“Erməninin söyüşünə cavab verməsəydim, məğrurluğumuzu nümayiş etdirə bilməzdim”
Amin Musayev: "Əsirlikdən bəzən yuxuma girənlər olur, ancaq onu dərhal pis yuxuymuş kimi..."
Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş və daha sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sayəsində geri qaytarılmış Amin Musayevin Oxu.Az-a müsahibəsini təqdim edirik.
– Müharibənin başlanmasından bir il ötür. Ancaq sanki çox tez keçdi bu müddət. Sizə görə bu bir il vaxt necə keçdi?
– Mənim özümə də bu bir il qısa müddət kimi gəldi. Xatirələr insanın yaddaşındadır. Əsir düşməyimə peşman olaram, amma müharibədə iştirak etməyimə heç vaxt təəssüflənmərəm. Əksinə, döyüşlərdə iştirak etməyimə görə çox qürurluyam. Ayağımı, qolumu itirsəydim də, mən yenə xoşbəxt olardım. Çünki bu zəfər yolunda mən də iştirak etmişəm. Bir il keçsə də, mənim müalicələrim hələ də davam edir. Yenə də ayağımda problemlər var. Amma bugünkü günümə də şükür edirəm.
– Oğlanlar yaxşı bilər. Hərbi xidmətdən qayıtdıqdan sonra bu barədə yuxular görürsən. Siz necə, müharibəyə aid yuxuları görürsünüzmü?
– Yaxınlarda sual vermişdilər ki, yenə olsa, müharibədə iştirak edərsənmi? Şəxsən mən bu halımla belə, yenə gedib iştirak edərəm. Yuxularda şəhid dostlarımı görürəm. Hansısa şəhid məclisinə qatılanda daha çox kədərlənirəm. Amma bu gün şəhidlərimizin hesabına bu torpağın üstündə rahat hərəkət edə bilirik. Şükürlər olsun ki, şəhidlərimizin və qazilərimizin qanı yerə qalmadı, torpaqlarımız azad olundu, Qarabağ adlı problemimiz qalmadı. Daha “Qarabağ problemi həll olunanda, səninki də həll olunacaq” kimi atmaca da yoxdur…
Əsirlikdən bəzən yuxuma girənlər olur. Ancaq onu da dərhal pis yuxuymuş kimi beynimdən atmağa çalışıram. Əsirliyimin qısa müddətdə başa çatması da Ali Baş Komandamızın, xalqımızın sayəsindədir.
– Müalicəniz necə gedir? Maliyyə xərcləri kim tərəfindən qarşılanır?
– Hazırda müalicəmə görə 5-6 aydır ki, Bakıdayam. Ayağımdan üç dəfə əməliyyat olunmuşam. Birini ermənilər uğursuz şəkildə etmişdi. Bakıda daha bir əməliyyatım oldu. Amma sümükdə inkişaf olmadı deyə, üçüncüyə ehtiyac yarandı. Bu əməliyyatda da çanaqdan sümük götürüb ora əlavə etdilər. Buna görə çəlikdən azad ola bilmirəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının reabilitasiya mərkəzində müalicə alıram. Oranın rektoru Fuad Hacıyevin təşəbbüsü ilə orada bir çox qazilər müalicə görür. Hər şey dövlət tərəfindən qarşılanır.
– Çəliklərdən qurtulmağınız üçün nə deyirlər?
– Hə şeyə vaxt lazımdır. Məndə sinirlərdə də problem var deyə, bu, uzun müddət alır. Sinir tam bərpa olunmasa, əməliyyat lazım gələcək.
– Müharibədə olanlar mülki həyata qayıtdıqda müəyyən psixoloji problemlər yaşayır. Sizin əsir də düşdüyünüzü nəzərə alsaq, bu baryerləri necə aşdınız?
– Psixiatrın yanına getdim. Məndə ən çox yuxu pozğunluqları vardı. Şükürlər olsun ki, o qədər də psixoloji sarsıntı keçirmədim. Həyatda heç nədən qaçış yoxdur. Bizim alnımıza nə yazılıbsa, o da olmalı idi. Mənim huşum özümdə olmayıb. Bizim əsgərlər elə bilib ki, mən ölmüşəm. Ona görə taktiki geri çəkilmə zamanı məni götürməmişdilər. Çünki əsgərlər yaralıları götürüb gedirlər. Müharibənin yaxşı tərəfi o oldu ki, mənə yaxşı insanları tanıtdı. Mənim fikrimcə, əvvəl insanlar var-dövlətinə görə tanınırdısa, indi insanlığına görə daha çox tanınır. Şəhərdə məni görüb, gözü dolub qucaqlayanlar olub. Məni qarşılamaları çox təsir edir.
– Ümumiyyətlə, orada olduğunuz müddətdə bu formada qarşılaşacağınızı gözləyirdinizmi?
– Dekabrın 14-də əsirlikdən qayıdanda məni necə qarşılayacaqları barədə heç bir təsəvvürüm yox idi. Mən bu münasibəti ilk dəfə Bakıda xəstəxanada olarkən gördüm. Axşam gördüm ki, meyvə dolu qab və iki qutu siqaret gətirdilər. Bir də həmin münasibəti Ağstafaya gedəndə Tovuzun girişində qarşılanmağım zamanı gördüm. Belə bir şeyi gözləmirdim. Gözlərim dolmuşdu. Evimizə gələnlərin sayı-hesabı yox idi. Azərbaycanın hər bölgəsindən mənə baş çəkməyə gəlirdilər. Bakıda olanda türk qardaşlarımız mənlə görüşdü. Elə müharibə vaxtı əsgərləri daşıyan maşınlara camaatın nəyə gücü çatır alıb atması nəyə desən dəyərdi. Adicə Füzulinin özündə biz hərbi yemək yemirdik, bizə gətirilən mülki yeməklərlə qidalanırdıq. Bu birlik olmasaydı, qələbə də olmazdı.
– Sizin tabordan olan döyüş yoldaşlarınızın dediyinə görə, Şuşaya getdiyinizi eşidəndə uşaq kimi sevinirdiniz. Baxmayaraq ki, Şuşada sizi düşmənin gülləsi gözləyirdi…
– Biz həmin an ölümü fikirləşmirdik. Hamı sevinc içində idi. Orada şəhid olmağı arzulayan uşaqlar vardı. Vətənpərvərlik ruhu yüksək idi.
– Ümumiyyətlə, müharibə olacağına inanırdınız?
– İyulda general Polad Həşimovun şəhid olmasından sonra bizə də şəhidlər gətirilirdi. Tovuza girişdə yerləşən Ağstafanın Köçəsgər kəndində şəhid anasından biri “Yaşar” deyə qışqırırdı. Orada dedilər ki, Köçəsgərə Yaşar Babayev adında şəhid gətirilib. Həmin hərbçinin səkkiz il idi ki, övladı olmurdu. Öləndən iki gün sonra övladı dünyaya gəlmişdi. O an mənə daha çox pis təsir etmişdi. Onda hamı deyirdi ki, müharibə olsaydı, gedərdik. Şükürlər olsun ki, müharibə oldu və Qarabağ azad olundu. Həmişə tarixən torpaq vermişdik, amma qaytarmamışdıq. Bu dəfə buna nail olduq...
Sentyabrın 27-si mən işdə idim. Televizordan eşitdim ki, müharibə başladı və torpaqlar alındı. Onda kədər və sevinc hissi bir-birinə qarışmışdı. 29-u günü saat 11:00-da mənə zəng gəldi ki, hərbi komissarlıqdan səfərbərliyə çağırılıram. Evdəkilərlə sağollaşıb saat 13:00-da hərbi komissarlıqda oldum. Ağstafadan bizi Gəncəyə apardılar. Orada 15 günə yaxın təlim keçdik. 2011-2013-cü illərdə hərbi xidmətdə olduğu kimi yenə də pulemyotçu idim. Daha sonra Füzuliyə arxa cəbhənin möhkəmləndirmə işlərinə göndərildik.
– Bildiyimə görə, Füzulidə olanda ermənilərə məxsus olan mal əti yemək imkanı əldə etimisiniz...
– (gülür) Siz heç duzsuz kabab yemisiniz? Niyəsə duz tapa bilmədik. Duzsuz kabab yedik. Orada özünə səngər qazıb, içində yatmağın da, axşam posta çıxmağın da özünün ayrıca ləzzəti vardı. Füzulidən Şuşaya gedəndə bizdə bir sevinc var idi ki. Maşının içində bizə bu xəbəri verdilər. Şuşaya getmək arzumuz idi. Orada atəş səsini daha yaxından eşidə bildik.
– Ən ağır döyüşünüz harada olub?
– Şuşadan Xankəndiyə gedən yolda, Daşaltı kəndindən yuxarıda axşam hərəkət edərkən pusquya düşdük. Hava da elə idi ki, 10-20 metr məsafəni belə yaxşı görmək mümkün deyildi. Mən orta sırada idim. Baxdım ki, tabor komandirimiz yaralanıb. O dedi ki, tələyə düşmüşük. Göz gözü görmür, bilmirsən ki, hara atasan. İstənilən halda, bizi tələyə salanların hamısını məhv etdik. Həmin gün yaralılarımızı götürüb geri qayıtdıq. Düşmənin digər pusqusuna düşməmək və hava şəraitinə görə taktiki geri çəkildik. Ümumiyyətlə, mən döyüşlərimizdən çox danışmağın tərəfdarı deyiləm. Çünki belə olanda digər şəhid və qazilərimizə haqsızlıq etmiş olaram. Əsgərimiz olub ki, yaralanıb, amma geri qayıdıb, daha sonra erməni snayperinin gülləsi ilə şəhid olub.
– Əsir düşməzdən əvvəl üç gün özünüzdən getmisiniz. Necə keçib həmin günlər sizin üçün?
– Huşum özümə gəlib, təzədən özümdən getmişəm. Hətta bir gecə qalxıb qışqırmışam ki, mənə su verin. Yan-yörəmdə isə ancaq şəhidlərimiz olub. Yaralı da yox idi ki, kömək etsin. Otu qoparıb su əvəzi dodağına sürtmək başqa şeydir. Aclığa dözmək olur, ancaq susuzluğa yox.
– Sol bud nahiyənizdən yaralanmışdınız. Həmin vaxt qanaxmanı necə saxlayırdınız?
– Heç bağlamamışdım. Üçüncü gün mən əsir düşməsəydim, şəhid olacaqdım. Amma yenə deyirəm ki, əsir düşməkdənsə, şəhid olmağı daha üstün bilirəm. Mən silahla onlara atəş də açmaq istədim, silahım açılmadı. İstəyirdim ki, atəş açım ki, onlar buna qarşılıq verib məni öldürsünlər.
– Əsir düşdüyünüz anda erməni sizə söydü. Siz ona cavab qaytardınız. Ümumiyyətlə, rusun jurnalist olduğunu bilirdiniz?
– Yox, bilmirdim. Ümumiyyətlə, mən hara aparıldığımı bilmirdim. Birinci onlardan istədiyim şey siqaret oldu. Elə bilirdim ki, öldürməyə aparırlar. Hər şeyi göz önünə almışdım. Onun söyüşünə cavab verməsəydim, Azərbaycan əsgərinin məğrurluğunu nümayiş etdirə bilməzdim.
– O vaxt sual veriləndə demişdiniz ki, hələ də özünüzün əsir düşməyinizlə bağlı videoya baxmamısınız. Sonradan baxdınızmı?
– Bu yaxınlarda baxdım. Orada işlətdiyim “Oh, my God” (“Aman Allahım”) sözündən sonra ermənilər elə bilmişdi ki, mən azərbaycanlı yox, başqa millətdənəm. Bu sözün dilimə düşməsi mülki həyatda iş yoldaşımın tez-tez bu sözü deməsinə görə olub. Orada da o sözü işlədirəm (gülür)… Birinci dəfə o videoya baxanda kədərlənmişdim. Ancaq sonradan insan üçün adiləşir. Əvvəl televiziyadan bir şəhid xəbəri eşidəndə belə, özümdən asılı olmadan gözümdən yaş gəlirdi.
– Hərbidən əvvəl nə işlə məşğul idiniz?
– Ağstafada marketdə işləyirdim. Orada toyda istifadə olunan qida və içkilərin satışı ilə məşğul idim. Yeri gəlmişkən, mən öz müdiriyyətimdən çox razıyam. Əsirlikdən qayıdanda, məni maşından endirəndə gözü dolmuşdu. Çox vətənpərvər insandır. Şuşanın alındığı günü o bir dananı kəsib paylamışdı. Mənə də qurban kəsmişdi. İndiyədək mənə qurban kəsənlər var.
– Müalicələriniz uğurla başa çatdıqdan sonra gələcək üçün nə planlar qurmusunuz?
– Hər şeyi həyatın axarına buraxmışam. Ayağım sağaldıqdan sonra dövlət işində işləmək istərəm. Olmasa, öz əvvəlki işimə qayıdaram.
Versus.Az
Xəbər lenti
Robotun köməyi ilə UNİKAL ƏMƏLİYYAT
"Əməliyyatdan sonra ağrının şiddətini azaltmağa imkan verir"