“Yeni yol köhnə “Laçın dəhlizi”nin ləğvinə aparacaq”
“Artıq şəhər tamamilə Azərbaycanın nəzarətinə keçəcək”
İyul ayında Laçın dəhlizindən yan keçən Xankəndi ilə Ermənistanı birləşdirən yeni yol istifadəyə verilir. Bu yol istifadəyə veriləndən sonra Laçın dəhlizindəki 5 kilometrlik dəhlizin taleyinin nücə olacağı müzakirə olunur.
Maraqlıdır, dəhlizin eni azaldılıb təkcə yol saxlanılacaq, yoxsa 5 kilometr ərazi olduğu kimi qalacaq? Bu yol Azərbaycan üçün nə dərəcədə uğurludur. Yolun azalması, ləğvi nədən asılı olacaq? Və istifadəyə verilən yola nəzarəti necə həyata keçirmək lazımdır?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloqlar Qabil Hüseynli və Natiq Cəfərli maraqlı nüanslara diqqət çəkiblər.
“Azərbaycanın burdakı uduşu ondan ibarətdir ki...”
Politoloq Qabil Hüseynli bildirib ki, Laçından Xankəndinə, oradan da Ermənistana keçən yolu Azərbaycan çəkir və o yol Azərbaycanın dövlət mülkiyyətidir:
“Yeni Laçın yolu istiqamətini dəyişib, Laçın şəhərindən, Qayğı qəsəbəsindən yan keçməklə Həkəri çayının üstündən şəkilmiş körpü vasitəsi ilə Ermənistana gedir. Gələcəkdə həmin yola nəzarət də Azərbaycanın suverenliyi altında olan bir yol kimi dəyərləndirilir”.
Q.Hüseynli bildirib ki, yeni yolun 5 kilometrlik məsafəsi bir çox insanlarda da fərqli bir təəssürat yaradır. Onun fikrincə, 5 kilometrlik məsafəyə nə Rusiya nəzarət edə biləcək, nə də digəriləri:
“Azərbaycanın burdakı uduşu ondan ibarətdir ki, yol Azərbaycan Yollar İdarəsi tərəfindən tikilir, bütünlüklə Azərbaycanın mülkiyyəti olacaq, Azərbaycanın burada təhlükəsizliyi təmin etmək hüquqları yaranacaq. Bu məsələ 10 noyabr üçtərəfli müqavilədə özünün əksini tapmışdı. Laçın şəhəri və Qayğı qəsəbəsi yenidən Azərbaycanın suverenliyi altına qayıdacaq. Burada ermənilərin xeyrinə nəyinsə olduğunu söyləmək çətindir. Əksinə, Azərbaycan tərəfinin bölgədə suverenliyinin yayılması baxımından müsbət rol oynaya bilər”.
Politoloq hersab edir ki, yeni yol köhnə “Laçın dəhlizi”nin ləğvinə aparacaq. Q.Hüseynli hesab edir ki, sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycanın da həmin yola nəzarəti məsələsi mübahisə yaratsa da, gedən proseslərdən belə aydın olur ki, o yola Azərbaycan özü nəzarət etməli olacaq:
“Yolun təhlükəsizlik məsələləri Azərbaycanın üzərinə qoyulub. Yol Azərbaycanın mülkiyyəti olduğu üçün Azərbaycanın hüquqları da reallaşacaq”.
““Dəhliz” sözünü siyasi, hüquqi dildən çıxartmalıyıq ki...”
Politoloq Natiq Cəfərli hesab edir ki, “Laçın dəhlizi” anlayışı leksiondan çıxarılmalıdır. Onun fikrincə, “dəhliz” sözünü siyasi, hüquqi dildən çıxartmalıyıq ki, yavaş-yavaş beynəlxalq dildən də çıxardaq.
N.Cəfərli qeyd edib ki, üçtərəfli sazişdə “Laçın dəhlizi” sözü getsə də, o terminin açıqlaması yoxdur. Ona görə də Azərbaycan Zəngəzurla bağlı israrla deyirdi ki, əgər siz Zəngəzura “dəhliz” deməyimizi istəmirsinizsə, onda siz də karidor deməyin:
“Bu da Ermənistandan asılı olacaq. Əgər sənədlərdə dəhlizin qalmasında israrçı olcaqlarsa, Zəngəzur da eyni statusda bir yola çevrilməlidir. Son hadisələr Zəngəzurun dəhliz kimi önəmini artırır.
Yeni yolun açılması Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarının inteqrasiyasında mühüm rol oynayacaq. Çünki Ermənistandan gələn dəstək, kommunikasiyalar azaldıqca Xankəndi və ətrafının Azərbaycana inteqrasiya olunmaqdan başqa yolu qalmayacaq”.
N.Cəfərli hesab edir ki, “dəhliz” özündə müəyyən hüquqi statusu ehtiva edir. Onun sözlərinə görə, dəhlizin heç bir hüquqi statusu yoxdur:
“Biz “dəhliz” sözünü leksiondan çıxardıb, “Laçından Xankəndindən Ermənistana gedən yol” anlayışında dayanmalıyıq. Əvvəl bu yol Laçın şəhərinin düz mərkəzindən keçirdi və bu da Laçın şəhərinə tamamilə Azərbaycan ordusunun nəzarət etmə imkanlarını məhdudlaşdırıdı. Şəhərin bir qisminə nəzarət etsək də, yola yaxın hissəyə tam nəzarəti hələ tam bərpa etməmişik”.
Politoloq bildirib ki, yay aylarında yeni yolun açılışından sonra artıq şəhər tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu, Azərbaycanın təmir-bərpa işlərinə başlamasına, minalardan təmizlənməsinə də imkanlar yaradacaq:
“Yeni çəkilən yolun Ermənistandan Azərbaycan ərazisinə girən hissəsində Azərbaycanın gömrük keçid və sərhəd məntəqələrinin olması məsələsində israr eləməliyik. Azərbaycan ərazisinə keçən istənilən avtomobillər Azərbaycan konstitusiyasına və qanunvericiliyinə görə ölkənin sərhədində yoxlanmalıdır və bu, Azərbaycanın müstəsna hüququdur. Çox güman ki, əsas müzakirə mövzusu həmin o giriş hissədə sərhəd keçid məntəqələrinin qurulması, pasport nəzarətinin aparılması məsələsi olacaq. Bu məsələ həll olunandan sonra artıq Ermənistan tərəfdən Xankəndidə yerləşən qondarma rejimə qeyri-qanuni silah göndərilməsi, başqa qeyri-qanuni dəstəyin verilməsinin qarşısını ala biləcəyik”.
Politoloq qeyd edib ki, bu gün istifadə olunan köhnə yoldan tək nəqliyyat yolu kimi istifadə olunmurdu, ordan həm də müəyyən kommunikasiya xətləri keçirdi:
“Yeni yol açılandan sonra Azərbaycan tərəfinin o xətləri tamamilə kəsməyə ixtiyarı var. Xankəndi Azərbaycanın əsas şəhərlərindən biridir. Əgər onun qazla, telefon, internet xətti, işıqla təmin olunması lazımdırsa, artıq Azərbaycan ərazisində öz şəhərini kommuniukasiyalarla təmin etmək üçün işləri üzərinə götürüb həll etməlidir. Yəqin ki, gələcəkdə müzakirə olunan məsələlərdən biri də bu olacaq. Köhnə yolun kəsilməsi Ermənistanla Xankəndinin qeyri-qanuni bağlantısının qoparılmasında mühüm rol oynayacaq”. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi