Doğru yolun sahibi və yolçusu
10:27 20-09-2021
|
2683 |
Şəhidlər və şahidlər
Bu mənzərənin üzücü kədərini boğan tək təskinlik, təsəlli isə...
Şəhid Rəşad İlqar oğlu Rəhimovun nurlu xatirəsinə həsr edilib
(16 iyul 1985-ci il, Tərtər şəhəri-9 noyabr 2020-ci il, Xankəndi şəhəri)
(16 iyul 1985-ci il, Tərtər şəhəri-9 noyabr 2020-ci il, Xankəndi şəhəri)
14 iyul 2021-ci ildə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmasının 1 illiyində onların, eləcə də onlarla bir xiyabanda uyuyan digər şəhidlərimizin əziz xatirəsini yad etmək üçün əbədi uyuduqları yer olan II Şəhidlər Xiyabanını ziyarət etdim. Bu Xiyabanı 10 noyabr 2020-ci ildə ziyarət etmişdim. İndi bu xiyaban əvvəlkindən çox əzəmətlidir, çünki indi həmin ziyarətgahda daha çox qəhrəmanlarımız uyuyur. Bu mənzərənin üzücü kədərini boğan tək təskinlik, təsəlli isə bu məzarların qisas Şəhidlərinin, qalib ordunun əsgərlərinin, Vətənin qəhrəman oğullarının məzarları olmasıdır.
Ziyarətim zamanı diqqətimi bir məzar da çəkdi. Bu məzarda restavrasiya işləri gedirdi. Məzarın görüşünə bir ağbirçək qadın, bir ana və bir qız da gəlmişdi. Ağbirçək ananı görən kimi başa düşdüm ki, O, məzarda uyuyan şəhidimizin anasıdır. Onun üzündə iki əlaməti gördüm-böyük qürur və dərin kədər. Gözünün önündə yuvadan uçub, bədəni tərk edib Şuşa səmasında pərvaz edən bir oğulun ruhunun yuvasını torpaq etməsinəmi kədərlənəsən, yoxsa oğlunun şəhid olmağına görə qürurlanasan?... Ümumiyyətlə, bu mövzu ilə bağlı nə qədər qürurlansaq da kədərlənməmək də olmur... Şər ilə xeyirin mübarizəsi necədirsə, kədərlə qürurun mübarizəsi də elədir. Ana yalnız oğlunun və oğlu ilə birlikdə uyuyan qəhrəmanlarımızın məzarlarına baxırdı. O anda ana gözü başqa heç nəyi görmürdü. Fikir onu götürmüşdü. Başı daxilində gedən kədər-qürur savaşına qarışmışdı. Bu savaşda bir barış da hiss olunurdu, sezilirdi. Oğlunun şəhid olması ilə, bir də oğlunu görməyəcəyi, onu qucaqlamayacağı, onunla söhbət etməyəcəyi ilə barışmaq... Bu barış çətin idi. 35 il əziyyətlə böyütdüyü oğlunun səssiz məzarına baxmaq bu barışı çətinləşdirirdi. Ziyarətçilərin verdiyi təskinlik isə deyəsən, bunu asanlaşdırmağa doğru bir zərrə idi. Elə bil, məzar dilə gəlmək istəyirdi, demək istəyirdi ki, “Ana, mən sağam, ölməmişəm, səni görürəm, şəhid olmağıma kədərlənib ruhumu incitmə”. Amma Ana bunu bilsə də bilmək kifayət etmirdi. Belə ki qarşısında olan oğlu deyil, onun şəhid məzarı idi... Oğlunun gələcək arzuları haqqında düşünən beyini artıq bir torpaq olmuşdu, arzuları Vətən torpaqlarına qarışmışdı.
Mən bu Şəhidimizin də məzarını ziyarət etdim. Bir neçə dəqiqə keçdikdən sonra ana yerindən durdu, daxilində gedən bu savaşı müvəqqəti dayandırdı. Lakin daxilindəkilər ona imkan vermirdi. Yenə də buna rəğmən O, daxilindəki dastanı bir-iki cümlə ilə belə ifadə etdi:
– Məni bu günlərə saldın, oğul... səhhətimlə əlaqədar tez-tez gəlməyimə icazə vermirlər. Evimdən gizlin çıxıb qaçmışam... Məzarını ziyarət etmək üçün qaçıb gəlmişəm...
Ana, elə bil ki, oğlunun məzarı ilə deyil, özü ilə bir az umu-küsü ilə danışırdı. Ananın ifadə etdiyi qəlb yandıran bu kəlmələr beynimdə uzun müddət qaldı və indi də qalmaqdadır. Bu ifadə Ananın daxilindəki savaşına olan cavabı idi. Onu bilirəm ki, Ananın təskinliyi oğlunun qəhrəmanlığı, Şuşa fatehi olması, öz canı-qanı bahasına Qarabağı qarış-qarış azad etməsi, nəhayət, Xankəndində gözünü əbədi yumaraq Şəhidlik zirvəsinə ucalması idi... Ən əsası, Vətən, ana, torpaqlarımızın azad olunması, ana-bacılarımızın, körpələrimizin, köməksiz ağbirçək və ağsaqqallarımızın, Xocalı şəhidlərimizin qisası yolunda mərd və mübarizliklə Mübarizlər kimi qisas aldıqdan sonra qəhrəmanlıqla şəhid olması idi!
Nur üzlü Şəhidimizin əziz xatirəsinə həsr etdiyim bu yazımı həmdə Onun nur simalı Anasına ərməğan edirəm.
Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindəndir.
Rəşad doğularkən daşıdığı adının mənasını doğrultmaq üçün bu dünyaya gəlmişdi. Adına, sanına, şanına, nəslinə, soyuna, kökünə, ailəsinə, Azərbaycanına layiq olmaq, layiq yaşamaq... Bu idi Onun əsas qayəsi. Vətən darda olanda Vətənin dadına yetmək, Vətənin xoş günlərinə səbəbiyyət vermək... Vətən ona oğul deyəndə mamır olub qayasında bitmək... Bu idi Rəşadın qayəsi. Bu idi Rəşadın istəyi, arzusu, amalı, həyat devizi. O, bu amal üçün nə lazım idisə edərdi. Və bilirdi ki, zaman-zaman edəcək də. Vətən onun gözünə Şirin görünəndə o, Fərhad kimi dağları dələcək. Vətən onun gözünə Leyli görünəndə o, Məcnun olub çöllərə düşəcək. Vətən onun gözündə Albaniya kimi görünəndə o, Cavanşir olub doğru qərar verəcək. Və Vətən onun gözünə Şəhidlər yurdu olaraq görünəndə o, Şəhid olub Vətənin, Vətən torpağının azadlığı uğrunda ən şirin nemət olan can verəcək... Qurumaqda olan Xarı bülbülə qan verəcək... Qanı ilə onu sulayıb yenidən həyata qaytaracaq... Vətən ondan doğru yol istəyəndə O, bu doğru yolu çəkəcək, bir millətin o yolu yeriməsinə vəsilə olacaq. Sonda, o doğru, müqəddəs yolun yolçusu olacaq. Onun adı da elə bu idi. Doğru yol!
1992-1993-cü illərdə orta məktəbin birinci-ikinci siniflərində oxuyarkən artıq Rəşadın ağlı kəsirdi, baş verən ədalətsiz müharibənin nə olduğunu anlamağa başlamışdı. Hamının taleyinə düşən müharibə insanların bəxtinə, qismətinə, istəyinə, arzularına, həyatına bir-bir son qoyurdu. Rəşad şagird gözü ilə Xocalı soyqırımı, doğulduğu Tərtərin yarımcan olması, Şuşanın işğalı, Laçının işğalı abu-havasını görmüşdü. Əhatədə hamı eyni abu-havada idi. Bununla bərabər müəllimlər şagirdlərə həmin vaxt üçün ən vacib olan tarixi daha çox öyrədirdilər. Onlarda bu ümid var idi; “Oxuyun, balalar, bəlkə, Qarabağın yatmış bəxtini Siz fidanlar çinara çevrilərək oyadasınız!”... Rəşad da həmin o fidanlardan biri idi. Zamanında o da böyüyüb bu çinarlardan olacaqdı... Rəşad bu abu-havada bir əksikliyin fərqinə varırdı. İnsanlarda xoşbəxtlik, şənlik yox idi. Onun axtardığı xoşbəxtlik yox idi. Çünki Zəfər yox idi. Kədər var idi... Və o günlərdən 1-ci-2-ci siniflərdə oxumasına, hələ balaca olmasına baxmayaraq Rəşad daxilində, özü qarşısında and içir! Qarabağın azadlığı, xoş sabahı üçün, kədərin yox olması, firavanlıq, ərənin Zəfəri üçün and içir!
Rəşad təhsilini bilikli, çalışqan, nizam-intizamlı, gələcəyi böyük amallarla dolu, potensialı böyük olan bir şagird kimi davam etdirir, müəllimlərin sevimlisinə çevrilir. Rəşad onu da bilirdi ki, doğru yol olmaq, o yolu çəkmək və o yolda yerimək üçün ağıllı, tədbirli, uzaqgörən, zamanında düzgün qəraq verən olmaq, dərs oxumaq bu yolda vacib və mühümdür.
Aylar-illər ötüb keçir, artıq o günlər geridə qalır, nəhayət, Rəşad orta məktəbin məzunu olur. Ana-atası Vətəni üçün böyüyən Rəşadla bir daha fəxr edir, qürurlanırlar.
Rəşad ən çox valideynlərinin onunla fəxr etməsi ilə qürurlanırdı. O, bu dünyaya, Vətənə həqiqətən vətənsevər insan olmaq, onun qoynunda yaşamağa layiq olmaq, layiqli olmaq üçün gəlmişdi. Orta məktəbi bitirəndə o, layiqli bir məzun idi. Buna görə Allaha şükür edirdi. Allah onun layiqli Rəşad olması üçün lazım olanı edirdi. Rəşad böyüdükcə daha çox inanırdı ki, o günlər gəlib-çatacaq, qaranlıqlar aydınlıqlarla əvəz olunacaq. Və gələn o aydınlıq onunla və onun kimi gənclərlə təşrif buyuracaq. Bilirdi ki, günbəgün həmin vaxt yaxınlaşır, gəlib yetişir artıq.
Arzularıilə bərabər O, yuxularında da özünü ya at belində, ya da tank belində olan bir gənc kimi görürdü. Hər gecə yatanda yuxularında düşmən tapdağında sızlayan, inləyən Şuşanı görürdü. Görürdü ki, Şuşanın başı üstünü bürümüş qara buludlar, dumanlar çəkilir, o və onun dostları, yoldaşları dumanlar başında dastana dönürlər, elə bil...
Orta məktəbi bitirdiyi il Rəşad Azərbaycan Beynəlxalq Universitetinə qəbul oldu. Ailəsi buna çox sevinirdi, lakin o, elə bil, bir az həsrətli idi. Çünki əsgər olması üçün 4 il gözləməli idi. O, bu günlərə gəlmək üçün 11 il gözləmişdisə, o günlərə gəlib çatmaq üçün nəinki 4 il, bir ömür boyu gözləyərdi. O, bu imana, bu inama öz-özlüyündə bir daha can verdi və ali təhsil almaq üçün bütün qüvvə və bacarığını səfərbər edərək həvəslə oxumağa başladı.
Beynəlxalq Universitetin beynəlxalq hüquq fakültəsi, sanki, onun üçün yaradılmışdı. Əzəldən haqq-ədalət axtaran, haqq-ədalət carçısı olan, hüquq gəzən yerdə hüquqları tapdalanan Azərbaycanın bir oğlu kimi Rəşad beynəlxalq hüququ necə deyərlər, su kimi içir, dərindən, acgözcəsinə öyrənirdi. Rəşadın fikrində, beynində Vətənin haqqı-hüququ cövl edirdi. Onun bütün fikri-düşüncəsi Vətənində yurd-yuvasından didərgin salınmış yurddaşların pozulmuş hüquqlarının bərpası, onların öz dədə-baba yurdlarına qayıtmasının hüquqi yolunu axtarmaqdan ibarət idi.
Onun daxilindəki həsrət-ümid savaşı 4 il sonra ümidin qələbəsi ilə başa çatdı. Rəşad Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq Hüquq Fakültəsinin məzunu oldu. Onu düşündürən onun məzun olması deyildi təkcə. O, əsgərlik yolunda, kişilik məktəbində ilk addımlarını atacaqdı. Bu günlərə qədər gəlib çatdığına əvvəlcə inana bilməsə də, sonra bir anlıq keçib kəldiyi yollara nəzərən səyahət etdi. Bu ana gəlib çatdığı üçün sevindi. İndi onun əsas duası, arzusu, istəyi o idi ki, torpaqlarımızın azadlıq müharibəsi başlasın və bu müharibə onun xidmət etdiyi dövrə düşsün.
Nəhayət, Rəşad ürəyində anasının onunla bağlı duyduğu nigarançılıqla, lakin min ümidlə, min sevinclə əsgəri xidmətə başladı, əsgər kimi ilk mətin addımını atdı.
Rəşad xidmətinin ilk anlarından arzuladığı kimi azadlıq müharibəsinin başlamasını, müharibədə cəngavər kimi vuruşmaq, bir sözlə, cəngdən cəngə yürümək istəyirdi. Təkcə onu istəmirdi onun min arzularla dolu ürəyi. O, yuxularda özünü şərəfli bir zabit kimi görürdü. Zabitlərə rəğbət bəsləyir, onlara ümidlə baxırdı. Ona hərbi geyim, ələlxüsus da zabit forması çox yaraşırdı. Elə bil, Rəşad elə bu formanı daşımaq üçün dünyaya gəlmişdi. Hərb sənəti onun üçün idi, elə bil. O, zabit şərəfini, məsuliyyətini dərindən dərk edirdi. Və bu şərəfi qoruyacaq potensial da var idi onda.
Odur ki, bu arzusunu həyat keçirmək üçün Rəşad Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin leytenantlıq kursuna yazıldı. Rəşad hərb sənətinə daha dərindən yiyələnmək məqsədilə yorulmaq bilmədən, gecə-gündüz bilmədən çalışdı, oxudu, öyrəndi. O, inanırdı ki, kursu uğurla, qüsursuz şəkildə bitirəcək və sevdiyi Azərbaycan zabiti adını qazancaq.
Və hər ümidin, arzunun, inamın sonu xoşbəxtliyə çevrildiyi kimi, bu zəhmətin sonu bəhrəsini verdi. Əsgər kimi xidmətə başlayan Rəşad Rəhimov kursu böyük zəhmətlə, iti zəka, bacarıq ilə və leytenant Rəşad Rəhimov kimi başa vurdu. Bu adı daşımağa haqq qazandı. Həmin gün Rəşadın ən sevincli günlərindən idi desəm, yanılmaram. O, özünü bu yolda tapdığı andan indikilərin baş verəcəyinə inanmışdı. Hərbçi olacağı günə, Müharibənin başlayacağı günə və Zəfər gününə... Hələlik Rəşadın üç arzusundan biri gerçəkləşmişdi. Bəlkə də işğal altında inləyən torpaqlarımızın səmalarında dolanan Ulularımızın ruhları da inanırdı ki, Rəşad o iki arzunun da gerçəkləşməsinə nail olacaqdır. Çünki ən əvvəl bu fikri irəli sürən ruh Rəşadın daxilindəki, qəlbindəki ruh idi... Rəşadın Rəşadətli Ulularının ruhu idi...
Rəşad leytenant rütbəsi ilə bir müddət xidmət etdi. O, xidmətində qüsursuz idi. Xidmətinin hər günü Qarabağ döyüşlərini fikirləşirdi. Bu fikirlə alışıb-yanırdı. Vətən uğrunda, torpaq uğrunda, qisas uğrunda alışıb yanırdı Rəşad... Valideynləri, ailə üzvləri ondan nigaran qalır, onun təxris gününü səbrsizliklə gözləyirdilər. Lakin Rəşad ilk əvvəllərdən arzuladıqlarının həyata keçməsi gününün gəlməsi üçün xidmətini davam etdirməkdə idi. O, o gün üçün bu yerlərə gəlmişdi. Zabit şərəfi ilə torpaqlarımız uğrunda vuruşmaq istəyirdi Rəşad. Qarabağda canını vermək, qanını tökmək xəyalı ilə çırpınırdı. Şuşanı azad görmək xəyalı ilə çırpınırdı qəlbi.
Bu xəyal təəssüflər olsun ki, Rəşadın o vaxtki xidməti dövründə gerçəyə çevrilmədi. Rəşad bu günlərə tez gəlmişdi, lakin o günlərə gəlmək üçün, hələ çox çalışmaq lazım idi. Dəmir kimi qisas alovunda bişmək, isti-isti döyülmək lazım idi iti qılınc olmaq üçün. Və taybatay açılmış əlləri Allahdan başqa heç kəsin aça bilməyəcəyi dəmir yumruğa çevirmək lazım idi o günün gəlib çatması üçün.
Rəşadın hərbi xidməti davam etmədi və Rəşad ehtiyatda olan zabit kimi mülki həyatda fəaliyyətini davam etdirdi. Ancaq təəssüflənmədi, ürəyini sıxmadı, əl çəkmədi arzularından. Əksinə, o günə daha da yaxın olmaq üçün gücünü səfərbər etdi. O mənada ki o, özünü hər döyüşə hazır edirdi, fiziki cəhətdən hazırlanırdı. Qarabağda azadlıq müharibəsi başlayacağı halda onun gedəcəyi ilk məkan Hərbi Komissarlıq olacaqdı. O, belə fikirləşirdi və hər şeyi belə planlaşdırmışdı. Alacağı hər hansı imtina cavabından sonra da əl çəkməyəcəkdi məqsədindən və sonuna qədər Hərbi Komissarlıqdan tələbinin həyata keçməsini təkidlə tələb edəcəkdi.
Rəşad Rəhimov 2008-ci ildə hərbi xidmətini zabit kimi başa vurdu və 2010-ci ildə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də çalışmağa başladı. Hərbi xidmətdə əsgər və zabit kimi qüsursuz xidmət edən Rəşad bir əsgərtək mülki işdə də vəzifələrini qüsursuz, dəqiq və layiqincə yerinə yetirirdi.
2016-cı ilin Aprelinin ilk günləri... Rəşad bəlkə də heç vaxt bu qədər həyəcanlanmamışdı. Qarabağda döyüş gedirdi. Özü də sərt döyüşlər. Bu bir haqq-ədalət, azadlıq müharibəsinin xəbərçisi, qaranquşu idi. Rəşad özünü inandırırdı ki, bu müharibə tez bitməyəcək. Çünki tez bitən döyüşə səfərbərlik lazım deyildi. O isə səfərbər olmaq istəyirdi.
Döyüşlərin başlandığı xəbərini eşidən Rəşad əvvəllərdən planlaşdırdığı kimi dərhal Hərbi Komissarlığa doğru yol aldı.
Hərbi Komissarlığa çatıb səfərbər olunmasını istədi. O, özünü inandırırdı ki, onu hərbi xidmətə çağıracaqlar, inandırırdı ki, özü üçün gün bu gündür. O, bu gün döyüşəcək, can verəcək, qan tökəcək.
Döyüş bitən günə qədər hər gün Hərbi Komissarlıqda gözlədi. İşçilər nə qədər dil tökdülərsə də, Rəşadı sakitləşdirə bilmədilər. Hər gün eyni ümidlə və arzu ilə Hərbi Komissarlıqda olurdu Rəşad.
Lakin sonuncu gün aldığı xəbərlə hər şeyi başa düşdü. Düşmən təxribatı nəticəsində başlanan müqəddəs döyüş dörd gündən sonra başa çatmışdı. Bu dəfə istəyi həyata keçməsə də Rəşad ümidini itirməmişdi. Ümidini itirmək üçün doğulmamışdı Rəşad. Əksinə, ümid qazanmaq üçün doğulmuşdu. O, ümid üçün doğulmuşdu. Sabaha inam üçün, qaranlığın uduzacağı aydın sabaha inam üçün gəlmişdi bu dünyaya Rəşad... O, bilirdi ki, torpaqlarımızın işğalda olması davam etdikcə o, rahat ola bilməz. Nəhayət, Azərbaycan igidlərinin qəzəbi bir gün işğalçı ermənilərin başında şimşək kimi çaxacaq. Bilirdi ki, mütləq o gün gələcək və tez gələcək. Odur ki, yenə də gözləyəcəkdi Rəşad, dözəcəkdi...
Rəşad dözürdü... Hər şeyə rəğmən dözürdü... Müharibənin acılarına dəfələrlə şahid olmasına rəğmən... Hər atəşkəs pozuntusuna rəğmən... Hər atəşkəs pozuntusu nəticəsində şəhid olan vətən oğullarına rəğmən... Hər şəhid onun ürəyindən parça idi. Vətən bir şəhid verəndə onun ürəyindən bir parça ayrılırdı, elə bil. Və şəhidlərdən geri qalan acını canı-qanı ilə, ürək yanğısı ilə hiss edirdi.
Keçən hər gün hər bir Azərbaycan cəngavəri kimi Rəşadın da əlləri qisas hissi ilə sıxılaraq yumruğa çevrilirdi. O, atəşkəsin tez-tez pozulmasına alışmamışdı. Bu xəbəri eşitmək istəmirdi. Əlacı olsa, qollarına qanad taxardı, maneələrə baxmayaraq o, birbaşa düz Şuşaya uçardı. O inanırdı ki, atəşkəsi pozmaqla düşmən nə qədər həddini aşırsada aşsın, onsuzda onların ilan başının əziləcəyi gün gələcəkdi.
Lakin qəflətən eşitdiyi və ildırım kimi vücudunu lərzəyə salan bir acı xəbəri heç qəbul edə bilmirdi Rəşad. 2020-ci ilin iyul ayı Tovuz rayonunda şiddətli döyüşlər baş verdi. Bu döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də olmaqla zabit-əsgər heyəti qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəldi. Rəşad indiyə qədər döyüş meydanında generalın şəhid olmasını görməmişdi və belə bir hadisə barəsində eşitməmişdi. Bu, Azərbaycanın hərb tarixində ağırdan ağır itki idi. Və bu itki Qarabağ münaqişəsini dəyişəcək bir müharibəni zəruri edirdi. Bu ağır itki Azərbaycanın oyanışını, bir yumruq kimi birləşməsini və nəhayət, dəmir yumruğa çevrilib düşmənin başına endirilməsini zəruri edirdi. Rəşad artıq fikrindən dönmürdü. Ürəyindən keçənləri ürəyində saxlamırdı. Fikirlərini beynindəki qəfəsdə saxlamırdı. O, qərarında qəti idi. Artıq qisasın vaxtı gəlirdi! Düşmənin başının əziləcəyi vaxt gəlib yetişirdi!
Rəşad bilirdi ki, indidən belə görəcəkləri xəyal olmayacaqdı, gerçək olacaqdı. Vətən Müharibəsi başlayacaqdı!
Ali Baş Komandan Tovuz hadisələrindən sonra Azərbaycan xalqına müraciət-çağırış etdi. Ehtiyatda olan zabit, leytenant Rəşad Rəhimov səfərbərlik üçün qeydiyyatdan keçmək məqsədilə hamıdan birinci olaraq Hərbi Komissarlığa yollandı. Komissarlıqda artıq çoxdan Rəşadı tanıyan əməkdaşlar onu sevindirmək istəyirdilər. Rəşad əməkdaşlara ümid verirdi, işçilər də Rəşadın ümidini doğrultmağa çalışırdılar, istəyirdilər ki, səfərbərlik barədə ona şad xəbər versinlər. Müharibə özü ilə nə qədər ölüm-itim, ayrılıq gətirsə də yenə də onlar onun üzünü güldürmək istəyirdilər. İstəmirdilər ki, 4 il əvvəl Aprel döyüşləri zamanı səfərbərliklə əlaqədar olan vəziyyət təkrarlansın.
Rəşad öz vəzifələrini əzəldən bilirdi, indi öz içində bu vəzifələrin təlimini keçirdi, sanki. Yuxularında məhv etdiyi düşmənin sayın-hesabın itirmişdi. Ağlının kəsdiyi 30 ilin hər günü Şuşanı fəth edirdi. Bir gün at belində, bir gün tank üstündə, bir gün qılıncla, bir gün avtomatla və yaxud da əlbəyaxa. Rəşad bunları yuxu olaraq görməkdən bezmişdi. Yeni gerçəkliyin, yeni reallığın vaxtı gəlirdi.
Onun gözlədiyi gün gəlirdi. Hərbi Komissarlıqdan gələn müsbət cavabla Rəşad bundan sonra yenidən hərbi xidmətdə olduğu kimi idi! Rəşad bu günü 4 il arzulamışdı. Gözü Qarabağdan başqa heç bir yeri , heç nəyi görmürdü. Könüllü zabit olan, könüllü yenidən hərbi xidmətə yollanan Rəşad yeni müharibənin Zəfər çalan döyüşçüsü, yeni reallığın memarı olacaqdı!
Bir neçə günlük təlimlərdən sonra, axır ki, o gün gəldi-çatdı. Qaçqınların 30 il, Azərbaycanın 200 il gözlədiyi gün... İllərə dəyən, min aya dəyən o gün – 27 Sentyabr günü gəldi-çatdı. İllərdir, yüz illərdir bu günü Azərbaycanda gözləməyən yox idi. İyul döyüşlərindən başlayaraq daha həyəcanla o günü gözləyən Azərbaycan xalqı bilirdi ki, o gün indi daha tez gələcək. Tez də gəldi.
Bu günü Rəşad da öz yaşadığı ömür payında çox gözləmişdi. Bunsuz yatdığı hər gecənin yuxusu onun üçün 27 sentyabr idi. O, müharibə başlayan dəqiqələrdə öz-özü ilə danışırdı: “Rəşad, axır ki, çoxdan gözlədiyin o gün gəldi! Bacardıq, Rəşad! İnamımızla, imanımızla, əməyimizlə bu günlərə gəldik. Xəyanətimizlə yox, dəyanətimizlə, əzmimizlə, dözümümüzlə gəldik bu günlərə! Allah bu müharibədən alnıaçıq, üzüağ çıxmağı xalqıma, millətimə, müzəffər orduma nəsib etsin! Amin!”
Daxilində özünün özü ilə etdiyi bu söhbətdən sonra Rəşad döyüş meydanına yeridi. Onu döyüşəcəyi ilk və son müharibə - Vətən müharibəsi gözləyirdi. Fürsət Rəşadın, silah Rəşadın, vəzifə Rəşadın, müqəddəs yol Rəşadın idi. Meydan onun və onun əsgərlər yoldaşlarının idi. Bu torpaqlarda bir düşmən belə qalmamalı idi, qalmayacaqdı da.
Rəşad üçün Vətən müharibəsi toy-bayram idi. Elə bil ki, toya-bayrama gedirdi. Təbii ki, onun xəyalında qurduğu şənlik, toy mağarı ordumuz şəhid verəndə dağılırdı. Və o zaman qisas ocağı yenə çatılırdı. Rəşad üçün düşmənlərə qarşı vuruşmaq heç çətin deyildi. Düşmənlərə qarşı fəndlər, taktikalar işlətmək, güllə atmadan onları zərərsizləşdirmək Rəşad və onun əsgərləri üçün çox asan idi. Rəşad, sanki, neçə-neçə müharibələr görmüş sərkərdə kimi savaşırdı Vətən müharibəsində. Ötən hər döyüş Rəşadı amalına daha da yaxınlaşdırırdı. Bu döyüşlər, bu mübarizəli Mübarizli günlər onun üçün hər şey idi. Yaşadığı 35 illik ömrünün günü idi. Və bu günlərin gəlib yetişməsi üçün 30 il gözləməyə dəyərdi.
Ailəsi ondan səbirsizliklə xəbər gözləyirdi. Nigarançılıq və narahatlıq yenə də var idi, necə ki Rəşad əsgərliyə gedəndə ondan nigaran qalırdılar, yenədə ondan fərqli, lakin elə idi. Anası hər dəfə dəstəyi qaldıranda əlləri əsirdi, qorxurdu ki, zəng vuran Rəşad olmaz, onun komandiri olar və qara xəbər gələr...
Zənglər zamanı söhbət edərkən Rəşadın danışığındakı ümid isə ailəni qürurlandırır, cuşa gətirirdi:
– Narahat olmayın, hər şey yaxşı olacaq. Yaralanmağı düşünmək məcburiyyətindəyəm, müharibədir, hər şey ola bilər, lakin hələlik salamatlıqdır. Ancaq döyüş bitənə qədər xəstəxanada qalmaq əsla. Qarabağa nəfəs qədər yaxınıq, anacan! Heç bu qədər yaxın olmamışdıq! Səsimiz Zəfər bayrağı sancılan yerdən gələcək, inan! Zəfər bayrağını sancmamış sakitləşən deyiləm! Şuşanı azad etməmiş döyüş meydanını tərk edən deyiləm. Müharibədir, hər şey olacaq, amma hər şey yaxşı olacaq, İnşəAllah...
Qubadlı və Zəngilan döyüşlərində əldə edilən qələbələr Rəşadı daha da sevindirir, ruhlandırırdı. O, özünü dünyanın ən xoşbəxt insanı, ən xoşbəxt zabiti, Vətənini xilas edən ən xoşbəxt döyüşçüsü hesab edirdi. Qürurlanırdı ki, Qarabağı azad edənlərdəndir. O, bu günləri heç vaxt unuda bilməzdi. Qazi olsa, canıyla, Şəhid olsa ruhuyla daim xatırlayacaqdı bu günləri!
O zamanlar Rəşad üçün ən xoş gün o gün olmuşdu, yəqin... Komandanlıqdan gələn əmr! Şuşanın azad edilməsi üçün döyüş əmri! Rəşad Şuşanı azad etmək üçün vəzifələndirilmiş zabit-əsgər heyətinin sırasında idi. O, özünü xoşbəxtlərdən xoşbəxt hiss edirdi. Sanki, yenidən doğulmuşdu. Yenə də Qarabağ torpağında... Tərtərdə yox, Şuşada!..
Döyüş 2020-ci ilin oktyabrın sonlarında başladı. Rəşad silaha elə sarılmışdı ki, Allahdan başqa heç kəs onu silahdan ayıra bilməzdi. Onu heç kəs yoldan döndərə bilməzdi. Bu yol Rəşad yolu idi. Bu yol doğru yol, nicat yolu, haqq yolu idi. Və bu yolun yolçusu Rəşad və Rəşadın döyüş yoldaşları idi. Şuşaya yol Xocalıdan keçirdi. Şuşa yolunu böyük əməklə, əziyyətlə, qisas alovu ilə azad edirdi Rəşad. Bir şəhid min qisas demək idi. Və bu mininci qisas Zəfər bayrağı Şuşada dalğalananda alınacaqdı.
Komandanlıqdan əmr gəldi:
– Növbəti istiqamət: Daşaltı!
Və Xocalıda bitən qaranlıq Daşaltıda aydınlaşmağa doğru davam edirdi. Bu aydınlıqdan Rəşadın gözləri qamaşırdı. O, yuxularında gördüyü Şuşanı artıq gözləri ilə görürdü. Rəşad heç vaxt bu qədər sevinməmişdi. Ayağı Şuşa torpağına dəydi və Şuşa onu bağrına basdı. Qurumuş Xarı bülbüllər gülümsəyir, ancaq yaşamaq üçün, elə bil, ondan imdad diləyirdi. Rəşad isə son vəzifəsini yerinə yetirməli idi. Şuşanı azad edib qanı bahasına Xarı bülbülü dirçəltmək vəzifəsini...
Rəşad Allaha şükür edib və Bismillah deyib Şuşa döyüşlərinə davam etdi. O, təzə abu-havayla, təzə nəfəslə döyüşürdü Şuşada. Ailəsi ilə zəngləşirdi, Şuşanı azad edəcəyini dilə gətirsə də harada olduğunu, harada vuruşduğunu demirdi, çünki bu, hərbi sirr idi. Bu ümidlə, bu sevinclə, bu qisas hissi ilə Qarabağı tam azad etməyi qarşısına məqsəd qoymuşdu Rəşad. Məqsədin həyata keçməyi onun yaşadığı bu günlərə baxırdı.
Döyüşlərdən birində düşmən namərdcəsinə minaatandan atəş açdı. Allah, elə bil, Rəşadı döyüş meydanında sınayırdı. Təhlükə Rəşadın bir addımlığında idi. Minaatan Rəşadın yanında deyildi. Sadəcə Rəşadın silahı düşmüşdü. Və O, silahını qaldırmağa gedəndə onu minaatanla vura bilərdilər. Döyüş yoldaşları bunu görüb onu xəbərdar etdilər:
– Rəşad, ora getmə! Düşmən oranı minaatanla vura bilər!
– Əgər silahsızamsa, bu müharibədə nəyə yarayıram? Döyüşçünün silahı onun şərəfidir.
Rəşad maneələrə baxmayaraq öz silahını götürdü və tam sürətlə irəliyə atılaraq döyüşü davam etdirdi.
Əsgərlərimiz nə qədər sürətlə irəli atılırdılarsa, düşmən də eyni sürətlə geri çəkilirdi. Çünki qarşısında güclü Azərbaycan Ordusu, əsgəri, ərəni var idi. Düzdür, qarşısında Xocalıda çarəsiz iməkləyən bala var idi, lakin o bala qisasını almaq üçün böyümüşdü və indi bir ərən kimi mənfur düşmənindən qisasını alırdı.
Nəhayət, 8 Noyabr günü gəldi-çatdı. Rəşad vaxtın necə gəlib necə getdiyini bilmirdi. Dünən özünü Daşaltıda hiss edirdi, bu gün Şuşanın başlanğıcında. O günü yaxınlaşdırmaq üçünTopxana meşəsində, Şuşa qalasında, Şuşa küçələrində, hər yanda, hər yerdə sürətlə döyüşmüşdü. Və uzaqda bir qaraltı görünürdü. Rəşad onu yuxusunda gördüyü binaya bənzətdi. Yanındakı döyüşçülərdən soruşdu:
– Qardaş, orada qaraltı var. Görəsən, ora haradır? Mən onu yuxularımda gördüyümü xatırlayıram.
Döyüşçü böyük qürurla cavab verdi:
– Şuşa İcra Hakimiyyətinin binasıdır, qardaşım! Biz Zəfər Bayrağımızı orada dalğalandıracağıq!
Rəşad bu sözlə bir daha yenidən doğuldu. Bu söz dağda-daşda əks-səda verdi, elə bil. Rəşadın qulaqlarında Zəfər himninə çevrildi. Rəşad bu sözdən sonra daha da güclü oldu. Neçə illər qəlbində bəslədiyi Bozqurdu ondan tez icra hakimiyyətinin binasına atılmış və ulamışdı. Bu ulartıdan sonra Rəşad hərəkətə keçdi.
1 həftədən çox keçən döyüşlərdən sonra 30 il gözlədiyimiz an gəldi! Şuşa işğaldan azad edildi!
Rəşad o qarartı kimi gördüyü mənzərəni gözləri ilə daha yaxından görürdü. Rəşad əsgərlərinin Zəfər Bayrağını necə sancmasını görürdü. Bu, Allahın bağışladığı lütf idi. Rəşadın gözləri qamaşırdı Şanlı Hilal Şuşada dalğalananda. Bir cümlə onun 35 illik zəhmətini və hələ bir neçə dəqiqəlik olan bəhrəsini izah etməyə yetirdi:
– Allahım, Sənə Şükürlər Olsun!
Şükürlər olsun! Bunun özü o deməkdir ki, Rəşad Allahın sevdiyi qulu idi. Və bu gözəl mənzərəni görməyə layiq idi.
Dayanmaq yox idi, davam etmək lazım idi! Düşmən tam məhv edilənə qədər davam etmək lazım idi! Düşmənin çox olmasına, müqavimət göstərməsinə baxmayaraq davam etmək! Və Rəşad yenidən Zəfər qazanmaq üçün yola düşdü!
Şuşanın azad olunduğunu bilən və sevinclə bayramı qeyd edən ailə isə bilirdi ki, Şuşanın azad edilməsində ailənin intizarına çevrilmiş Rəşadın da zəhməti var və ailə üzvləri bununla qürur duyurdular.
Rəşad üçün son istiqamət Şuşa-Xankəndi istiqaməti idi. O, bilirdi ki, son günlər qalıb tam Zəfəri çalmağa. Düşmən işğalla qazandığı Qarabağı itirəcək, itirirdi.
Xankəndi istiqamətində düşmən son döyüşü udmaq üçün bütün qüvvəsini səfərbər edirdi. Nə olsun? Rəşadgil geri çəkilərdi?
Rəşad o gün sonuna qədər vuruşdu. Son damla qanına qədər. Elə bil, ürəyinə dammışdı ki, o gün bu gündür. Artıq qisas alındı, torpaqlar düşmən tapdağından azad edildi, ona görə də Şəhadətin də vaxtı gəlib-çatıb. Ona görə də vaxt bitənə qədər vuruşurdu Rəşad. Əlindən bir düşmən də canını sağ qurtara bilmirdi.
Rəşad Rəhimov 9 noyabr 2020-ci ildə böyük Zəfərə saatlar qalmış düşmənin atdığı namərd gülləsi ilə kəlmeyi-Şəhadətini gətirərək Şəhadətə yüksəldi! Gözü sonuncu dəfə Xankəndini gördü. Rəşad buna görə də xoşbəxt idi! Xankəndində Şəhid olan yeganə Şəhidlərdən biri kimi...
Onun müqəddəs nəşi 10 gün boyunca axtarıldı və 19 noyabr 2020-ci ildə II Şəhidlər Xiyabanında sevə-sevə uğrunda canını verdiyi Vətəninin torpağına tapşırıldı.
Rəşad nə eləmişdisə, bu günlər üçün eləmişdi. Rəşad nə ömür sürmüşdüsə, bu günlər üçün sürmüşdü. Rəşad necə xidmət etmişdisə, bu günlər üçün xidmət etmişdi. O, nə söz vermişdisə, bu günlər üçün vermişdi.
Rəşad söz vermişdi, sözünü tutdu! Çünki Rəşad Azərbaycan oğlu idi! Qisas əsgəri idi, cəngavər idi! Rəşad Allah adamı, Allahın bəxş etdiyi lütf idi! Rəşad Rəşadət idi! Rəşad doğru yol idi! O, doğru yolu 27 sentyabrdan bəri çəkdi və 8 noyabrda dalğalanan Zəfər Bayrağı ilə taclandırdı!
Şəhidimizdən 5 və 1 yaşında 2 övladı yadigar qaldı.
Ölümündən sonra Rəşad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə Vətən müharibəsində göstərdiyi misilsiz şücaətlərinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Ümumiyyətlə, Rəşadın qısa, lakin mənalı ömür payı arzu dövrlərinə bölünürdü. Orta məktəbə gedəndə qarşısına məqsəd qoydu. Bu məqsəd üçün orta məktəbi bitirməyi, ali məktəbə qədəm qoymağı və ali məktəbdən məzun olmağı daha çox arzu etdi. Sonda isə bu günə qədər gəldi və torpaqlarımızı erməni mənfurlarının tapdağından azad etməyi özünün birinci dərəcəli amalı bildi.
Həmçinin, O, neçə-neçə müharibələr görmüşdü. Düz eşitdiniz, dünyaya gəldiyi andan neçə-neçə müharibələrə sinəsini sipər etmişdi Rəşad adlı rəşadətli Qəhrəman. Haqq-ədalətin, xeyir-şərin, təskinliklə qəmin, kədər və qürurun savaşında həmişə qalib gəldi igidimiz. Şəhidimizin anasına kədər-qürur savaşında qalib gəlməsini və kədərinin bir çox misli ölçüsü ilə qürur duymasını arzulayıram və arzulayacağam. Mən inanıram ki, bu gün Şəhidimin məzarı başında o, kədərinə sarsıdıcı zərbə endirib və Şəhidimin başı üstündə dalğalanan üçrəngli bayrağa baxaraq fəxr edib... Və inanıram ki, edəcək də! Çünki, əziz Ana, o, canını bunun üçün fəda etmişdi, Səni belə günə çıxarmaq üçün, başını dik tutmağın, qürurlanmağın üçün... Kədəri az, qüruru çox günlər üçün...
Cənnətdəki ilk doğum günün mübarək, gözü Xankəndidə əbədi yumulan Şuşa Fatehi!Unudulmaz, həmişə yaşar Şəhidim! Allah Sənə və Səninlə cənnətdə olan bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
Sevindik Nəsiboğlu
/8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü/
/8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü/
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...