Ağdamın mərkəzində tarixi-mədəni ərazi salınacaq
Ağdam şəhərinin mərkəzində tarixi-mədəni ərazi də salınacaq. 22,5 hektarlıq ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq.
Versus.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
O bildirib ki, ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarlıq Memorial bağ olacaq.
“Biz bütün şəhəri müasir üslubda bərpa etsək də, Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onları olduğu kimi qoruyacağıq ki, gələcək nəsillər bu tariximizi unutmasın, mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələri bilsin. Eyni zamanda, bu xarabalıqlar hər kəsə müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anladacaq”, - deyə Emin Hüseynov qeyd edib.
Onun sözlərinə görə, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq: “Məqsəd odur ki, İşğal muzeyi, Memorial bağ və Zəfər muzeyi Azərbaycan xalqının Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq. İşğal muzeyindən çıxan insan Memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alacaq. İnsanlar o dağıntıların arasından keçərkən sanki həmin zamana səyahət edəcək və gözləri qarşısında o faciələr canlanacaq. Bağın sonuna doğru Zəfər muzeyi, Bayraq meydanı və Zəfər arenası yerləşəcək. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, Şanlı Qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə də quraşdırılacaq”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi