Qarabağla bağlı əsərlər niyə yazılmır?- rəylər
“Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib.
“Mir Şahinin vaxtı” adlı müəllif layihəsində jurnalist Vətən müharibəsindəki qələbəmizlə bağlı əsərlərin yazılmamasından şikayətlənib: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim ”den pobedamız"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın, hörmətli qələm sahibləri.Yazın, qələbəmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil. Əksinə, artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin".
Versus.az "Yeni Müsavat"a istinadla nazirlik və qələm adamlarının Qələbəmizə aid görülən işləri barədə açıqlamalarını təqdim edir.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açıqlamasında Zəfərlə bağlı təkcə Yazıçılar Birliyinin təşəbbüsü ilə bir-neçə kitabın nəşr olunduğunu bildirib: “Qələbəmizdən bir neçə ay sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın təşəbbüsü ilə ”Qarabağ Dastanı-30 ilin həsrəti, 44 günün zəfəri" adlı sanballı bir kitab nəşr olunub. Orada işğaldan azad olunmuş rayonlarımızdan olan yazıçılarımız, xalq yazıçısı Elçin Əfəndiyev, Ramiz Rövşən, Seyran Səxavət, Aqil Abbas kimi dəyərli yazarların təəssüratları, xatirələri dərc olunub. Eyni zamanda Qarabağla bağlı həm işğal illərində, həm Zəfərdən əvvəl, həm də Zəfər vaxtı yazılan əsərlər yer alıb. Bundan əlavə, Yazıçılar Birliyi yenə “Bütün Yollar Şuşaya aparır”adlı kitab çap etdirib. Azərbaycanda demək olar ki, hər bir şair Qarabağdakı Zəfərimizlə bağlı mövzuya müraciət edib. Bugünlərdə Yazıçılar Birliyində şair Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatı olub.
Rəşad Məcid
Bu, Azərbaycanın tarixi və Zəfərimizlə bağlı çox gözəl böyük poetik ruhlu, bədii səviyyəsi yüksək olan bir əsərdir. Tədbirdə çıxış edərkən bildirdim ki, Qələbəmizə layiq bədii əsərdir. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması da yüksək bədii keyfiyyəti ilə seçilən poeziya nümunəsidir. Səyyad Aranın, Yunus Oğuzun, Elçin Hüseynbəylinin Zəfərimizə həsr olunmuş nəsr əsərlərini də xüsusi qeyd etmək istəyirəm. “Qarabağ Dastan”ı kitabını Qələbəmizə yazıçıların layiqli töhfəsi adlandırmışam. Bunlarla yanaşı, Yazıçılar Birliyində bizim Vətən müharibəsi qəhrəmanları ilə görüşlər keçirilib. Tez-tez tədbirlərdə, kitab təqdimatlarında qazilər, şəhidlər, Vətən müharibəsi qəhrəmanları yad edilir. Bu mənada heç bir yazarın bizim Qələbəmizə biganə qaldığını söyləmək olmaz. Sadəcə, ədəbiyyatın əvvəlki kimi ictimai rəyə təsir etmək imkanları yoxdur. İndi yeni texnologiyalar, yeni audivizual materiallar ortaya çıxıb. Bu mənada xaotik və çoxlu məlumatların içərisində bədii dəyəri olan əsərlərin görünməməsi, itib-batması bəlkə də təbiidir. Bu mövzuda bədii filmlər niyə çəkilməməsi isə başqa məsələdir. Bədii əsərlərdə, seriallarda Qarabağdakı Zəfərimizlə bağlı az məlumatların olması barədə bəlkə də razılaşmaq olar. Eyni zamanda opera yaranması da qısa müddətin işi deyil".
Sədr müavini televiziyaların bu cür əsərlərin təbliğinə az yer verməsi ilə bağlı narahatlığını ifadə edib: “Məsələn, Şuşa ilə bağlı mənim sözlərimə əməkdar artist Xumar Qədimovanın bəstələdiyi mahnı çox coşqun, cəngavərlik, vətənpərvərlik mahnıdır. Bu, “Şuşa İli”nə də ən sanballı hədiyyələrdən biridir. Amma təəssüf ki, bizim televiziyalarımız, radiolarımız bu cür vətənpərvərlik əsərlərinə geniş yer vermirlər. Bu gün yenə biz yazıçıların nəfəsi birinci növbədə Qarabağla, böyük Zəfərimizlə döyünür. Arzu edirəm ki, irad tutanlar da yazıçıların əsərləri ilə maraqlansınlar”.
Elçin Hüseynbəyli
Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli “Yeni Müsavat” a açıqlamasında bildirdi: “Azərbaycanda elə sahələr var ki, orada fundamental heç nə yoxdur. Bizim yeganə fundamental qazancımız 44 günlük müharibədəki zəfərimizdir. Bu qələbə son illərdə görülən işlərin məntiqi yekunudur. Statistikanı bir kənara qoysaq, Ələkbər Salahzadənin ”Xocalı xəcilləri", Aqil Abbasın “Dolu” romanı, saysız-hesabsız hekayələr, tamaşaya qoyulan pyesləri sadalamaq olar. Vətən müharibəsi isə yeni başa çatıb. AYB zəfərdən dərhal sonra “Qarabağ Dastanı-30 ilin həsrəti, 44 günün zəfəri” adlı kitab dərc etdirdi. Bu, Qarabağın bədii ensiklopediyasıdır. Həmçinin “Bütün Yollar Şuşaya aparır” kitabını nəşr etdirmişik. Bəs təbliğat hansı səviyyədədir? Mirşahinin rəhbərlik etdiyi “Real TV”də Qarabağ ədəbiyyatı ilə bağlı polemika xarakterli veriliş varmı? Yaxud vaxtilə televiziyalarda hekayə axşamları var idi, hekayələr səhnələşdirilirdi, indi varmı? Biz Qarabağla bağlı kitab təqdimatı keçirəndə “Real Tv” niyə gəlmir? Niyə işıqlandırmırlar? Biz bu sualı verəndə cavab bir olur-reytinq vermir. Reytinq dalınca qaçan media qurumu yazıçıları, şairləri necə ittiham edə bilər? İdeoloji konsepsiya olmalıdır. Yazıçılar, şairlər intellektual zümrənin bir qismini təşkil edir. Onların üstünə gəlmək haqsızlıqdır".
Mədəniyyət Nazirliyi sorğuya cavab olaraq bildirib ki, Vətən müharibəsi ilə bağlı nazirlik tərəfindən müvafiq tədbirlər görülüb: “Vətən müharibəsi ilə bağlı Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqı ilə birlikdə müsabiqə elan etmişdi. Müsabiqədən də qaliblər seçilib. Bu ilin sonuna qədər seçilmiş qaliblərin əsərlərindən ibarət konsert və mükafatlandırma mərasimi nəzərdə tutulub. Bundan əlavə, ötən il noyabrın 2-sidə qazilərin iştirakı ilə Zəfər ili ərəfəsində bu mövzuda yazılmış əsərlərdən ibarət Heydər Əliyev Sarayında konsert proqramı təşkil olundu. Simfonik orkestr tərəfindən 18 bəstəkarın əsəri səsləndi.
Kinorejissor, Xalq artisti Vaqif Mustafayev dövlət sifarişi ilə Vətən müharibəsinə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” adlı tammetrajlı bədii filmin istehsalını başa çatdırıb.
Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətinin, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildə vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilmişdir. Müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərdə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir".
Versus.az
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi