Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev şəhid qardaşların ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliyindən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Qeyd edək ki, İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olublar.
Onlar, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, “Vətən uğrunda” medalları ilə təltif olunublar.
Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik!