"Mənim üçün Pərviz ölməyib, hiss edirəm ki, yanımdadır"

10:42 22-06-2022 | icon 872 | Şəhidlər və şahidlər
"Mənim üçün Pərviz ölməyib, hiss edirəm ki, yanımdadır"

Onların gəldiyi yer qaranlıq yox, cənnətin özüdür

 

Bu ölümlü-itimli dünyada insan yaşadığı həyatın bir saniyəsinə, bir zərrəsinə belə sahib deyil. Adəm övladı heç bir zaman onun qismətinə yazılmış ömürdən bir az əskik və ya bir az artıq yaşaya bilməz. Uca Allahın ona bəxş etdiyi ömür payı hansı vaxta qədər yazılıbsa, o vaxtadək yaşayacaq. Vədə, möhlət başa çatdıqdan sonra isə bu dünyanı tərk edəcək. Bu, insanlara, eləcə də yaradan tərəfindən xəlq edilmiş hər canlıya nəsib olan bir tale və qismətdir. Lakin bu dünyanı tərk edən insanlardan olan şəhidlər adi qaydada vəfat edən insanlardan çox fərqlənirlər. Çünki onlar ölmürlər, şəhadətə qovuşurlar. Onlar Allah tərəfindən vətən, torpaq, amal, haqq, ədalət yolunda canını əsirgəmədən fəda edən, itmiş haqqı, ədaləti qaytarmaq yolunda cənnətdən endirilən mələklərdir. Onlar bu dünyaya müvəqqəti gəlirlər və onlara yazılan taleni yaşadıqdan sonra yenidən əbədilik evlərinə - cənnətlərinə qayıdırlar. Onların evi cənnətin ən gözəl guşəsidir. Eyni zamanda şəhidlər ona görə adi insandan daha çox fərqlənirlər ki, onlar bu dünyadan köç edəndən sonra hara gedəcəklərindən narahat deyillər. Onlar şübhəsiz, cənnətlikdirlər, çünki yuxarıda qeyd etdiyim kimi onların gəldiyi yer qaranlıq yox, cənnətin özüdür. Onlar yaşadıqları cənnətin içində o cənnətin bir parçası, bir nurudurlar...

 

Həmin nurlardan biri də öz 31 illik ömür payının 14 ilini vətənə həsr edən, ona yazılan 31 illik həyatın son anında bir an belə düşünmədən canını vətən yolunda fəda edən, Füzuli və Xocavəndin fatehlərindən biri olan, əlçatmaz Murov dağının aslanı, Vətən müharibəsi şəhidi, kapitan Pərviz Məmmədovdur.

 

Pərviz Ələddin oğlu Məmmədov 9 avqust 1989-cu ildə Bakıda anadan olmuşdur. 1995-2006-cı illərdə Qaradağ rayon, 288 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2010-cu ildə hərbi təhsilini bitirmiş və cəbhə xəttində leytenant rütbəsində xidmətə başlamışdır. Qəhrəman zabit Pərviz Məmmədov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərə zabit kimi rəhbərlik edənlərdən biri olmuşdur. 30 sentyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində çətin döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.

 

İndi isə gəlin qəhrəmanımızın şərəfli ömür yolu haqqında onun ömür-gün yoldaşı Ayşə xanımdan eşidək.

 

- Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz.

 

- Mən Ayşə Məmmədova – şəhid kapitan Pərviz Məmmədovun həyat yoldaşıyam.

 

- Şəhidimizlə ilk tanışlığınız və ailə həyatı qurmaq qərarına gəlməyiniz barədə nə deyə bilərsiniz?

 

- Biz ingilis dili kursunda tanış olmuşuq. Əvvəlcə atam bu izdivaca razılıq vermədiyinə görə çox çətinliklə ailə həyatı qura bildik. Pərviz hərbiçi idi, onun müəyyən çətinlikləri olurdu. Onunla birlikdə mən də qarşıya çıxacaq bütün çətinlikləri dəf etməyə hazır idim, bunu əvvəldən gözə almışdım.

 

- Gələcəkdə həyat yoldaşınız olacaq şəxsin hərbiçi olduğunu biləndə bunu necə qarşıladınız?

 

- Onun hərbiçi olması, gələcəkdə torpaqlarımızın onun və onun kimi vətən oğulları sayəsində azad olunacağı ümidi həmişə məni qürurlandırırdı. Amma gələcəkdə olacağına inandığım həmin azadlıq savaşında onu itirə biləcəyimin düşüncəsi belə məni həyəcanlandırırdı. Onu tanıyandan daxilimdə onu itirmək qorxusu baş qaldırmışdı. Bununla belə mən onun hərbiçi olması ilə qürur duyurdum.

 

- Şəhidimiz hərbi təlimlərdə tez-tez olurdumu? Bu zaman evdən hansı abu-hava ilə onu yola salardınız? Təlimlərə o özü hansı əhval-ruhiyyə ilə qatılırdı?

 

- Bəli, o, hərbi təlimlərə tez-tez qatılardı. Mən onu tanıyandan onun sağlamlığı, uğurları üçün dua edər, hər dəqiqə, hər saat, elə bil ki, Allahla danışar, onu məndən almamasını xahiş edərdim. Mən həmişə onu təlimlərə nikbin olaraq yola salardım və o da təlimlərə xüsusi zövq alırmış kimi qatılardı.

 

- Şəhidimizin necə xasiyyəti var idi? Onu övladına ata, xanımına həyat yoldaşı kimi necə təsvir edərdiniz?

 

- Hamı məndən soruşardı ki, ümumiyyətlə, həyat yoldaşınız gülməyi bacarır, gülə bilir? Mən onu ilk tanıyandan torpaqlarımız düşmən tapdağında olduğu üçün gözlərinin dərinliyində bu qəmi, kədəri hiss etmişdim, görmüşdüm. Lakin artıq müharibə abu-havası hiss olunan son günlərdə sifətində təbəssüm yaranmışdı, azadlıq savaşının başlayacağına sevinirdi. O, ailəsini çox sevirdi, çox ailəcanlı idi. Mən ona ideal ata deyirdim.Yorğun gələrdi, oğlu Tuncayı dizinin üstündə otuzdurardı, öz yeməyini də eləcə yeyərdi. Onun xarakteri, xasiyyəti, insanlarla münasibəti barəsində mənim nə isə deməyim, bəlkə də düzgün olmaz. Onun necə insan, necə ata və yoldaş olduğu bizə yadigar qalmış fotoşəkillərindən görünür. O, sədaqətli dost, səmimi, mehriban, qayğıkeş həyat yoldaşı, övladı üçün tayı-bərabəri olmayan bir ata idi.

 

- Şəhidimizin hərbi xidməti ilə bağlı təsəvvürləriniz necə idi? Onun tabeçiliyində olan əsgərlərlə necə münasibəti var idi?

 

- Mən onun qədər işini sevən, işinə bu qədər bağlı olan birini görməmişdim. Pərviz xidmətinə yenicə başlayanda öz xahişinə əsasən arzuladığı kimi çətin iqlim şəraitinə malik olan Murov zirvəsinə qalxdı və orada zabit kimi xidmətini davam etdirdi. Məncə, onun iş həyatı haqqında yaxşı mənada nə danışsam da az olar. Ona zəng etdim, halını soruşdum, dedi ki, şükür Allahıma ki, əsgərlərimdən şəhid verməmişəm. O, hərbi peşəsini vətəni ilə birlikdə öz yaxınlarından çox sevirdi.

 

- Qəhrəmanımızı Vətən müharibəsinə necə və hansı hisslərlə yola saldınız?

 

- Müharibə başlayanda o, çox sevinirdi, elə bil ki, çoxdan həsrətlə yolunu gözlədiyi ən ülvi bir arzusu həyata keçirdi. Lakin mən ona hiss etdirməməyə çalışsam da çox həyəcanlı idim. Elə bil hiss etmişdim ki, onu itirəcəyəm. O, olmayanda kövrəlib atasına zəng etmişdim və demişdim ki, hiss etmişəm ki, müharibə olsa, oğlun şəhid olacaq. Mənə belə gəlir ki, elə bil, o özü də bunu hiss edirdi, bəlkə də ona agah olmuşdu. Çünki hələ müharibə başlamazdan əvvəl telefonunda “Şəhidlik yaraşar mənə” yazılan bir şəkil var idi, ona baxardı. Onun şəhadətindən sonra mən hələ də o şəkili saxlayıram. Qeyd edim ki, mən onu müharibəyə təlimlərə yola saldığım qaydada, çox nikbin olaraq yola saldım. Daxilimi didib- parçalayan hisslərimi sıxıb saxladım, büruzə vermədim ki, döyüşdə bizdən nigaran olmasın.

 

- Onun Vətən müharibəsindəki şücaətləri haqqında nə deyə bilərsiniz?

 

- Onu deyə bilərəm ki, Pərviz şəhid olmamışdan əvvəl döyüş yoldaşlarına deyib ki, mən şəhid olsam, oğluma deyin ki, atası igid, qəhrəman, cəsur bir döyüşçü kimi şəhid olub. Heç vaxt düşmənə aman verməyib, yağılara qan uddurub. Onun bu əmanət, vəsiyyət sözləri bir ömür oğlumun, ondan sonra isə gələcək nəsillərimizin yadından çıxmaz.

 

- Onun şəhadətindən necə xəbər tutdunuz?

 

- Müharibəyə gedəndən sonra telefon danışığımız zamanı o, mənə demişdi ki, axşam mənə zəng etmə. Çox çətin tapşırıq var, ora gedəcəyəm, zəng çatmasa, narahat olma. Mən bilmirdim ki, o, gündüz gedir. Dedi, güldü, zarafatlaşdı, sağollaşdı, axşam düşəndə isə onun şəhid olması xəbəri gəldi.

 

- Bilirəm ki, şəhidimizin istəyi ilə ali təhsil müəsisəsinə qəbul olmusunuz, amma diplomunuzu görmək şəhidimizə qismət olmadı. Bu haqda nə deyə bilərsiniz, diplomu alarkən hansı hissləri keçirəcəksiniz?

 

- Bunu ətrafımda onu tanıyan hər kəs bilir ki, mənim ali təhsil almağımın əsas təşəbbüskarı və səbəbkarı Pərviz olub, təhsilimi davam etdirməyi o istəyib. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıram. Mənim üçün çətin olsa da yuxularıma gəlir və deyir ki, mən səninləyəm, bacaracaqsan! Bu təhsili onun üçün, onun arzusunu həyata keçirmək üçün alıram, inanıram ki, onun ruhu şaddır, mən diplomu alanda da daha çox şad olacaq. Ona görə də bunun üçün yorulmadan çalışıram.

 

- Əgər sirr deyilsə, gələcəklə bağlı hansı planları var idi?

 

- Pərviz mayor rütbəsini çox sevərdi. Deyirdim ki, nəyə görə bu rütbəni digərlərindən daha çox sevirsən? Deyirdi, ona görə çox sevirəm ki, ondan sonra polkovnik-leytenant, sonra isə ali rütbəyə lap yaxın olan polkovnik rütbəsi gəlir. Mən polkovnik olacağam. Ancaq heç mayor rütbəsini də almaq qismət olmadı. Lakin ən ali rütbə olan şəhidliyə ucaldı.

 

- Yenidən şəhidimizi görmək imkanınız olsaydı, ona nə deyərdiniz? Və ya ona hansı sualı verərdiniz?

 

- Bu sualla məni çox kövrəltdiniz. Belə bir imkan yaransa idi, ona o qədər suallarım var ki... Bir anlıq elə bildim ki, o gələcək. Hələ də yoxluğuna inana bilmirəm. Onu bir anlıq görsəm, soruşardım ki, bu müddətdə bizi görürdün? Sualım bu olardı. Mən inanıram ki, o, bizi görür. Mən də onunla görüşmək ümidi ilə yaşayıram.

 

- Buradan bütün şəhid ailələrinə nə demək istəyərdiniz?

 

- Mən bütün şəhid ailələrinə, bütün şəhid yaxınlarına Allahdan səbir diləyirəm. Çox çətindir, yaşamayan bilməz ki, onlar nələr çəkirlər. Eyni zamanda çox qürurludur şəhid ailəsi, şəhid yaxını olmaq.

 

- Həyat yoldaşınız şəhadətə yüksələndən sonra Vətən müharibəsində qazandığımız qələbə sizdə hansı hisslər yaratdı? Zəfərimiz barədə eşidəndə hansı hissləri keçirdiniz?

 

- Mən Pərvizin şəhadətindən sonra cismən, onun yadigarını böyütmək üçün yaşayıram, ruhən ölü kimiyəm. Pərvizlə axırıncı dəfə danışanda söz vermişdim ki, daim Tuncayın, onun əmanətinin yanında olacağam. Tuncay olmasaydı, mən də bu dünyaya əbədi olaraq gözlərimi yumardım. Bilirəm ki, Pərviz ondan sonra bizim yaşadığımız həyatı görür. Mənim üçün o ölməyib, hiss edirəm ki, yanımdadır. Bəlkə də inanmayacaqsınız, o, yuxuma gəldiyi gün qoxusunu hiss edirəm. Şəkli ilə danışıram, məsləhətləşirəm, dara düşəndə yuxuma gəlir və həmin məsələ həll olunur. Vətən müharibəsində qələbə xəbərimizi eşidəndə çox sevindim. Hətta o qədər sevindim ki, elə bildim, Pərviz sağ-salamat döyüşdən qayıdır. O qədər sevinməyimin səbəbi isə həmin qələbədə Pərvizimin də payının olması və onun, onun kimi şəhidlərimizin qisasının mənfur düşməndən alınması idi. Eyni zamanda bu qələbəni Pərvizin görməməsinə ağlayırdım da... Zəfərimizə görə gözlərimin biri gülür, digəri isə Pərvizimin olmamasına görə ağlayırdı.

 

- Sonda, nə demək istərdiniz?

 

- Sonda, onu demək istəyərəm ki, heç bir şəhid unudulmasın və unudulmamalıdır. Şəhid vurulduğunda yox, unudulduğunda ölür.

 

Qəhrəman şəhidimizin həyat yoldaşı Ayşə xanım! Vaxt ayırıb müsahibə verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Siz çox düzgün vurğuladınız. Şəhidlər vurulanda ölmürlər, onlar cənnətə və onu sevən qəlblərə köçürlər. Lakin onlar unudulanda ölürlər. Ancaq onu da qeyd edim ki, şəhidlərimiz unudulmurlar, onlar unudula bilməzlər də. Çünki vətən yolunda güllələrə sinəsini sipər edib özünü oda atan, şirin canından keçən və haqq yolunda çalışıb sonda həmin amal uğrunda da həyatla vidalaşıb xalqına nicat yolu açanları unutmaq mümkün deyil. Sizi əmin edirəm ki, onlar qiyamət gününədək vətən torpağında, onları sevən qeyrətli oğulların və igid qız-gəlinlərin qəlblərində əbədi yaşayacaqlar. Ona görə də şəhidlərimiz cismən bu həyatdan köç etsələr də onlar əbədiyaşardırlar. Şəhidimiz Pərviz də o saysız-hesabsız şəhidlərin sırasında, onlardan biri olaraq qəlblərimizdə əbədi yaşayacaq...Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, vətənimizi, müharibə iştirakçılarımızı, müzəffər ordumuzu və Ali Baş Komandanımızı qorusun. Amin!

 

 

Sevindik Nəsiboğlu
/8-ci sinif şagirdi, şair-publisist, AJB-in üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI