Ermənistanın yeni müharibə anonsu: blef, yoxsa real təhdid?
44 günlük müharibədən dərs çıxara bilməyənlər havadarlarına arxayın olub növbəti dəfə revanşa cəhd göstərirlər; Paşinyan “məzuniyyət” adı altında aradan çıxıb, amma təxribatlar da ara vermir; polkovnik: “Ermənistan, sadəcə, odla oynayır”
Rəsmi İrəvanın davranışları bölgədə gərginliyi açıq-aşkar tətikləməkdədir. Xüsusilə də sərhədyanı bölgələrdə atəşkəsin mütəmadi olaraq pozulması, erməni ordusunun təxribatları davam etdirməsi cavab tədbirlərini zəruri edir, bunu ermənilər özləri də anlayırlar.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə riskinin olduğunu təsdiqləyib. Qriqoryan regionda yeni müharibə təhlükəsinin heç vaxt aradan qalxmadığını bildirib. O, Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq toplanışa çağırılması ilə bağlı danışarkən bunları deyib.
“Ehtiyatda olan hərbçilərin üç aylıq toplantısı haqda danışaq. Nə baş verir? Siz müharibəyə hazırlaşırsınız? Yeni qəfil hücum təhlükəsi varmı” sualına Armen Qriqoryan deyib: “Azərbaycanla bizim aramızda hansısa müqavilə yoxdur ki, indi biz onun qəfil pozulması haqda danışaq. Aydındır ki, 10 noyabr üçtərəfli bəyanatı regionda müəyyən stabilizasiyaya gətirib çıxardı, amma məsələni tam həll edə bilmədi”. Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, dəhlizin məcburən açılmasına gəldikdə isə Ermənistan ordusu və ölkənin müdafiə sistemi Ermənistanın suveren ərazilərini müdafiə etməyə hazırdır. “Regionda destablizasiyaya gəldikdə isə müharibə təhdidi heç vaxt aradan qalxmayıb. Heç kim deyə bilməz ki, regionda müharibə təhdidi yoxa çıxıb”, - Qriqoryan deyib.
Ermənistan nəyə arxayındır ki, Təhlükəsizlik Şurasının katibi bu cür hədyan bəyanat verir? Rusiyanın arxasında gizlənib blef edirlər, yoxsa Azərbaycan bunu real müharibə təhdidi kimi qəbul etməlidir? Savaş real görünürmü və ya bu, baş versə, Ermənistanın daxilinə keçə bilərmi?
Versus.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Paşinyanın özü ilə bərabər Ermənistanın siyası idarəçiliyinə gətirdiyi küçə uşaqları təcrübəsiz və məsuliyyətsiz açıqlamaları ilə dünyanı heyrətləndirməkdə davam edirlər: “44 günlük Vətən savaşından öncə də Paşinyanın adı dillər əzbəri olan Tonoyan adlı müdafiə naziri var idi. O müdafiə naziri ki, gedib okeanın digər tərəfində başından yekə bəyanatlar səsləndirirdi ki, ”biz Azərbaycanı belə asacağıq, belə kəsəcəyik". Ötən il nə oldu və nələr baş verdi, bunu bütün dünya gördü və əmin oldu ki, əgər bunların müdafiə naziri bu gündədirsə, yerdə qalanlarından danışmağa dəyməz. İndi bu Təhlükəsizlik Şurasının Qriqoryan adlı gədəsi də nə danışdığının fərqində deyil. Sən ay erməni dığası, get bir düz-əməlli viran qalmış ordunun baş-ayağını düzəlt, sonra hansısa müharibədən danış!" Ü.Cəfərov ermənilərin revanşını səbəbsiz saymır: “Bunlar rusun arxasında gizlənib ara-sıra mövqelərimizə atəş açmaqla düşünürlər ki, nə isə edirlər. Çox səhv yolda olduqlarını yaxın iki aya özləri də görəcək və hiss edəcəklər. Onları bu yola itələyən, sürükləyən havadarları da kömək edə bilməyəcəklər. Ermənistan, sadəcə, odla oynayır. Onlar prosesləri ya düzgün təhlil etməyi bacarmır, ya da onlara söz verənlər nəhayət ki, bu yolla ermənilərin axırına cıxmaq istəyir”. Polkovnik əmindir ki, heç bir genişmiqyaslı müharibə olası deyil: “Azərbaycan dövləti lazım olanı edib və qalır texniki xarakterli məsələlər. O da tezliklə həllini tapmalıdır və tapacaq. Kimsə düşünürsə ki, bundan sonra da onlar müxtəlif hiyləgərliklə və hoqqabazlıqla öz çirkin oyunlarını davam etdirəcək, yanılır. Bəli, bəzi narahatedici hadisələr baş verir. Rusiya xüsusilə canfəşanlıqla Ermənistanı silahlandırır. Bunlar straus kimi başlarını yerə və ya suya salıb elə bilirlər nə hoqqabazlıq etdiklərini bizlər başa düşmürük. Və ümumiyyətlə, bu silahlandırma kimə qarşı və nəyə lazımdır? Aydın məsələdir, onlar bölgədə vəziyyəti daim gərginlik altında saxlamaq üçün bunu edirlər ki, bu bədnam sülhməramlı adı altında uzun illər burada kök atsınlar. Olmayacaq və alınmayacaq! Necə müvəqqəti gəlmişdilər, elə də gedəcəklər. Onları buna məcbur edəcəyik. Necə və nə vaxt, onu tezliklə hamımız görəcəyik! Çünki son aylar rusların etdikləri və yol verdikləri xətalar bunu deməyə əsas verir. Ermənistan da tora salındığını çox gec anlayacaq, onda artıq peşmançılıqları da fayda verməyəcək”.
QAT sədri Akif Nağı isə müharibə ehtimalının qaldığını düşünür: “Ermənilər 10 noyabr razılaşmasına əməl etmir, ona görə də Azərbaycan BMT qətnamələri kimi, üçtərəfli razılaşmanın şərtlərini də güc yolu ilə təmin edə bilər. Bu, Azərbaycanın haqqıdır. Qriqoryanın nə demək istədiyi o qədər də aydın deyil. Gətirdiyi arqumentlər də yanlışdır, guya Azərbaycanı nələrisə pozmaqda ittiham etməyə çalışır. Digər tərəfdən, ermənilər nə ilə müharibə edəcəklər? Özlərinin gücü yoxdur, indən sonra 100 il də olmayacaq. Rusiyaya arxalanıb nəyinsə arzusunda olmaq isə axmaqlıqdır”. QAT rəhbəri hesab edir ki, bu dəfə döyüşlər başlasa, ordumuz mövcud mövqelərlə kifayətlənməməlidir: “Hər halda, ermənilər cəhd edib hərbi əməliyyatlara başlasalar, ordumuz dərhal hücuma keçib döyüşləri Ermənistan adlanan qədim torpaqlarımıza daşımalı, tarixi ədaləti bərpa etməlidir. Ermənilər müharibəni başlamaq kimi axmaqlığa getsələr, bu, bizim xeyrimizə olacaq. Yeni savaş bizə imkan verəcək ki, İrəvan da daxil, torpaqlarımızı 100 illik işğaldan azad edək. Bu, onsuz da gec-tez baş verəcək. Nə qədər tez baş versə, ermənilərin də xeyrinə olar, çıxıb gedərlər gəldikləri yerə, ya da onların həsrətini çəkənlərin yanına. Prezidentimizin də dediyi kimi, kim istəyirsə, aparsın status və ya başqa bir şey versinlər!”
Sentyabrın 2-də Rusiya sülhməramlılarının təsir zonasındakı erməni separatçılar özlərinə “müstəqillik” şousu düzənləmək istəyirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ya olanlara seyrçi qalmalı, görməzlikdən gəlməli və reaksiya verməməliyik, ya da Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi həm tədbirdən əvvəl, həm də sonra bu “tədbiri” keçirənlərə, Ermənistandan sərhədi pozub qanunsuz Azərbaycan torpaqlarına ayaq basanlara, o cümlədən separatçılara həmin “tədbiri” keçirməyə şərait yaradan rusiyalı hərbçilərə xəbərdarlıq mesajları göndərməliyik: “Bəyanatlarda separatçıların ”tədbirinin" və “tədbirə” qatılmaların bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyinə yol açacağı xüsusi vurğulanmalı, bunun onlara baha başa gələcəyi bildirilməlidir. Onlar başqa dil anlamırlar".
E.Şahinoğlu xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş illərdə Qarabağa tez-tez gələr və ağzına gələni danışardı: “Paşinyan müharibədən sonra Qarabağa gəlməyib, çünki bilir ki, bu səfər ona baha başa gələcək. Birincisi, Paşinyanı Qarabağda görmək istəməyən ermənilərin sayı çoxdur. İkincisi, Azərbaycan bu səfəri bölgədə gərginliyi artırmaq kimi qiymətləndirəcək, müxtəlif istiqamətlərdə toqquşmalar artacaq. Ona görə də Paşinyan müharibədən sonra Qarabağa gəlməməyə üstünlük verir. Doğru qərardır. Digər tərəfdən, keçmiş illərdən fərqli olaraq Ermənistan rəsmiləri Qarabağa helikopterlərlə də gələ bilmirlər. Paşinyan sentyabrın 2-də də Xankəndinə gələ bilməyəcək, o, məzuniyyətdə olduğunu bəhanə gətirib, Ermənistan parlamentinin sədri isə həmin tarixdə Vyanada olacaq”. Buna baxmayaraq, politoloq zənn edir ki, Ermənistandan Azərbaycan sərhədini pozaraq Xankəndindəki tədbirə qatılan təxribatçılar olacaq: “Aydındır ki, separatçılar müharibə zamanı verdikləri itkilər fonunda ”müstəqillik günü"nü təmtəraqla keçirməyəcəklər. Ancaq onlar “əklil qoyma mərasimi” və zalda “toplantı” keçirməklə beynəlxalq aləmə mesaj göndərməyə çalışacaqlar ki, “müstəqildirlər” və Azərbaycan qanunlarına tabe olmayacaqlar. Deməli, Azərbaycanın rəsmi qurumları bugünlərdə beynəlxalq aləmə daha gur səslə “Qarabağın müstəqilliyi anlayışı yoxdur” və “oradakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar” fikrini aşılamalıdırlar. Müdafiə Nazirliyi isə 2 sentyabr gününü separatçılara qarşı bir neçə ünvanlı əməliyyatlarla qeyd etməlidir. Müdafiə naziri Zakir Həsənovun orduya rusiyalı hərbçilərin arxasında gizlənən separatçıları “vur” əmri əsas götürülməlidir. Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq, yenə eyni ayda təkrar izaha ehtiyac var. Erməni separatçılarını və onların himayədarlarını daima təzyiq altında saxlamalıyıq. Başqa alternativimiz yoxdur".
Bu arada, 30 avqustda ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevin Bakıya gəlməsi təəccüb doğurdu. Rəsmi məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rus diplomatı qəbul edib. Xovayev bu səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib. Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar. İstisna deyil ki, rus diplomat nəbz yoxlanışı üçün gəlib. Yəni razılıq ala bilsə, növbəti dəfə digər iki həmsədr də yolunu Bakıdan salacaq. Digər tərəfdən, heç şübhəsiz Rusiya Azərbaycanın qətiyyətli mövqeyindən narahat olduğu üçün erməniləri nə yolla olur-olsun xilas etməyə çalışır. Azərbaycan Prezidenti bir müddət öncə Qarabağa hərbçilər gətirən Ermənistana və erməniləri silahlandırmağa davam edən Rusiyaya xəbərdarlıq etmişdi, dərs götürməyənlərə dəmir yumruğu xatırlatmışdı. Ermənistanın hökumət təmsilçiləri tez-tez İrəvandakı rus səfirlə görüşür, Moskvaya telefon açır, kömək istəyirlər. Belə bir durumda ermənilərin hər hansı ciddi təxribatı onlara baha başa gələ bilər. Üstəlik, elə rus həmsədrin Bakıda olduğu gün Azərbaycanın müdafiə naziri şəxsi heyətə erməni təxribatlarına qarşı dərhal adekvat tədbir görməklə bağlı əmr vermişdi. Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfərindən və türk həmkarı ilə görüşündən sonra belə bir qəti qərar verməsi heç şübhəsiz Rusiyanı da narahat edir, Şuşa Bəyannaməsi işə salına bilər deyə... Amma narahat olub, Bakıya üz tutmaqdansa, erməniləri silahlandırmaqdan əl çəksinlər və əlaltılarının başına ağıl qoysunlar!
Versus.az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...