ki...”
Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi
- İqbal bəy, sizcə bu gün Azərbaycan ictimai-siyasi mühiti hansı siyasi proseslərin dalğası altındadr, bu vəziyyət hansı yeni prosesin CÜCƏRMƏ mərhələsini yaşayır və o “istixana” kimin əlindədir?
- Bu gün Azərbaycanın ictimai-siyasi düşərgəsi elə bir prosesə “hamilədir” ki, onu proqnozlaşdırmaq çox çətindir. Amma prosesin olacağı qaçılmazdır. Hazırda ictimai-siyasi institutlar qruplar halına salınıb, baş verən hadisələrə təsir imkanları olduqca aşağıdır. Hakimiyyət ölkə problemlərini vətəndaşların arzu və istəklərinə uyğun çözə bilmir. Sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, kataklizmlər yaranır və nəticədə xalq ziyan çəkir. Sosial-iqtisadi vəziyyətin ağırlığından sosial xaos, ictimai-siyasi institutların zəifliyindən ayrı-ayrı dini qruplaşmalar ortaya çıxır, dini təşkilatlanma gedir. Ayrı-ayrı dövlətlərin aktivliyi ilə etnik-milli çərçivədə bəzi hərəkətliklər müşahidə olunur. O cümlədən də sosial-iqtisadi vəziyyətdən nigarançılıq keçirən əhalinin içində də bir təlatüm var. Bütün bunlar sükutla sona çatacaq məsələlər deyil. Sosial-iqtisadi vəziyətin düzəlib daha yaxşı məcraya dəyişəcəyinin isə üfüqləri belə görünmür. Hər dəfə sosial-iqtisadi vəziyyəti ağırlaşdıran yeni şərtlər ortaya çıxır. Məsələn, bu günlərdə benzinin qiyməti daha 20 qəpik qalxdı, bundan əvvəl manat devalvasiya etmişdi, perspektivdə manatın yeni devalvasiyası gözlənir. Növbəti devalvasiyada iqtisadi sektorda götürülən kurs uğura doğru heç nə vəd etmir. Bankların bağlanması əhalidən tutmuş, ayrı-ayrı şirkətlərin hesablarında qalan pullar ciddi narahatlıq yaradır. Bu proses yaxşı heç nə vəd etmir. Bu “qaynar qazan”a hökumət nəzarət edir və qəribə məntiqlə çıxış edirlər. Məsələn, benzinin qiymətini qaldırırlar, amma deyirlər ki, əhaliyə təsiri olmayacaq. Başa düşmürəm, benzini kimə satacaqlar? O zaman əhaliyə nə təsir edəcək? Maraqlı budur ki, müsbət proqnoz vermək üçün heç bir gəlişmə yoxdur. Heç kəs də neftin qiyməti ilə bağlı möcüzə gözləməsin. Əvvəlki illərlə müqayisədə neftin qiyməti qalxmayacaq və yalnız 45-50 dollar civarı arasında oynamalar olacaq. Bu birmənalıdır.
Diqqət edirsinizsə, dünyada enerji daşıyıcılarının alternativ enerji mənbələrinin araşdırılması və tətbiqi istiqamətində çox böyük proqamlar həyata keçirilir. Avropanın ayrı-ayrı dövlətləri var ki, 4 ildən sonra benzinlə işləyən maşınlardan imtina ilə bağlı qərarlar veriblər. Bu onu göstərir ki, alternativ enerji mənbələrinin axtarılması təbii qaz və karbohidrogen ehtiyatlarından yaranan enerji mənbələrinin yavaş-yavaş sıradan çıxmasına xidmət edəcək. Dünyanın balansı faktiki olaraq iki istiqamətə dəyişəcək. Təbii resurslar və ağlın rəqabəti. Burada ağıl qalib gələcək. Çünki ağıl yenilikçi və mövcud olan xammaldan təkcə qazanc əldə etmək üçün deyil, daha real iqtisadi uğurlar vəd edəcək.
“Hakimiyyətin apardığı siyasət pərakəndə və sistemsizdir”
Azərbaycan iqtisadiyyatının sistemi doğru deyil. Bu gün kənd təsərrüfatı ölkəsi olmağa qayıdış tendensiyaları sezilir. Kənd təsərrüfatı məhsullarının ixracına yönəlik hakimiyyətin apardığı siyasət pərakəndə və sistemsizdir. Öncə pambıqçılıqla bağlı qeyd edim. Əvvəlcə Azərbaycan pambıqçılığının yeri dünya iqtisadiyyatında doğru araşdırılmalıdır. Azərbaycan pambığın əkilməsindən sonrakı mərhələsində yenə də xammal satışına üstünlük verəcəksə, gəlirlər aşağı olacaq. Bağça müəllimələrini, tibb işçilərinı və sair insanları zorla pambıq yığmağa aparmaqla pambıq becərmək mümkün deyil. Bunun üçün qazanc götürən adamın özünün stimulu və marağı olmalıdır. Pambığın emal sənayesi yaradılmalıdır. Burda pambıq çeşidlərə də ayrılmalıdır, əyrçilik kombinatları yaradılmalıdır. Eyni zamanda baramaçılığı götürək. Bu yaxınlarda Çindən gətirilən baramaqurdunu Şəkidə paylayırdılar. Bir adam soruşmadı ki, bu qurdu nə ilə, harada bəsləyəcəksiz. Ən azı çəkilliklər olmalıdır.
Hökumət əsas bir funksiyanı ya unudub, ya qəbul etmək istəmir. Başa düşmək istəmir ki, hökumətlər, nazirlər prezidentlər iş görmək üçün deyil, təşkil etmək üçündür. İşi sahibləri görəcək. Amma bütün funksiyanı öz üzərinə götürdüyü üçün nəticədə heç bir iş görə bilmir. Çünki burda korrupsiyaya yer verilir.
“İqtidarlı-müxalifətli bir “bina”nın sakinləriyik”
- İqbal bəy, bu məqamların cəmiyyətdə təlatüm yaradacağını qeyd edirsiniz. Bəs onu hərəkətə gətirə biləcək resurs hardadır?
- Bilirsiz, bəzən bina özülündən çökməyə başlayır, bunun üçün onun kərpiclərini tərpətməyə ehtiyac qalmır. Hamı düşünür ki, bu təlatümü əhali edəcək. Əstəfrullah, heç kəs istəməz ki, bu ölkədə kataklizmlər olsun. Amma əhali tərpətməyəcək, kimsə ona əl vurmayacaq deyə, binanın uçmayacağına heç kəs təminat vermir. Əgər bir ölkədə bir il ərzində benzinin, işığın qiyməti qalxırsa, əlbəttə ki, “bu bina”nın öz-özünə çökməsi prosesi gedir. Ən dəhşətlisi budur ki, gözümüz önündə iqtisadiyyatımız çökür, bank-maliyyə sistemi çökür, Qarabağ istiqamətində zərrə qədər irəliləyiş yoxdur, sosial vəziyyət ağırlaşıb.
İqtidarlı müxalifətli bir “bina”nın sakinləriyik. Bu “bina”nın nə 1-ci mərtəbəsində, nə də 9-cu mərtəbədə yaşayan sakini heç nədən sığortalanmayıb. Başımıza uçmasın deyə onun dağılmasının qarşısını almalıyıq.
“Yeni bir müxalif cəbhənin yaranması ilə bağlı gözləntim yoxdur”
- Belə fikirlər var ki, siyasi düşərgədə yeni bir müxalif cəbhə yaranıb. Bunun da “yuxarı eşalon”dan ayrılanların hesabına gerçəkləşəcəyi qeyd olunur. Ehtimal edilir ki, bu, seçki ərəfəsində vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.
- Mənim Azərbaycanda cəbhə yaratmaq istəyən hakimiyyət nümayəndəsinə açıq bir sualım var: sən hakimiyyətdə olanda onu görmürdün? Onun nə qədər günahı varsa, bir payı da sənindir. Hakimiyyətdəki rolunu itirmək olar, amma kim “gəmi”dədirsə, həmin “gəmi”yə xəyanət etməməlidir. Ən azı məlumat verməlidir ki, müxalifətə gedirəm və yaxud heç kimlə işləmirəm. Amma komandanın içində olub üzdə bir şey, arxada başqa şey söyləmək adamlığa sığmaz. Bu bir insan, vəzifəsi olan bir şəxs kimi də heç kimə hörmət gətirən keyfiyyət deyil.
Yeni bir müxalif cəbhənin yaranmasına gəlincə, gözləntim yoxdur. Belə bir cəbhənin yaranma perspektivini görmürəm.
- Belə deyilir ki, ölkədə siyasi psixoz vəziyyət yaranıb.
- Mən deyərdim ki, sosial-iqtisadi psixoz vəziyyət yaranıb. Vəziyyət mürəkkəbdir. Siz Azərbaycandan gedənlərin, boşananların sayına baxın. Yaxud Vidadi Məmmədlinin anası tərəfindən rədd edilməsi faktı. Azərbaycanda ana, ata ən qatı cinayətkar oğlundan belə, imtina eləməyib. Ana öz oğlundan itina edirsə, artıq bu psixoz vəziyyətdir. Hesab edirəm ki, valideynin bu imtinasına o halda haqq vermək olar ki, övladı gedib Qarabağda erməni tərəfdə durub. Amma “siyasi düşüncən mənimlə uyğun gəlmir deyə səndən imtina edirəm” demək nədir?! Heç olmasa bu siyasəti gerçəkləşdirmək istəyənlər, bu barədə məlumat verənlər nə etdiklərini düşünmürlər? Bu, hakimiyyətin özünə mənfidir. Həmin anaya onu yazdıranlar düşünürlərmi ki, hara gedirlər?
Siyasi psixoz vəziyyət yoxdur əslində, hamımız çox sakit və səbrliyik. Bilirsiz, müxalifət bir az da özü ortaya çıxmaq istəmir. Çünki bundan Azərbaycan əleyhinə istifadə edənlər çox ola bilər. Ona görə də daim səslənirik ki, “xətti” keçmək olmaz. Bu dövlət nə iqtidarındır, nə də müxalifətin - hamımızındır. Biz düşmən deyilik, sadəcə baxışlarımız ayrıdır. Biz Azərbaycanın inkişafını başqa cür görürük, onlar başqa cür. Hətta ailədə valideynlə uşağın baxışları fərqli ola bilir, amma kimsə kimsədən imtina etmir.
“...cəmiyyət qəhrəmanını ya dar ağacında görmək istəyir, ya da meydanda”
- Qeyd etdiyiniz kimi, müxalifət özü də bu vəziyyətdə bir qədər kənarda dayanmağa üstünlük verir. Amma cəmiyyətin də gözləntiləri var. İnsanlar gözləyir və bunu görmədikcə müxalifətin fəaliyyətinə kobud desək, bir üfunət kimi yanaşır. Bu da siyasi psixozun nəicəsi kimi qələmə verilir.
- Cəmiyyət həmişə yenilik axtarır və təbii ki, bu yaxşı haldır. Demək sizin jurnalist olaraq, cəmiyyət nümayəndələri olaraq müxalifətdən gözləntiləriniz var. Heç biriniz iqtidarın yenilənməsindən danışmırsınız, çünki hamınız artıq iqtidardan əlinizi üzmüsünüz. Ona görə də biriniz demirsiz ki, “20 il nazir olmaqmı olar, dur ordan!” Hə, müxalifədən gözləyirsiz, haqlısınız. Mən həmişə qeyd etmişəm, ümumilikdə kütlə, millət bütövlükdə cəmiyyət qəhrəmanını ya dar ağacında görmək istəyir, ya da meydanda. Hələlik bizim dar ağacına çəkilən vaxtlarımızdır. Olsun, eyvallah, millət, xalq, cəmiyyət üçün dəyər. Amma o da öz sözünü deməlidir. Hamıda belə düşüncə var ki, müxalifət olmaq etirazçı işləməkdir. Siyasətin xammalı insandır, biz seçiciyə yönəlik mesaj veririk. Hə, ola bilsin ki, dərmanını doğru tapmamışıq. Həkimin verdiyi dərman baş ağrısını kəsmirsə, onun vəzifəsi xəstənin bədəninin hansı dərmana düzgün reaksiya verməsini yoxlamaq və yenisini yazmaqdır. Ola bilsin ki, bu məsələlərdə yanılırıq, sözümüzü cəmiyyətə, əhaliyə düzgün çatdıra bilmirik. Bunun təkcə subyektiv deyil, obyektiv səbəbləri də var. Bu gün biz insanlarla bir-binanın qarşısında görüş keçirə bilmirik. Mənə deyir ki, get “məhsul stadionu”nda görüş keçir. Mən də deyirəm ki, bu adamlar problemlərini qoyub gəlib orda məni dinləmək istəmirlər. Orda məni dinləməyə nə zamanları, nə də həvəsləri var. Düşünəcək ki, gedib meydanda iki saat İqbal Ağazadəyə qulaq asana qədər hardasa işləyib ailəmi dolandıraram.
Subyektiv səbəblərdən biri də nəticəsizlik sindromudur. Müxalifət uzun müddət nəticələr əldə etmədiyi üçün deyirlər ki, guya bu dəfə nə olacaq ki? Hamısını üst-üstə yığanda indiki vəziyyət alınır. Bunun hər səbəbi bir tərəfdədir, onu bütövləşdirmək üçün hər işarəni öz oxunun üzərinə düzgün qoymaq lazımdır. Təkcə mənim üstümə yıxmaqla deyil. Məsələn, İctimai Televiziya dövlətin pulu ilə yaradılan və mahiyyəti də bütün fikirləri ictimaiyyətə çatdırmağa açıq olan bir televiziyadır. Heç millət vəkili olanda İTV-də çıxışlarım verilmirdi. İndi də məni televiziyaya buraxmırlar. Orda da çıxıb deyirlər ki, hər şey gözəldir.
“Biz də vəzifələrimizin öhdəsindən iqtidar qədər gələ bilmirik”
- Bu ona əsas vermir ki, narazılıq eləsin və sair. Yeni versiyalar üzərində işləməli deyilmi?
- Bəli, bu ona heç bir əsas vermir. İnanmamaq cəmiyyətin haqqı, inandırmaq müxalifətin vəzifəsidir. Biz də vəzifələrimizin öhdəsindən iqtidar qədər gələ bilmirik.
- Problemlərin, fəaliyyətsizliyin və nəticəsizliyin təsirlərini dediniz. Artıq bu məsələ ətrafında o qədər danışılır ki, insanlar da bezib. Necə hesab edirsiniz, bəlkə müxalifət də öz daxilində islahatlar aparmalıdır?
- Lətifəsi bizdən uzaq olsun, deyir, “yer bərk olanda, öküz öküzdən görür”. İndi o qədər problemlərimiz var ki, hamı bir-birini günahkar bilir. Müxalifətdəkilər bir-birini günahkar bilir, iqtidardakılar da bir-birini günahkar bilir. İqtidar bizi, biz iqtidarı, liderlərimizi günahkar bilirik. Bilirsinizmi indi niyə Şah İsmayıla, Məhəmməd Əmin Rəsulzadəyə, Elçibəyə, Heydər Əliyevə “əl uzadırıq”. Ona görə ki, bugünkü günümüzdən razı deyilik. Bugünkü günümüzdən razı olmadığımıza və özümüz də bir şey edə bilmirik deyə, onları qınayırıq ki, bizə niyə yaxşı dövlət qurub getməmisiz. Amma bizim bir normal dövlətimiz olsaydı, onların hamısını bağrımıza basıb deyərdik ki, sizdən böyük adam yoxdur. Problem bundadır. Biz bu çıxış yolunu aramağı bacarmalıyıq. Səhv elədi deyə kiməsə hücum etmək doğru deyil. Mənim, onun, hər birimizin səhvləri olub. Biz səhvlərimizdən öyrənən adamlar olmalıyıq. Amma bunu da bacarmırıq.
“Məişətimiz o qədər qüsurludur ki...”
- Belə çıxır ki, heç nəyi doğru-düzgün bacarmırıq.
- Bacardığımız çox şeylər var. Mən bədgüman deyiləm. Bu gün elə bir dövrə gəlib çıxmışıq ki, daha çox istəyirik. Hərdən siyasi məhbuslar haqqında yazırlar. Mən heç bir halda istəmərəm ki, Azərbaycanda siyasi məhbus olsun. Məsələn, bir ara yazırdılar ki, siyasi məhbuslara işgəncə edilir - qəzet verilmir. Amma biz siyasi məhbusluqda nələr görmüşük. Demək, çox az yeriyirik, addımımız çox zəifdir. Bu bizi üzür. Hökumət düşünməlidir ki, əgər bu şəkildə yavaş gedəcəksə, ətrafımızda baş verən sürətli proseslər bizi özünün ayaqları altında saxlayacaq və ordan qurtula bilməyəcəyik. Mən 2009-c ildə deyirdim ki, neft bizim başımıza bəla açacaq. Qiymət düşəcək və biz onun altından çıxa bilməyəcəyik. Hamı mənə gülürdü ki, nə danışırsan. Mən deyirdim ki, SSRİ kimi nəhəng imperiyanı neftin qiymətinin 28 dollardan 14 dollara düşməsi yıxdı. Biz də 95 faiz ixracatı neftin üzərində qurmalı deyildik. İndi bundan sürətlə uzaqlaşmalıyıq. Bunun üzərində İnstitutlar işləməlidir. Bir ölkəni prezident, nazir təkbaşına idarə edə bilməz. Bir nazirin öz sahəsini düzgün idarə etməsi üçün ictimai institutlar, ekspertlər qrupu işləməlidir və nazirlik üzrə artan-azalan, riskli-risksiz ətraf dövlətlərdəki nümunələrdən təqdim etməlidir. Bizdə belə şey yoxdur, hər kəs öz başı ilə idarə edir. Hər nazir dəyişəndə, hər seçkidə yeniləri gələndə, bizdə hamı sıfır nöqtəsindən başlayır. Bizim toqquşan maraqlarımız, uzlaşan maraqlarımız, yaxın qonşularla münasibət, tarixi, humanitar, gələcək maraqlarımız nədən üst-üstə düşmür? Çünki bizdə hər kəs öz başına görə işləyir.
Bir-birimizin ayağından çəkirik. Hamımız elə bilirik ki, onun ayağından çəkməsək, irəli gedə bilmərik. Biz suda batana oxşayırıq. Suda batanı xilas etməyə getsən, o, bir anlıq birinci növbədə səni batırmaq istəyəcək. Çünki o an özünün xilasını düşünür. Biz də cəmiyyət olaraq o qədər çətin durumdayıq ki, bir anlıq da olsa öz mənfəətimiz üçün bir-birimizin ayağından çəkirik, millətimizi pisləyirik. Bu vəziyyət məişət təfəkkürü formalaşdırır. Məişətimiz o qədər qüsurludur ki, cəmiyyətinin düşüncəsindən normal heç nə çıxmır.
- Bu vəziyyətdn çıxmaq üçün partiya olaraq nə addım atırsız?
- Yenə yıxdınız partiyaların üstünə. Məndən gözləntiniz var və bunu çox gözəl anlayıram. Amma buna tək mənim gücüm çatmır. Fikrimiz öz yerini zamanla tutub, hətta hökumət nümayəndələri də təkliflərimizdən istifadə ediblər.
- Maraqlıdır, hər kəsin 2 demirəm, heç olmasa 1 dənə ağıllı fikri mütləq yarana bilər. Vaxtilə iqtidar-müxalifət dialoqundan danışırdıq. İndi ağıllı insanları belə bir birliyə gəlib ağıllı müzakirə aparma tendensiyası niyə yaranmır?
- Mən sizi danışığa çağırıram, gəlmirsinizsə, biz nə edə bilərik. İqtidar da danışığa gəlmirsə, nə edə bilərik.
- Müxalifət müxalifəti çağıranda gəlir?
- Əlbəttə gəlir. Biz görüşürük. Heç bir problemimiz yoxdur.
Məsələn, mən hökumətə antiböhran proqramı təqdim etmişdim. Bütün bəndlərini yerinə yetirdilər, amma hamısı da yarımçıq oldu. Yazmışdım ki, ixrac olunan kənd təsərrüfatına 18 faiz yardım edilsin. Məsələn, Türkiyəyə 100 minlik mal çıxarmışamsa, malın pulu daxil olan kimi 3 ay ərzində mənə 18 min pul verilməli idi. Mənbəni də göstərmişdim. Dövlət bunu stimullaşdırmadı. Təklifi qəbul elədi, amma 2 faiz hesabına. Bunu kim qəbul edər? Yaxud, bu gün sosial evlər barədə danışılır. Bu da mənim layihəmdir. 2013-cü il prezident seçkilərində demişəm ki, hər bir gəncə ayda 100 manat ödəməklə mənzil təklif edirəm. Amma yenə də mahiyyəti dərk eləmədən layihəni alayarımçıq təqdim etdilər. İndi sosial evlərin qiymətini 250 manata qaldırıbar. Elə olsaydı, gedib ipoteka ilə alardı da. Yenə də maliyyəni haradan götürəcəklərini bilmirlər, bəla burdadır.
Və şəhərdəki köhnə binaların sökülməsi ilə bağlı təklif. Milli Məclisdə səsləndirdim ki, köhnə binaları iş adamlarına verin mürəkkəb mexanizm olmadan yenilərini tiksinlər və gəlirin yarısını götürsünlər. Bu da yarımçıqdır. Hər bir ideyanın kilid yeri olur. Bilmirlər, heç çağırıb da soruşmurlar ki, bunu necə edək.
“Azərbaycan diasporası yoxdur”
- Xaricdə fəaliyyət göstərən diasporalarımızın fəaliyyəti hər zaman ermənilərlə müqaisədə zəif görünüb. Ümumiyyətlə, hətta bizim diasporaların varlığı məsələsi müzakirə olunur. Sizcə niyə diasporalarımız Qarabağ məsələsində öz işini layiqli qura bilmir?
- Azərbaycan diasporası yoxdur. Çünki bu məsələyə hakimiyyət maraqları çərçivsində yanaşırlar və pul yeməklə məşğul olurlar. Erməni vətəndaşlarının xaricdə siyasi institutlara təsir imkanları var. Ölkənin iqtisadi sektorunun içindədirlər. Erməni vətəndaşları Fransa, Almaniya, Amerika və sair böyük dövlətlərdə seçici kimi proseslərə təsir edə bilirlər. Prezidentliyə namizədlər həmişə onlardan dəstək istəyir. Amma bizimkilərin çoxu 20 ildir orda yaşayır, hələ də vətəndaşlıq hüquqları yoxdur. Mühacirdir, nə edə bilər? Yazığın bircə gücü etiraza qalır, onu da əlində plakatla edir.
Biz 1994-cü ildə müqavilə bağladığmız dünyanın ən aparıcı şirkətlərini lobbiçilik fəaliyyətinə cəlb etməli idik ki, maraqlarımızı müdafiə etsinlər. Lobbiçilikdən də diasporalar yaranmalı idi. Bu edilməyib. Ona görə də məsələyə doğru yanaşaq, adamları yalandan qınamayaq.
İkincisi, heç kəs özünü aldatmasın, dünyaın bütün ölkələri, qərar verən institutları Qarabağın kimin olduğunu, nədən baş verdiyini çox yaxı bilir. Bizə Şrelankada baş verənlər maraqlı olmadığı kimi, onlara da Qarabağda baş verənlər maraqlı deyil. Onlar gəlib burda yeyib-içəcək və axırda da rəyə qol çəkib gedəcəklər. Qarabağ məsələsini özümüz həll etməliyik.
“Azərbaycan prezidenti qanunla 7 il ola bilər”
- İqbal bəy, Prezident seçkilərinin 2018-ci ildə keçiriləcəyinə rəğmən indidən bəzi siyasi partiyalar arasında bir aktivləşmə var. Hətta yeni lider gəlişindən söz edilir. Sizcə nə gözlənr?
- Mən öncəgörənlik etmək istəmirəm. Çünki 26 noyabr 2016-cı ildə Konstitusiyaya dəyişiklik edilərkən keçid müddüaları qoyulmayıb və bu maddüaların hansı vaxtdan qüvvəyə minməsi haqqında qərar yoxdur. Məsələn, bu günlərdə də Türkiyədə referendum keçirildi və dəyişiklikllər oldu. “Əvət” deyiləndən sonra müddüa 2019-cu ilin mart ayından qüvvəyə minəcək.
Qayıdaq öz təcrübəmizə. 1995-ci ilin Konstitusiyası qəbul olunanda 2 dəfədən artıq prezident seçilməmək haqqında müddüa var idi. Orda da keçid müddə var idi ki, bu, növbəti seçki dönəminə şamil olunur. Bu yoxdursa, demək Azərbaycan prezidenti qanunla 7 il ola bilər.
Hələlik 2018-ci il seçkiləri ilə bağlı ortada heç nə yoxdur. Nə beynəlxalq aləmdə, nə daxildə, nə xaricdə, nə iqtidarda, nə də siyasi institutlarda. Əgər bizim partiyamız seçkilərdə iştirak etsə, yəqin ki, mənim namizədliyimi verəcəklər. Bu da normaldır. Partiyanın sədri, yaxud lideri var. Hamı da bilir ki, onlardan biri seçkidə olacaq. Mən başqalarının əvəzinə danışa bilmərəm. Mənim vəzifəm, “seçilib seçilməyəcəyimi” düşünməkdir.
- Bu gün “partiya fəaliyyətsizdirsə, adından başqa heç nəyi yoxdursa, onun qalması nəyə lazımdır” sualı da yaranıb.
- Siyasət o qədər zəifləyib ki, cəmiyyət müxalifətin fəaliyyətinə öz problemləri rakusundan baxır. Əslində partiyaların işləyib-işləməməsi heç kəsə maraqlı olmalı deyil. Çünki işləyib-işləməməsinin nəticəsini seçkilərdə özü görəcək, ya hakimiyyətə gələcək, ya da gəlməyəcək. İnsanların problemi çox olduğuna görə hər kəs “adını partiya, müxalifət qoymusan, dünənin lideri idin, indi niyə problemi həll etmirsən”- deyə içində üsyan edir. Bu sual da ondan yaranır. Amma normal cəmiyyətlərdə insanlar - “eyvallah”, fəaliyyətin yoxdur, heç olmasın, mən də sənə səs verməyəcəm” deyib keçir. Yəni bizdə bu problem normal cəmiyyətin olmamağındadır. Kimə nə aidiyatı var ki, partiya işləyir, ya işləmir.
- Partiyalarda elə bir vəziyyət yaranıb ki, sanki hər kəs, elə sizin kimi, nöqsanları eşitmək istəmir. Hər şeyi partiyanın öz daxili işinə bağlayırlar. Guya məsələlərə toxunmaq olmaz.
- Sizə heç kəs demir ki, o məsələlərə toxunmayın. Mən ritorik olaraq dedim və nəticəsini də açdım. Ümidsizlik yaranıb. Bizim yanlışlıqlarımız çoxdur, mən bunu gözəl bilirəm, deməkdən də çəkinmirəm. Çünki hər kəs öz işi ilə məşğuldur. İndi balans ona görə pozulub ki, insanlarımız ümidsizdir, yanlışlıqlarımız çoxdur. Mən bunu hər dəfə deyirəm və deməkdən də çəkinmirəm. Hələlik fəaliyyətlərimizin heç biri nəticə vermir. Ona görə də nəticə gətirməyən məsələlər barədə danışmaq istəmirik.
- Yaranmış bu vəziyyət hamının əlinə bir bəhanə verib sanki.
