“Xocalıya ədalət!” – Dünyanın hələ də kor qaldığı QƏTLİAM

15:43 26-02-2022 | icon 626 | Qarabağ
“Xocalıya ədalət!” – Dünyanın hələ də kor qaldığı QƏTLİAM

"Ermənistanı Xocalı soyqırımını tanımaqla və üzr istəməklə tarixindəki bu ləkəni silməyə çağırırıq”

 

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından bu gün 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı genosid həyata keçirib.

 

Hücum zamanı mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına təxminən 170 milyon ABŞ dolları dəyərində ziyan vurulub.

 

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” abidəsi ucaldılıb. Hər ilin bu günü bu abidə minlərlə vətəndaşımız tərəfindən ziyarət edilir. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.

 

“Xocalı faciəsi beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn üzərində bir ləkədir. Xocalıda baş verən hadisələr beynəlxalq hüquqların birbaşa pozuntusu idi”.

 

Xocalı faciəsi - insanlığa qarşı ən böyük cinayət

 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı bildirib. O, oxşar faciələrin Ruanda və Balkan yarımadasında da baş verdiyini, lakin həmin hallarda beynəlxalq ictimaiyyətin bir araya gəlməsinin və məhkəmələrin təşkil edilməsinin Xocalı ilə bağlı həyata keçirilmədiyini xatırladıb:

 

“Biz ədalətə çağırış edirik. Biz Ermənistanı Xocalı soyqırımını tanımaqla və üzr istəməklə tarixindəki bu ləkəni silməyə çağırırıq”.

 

Hikmət Hacıyev | Report.az

 

“Xocalı hadisəsi bu torpaqları ələ keçirmək və azərbaycanlıların etnik təmizlənməsini həyata keçirmək niyyəti ilə hazırlanmış hərbi əməliyyatın nəticəsidir. Bu gün biz gələcəyə baxır və Xocalı hadisələrinin təkrarlanmamasına çalışırıq”, - H.Hacıyev deyib.

 

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edib. Eyni zamanda, BMT, Avropa İttifaqı, MDB, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

 

Versus.az-ın xəbərinə görə, soyqırımın 30 illiyi ilə bağlı parlamentin qəbul etdiyi bəyanatda beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıması və pisləməsi, gələcəkdə dünya ölkələrində bu cür aktların baş verməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsi istənilir.

 

Bu arada məlumat verək ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənəddə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

 

Əfsus ki, Xocalı həqiqətləri hələ də tam istədiyimiz şəkildə bir çox ölkələr, beynəlxalq qurumlar tərəfindən qəbul olunmayıb. İndiyədək əsrin faciəsini Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Ruminya, Sudan, Panama, Qvatemala, Latviya, İordaniya, Sloveniya, Şotlandiya, Cibuti Respublikası kimi dövlətlər və bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Eyni zamanda, 30-a yaxın ABŞ ştatı da faciəni qəbul edib. Şübhəsiz ki, bunlar olduqca acınacaqlı bir statistikadır.

 

Daha neçə on il gözləməliyik ki, həqiqət yerini tutsun? Ermənilərin olmayan, mifik soyqırımını xristian dünyasının əksər dövlətləri tanıyıb. Bəs foto, video-faktlarla təsdiqlənmiş bir gerçək soyqırıma niyə laqeyddir? Öldürülənlər müsəlman-türk yox, erməni olsaydı, yenə eyni münasibət olardımı?

 

Akif Nağı — Vikipediya

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı yorulmadan Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması üçün səylə çalışmağın vacibliyini vurğuladı.

 

“Dünya hələ də ikili standartlarla idarə olunur. Qərbin planlarında müsəlmanlara yer yoxdur. Katolik-protestant xristian dünyasının öz düzəni, planları var. Onlar müsəlmanların qırılıb sıradan çıxarılmasına, əsarət altında saxlanılmasına normal yanaşırlar. Ermənilərə qarşı hər hansı hərəkəti onlara erməniləri çox sevdiklərinə görə deyil, xristian olduqlarına görə qabardır, onları müdafiə edirlər. Bu günə qədər müsəlmanların başına gətirilən heç bir müsibəti ortaya gətirməyib, günahkarları cəzalandırmayıblar. Yeganə nümunə Serebrenitsa soyqırımı, müsəlman bosniyalıların serblər tərəfindən qətlə yetirilməsi ilə bağlı qərar ola bilər. Burada da böyük ehtimalla serblərin pravoslav (ortodoks xristian) olmaları rol oynayıb. Bu gün Qərbdə, ABŞ və Avropada rəsmi və qeyri-rəsmi səviyyədə elə bir rəy yaradılıb ki, Azərbaycan həqiqətlərini qəbul etmək istəmirlər, ortaya qoyduğumuz bütün faktları rədd edirlər. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini, torpaqlarını işğaldan azad etməsini qəbul etmək istəmirlər. Bizim dağılan məktəblərimizi, evlərimizi, öldürülən dinc sakinlərimizi görməzdən gəlir, erməni yalanlarına isə yoxlamadan inanırlar.

Ona görə də Xocalı soyqırımı ilə bağlı bu cür ədalətsiz mövqe ilə rastlaşırıq. Amma yorulmadan deməli, göstərməliyik. Nə vaxtsa yatmış vicdanları oyanacaq”. /"Yeni Müavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI