Paşinyan bəyan etdi
"Bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək"
“Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.
Versus.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında deyib.
Onun sözlərinə görə, yeni marşrut Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatda öz əksini tapıb.
Paşinyan bildirib ki, yeni çəkilən yolun Rusiya sülhməramlılarının nəzarətində olması üçün Moskva ilə danışıqlar aparırlar.
Bundan əlavə, erməni baş nazir diqqətə çatdırıb ki, Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər isə yeni evlərlə təmin olunacaq.
Qeyd edək ki, Laçın dəhlizinə alternativ olacaq yeni yol Azərbaycan tərəfindən çəkilir. Yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır. Hazırda tikintisi sürətlə davam etdirlən Laçın dəhlizinə alternativ olan yol iki hərəkət zolaqlı olacaq.
Yol hazır olandan sonra hazırda Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək. Yeni yol Laçın rayonunun 6 kəndindən keçəcək.
Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək. Eyni zamanda, hazırda Zabuxda qanunsuz məskunlaşmış 50-dən çox erməni ailəsinin də oranı tərk edəcəyi gözlənilir.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi