500-dən çox şagird təhlükə altında - İDDİA
Bakının Nizami rayonundakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən biri bağlanıb.
Versus.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.
Bildirilib ki, məktəbin həyətinin girişi direktorun göstərişi ilə bağlanıb:
“Nəticədə təhlükəli vəziyyət yaranıb. Belə ki, orada təhsil alan uşaqlar təhlükəli yolla hərəkət edirlər. Məktəbin 500-dən çox şagirdi təhlükəli çıxışdan istifadə edir”.
210 nömrəli tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva açıqlamasında bildirib ki, məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir:
“Məktəbin pedaqoji kollektivi və valideynlərin birgə rəyi əsasında məktəbin arxa tərəfdən həyətə giriş qapısının bağlanmasında məqsəd şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil almalarını, eyni zamanda, məktəb mühitinə mənfi təsir göstərməyə yönəlmiş kənar təsirlərin məhdudlaşdırılmasını təmin etməkdən ibarətdir.
Belə ki, həmin qapıdan şagirdlərdən daha çox, kənar şəxslər keçid kimi istifadə edirdilər. Məktəbin həyətindən keçən şəxslər şagirdlərin gözü qarşısında siqaret çəkir, yığışaraq söhbət edir, uyğun olmayan müzakirələrə tənəffüs zamanı şagirdləri cəlb edir, səs-küy yaradır və nalayiq ifadələrlə tədris prosesinə mane olurdular.
Bir sıra vətəndaşlar isə məktəbin həyətindən park kimi istifadə edir, heyvanlarını gəzdirir, oturacaqlarda oturub tum çırtlayır, ətrafı zibilləyirdilər. Bütün bunlar isə dərs prosesinin pozulmasına, müəllim və şagirdlərin fikrinin yayınmasına səbəb olurdu. Həmin şəxslərə məktəbin işçiləri tərəfindən irad tutulanda isə bəzən kobud şəkildə təhqirlə cavab verir, məktəbdaxili qaydalara açıq hörmətsizlik nümayiş etdirirdilər”.
Direktor bir daha vurğulayıb ki, pedaqoji heyət və valideynlərin birgə rəyi əsasında məktəb həyətinə arxa tərəfdən giriş qapısının bağlanması tədris prosesinin normal təşkilinə və məktəbdaxili nizam-intizam qaydalarının təmin olunmasına imkan yaradır:
"Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanır. İnanıram ki, ilkin subyektiv yanaşma əsasında təhsilalanların ümumi mənafeyinə xidmət edən bu təşəbbüsü müzakirəyə çıxaran şəxslər də öz övladlarının daha əlverişli təhsil mühiti naminə ortaq optimal mövqeyə gələcəklər. Çünki şagirdlərin təhlükəsizliyi və onlar üçün əlverişli təhsil mühitinin etibarlı təminatı pedaqoji kollektivlə yanaşı, eyni zamanda, valideynlərin marağında olan ən ümdə məsələlərdən biridir”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi