O da Başlıbel faciəsində ŞƏHİD OLUB
19:01 20-04-2022
|
689 |
Şəhidlər və şahidlər
Vüqar Abdullayev son nəfəsinə qədər kahada gizlənənləri qorudu
Kəlbəcərin Başlıbel kəndində törədilən faciə zamanı insanların xilası üçün böyük şücaət göstərmiş Zərdab rayonunun Qaravəlli kəndindən olan Abdullayev Vüqar İsa oğlunu da unutmaq olmaz.
Vüqar Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması üçün köməyə gələn dəstənin tərkibində olub.
Vüqar yerli sakinləri qəhrəmanlıqla müdafiə edib.
Elşad Əzizov xatırlayır:
“… atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qayıdarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”.
Şahidlər söyləyirlər ki, ermənilər intiqam almaq üçün Vüqarın nəşini güllələr ilə deşik-deşik etmişdilər.
Şəhid Abdullayev Vüqar bir müddət itkin hesab olunub və Zərdab rayon Məhkəməsinin 1996-ci il tarixli 2-78 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilib.
Uzun müddət itkin hesab edilən övladından xəbər gözləyən anasının gözləri ağlamaqdan kor olub. Başlıbel faciəsi ictimaiyyətə açıqlanandan sonra, hadisə şahidlərinin ifadələrindən Vüqarın qəhrəmanlıqla şəhid olması məlum oldu.
Allah rəhmət eləsin. Ruhu şad olsun!
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi