Məktəblərdə qəzaların baş vermə SƏBƏBLƏRİ
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız müvafiq müqavilə əsasında tikintiyə rəy verə bilər...
Martın 31-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb. Baş Prokurorluğun açıqlamasında bildirilib ki, yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən 4 nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Zəruri istintaq hərəkətləri icra edilir.
“Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralının olması barədə məlumatlar həqiqətə uyğun deyil", - deyə məlumatda qeyd olunub.
Təhsil Nazirliyi də binanın çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və əsassız olduğunu bildirib.
Martın 31-də Cəlilabad rayonunda orta məktəb binasında da uçqun baş verib. Hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb. Son günlər yağan intensiv yağış və qar səbəbindən orta məktəbin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub. “Uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan yoxdur” deyə rəsmi açıqlamada qeyd olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə baş verən hadisə tədris prosesinə heç bir təsir göstərməyib:
“Uçqun tədris zamanı baş verməyib. Şagirdlər mart ayının 1-dən 1 nömrəli məktəbə köçürülmüşdü. Cəlilabad rayonunda baş verən uçqun isə təbii fəlakətlə bağlı idi. Həmin məktəbdə artıq təmir işlərinə başlanıb. Təmir yaxın zamanda başa çatacaq”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız müvafiq müqavilə əsasında tikintiyə rəy verə bilir.
Qanunvericiliyə əsasən, tikinti hansı qurumun balansındadırsa, həmin qurum FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə müqavilə imzalamalı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri müayinə keçirib rəy verməlidir. Sözügedən qurum yaşayış və mülki binaların layihələndirilməsi, respublikanın şəhərləri və yaşayış məntəqələrində layihə-planlaşdırma işləri, normativ materiallar, birtipli layihələndirmə və axtarış işləri həyata keçirir. /“Yeni Müsavat”/
Xəbər lenti
Robotun köməyi ilə UNİKAL ƏMƏLİYYAT
"Əməliyyatdan sonra ağrının şiddətini azaltmağa imkan verir"