Qarabağ 2021 - Torpağın əsl sahibləri qayıdır
"İlk dəfə Qarabağlı bir ili başa vururuq"
Artıq bitməsinə sayılı günlər qalan 2021-ci il Azərbaycan üçün əhəmiyyətli il olaraq yaddaşlara həkk olundu. 2020-ci il 27 sentyabrda başlanmış 44 günlük müharibə nəticəsində zəfər qazanan Azərbaycan ordusu Qarabağı düşməndən azad etdi. Geridə qoyduğumuz ildə isə azad olunmuş torpaqlarımızda bir çox iri layihələr, yenidənqurma və bərpa işləri həyata keçirildi. Artıq Qarabağ 30 illik həsrətdən sonra öz sakinlərini qarşılamağa hazırlaşır desək, yanılmarıq.
Versus.Az xəbər verir ki, Azərbaycan xalqının Qarabağlı 2021-ci ili haqqında danışan azad olunmuş ərazilərin deputatları zəfər münasibətilə qürur hissini bölüşüblər.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas hesab edir ki, 2021-ci ili Azərbaycan üçün, xüsusilə Qarabağımız üçün olduqca əhəmiyyətli il hesab edir:
"Biz ilk dəfə Qarabağlı bir ili başa vururuq. Uzun illərdir həsrətində olduğumuz torpaqlarımızda artıq yenidən məskunlaşırıq. Füzulidə beynəlxalq hava limanı inşa edildi. Ağdama, Şuşaya, Hadruta, Zəngilana, bütün azad olunmuş ərazilərimizə yüksək keyfiyyətli yollar çəkildi. "Ağıllı kənd", "ağıllı şəhər" layihələri həyata keçirilir. Qarabağ dünyanın da diqqətini cəlb edəcək şəkildə yenidən qurulur. Bir müddət öncə elan edildi ki, 2022-ci ilin əvvəlində Zəngilanın Ağalı kəndinə ilk sakinlər köçürüləcək. Bu çox əhəmiyyətli məsələdir. Mən düşünürəm ki, üzümüzə gələn il 2021-ci ildən də yadda qalan olacaq".
Xocalıdan olan deputat Elman Məmmədov isə deyib ki, 2021-ci il uzun illər sonra, qalib dövlətin vətəndaşı kimi keçirdiyimiz ilk il oldu. Deputat bunun çox sevindirici olduğunu düşünür:
"Uzun illər həsrətində olduğumuz anlar idi. Hər bir məcburi köçkün doğma yurd-yuvasına qayıdacağı günü gözləyirdi. İşğaldan azad olunmuş ərazilərimizdə bir il ərzində çox sürətli bərpa işləri görüldü. İnsanlarımızın doğma yurd yerlərinə qayıdışı üçün quruculuq işləri sürətlə davam etdirilir. Məcburi köçkünlərimiz üçün hər bir şərait yaradılır, Qarabağda yaşayışın yüksək səviyyədə təmin edilməsi üçün bütün addımlar atılır. Artıq 2022-ci ildən ilk sakinlər Qarabağa köçürüləcək. Azad edilmiş ərazilərimizdə onlar üçün şərait qurulub. Xatırlatmaq istəyirəm ki, 2021-ci ildə azad edilmiş ərazilərimizin çoxunda yaşayış bərpa edilmişdi. Orada xidmət edən hərbçilərimizin, polislərimizin, kənd təsərrüfatı ilə məşğul olan fermerlərimizin ailələri köçürülmüşdü. Qarabağda biz yaşayırıq, düşmən yox! Bunun üçün Azərbaycan əsgərinə minnətdarıq. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu, Azərbaycan xalqının birliyi bunu bacardı. Mən inanıram ki, 2022-ci il 2021-dən də düşərli, Qarabağ üçün əlamətdar il olacaq".
Cəbrayıllı deputat Ceyhun Məmmədovun fikrincə, 2021-ci il Azərbaycanın öz zəfərini möhkəmləndirdiyi il kimi qiymətləndirilir:
"2021-ci il Azərbaycan xalqı üçün çox uğurlu il oldu. 2020-ci ildə biz Vətən Müharibəsində qələbəmizi təmin etdik. Azərbaycan öz tarixinin ən şanlı, şərəfli səhifələrindən birini yaşadı. 2021-ci ildə isə bu Zəfər davam etdi. Qısa müddətdə azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işlərinə başlandı. Artıq Qarabağın bir çox rayonlarında yaşayış üçün imkanlar yaradılıb, vacib infrastruktur obyektlərinin təməlləri qoyulub, avtomobil və dəmir yollarının çəkilişi davam etdirilir. Zəfər yolunun çəkilişi davam etdirilir. Təmsil etdiyim Cəbrayıl rayonunda Şükürbəyli-Hadrut yolu asfaltlanır. Zəngilanın Ağalı kəndinə ilk sakinlərimiz köçürüləcək. Füzuli şəhərində inşa edilən Beynəlxalq Hava Limanı qısa müddətdə istifadəyə verildi, ölkə başçısı İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan limanın açılışını birgə həyata keçirdilər. Daha sonra isə prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular. Ermənistan tərəfinin bir çox təxribatlarının qarşısı ordumuz tərəfindən alındı. Azərbaycan qələbəsini 2021-ci ildə daha da möhkəmləndirdi və irəli addımlar atıldı. Biz Qarabağda tikinti, quruculuq və bərpa işlərini qısa müddətdə həyata keçirdik. 2021-ci ildə Azərbaycanın uğurları saymaqla bitməz. Azərbaycan xalqı şərəfli, qürurlu günləri yaşayır. Geridə qoyduğumuz ildə qazandığımız nailiyyətlər cənab prezidentin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir. Ölkə başçısının qətiyyəti sayəsində Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gətirildi. Qardaş ölkə ilə münasibətlərimiz daha da inkişaf etdirildi. Qonşu dövlətlərimizlə, Rusiya və İranla münasibətlərdə tənzimləmə həyata keçirildi".
Deputatın sözlərinə görə, qarşılamağa hazırlaşdığımız 2022-ci il Qarabağ sakinlərinin qayıdışı ili olacaq:
"2021-ci il bizim üçün yenidənqurma, quruculuq, abadlıq ili, Qarabağlı Azərbaycanın çiçəklənmə dönəmi kimi yadda qaldı. Ən qısa müddətdə Qarabağımız dünyanın ən abad, müasir, gözəl məkanlarından birinə çevriləcək". /modern.az/
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi