Qeyd edək ki, sorğunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi keçirir. Ağdama köçürülməsi nəzərdə tutulan insanların əgər köçkün statusu varsa, adları məlum siyahıdadırsa, onlara zəng vurub suallar verirlər:
“Bakıda eviniz varmı? Nə işlə məşğulsunuz? Eviniz varsa, gəlib şəraitinizlə tanış olacağıq, evinizə baxış keçirəcəyik” və sair...
Bu suallar bir çox ağdamlılarda çaşqınlıq yaratmaqla yanaşı, həm də böyük narahatlığa səbəb olub, ajiotaj yaradıb.
Bu sorğularda məqsəd nədir? Bakıda evi olan ağdamlı, yaxud hər hansı məcburi köçkün gedib Ağdamda qalan evini, torpağını alıb orada yaşaya bilməzmi? Yaxud hansısa məcburi köçkünün Bakıda, yaxud başqa yerdə villası varsa, özünə iş qurubsa, illərdir öz torpağının həsrəti ilə yaşayıb, ora getmək arzusundadırsa, qayıdış zamanı həmin adamlara ev verilməyəcəkmi?
"Məlumatlar Böyük Qayıdış zamanı istifadə ediləcək vahid məlumat bazasına daxil edilir"
Versus.az xəbər verib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (QMKDK) Mətbuat Xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib ki, nəticə etibarilə belə sorğulardan narahat olmağa dəyməz. QMKDK sözçüsü qeyd edib ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” elektron idarəetmə sistemi qurulub.
“Bu sistemə hər bir məcburi köçkünə aid məlumatlar, onların statusu, müvəqqəti məskunlaşma obyekti, kommunal xidmətlərdən istifadəsi və köçürülmənin şəffaf, effektiv həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar toplanıb.
Dövlət Komitəsinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş rayonlara qayıdacaq məcburi köçkünlər arasında şəxsi və demoqrafik məlumatlar, işğaldan azad olmuş ərazilərə qayıtmaq, məşğulluq və gəlirləri haqqında verilən suallar əsasında dürüstləşmə aparılır. Bundan sonra əldə olunmuş əlavə məlumatlar köçkünlərin Böyük Qayıdışı zamanı istifadə ediləcək vahid məlumat bazasına daxil edilir”.
"İstəyir burada evi, maşını, var-dövləti olsun, o, öz evinə qayıtmalıdır..."
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən olan deputat Elman Məmmədov bildirib ki, bu sorğu ötən ildən başlayaraq bütün rayonlar üzrə keçirilir. Onun sözlərinə görə, belə sorğular ümumi rəyi, münasibəti öyrənmək məqsədi daşıyır. Deputat hesab edir ki, belə sorğular insanların qayıdışına heç bir maneə yaratmayacaq bir məsələdir.
Deputat deyir ki, bu, sadəcə sosial tədqiqatları aparmaq üçün nəzərdə tutulur. O ki qaldı sorğu götürənlərin vətəndaşdan “Eviniz varmı, şəraitinizə baxacağıq” kimi sözlər işlətməsinə, belə yanaşma mənasızdır.
“Bu qaçqın və köçkünlər 30 ildir ki, evlərindən didərgin düşüb Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. Bir neçə ayı, ili çıxmaq şərtilə bu insanlar ağır durumlarda yaşayıblar. Qaçqın, köçkünlər bura Amerikadan gəlməyiblər ki?.. Bunlar Azərbaycan vətəndaşlarıdır. Köçkün olanda da işləyiblər, çalışıblar, ağlını işlədiblər, fiziki əziyyət çəkib, pul qazanıblar. Eləsi var, özünə ev tikib, maşın alıb. Əksinə, biz sevinməliyik ki, bu insanlar zəhməti, əziyyəti ilə özünə şərait yaradıb. Hesab edirəm, bu belə də olmalıdır. Kiminsə evinin olmasının o insanların öz yurdlarına qayıdışı məsələsinə heç bir dəxli yoxdur. Hər kəs öz dədə-baba yurduna qayıtmağının həsrətini çəkir. İstəyir burada evi, maşını, var-dövləti olsun, o öz evinə qayıtmalıdır. Bu insanlardan biri də mən. Mütləq qayıdacağıq doğma yurd-yuvamıza. Bu sorğunu nə mənada soruşurlar, özləri bilər. Hamı öz doğma yurt-yuvasına qayıdacaq”.
E.Məmmədov vaxtilə Nazirlər Kabinetinin 2017-ci il yanvar tarixli qərarına qarşı etdiyi çıxışına da diqqət çəkib. Deputat bildirib ki, həmin qərara əsasən bir sıra məcburi köçkünlərin çörəkpulu dayandırılmışdı.
“Əsas da onu götürürdülər ki, sənin evin var, adına əmlak var, maşının var, yaxud sən kimə ərə getmisən, haradan qız almısan... Bundan çıxış edərək, deyirdilər ki, sən məcburi köçkün deyilsən, sənə pul düşmür. Bu, çox səhv olan bir mövqe idi. Mən bu izahatı onlara da verdim ki, bu insan xəstə deyil, şikəst deyil. Erməni orada bunun mal-dövlətini əlindən alıb, ağlını da əlindən almayıb ki. O burada ağlını da işlədəcək, fiziki imkanlarından da istifadə edib, işləyəcək də, çörək də qazanacaq, ev də tikəcək, maşın da alacaq. Sən buna “sağ ol” deməkdən, üstəlik, çörəkpulunu da kəsirsən?.. Ona görə də bu gün qayıdış məsələsində belə anlaşılmazlıqlar ola bilər. Hesab edirəm, bir problem olmayacaq. Bütün bu məsələlər cənab Prezidentimizin nəzarəti altında həyata keçiriləcək”.
"Təlimatsızlıq, sualın düzgün verilməməsi halı da ola bilər"
Ağdam Şəhər İcra Nümayəndəliyinin inzibati ərazi dairəsinin nümayəndəsi Pənah Fətəliyev bildirib ki, sorğu ilə bağlı məsələdə narahatlığa əsas yoxdur. Bu sorğu sadəcə qayıdışla bağlı insanların fikirlərini öyrənməyə yönəlib.
“Ümumi sorğudur, narahat olmağa dəyməz. Əksinə sevinmək lazımdır ki, artıq belə sorğulara başlanıb və qayıdış yaxınlaşır, torpaqlarımıza qayıdırıq. Sadəcə, burada “Qayıdacaqsınızmı?” sualı bir qədər xoş qarşılanmır. Bütün hallarda bu sorğular vətəndaşlarımız, qayıdışda adları olan şəxslərimiz üçün çox vacib, illərdir gözlənilən işlərdəndir”.
P.Fətəliyev deyir ki, qeyd olunan “Eviniz varsa gəlib şəraitinizlə tanış olacağıq, evinizə baxış keçirəcəyik” kimi ifadələr sorğuya daxil deyil və bu, yanlışlıqdır: “Ola bilər ki, burada anlaşılmazlıq olub. Təlimatsızlıq, sualın düzgün verilməməsi halı da ola bilər”.
Zəng vururlar ki, “Qayıdacaqsınız Ağdama?”, “Əlbəttə, qayıdacağam”...
Ağdam Şəhər İcra Aparatının keçmiş rəhbəri, Ağdam sakini Zülfü Qasımov bildirir ki, belə sorğularda təcrübəli, danışmağı bacaran insanlar iştirak etməlidir.
“Mən 22 il Ağdam Şəhər Sovetinin sədri olmuşam. Zəng vurub adımı soruşurlar və deyirlər ki, siz ailənin başçısısınız? Deyirəm, bəli. Sonra soruşur ki, “Siz həmin ailənin üzvüsünüz, o ailədənsiniz? Deyirəm, o ailənin başçısıyamsa, hansı ailədən olmalıyam ki? Sonra soruşur ki, “Siz ali təhsillisiniz?”. Bu məni tanımırsa, görün o birilərə nələr deyir, soruşur? Yəni belə suallar mənasız görünür. Oturublar orada, hər yerə də zəng vururlar ki, “Qayıdacaqsınız Ağdama?”. Əlbəttə, qayıdacağam. Belə sorğular baş aldatmaqdır. Bu cür sorğu keçirmək, ancaq camaatı narahat etməyə yönəlib”.
Z.Qasımov deyir ki, sorğu ilə bağlı Ağdam İcra Nümayəndəliyinə zəng vurub narazılığını bildirib. Xahiş edib ki, sorğunun götürülməsində iştirak edənlər, heç olmasa, əhali ilə danışmağı bacarsınlar.
“Digər məsələ qaldırırlar ki, bütün qəsəbələrdəki evləri boşaltmalısan. Tutaq ki, qəsəbədə bir adama bir otaq veriblər, bu adam da sonra bu evi böyüdüb edib böyük bir villa. Yaxşı, bu evi kimə verib getməlidir? Belə fikirlər insanların başını qatıb, narahat etməkdən başqa bir şey deyil. Məsələn, köçkünlərə qəsəbələr tikiləndən sonra köçkünlük statusu ləğv olunmadı. Ona görə ləğv olunmadı ki, çörəkpulu kəsilməsin. O vaxt Əli Həsənov da dönə-dönə deyirdi ki, ailənin bir üzvü qalar, qalanları gedər. Bu gün 300 minə qədər köçkün əhali evlə təmin olunubsa, o evləri boşaldıb kimə verəcəklər, yaxud onların hamısı Ağdamda, yaxud başqa yerlərdə necə yerləşə bilər”.
"Heç kimi oradakı evindən, yerindən çıxaran deyillər"
Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov bildirir ki, iki dəfə Ağdamda olub. O, Ağdamda yaşamaq üçün bir dənə də evin olmadığını, erməni işğalçılarının hər tərəfi yandırdığını, dağıtdığını xatırladaraq insanları hələ köçmək üçün tələsməməyə çağırıb.
“Əgər vətəndaş qaçqınçılıqan sonra haradasa ev tikibsə, yaxud dövlət ona ev veribsə, həmin insanlar o evlərdə yaşayacaqlar. İşğaldan 30 ilə yaxın vaxt keçib. Ailələr böyüyüb, təzə gəlin gəlib, qız köçüb. Bu ailələrin hamısı Ağdama getməyəcək, nə də heç kəs bunlardan qaldıqları evlərini geri almayacaq. Bir ailədən 3-4 ailə əmələ gəlib. Tutaq ki, mən evin böyüyüyəm, atayam. 74 yaşım var. Mən öz evimə gedəcəyəm. Amma deyə bilmərəm ki, mənim 4 övladımı da mənimlə bərabər qaytaracaqlar”.
Ə.Mikayılov bildirir ki, sorğularda yeganə məqsəd odur ki, şaxələnən, qollara ayrılan ailələr müəyyən olunsun. O ailələrin kökü mütləq Ağdama köçürüləcək.
“Burada başqa problem olmamaldır. Şəxsən mənim 2 oğlum Bakıdadır. Bu, o demək deyil ki, onlar da Ağdama qayıdacaq. O, öz işini Bakıda qurub, uşağı orada oxuyur. Ona görə də kütləvi şəkildə köç etmək mümkün deyildir. Ağdamda hələ heç nə yoxdur. Evlər tikilməyib, qəsəbə salınmayıb. Camaat tələsməsin. Minalar təmizlənir. Bu məsələlər hələ 2-3 il çəkəcək”.(Həftə-içi)
T.Qafarlı
Versus.az