- Bu təkcə bizim gücümüzdə olan məsələ deyil. Tənlik olsaydı, hamı üzümə vurardı ki, canın çıxıb yaxşı oxuyardın, indi də həll edərdin. Biz bacarıqsız adamlar deyilik. Amma bu gün Qərb, Avropa fazaldemokratiyaya keçidin tərəfindədir. Hakimiyyət bunu bilir və heç nəyi bölüşmək istəmir. Nəticədə bizim dediklərimiz ortada qalır. Rusiyanın bölgədə nüfuz imkanları və nəticədə Qərbin, ölkənin itirdikləri var. Yəni biz dünyadan təcrid olunmuş şəraitdə yaşamırıq. Bizdən asılı olmayan səbəblər var. Nəyə görə seçici ayağa durub bu hökumətə dur demir? Seçici bir dəfə qalxdı devirdi, problemlər yarandı. Sonra da düşündü ki, kim gəldisə xeyrimə olmadı, qoy necə olur olsun.
Azərbaycan cəmiyyətində nəticələr nə mənim, nə də cəmiyyətin arzuladığı kimi deyil. Zamanla birgə mənim də ömrüm gedir. Bizim üçün də çətindir. Biz bu yolda ömrümüzü vermişik. Həbsxana, işgəncə görmüşəm, 10larla qohum-əqrabasını itirən adamam. Bütün bunları nəyin ayağına yazaq?
- Bir partiyanın, ictimai-siyasi xadimin ictimaiyyətin önündə dayanmaq kimi məsuliyyəti də var.
- Bəli, məsuliyyətimiz və yükümüz olduqca ağırdır. Çalışırıq ki, bu yükü bacardığımız qədər çəkək. Amma biz ölkəni döyüşə-döyüşə, vuruşa-vuruşa, bəzən də azadlığımızdan keçə-keçə Özbəkistan, Türkmənistan olmağa qoymadıq.
“Üç dövlət Rusiyasız Cənubi Qafqazı necə formalaşdırmağı düşünməlidir”
- İqbal bəy, Füzulidə erməni terrorçularının silahlı həmləsi nəticəsində körpə Zəhranın ölümü, hadisədən sonra yenə də ATƏT-in Minsk qrupu, eləcə də AŞPA erməninin bu təxribatına hər iki tərəfi sülhə çağıran cəfəng bəyanatlarla reaksiya verdilər. Ermənistanı qınamadılar, heç kəs ona qarşı bir təpki göstərmədi. Sizcə münaqişə ocağının saxlanması kimə lazımdır?
- Ən dəhşətli faktor odur ki, 1988-ci ildən başlayıb və 1991-ci ildə aktiv fazaya girən münaqişəyə münasibətdə əvvəldən doğru yanaşılmalar olmadı. O vaxt Ayaz Mütəllibov elə bilirdi ki, Qarabağ məsələsini həll etməyə qoymayan səbəb müxalifətdir və “müxalifət olmasa mən həll edərəm” dedi, amma alınmadı. Rəhmətlik Əbülfəz Elçibəy uzaqda idi, o da elə bilirdi ki, Qarabağ məsələsinin həllinə maneə olan milli iradə, milli hökumətin olmamasıdır və bu yolla da həll olunmadı. Heydər Əliyev də bir müddət kənardan izlədi və elə bildi ki, çatışmayan peşəkarlıqdır, amma alınmadı. Bugünkü iqtidar da elə bilir ki, Qarabağ probleminin həlli iqtisadi gücdə və silahdadır. Koreyanın hər cür silahı var amma onu tətbiq edə bilmir. Göründüyü kimi, Qarabağ probleminin həlli Azərbaycanın iqtidarlarının heç birinin yanaşmasında deyil. Qarabağ münaqişəsinin niyə yaranmasının və davam etməsinin fundamental səbəbləri Rusiyanın ətraf dövlətləri, postsovet ölkələrini nəzarətdə saxlayaraq demokratikləşmə prosesinin onun içərilərinə keçməsinin qarşısını almağa xidmət edən addımıdır. Baxın, postsovet ölkələrindən Pribaltika xaric üç ölkə daxilində bizdən daha demokratik ölkə olan Ukraynada Krım, Donbasda, Moldovada Qaqauziya, Dnestryanı bölgələr, Gürcüstanda Abxaziya, Cənubi Osetiya zəbt edildi. Ermənistan Rusiyanın forpostu kimi idarə olunur. Demokratikləşməyə doğru açılmaq istəyən Azərbaycandan da Qarabağı aldılar. Nəticədə Rusiya bu ölkələrdə elə bir problem yaradıb ki, bunlar sərbəst, azad, bəlli bir yerlərə gəlib çıxa bilməsin. Çünki bizim demokratikləşməmiz, milli konfliktlərdən uzaq olmağımız Rusiyanın içərisinə keçə bilər. Rusiya bunu çox gözəl anladığı üçün bütün vəchlə demokratikləşmə prosesini və etik milli konfliktlərin onun sərhəddindən kənarda olmasını istəyir. Ona görə də Rusiya bu məsələlərdə dayanmadan fərqli mövqe nümayiş etdirir. Konflikti saxlayan budur. Qərbin də Rusiyanı durdurmaq və yaxud bu bölgələrdən çıxarmaq kimi bir planı yoxdur, Qərb bu məsələdə gücsüzdür. Embarqolar tətbiq etsə də, bunlar Rusiyanı durdurmaq və öz içərilərinə sıxışdırmaq demək deyil. Buna görə də gözləmə mövqeyi tuturlar. Ən optimal variant kimi aktiv müharibə dönəminin qarşısını almaq istəyirlər. Ona görə də Qərb dayanmadan atəşkəsə çağırır. Qarabağı alıb bizə verə bilmir, haqqın-ədalətin harada olduğunu deməyə gücü çatmır. Qərb danışsa, Rusiya fərqli mövqe ortaya qoyacaq. Ona görə də Azərbaycan, Gürcüstan, Ermənistan nəhayət anlamalıdır ki, Rusiya istəməsə mümkün deyil. İstanbul sammiti ərəfəsində Ermənistanda bu və ya digər şəkildə münaqişənin güzəştlə həllinə çalışdılar. Ona görə də parlamentə girib nə qədər adamı öldürdülər. Ter-Petrosyan istefa ərəfəsində məşhur bir bəyanat verdi, dedi ki, - “o şeyi ki, bu gün bizə təklif edirlər biz götürmürük, vaxt gələcək yalvaracağıq verməyəcəklər, biz sülh müqaviləsinə getməliyik”. Onu dərhal istefaya getməyə məcbur elədilər. Bu gün hətta desək ki, Qarabağı istəmirik, Rusiya onu Ermənistana verməyib özü gəlib burada bir dövlət quracaq. Çünki Rusiyanın öz dövlətini qorumaq maraqları var. Bu gün üç dövlət Rusiyasız Cənubi Qafqazı necə formalaşdırmağı düşünməlidir. Ortaq mövqelərimizi tapmalıyıq. Biz bilirik ki, bu savaş Rusiyanın region savaşıdır. O region savaşında Rusiya hansı mövqeni tutursa, biz addım-addım onu kəsməyi bacarmalıyıq. Bir neçə il qabaq Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi var idi. Yeganə adam oldum ki, sərhədlərin açılmasını istədim. Çünki Türkiyənin Ermənistana girməsi Rusiyanın təsir imkanlarını azalda bilərdi. Türkiyə NATO üzvü olduğu üçün NATO Türkiyənin yanında olacaqdı. Biz ortaq layihələr müəyyənləşdirib müharibəsiz yaşaya bildiyimizi müəyyən etməliyik. Çünki müharibə heç bir tərəfə xeyir gətirməyəcək. Heç kim də bu mövqedən nə irəli gedəcək, nə də geri çəkilə bilməyəcək. Ola bilər ki, bir neçə kənd alınsın, amma bu, müharibənin mahiyyətini dəyişməyəcək. Çünki Rusiya belə istəyir. Mən müharibənin nə olduğunu bilirəm. Adama deyərlər, gücün varsa get al, niyə mənə “asaram, kəsərəm” deyirsən. Gücün var, get otur Laçında. Bunu edə bilmirsənsə başqa variantlar seçməlisən.
Rusiyanın güclənməsi dünyada irticanın, jandarmeriyanın, hegemonluğun güclənməsidir. Qərb də bunu istəmir. Rusiya burda öz savaşını aparır və bu istiqamətdə də demokratikləşməyə imkan vermir. Fikir verin, Rusiya Avropa daxilində demokratikləşməyə imkan verməyən müharibələr çıxardı. Serbiya, Kosova, Makedoniya, Bosnya-Hersoqovina. Qərbin gücü çatdı və bir günün içində Rusiyanı bölgədən çıxardı. Hələlik burda ona gücü çatmır. Qərb Rusiyanın bir Ukraynaya vurduğu zərbələri sağalda bilmir. Biz də deyirik Qərb niyə etmir. Hər kəs ÖZpərəstliyindədir. Qərb Ermənistanı açıq şəkildə qınayarsa o, daha çox Rusiyanın yanına gedir. Qərb də istəyir ki, bu prosesdə bir az da Ermənistanı qoparmaq üçün yumşaq davransın.
- O zaman Qarabağın həlli məsələsi harada görünür?
- Hələlik bu çox çətindir. Biz üç Cənubi Qafqaz ölkəsini birləşdirən layihələrdən başlamalıyıq. İctimai əsaslarla Cənubi Qafqaz Parlamenti yaratmalı, regionda bizi birləşdirən nöqtələri arayıb tapmalıyıq. Burda Rusiyanın regionda qarşıdurma siyasətini əngəlləməsi xətti tutulmalıdır. Bu ərəfədə kimlərinsə “qanadı” altına keçməklə də problem həll edilə bilməz. Çünki bu problemlər elə Rusiyanın qanadı altında olanda başlayib. Rusiya hələ özü demokratikləşməyib.
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...