Sülhməramlılar gəlməsəydi nə olardı? - VS yanaşma
“Rus sülhməramlıları olmasın” deyirsinizsə, yaxşı, sizin reseptiniz nədir?"
Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında olan razılaşma birmənalı qarşılanmır. Bir qrup belə hesab edir ki, Azərbaycan üçtərəfli razılaşmaya imza atmasaydı və sülhməramlılar Qarabağa gəlməsəydi bizi də bu gün Ukraynada baş verən “ssenari” gözləyə bilərdi. Digər qism sülhməramlıların regiona gəlişinə etiraz edərək belə bildirirlər ki, yox, biz bu işdə daha müstəqil hərəkət edib problemi kökündən həll bilərdik.
“Bu, Qarabağın tam şəkildə azad olunmasını çətinləşdirdi”
Versus.az xəbər verir ki, Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, Ukrayna və Azərbaycanın Qarabağ ərazisində olan hadisələrdə müəyyən oxaşarlıqlar olsa da, fərqli qütblərdir.
Partiya sədri qeyd edib ki, Qarabağ ərazisinə iddiaçı tərəf Ermənistandır. Azərbaycan hərbi-siyasi potensialına görə Ermənistana qalib gəlmək və öz ərazi bütövlüyünü qorumaq imkanlarına malik idi və 44 günlük müharibədə bunu sübut etdi:
“Rus sülhməramlı qüvvələrin Azərbaycana gətirilməsi faktiki olaraq yuxarı Qarabağ ərazisini yerli erməni separatçıların, Ermənistanın nəzarətindən çıxarıb Rusiyanın nəzarətinə verilməsi ilə nəticələndi. Bu da Qarabağın tam şəkildə azad olunmasını çətinləşdirdi”.
A.Hacılı sülhməramlıların regiona gəlişini ehtiva edən 10 noyabr sazişini Azərbaycanın tarixinə, ərazi bütövlüyünə ciddi problemlər yaradan saziş hesab edib:
“44 günlük müharibədə Qarabağ problemi həll olunma ərəfəsində idi. Əgər müharibə 1 həftə də davam etsəydi ərazilərimizin işğaldan azad olunması prosesi başa çatacaqdı. Bunu Ermənistan hərbi qüvvələrinin rəhbərləri, eləcə də baş nazir Nikol Paşinyan da öz çıxışlarında dəfələrlə təsdiq edib. Paşinyan bildirib ki, əgər saziş imzalanmasaydı bir neçə gün ərzində 20 minlik erməni silahlı qüvvələri Azərbaycan ordusunun mühasirəsinə düşəcəkdi. Təbii ki, belə olan şəraitdə Azərbaycan daha uğurlu şərtlərlə saziş imzalaya və bütün qonşularına ərazi iddiaları irəli sürən bir ölkənin silahlı qüvvələrinin Qarabağa gətirilməməsinə nail olmaq mümkün olardı”.
Partiya sədri qeyd edib ki, bu gün bütün dünya - Avropa İttifaqı, NATO, ABŞ Rusiyanın Luqans və Donetski işğal etməsinə və bu ərazilərin müstəqil dövlət kimi tanınmasına qarşı çıxır:
"Bununla belə Rusiya öz addımlarını atır və bütövlükdə Ukraynanın işğalı ilə bağlı müharibəyə hazırlaşır. Beynəlxalq təşkilatlar isə buna qarşı sadəcə öz fikirlərini bildirməkdə, bəyanatlarını verməkdə davam edirlər. Yəni ordun güclüdürsə, müttəfiqlərin varsa daha cəsarətli addımlar atmaq imkanı əldə edirsən. 44 günlük müharibə ərzində Azərbaycanda çox güclü ruh yüksəkliyi, özünə inam yaranmışdı. Eyni zamanda Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi tərəfdaşları var idi. Və NATO, Avropa İttifaqı da Azərbaycanın apardığı bu hərbi əməliyyatlar barədə kifayət qədər sakit mövqe bildirirdi. Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etmək istiqamətində fəaliyyət göstərirdi. Yəni bu baxımdan həmin şəraitdə Ermənistanı sözdə yox, əməldə kapitulyasiyaya məcbur etmək mümkün idi”.
A.Hacılı hesab edir ki, əslində sülhməramlıların gəlişinin hüquqi əsası yoxdur. Onun fikrincə, bu saziş imzalanarkən Azərbaycan xalqının, Rusiya xalqının iradəsi nəzərə alınmayıb, məsələ üç ölkənin parlamentlərində müzakirə olunmayıb:
“Rusiya qoşunlarının Azərbaycana bu şəkildə gətirilməsi Azərbaycanın Konstitusiyasına ziddir. Azərbaycan silahlı rus qüvvələrinin ərazisindən çıxarılmasına nail olmalıdır. Yalnız bundan sonra biz ərazilərimizin işğaldan azad olunmasını iddia edə biləcəyik. Lakin əvvəllər yuxarı Qarabağ hərbi, iqtisadi, potensial baxımından Azərbaycandan xeyli zəif olan Ermənistanın nəzarəti altında idisə, indi Avrasiya məkanının güclü hərbi mərkəzlərindən biri olan Rusiyanın nəzarəti altındadır. Bu əlavə problemlərdir.
"“Rus sülhməramlıları olmasın” deyirsinizsə, yaxşı, sizin reseptiniz nədir?”
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, sülhməramlılar üçtərəfli sazişə əsasən bölgəyə gəlib və heç kəs onları əraziyə zorla gətirməyib. Onun fikrincə, əgər sülhməramlılar gəlməsəydi, münaqişənin qarşısını almaq mümkün olmazdı.
Bununla yanaşı R.Qurbanov bu gün Ukraynada baş verən hadisələri Azərbaycanda Qarabağ hadisələri ilə eyniləşdirməyin tərəfdarı olmadığını deyib:
“Təəccüb doğuran məsələ odur ki, Azərbaycanda bir qrup siyasətçilər, o cümlədən, müəyyən ekspertlər Ukrayna üçün çox canfəşanlıq edirlər. Mən iki slavyan dövlət arasında baş verən münaqişə ilə bağlı neytral qalmağa üstünlük verirəm. Bizim Qarabağ problemimiz var və nəzərə alsaq ki, bu problemin həllində Rusiya həlledici rola malikdir, o cümlədən Qarabağda rus sülhməramlıları yerləşir, o zaman məsələlərə bir qədər ehtiyatlı yanaşmalıyıq. Amma bəzən yanaşmalara baxanda adamda elə bir təsəvvür yaranır ki, Qarabağdakı sülhməramlılar rus sülhməramlıları yox, Ukarayna sülhməramlılarıdır. Mən başa düşürəm ki, bu gün Qərb Ukraynanaı dəstəklədiyinə görə o siyasətçilər də öz ağalarının taktikasına uyğun olaraq Ukraynaya dəstək verirlər. Lakin 44 günlük müharibədə Ukraynanın da mövqeyi göz qabağında oldu, Rusiyanın da. Rusiya bu məsələdə neytral qalıb və Putin dəfələrlə Azərbaycanın 44 günlük müharibədə öz hqq işi üçün mübarizə apardığını qeyd edib”.
R.Qurbanov bildirib ki, sülhməramlılar gəlməsəydi problemin həlli mümkün deyildi:
“44 günlük müharibədən sonra Minsk Qrupunun həmsədr dövlətləri olan Fransanın, ABŞ-ın mövqeləri göz qabağındadır. Onlar məsələnin həll olunmadığını deyib, təzədən həmin qrupun fəaliyyətinin bərpası üçün çaışırlar. ABŞ-ın səlahiyyətli nümayəndələrinin bununla bağlı bəyanatları var. Fransa senatının Qarabağla bağlı Azərbaycanın xeyrinə olmayan bəyanatları var. Lakin Rusiya neytral mövqe sərgilədi və bu gün də sülhməramlı missiyası ilə bölgədə sülhü qoruyur. Amma cəmiyyətdə belə bir fikir formalaşıb ki, hər nə deyilirsə, bu rusun problemidir. Axı bu gün Rusiyanın özünün başına gətirilən oyunlar, təhdidlər, sanksiyalar hamısı göz qabağındadır. Bəzi siyasətçilər bu məsələyə ədalətli münasibət bəsləmək istəmirlər”.
R.Qurbanov bildirib ki, hər bir münaqişənin həllində mütləq sülhməramlılar iştirakı vacibdir:
“Əgər iki tərəf arasında münaqişə varsa, onları barışdıran üçüncü tərəf lazımdır. “Rus sülhməramlıları olmasın” deyirsinizsə, yaxşı, sizin reseptiniz nədir? Biz diplomatik qələbəyə nail olmuşuq. Ərazi məsələsi yoxdur, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. 90 faiz əraziyə özümüz nəzarət edirik. Qalan yerlərdə nəzarətimizi bir neçə ildə həll edəcəyik. Sülhməramlılar olmadan siz zəmanət verə bilərsizmi ki, oğlu müharibədə öldürülmüş azərbaycanlı və erməni bir birinə qarşı silah işlətməyəcək. Bizim hüquq –mühafizə orqanları nə qədər güclü olsa da siz təxribatların qarşısını almaq üçün vəziyyəti sığortalaya bilərsizmi? Ona görə də Azərbaycan – Ermənistan müharibədində sülhməramlıların olmağı çox labüddür”. /Həftə içi/
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi