Yataq xəstəsi olan qazimiz niyə diqqətdən kənarda qalıb?

09:24 27-10-2021 | icon 824 | Şəhidlər və şahidlər
Yataq xəstəsi olan qazimiz niyə diqqətdən kənarda qalıb?

Qazimizə baş çəksəydilər, yəqin ki, onları tanıyardı

 

44 günlük Vətən Müharibəsindən bir il ötür. Bu bir il ərzində qapısı bir dəfə də döyülməyən qazimiz var. Üstəlik o, əlillik dərəcəsini də ala bilmir, hay-küyçü deyil, susur. Əslində, Qarabağ uğrunda döyüşən əsgərlərin igidliyindən ağızdolusu danışan yerli idarəedici orqanların nümayəndələri, özünü millətin vəkili adlandıranlar həmin o qazidən niyə xəbərsiz qalıb, maraqlı olan budur. Çox təəssüf doğuran bir mənzərədir.

 

Araşdırmalar zamanı məlum oldu ki, həmin qazi Lerik rayonunun Verə Küsəkəran kəndində yaşayan 20 yaşlı, bir ildir yataq xəstəsi olan Nizami Hüseynovdur. Qeyd edək ki, Nizami Hüseynov “Şücayətə görə” medalla təltif olunub.

 

2001 təvəllüdlü Nizami Hüseynov 2019-cu il iyunun 3-də əsgər gedib. Murov, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da Suqovuşanda mərmi partlaması nəticəsində ağır xəsarət alıb. Ona ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Gəncə xəstəxanasına aparılıb, sol bud sümüyünün eksternal fiksatorla fiksasiyası cərrahi əməliyyatı icra edilib. 4-5 gün qaldıqdan sonra Yeni Klinikaya köçürülüb. Orada bir neçə əməliyyat keçirib. Ona oturaq sinirin zədəsi stasionar cərrahi əməliyyatı icra olunub. Düşük pəncə, sol aşağı ətrafda qısalıq diaqnozu verilib.

 

Əslində Nizami Hüseynov faktiki parezdir, heç bir hərəkət edə bilmir. 1 ayağında 5 sm qısalma var. Ayağına aparat qoyulub, sonra vaxtından qabaq çıxarılıb. Təzdən ayaq sınıb. İkinci dəfə mil qoyublar. Amma həkim komissiyası yazır ki, müşahidəçiyə ehtiyac yoxdur, özü sərbəst gəzə bilər.

 

Qeyd edim ki, Nizami Hüseynov haqqında bu məlumatları rayonun həkimlərindən biri məlumat verib.

Onu da öyrəndik ki, Nizaminin ailəsi 3 nəfərdən ibarətdir. Atası 1-ci Qarabağ döyüşlərinin iştirakçısı olub, sonra aldığı xəsarətlərdən, ürək ağrılarından rəhmətə gedib. Ailədə ən böyükləri Nizami Hüseynovdur və o da yataq xəstəsidir. Ailə Nizaminin  kiçik qardaşının aldığı 200 manatlıq uşaqpulu ilə dolanır. Nizamiyə anası baxır. Ana özü də heç yerdə işləmir. Bir sözlə, qazinin ailəsində həyat çox ağırdır... Amma kimlərsə onun hesabına qazanılan bu qələbə eşqinə haralardasa atəşfəşanlıq, odlu-alovlu çıxışlar edərkən, qazimiz öz komasında, yarıac-yarı tox, xəsarətlərinin ağrısı ilə yaşayır.

 

Nizami nə deputatını, nə də yaşadığı rayonun icra başçısını tanımır. Əgər o adamalar vətən uğrunda sağlığını itirən qazimizə baş çəksəydilər, yəqin ki, onları tanıyardı.

 

Məsələ ilə bağlı Lerikin deputatı İqbal Məmmədovla bir neçə dəfə telefon əlaqəsi saxlamağa çalışdıq. Amma nə özü, nə də köməkçisi cavab vermədi. Cənab deputatımız bəzi deputatlar kimi telefonunu açmadı. İnsafən Lerik İcra Hakimiyyətinin sədr müavini Cəlil Baxşəliyev telefon zəngimizə cavab verdi. Onun da bu qazi haqqında çox da məlumatlı olmadığını anladıq.

Cəlil Baxşəliyev 1 il ərzində Nizami Hüseynova baş çəkə bilməmələrinin səbəbini belə izah etdi ki, rayonda 118 qazi var, hamısını diqqətdə saxlaya bilməzlər. O, qazinin özünün deyil, anasının icra hakimiyətinə gəldiyini dedi. Sonradan C.Baxşəliyev bildirdi ki, Nizami Hüseynova 48 mənzilli yaşayış binasında ikiotaqlı evlə təmin eləyiblər. Aprel ayında qospitalda yatanda rayon icra hakimiyəti tərəfindən ona 1 dəfə 200 manat yardım olunub. Onun müalicəsinin bütün xərclərini Med-Era hospitalında YAŞAT FONDU aparıb. Amma qazi özü heç vaxt ora müraciət eləməyib.

 

Qazimiz Nizami Hüseynov bizə dedi ki, YAŞAT fondu onun xəstəxana xərclərini yalnız xəstəxanada əməliyyatlar olunan zaman ödəyib. Xəstəxanadan çıxandan sonra onun müalicəsi ilə heç kəs məşğul deyil. Deyir ki, əlilliyin alınması ilə bağlı sənədlərini versələr də, bu gün-sabah deyib uzadırlar. Deyəsən, Əmək və Əhalinin Sosial Müdafiəsi ilə məşğul olan nazirlik qazinin qısalmış, sınmış, əlil qalmış ayağının uzanacağını, sağalacağını gözlədiyi üçün ona əlilliyin verilməsini uzadır.

 

C.Baxşəliyev bildirdi ki, qazi hələ 10 gün olar kəndə gəlib, artıq icra nümayəndəliyi maksimum onlardan nə asılıdırsa, qaziyə köməklik göstərəcək...

 

...Biz son olaraq Nizami Hüseynovdan istəklərini soruşduq. O isə bizə “Bu gün Qubadlının işğaldan azad olunduğu gündür. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün mənim əsgər yoldaşım İmamverdiyev Elmirin Şəhid olduğu gündür” dedi.

 

Qazimiz öz döyüşkən ruhunu yataqda xəstəlikdən, maddi təminatsızlıqdan əziyyət çəkdiyi belə bir zamanda da demədi.  Sadəcə “Allah Şəhidlərimizə rəhmət eləsin” dedi. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq