Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş TOPLANTI
Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroport ilə yaxından tanış olduqdan sonra Zəfər yolu ilə Şuşaya səfər ediblər.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Bu gün Şuşa öz simasını günbəgün dəyişən və Azərbaycanın sürətlə inkişaf edən, yenidən qurulan bir şəhəridir.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan-BMT əməkdaşlığı 1990-cı illərdən bəri dəyişib. Həmin illərdə Azərbaycan humanitar yardım alan bir ölkə idi. Lakin 30 ildən sonra bugünkü Azərbaycan beynəlxalq ictimaiyyətin və BMT ailəsinin tamhüquqlu üzvüdür.
Azərbaycan ilə BMT arasında əməkdaşlığın tarixinə toxunan Hikmət Hacıyev bildirib ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmamasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir”, – deyə Hikmət Hacıyev qeyd edib.
“Bu gün və gələcəkdə bizim əsas prinsipimiz beynəlxalq hüququn prinsiplərini izləmək, onu müdafiə etmək olacaq”, - deyən Prezidentin köməkçisi əlavə edib ki, hazırda Azərbaycan bu prinsipləri rəhbər tutaraq beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsini verir. Ölkəmiz, həmçinin çoxtərəfli yanaşmanı seçib, BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlif nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Bu gün Sudanda Azərbaycan sülhməramlıları var.
H.Hacıyev, eyni zamanda, diqqətə çatdırıb ki, bu gün Azərbaycan orta inkişaf edən ölkə statusundadır və onu daha perspektivli gələcək gözləyir. “Biz bu prosesdə BMT və onun institutlarının verdiyi töhfəni yüksək qiymətləndirirk. BMT Azərbaycanı müstəqillik qazandığı ilk illərdən dəstəkləyib”, - deyən Prezidentin köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan öz gündəliyində yeni səhifə açıb, bu, azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlıdır. Bu prosesdə də BMT-ni Azərbaycanın tərəfdaşı kimi görürük. BMT nümayəndələri ölkəmizə səfərləri zamanı artıq ilkin təkliflərini və tövsiyələrini Azərbaycan hökuməti ilə bölüşüblər.
“BMT institutları həmçinin minalardan təmizlənmə sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Bu problem bizim inkişaf gündəliyimizdə əsas maneələrdən biridir”, - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ötən il Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.
Nazir qeyd edib ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb.
“İşğal dövründə yerlə-yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - deyə nazir əlavə edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxşında vurğulayıb ki, BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstərəcək. "1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv oldu və bu illər ərzində biz əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Biz Bakıda ilk dəfə ofisimizi açanda münaqişədən əziyyət çəkən qaçqınlara və məcburi köçkünlərə yardım etmişik. 2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır”, - deyə rezident əlaqələndirici qeyd edib.
Vladanka Andreyeva, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə çıxışında deyib ki, ətraf mühitin mühafizəsi həmişə ölkəmizin əsas vəzifələrindən biri olub. Bu baxımdan yaşıl inkişaf və “yaşıl enerji” məsələləri prioritetlərdir.
Nazir vurğulayıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji”ni inkişaf etdirmək niyyətindədir və bu sahədə əsas diqqət əhalinin təmiz içməli su ilə təminatına yönəlib.
Muxtar Babayev Oxçuçayın çirkləndirilməsindən narahatlığını bildirib və qeyd edib ki, bu, bütün regionun ekosistemi üçün böyük təhlükə yaradır.
Nazir onu da vurğulayıb ki, Azərbaycan üçün daha bir prioritet bərpaolunan enerji mənbələrinin inkişafı, eləcə də “xalis sıfır emissiya” zonasının yaradılmasıdır. “Azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatların dəstəyi vacibdir”, - deyə M.Babayev əlavə edib.
Çıxışlardan sonra Azərbaycan-BMT əlaqələrinin 30 illiyi ilə bağlı poçt markasının təqdimatı olub.
Toplantı panel iclasları ilə davam edib.
Qeyd edək ki, Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub.
Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur.
Xatırladaq ki, 30 il əvvəl - 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında irəli sürdüyü qlobal təşəbbüsləri ilə fərqlənən və böyük dəstək qazanan qabaqcıl ölkələrdən biridir.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin davamlı inkişafı sahələrində əldə etdiyi tərəqqi ayrıca vurğulanıb.
Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad olunmuş ərazilərdəki dirçəliş prosesi ölkənin Davamlı İnkişaf Məqsədlərinə daha da yaxınlaşmasını təmin etmək baxımında Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün vaxtında gördüyü təsirli və adekvat tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiyaya, “peyvənd millətçiliyi”nə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində də mühüm qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunələridir. Həmrəylik əlaməti olaraq koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib. Azərbaycan, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edən ölkə kimi postpandemiya dövrünün müzakirəsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində çalışır.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi