Deputat və politoloqdan Brüssel görüşü ilə bağlı ŞƏRH

16:52 07-04-2022 | icon 769 | Geopolitika
Deputat və politoloqdan Brüssel görüşü ilə bağlı ŞƏRH

“Bu görüş post-müharibə reallıqlarının dünyaya qəbul etdirliməsi hadisəsidir”

 

Avropa İttifaqının prezidenti Şarl Mişelin sədrliyi ilə dünən Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilən üçtərəfli görüşü danışıqlar prosesində yeni bir mərhələnin dinamikası kimi birmənalı qarşılanmır. Görüşdə bir çox nüanslarla yanaşı 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılmasının razılaşdırılması xüsusilə önə çəkilməklə təhlillər aparılır.

 

Brüssel görüşü regiona nə vəd edir və Avropa İttifaqının Azərbaycan və Ermənistanla birgə üçtərəfli görüşündən sonra qəbul olunan bəyanat danışıqlar prosesində hansı yeni istiqamətləri müəyyənləşdirəcək? Deputat Hikmət Babaoğlu və politoloq Rəşad Bayramov mühüm nüanslara diqqət çəkiblər. 

 

Deputat Hikmət Babaoğlu hesab edir ki, Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycan strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda post-müharibə reallıqlarının dünyaya qəbul etdirliməsi hadisəsidir.

 

Deputatın sözlərinə görə, beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir:

 

“Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun olsa belə, onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam yanaşması ilə əlaqədardır. Bu paralel nizama əksər hallarda ikili standartlar siyasəti də deyirik. Yəni əsas aktorların maraqlarına uyğun olan problemlər beynəlxalq hüquqa uyğun olmasa belə, o problemlərin mövcud olmasına və hətta davam etməsinə qlobal güc mərkəzləri dəstək olurlar.

 

Qarabağla bağlı vəziyyət də belə idi. Ancaq Azərbaycan bu məsələni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında qoydu və imperialist mərkəzlərin bu reallığı qəbul etməkdən başqa çarələri qalmadı. Brüsseldə keçirilən görüşdən sonra Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də post-müharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir. Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur.

Qeyd etmək lazımdır ki, hələ 2021-ci il dekabr ayının 14 də keçirilən üçtərəfli görüşdə əslində məhz bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi. Yəni artıq post-müharibə mərhələsndə qalıcı sülh üçün yeni danışıqlar plarforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı-İrəvan xəttinin əsasları həmin vaxt qoyulmuşdu. Hazırda isə bu əsaslarda sülh danışıqlarını irəli götürmək üçün mexanizmlərin yaradılması baş verir”.

 

H.Babaoğlu bildirib ki, burada önə çıxan əsas məsələlərdən biri xarici işlər nazirlərinin birbaşa əməkdaşlıq etməsinin nəzərdə tutulmasıdır ki, bu nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır. Onun sözlərinə görə, aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı uyğun komissiyanın yaradılması, eyni zamanda hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığı məsələsi mühüm amildir:

 

“Bu o deməkdir ki, erməni tərəfi Qaragöl və Kəlbəcər istiqamətində əvvəlki iddialarından geri çəkilib, ya da onu qəbul etdirə bilməyiblər. Başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk Qrupunun ümumiyyətlə xatırlanmaması, onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir ki, bu da özlüyündə tamamilə yeni və səmərəli bir format yaradır. Hər hansı status əsla xatırladılmır, tam əksinə regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır. Və nəhayət, kommunikasiyaların o cümlədən avtomibil nəqliyyatı kommunikasiyasının açılmasının zəruruliyi qeyd edilir. Yəni bəyannamədə alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Minaların təmizlənməsi, itikin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontektində baş tutdu”.

 

Politoloq Rəşad Bayramov bildirib ki, Avropa İttifaqının Azərbaycan və Ermənistanla üçtərəfli görüşündən sonra yaydığı bəyanat, eləcə də Aİ Prezidenti Şarl Mişelin görüşün nəticəsi olaraq jurnalistlərə verdiyi açıqlamalar onu deməyə əsas verir ki, müzakirələrdə əsasən iki məsələ ətrafında razılıq əldə olunub:

 

“Bunlardan biri 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması ilə bağlıdır. Bildiyiniz kimi 4 saat davam edən müzakirələrin nəticəsində Birgə Sərhəd Komissiyasının mandatı da razılaşdırılıb. Mandata uyğun olaraq komissiyanın vəzifəsi Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarətdir”.

 

Politoloq qeyd edib ki, “sərhədin delimitasiyası” dedikdə, nəyin nəzərdə tutulduğu aydındır:

 

“Söhbət mövcud xəritələr əsasında sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsindən gedir. Bu isə o deməkdir ki, Birgə Sərhəd Komissiyası ilk olaraq məhz hansı xəritələr əsasında demorkasiya və delimitasiyanın həyata keçiriləcəyi ilə bağlı razılığa gəlməlidir. Çünki məlumdur ki, bir neçə xəritə mövcuddur və həmin xəritələrdə təsbit olunmuş sərhədlər də müxtəlifdir. Düzdür, hansı dövrün xəritəsinin götürülməsindən asılı olmayaraq Azərbaycan prosesdən uduşla çıxacaq, amma qalib ölkə olaraq əsas kimi bizə daha əlverişli olan xəritələrin götürülməsinə çalışmaq lazımdır. Komissiyanın mandatına həmçinin yuxarıda da qeyd edildiyi kimi sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək vəzifəsi də qoyulub. Sabit təhlükəsizlik vəziyyətini təmin etmək isə tərəflərin öz hərbi qüvvələrini müvafiq məsafədə saxlanmasını təmin etməklə mümkündür. Bu məsələ insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir”.

 

R.Bayramov razılıq əldə olunan digər məsələ kimi “Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpası” ilə bağlı məsələni önə çəkib:

 

“Aİ Prezidenti Şarl Mişel də dünən yaydığı bəyanatda açıq şəkildə rəhbərlik etdiyi ittifaqın bu məsələdə maraqlı olduğunu gizlətməyib. O, dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Başqa sözlə, Avropa İttifaqı avtomobil yollarının açılmasını da zəruri hesab edir ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir”.

 

Politoloqun qənaətinə görə, Aİ-nin bəyanatından məlum olur ki, görüşdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyi bir daha təsdiq olunub. Onun fikrincə, bu məsələ də bizim üçün vacibdir və indi Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə yenidən təsdiqlənməsi müsbət addımdır:

 

“Müvafiq bəyanat bir daha Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini ortaya qoyur. Bu o deməkdir ki, Ermənistan nəhayət ki, bəyanatın 4-cü maddəsinin tələblərinə əməl etməli və hərbi birləşmələrini Xankəndi və ətraf rayonlardan tamamilə çıxarmalıdır”.

 

R.Bayramov görüşdə həmçinin itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyinin vurğulandığını və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunun qeyd olunduğunu bildirib:

 

“Azərbaycan olaraq bizi davamlı şəkildə Birinci Qarabağ savaşında itkin düşmüş dörd min soydaşımızın taleyi ilə bağlı məsələləri gündəmə gətiririk və bu fonda, eləcə də Fərrux yüksəkliyi və digər işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi fonunda indi yenidən bu məsələnin müzakirə olunması və Avropa İttifaqının da itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həllinin zəruriliyini bəyan etməsi müsbət addım kimi qiymətləndiriməlidir.

Danışıqlar prosesində hansı yeni istiqamətlərin müəyyənləşəcəyi ilə bağlı sualınıza gəldikdə isə deməliyəm ki, bu məsələ daha çox Ermənistanın davranışlarından asılı olacaq. Sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması təbii olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasına və nəticə etibarilə sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Dünənki görüşdə bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi də qərara alınıb. Bu isə indiki halda heç bir şəkildə Rusiyanın maraqlarına cavab vermir. Əgər Ermənistan iliyinə qədər asılı olduğu Rusiyadan qopmaq üçün addımlar atmağa özündə cəsarət tapacaqsa, o zaman sülhə gedən yol da rahat və qansız olacaq. Yox əgər Ermənistan bölgədə Rusiyanın hərbi-siyasi bazası kimi qalmaq yolunu seçəcəksə, o zaman Azərbaycanın sülhə məcbur etmə əməliyyatlarını keçirməsi şərt olacaq”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR