Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıblar.
Daha sonra İşçi Qrup Zəngilan rayonuna səfər çərçivəsində Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər memarlığının ən qiymətli abidələrdən biri olan “Şəhri Şərifan”a baxış keçirib.
İşçi Qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq bağçası və məktəblə tanış olublar, heyətə “Ağıllı kənd” haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupun Ağalı kəndində iclası keçirilib. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirmiş, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.