Yeniləşən Azərbaycan məktəbləri - insan kapitalına qoyulan sərmayə
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülür. Son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmayıb. 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Qeyd edək ki, dövlət səviyyəsində bu sektorda həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrin sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etməsi isə ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir.
Yeri gəlmişkən, bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Versus.az xəbər verir ki, mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov bildirir ki, son illər ölkədə ümumtəhsil müəssisələrinin infrastrukturunun qurulması ilə bağlı böyük işlər həyata keçirilib: “Bu işlər, əsasən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fonduna rəhbər təyin olunmasından sonra baş tutub. Tarixə nəzər salsaq, Azərbaycanda ümumtəhsil məktəblərinin tikintisinin üç dövrü var. 1972-ci ildə SSRİ-nin təhsil naziri Purakyev kənd və rayon məktəblərinin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı qərar qəbul etmişdi. O zaman Azərbaycanda təxmini 600 məktəbin tikintisi gözlənilirdi. Lakin mərhum lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycana ayrılan məktəblərin sayı 50 faizə qədər artırıldı. Nəticədə 1972-ci ildə ölkədəki tikilən məktəblərin sayı təxminən 1000-ə çatdırıldı. İkinci dövr Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2005-2011-ci illəri əhatə edir. Ölkədə təxminən 300-ə yaxın məktəb tam yenidən tikildi və ya əsaslı şəkildə təmir olundu. Həmin məktəblər müasir tələblərə cavab verir. 2014-2015-ci illərdə dünya iqtisadi böhranı ilə bağlı müəyyən tikintilər bir qədər zəifləsə də, 2015-ci ildən Azərbaycanda modul tipli məktəblərin tikilməsinə başlandı. 2018-ci ildən etibarən ölkədə məktəb tikintisinin yeni dalğası baş tutdu. Hazırda ölkədə 4432 ümumitəhsil məktəbi var. Bu məktəblərdən 3800-ü yenilənib. Bütün bu dəyişikliklər Heydər Əliyev Fondunun təhsil sektorunda göstərdiyi xidmətlərin bariz nümunəsidir. Məktəblərin yenilənməsi ilə yanaşı, onların maddi-texniki bazasının təminatı ilə bağlı da ciddi işlər görülüb. Ümumilikdə, hər il təhsil sektorunu əhatə edən xüsusi dövlət proqramları təşkil olunur ki, bu da təhsil sahəsinə göstərilən diqqətin bariz nümunəsidir”.
Mövzu ilə bağlı bizimlə söhbət zamanı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü fəlsəfə doktoru İlqar Orucov da deyib ki, Prezident İlham Əliyevin hər zaman xüsusi həssaslıqla, qayğı ilə yanaşdığı və diqqətdə saxladığı sahələrdən biri təhsildir: “Dövlətimizin başçısı hər zaman bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda həmin ölkələrin və xalqların uğurlu gələcəyini təmin edən başlıca faktorun malik olduqları təbii resurslar deyil, məhz təhsil, elm və texnologiyaların səviyyəsi ilə müəyyənləşdiyi aydın görünür. Təhsilə qoyulan investisiyaları artırmaqla biz təhsil və elmtutumlu ölkələrin nail olduğu yeni texnologiyaları əldə etmək, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı qurmaq və beləliklə də dövlətimizin davamlı iqtisadi inkişafını və cəmiyyətin yüksək rifahını təmin etmək missiyası hədəfləmiş oluruq. Bu hədəfə çatmaq üçün dövlətimizin başçısı böyük uzaqgörənliklə “qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasını irəli sürərək təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hər il məqsədli şəkildə artımını təmin edib”.
O bildirib ki, İlham Əliyevin Azərbaycana prezidentliyi dövründə - 2003-cü ildən bu günədək 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub: “Yeni təhsil müəssisələrinin inşası, əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təchizi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Hazırda hər il orta hesabla yüzədək məktəb binası inşa olunur. Azərbaycanın ən ucqar kəndlərində, hətta sovet dövründə məktəb olmayan kəndlərdə belə müasir standartlara cavab verən məktəblər inşa edilib və ya modul tipli məktəb quraşdırılıb. Mən dünyanın qabaqcıl ölkələrində, o ölkələrin məktəblərində olmuşam. Gördüklərim bir daha təsdiq edib ki, Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir. Finlandiya dünyada öz təhsil sisteminə görə öndə gedir. Ancaq Finlandiya məktəbləri ilə Azərbaycan məktəblərini infrastruktur cəhətdən müqayisə etsək əminliklə deyə bilərik ki, Azərbaycan məktəbləri heç də geri qalmır. Təbii ki, bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr də mühüm əhəmiyyət kəsb edir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Ümumilikdə 2003-2021-ci illər ərzində Fond tərəfindən 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir”.
Ekspert həmçinin qeyd edir ki, Azərbaycan təhsilinə, məktəbinə göstərilən qayğı nəticəsində bu gün təhsil alan gənclərin səsi dünyanın nüfuzlu ali təhsil müəssisələrindən, elmi mərkəzlərindən gəlir: “Onlar dünyanın transmilli korporasiyalarında təmsil olunurlar. Həmin gənclər Azərbaycanını simasıdır və bu simanın formalaşmasında məktəblərin rolu, dövlətimizin siyasi rəhbərliyinin təhsil sektoruna ardıcıl qayğısı danılmazdır. 2003-cü ildən dövlətimizə rəhbərliyi dövründə Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətə nəzər saldıq. Bu həssas münasibət ölkəmizin uğurlu inkişafında təhsilin rolunu və yerini düzgün müəyyənləşdirməkdən irəli gəlir. Ümummilli lider Heydər Əliyevin iradəsi və imzası ilə əsası qoyulan nəhəng layihələri Prezident İlham Əliyev uğurla davam etdirərək bütün sahələri, həmçinin təhsil sektorunu inkişaf etdirməkdədir. Prezident hər zaman təhsil işçiləri ilə görüşdə şagirdlərin tərbiyəsinə xüsusi yer verilməsini, milli dəyərlərə, vətənə, xalqa, torpağa bağlı ruhda yeni nəslin formalaşmasını tövsiyə edir. Bu yerdə bir məqamı vurğulayım ki,Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçildiyi illərdə orta məktəblərdə oxuyan, təhsil və milli ruhda tərbiyə alan həmin o nəsil məhz onun rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərərək vətən, dövlət və xalq naminə qanlarından, canlarından keçməklə 30 illik işğala son qoydular. Bir sözlə, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin ardıcıl və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə, o cümlədən təhsil sahəsində də yüksək nailiyyətlər əldə edib və bu uğurların gələcək illərdə də davam edəcəyinə inamımız böyükdür”.
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi