Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Çıxışda cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub.
Sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları var.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.