Fevralın 27-də bir qrup xarici jurnalistin Ağdam Sənaye Parkına səfəri təşkil edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, ABŞ, Fransa, Türkiyə, Moldova, Niderland, Çexiya, Ukrayna, Yaponiya və s. ölkələrdən olan jurnalistlərə Ağdam Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, Qarabağın dirçəldilməsi və bölgənin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 may 2020-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 5 rezident qeydiyyata alınıb. Rezidentlər fəaliyyətə başlayanadək sənaye parkında bütün lazımi şərait yaradılacaq. Artıq Sənaye Parkında iki müəssisənin təməli qoyulub.
Sonra media nümayəndələri sənaye parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar.