İmtahanlarla bağlı ŞİKAYƏTLƏR
2005-ci ildən ali təhsil müəssisələrində semestr imtahanları Baloniya sisteminin şərtlərinə uyğun olaraq təşkil olunur. Semestr imtahanları tələbələrin mövsüm ərzində biliklərinin öyrənilməsi üçün hər bir universitetin daxilində həyata keçirilir.
Bəs, ali təhsil müəssisələrində semestr imtahanlarının keçirilməsi prosesi nə qədər şəffafdır?
Versus.Az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun bəzi üzvləri imtahanların keçirilməsi qaydasını müşahidə ediblər.
Sədr qeyd edib ki, bəzi məqamlarda nəzarət bütün universitetləri əhatə edə bilməyib:
“Təbii ki, biz bütün universitetlərdə nəzarəti əhatə edə bilmədik. Çünki imtahanlar çoxdur və bizim sayımız da kifayət qədər deyil. Ancaq müşahidə etdiyimiz universitetlərdə imtahanların keçirilməsi zamanı qeyri-şəffaflığa rast gəlməmişik. Eyni zamanda, biz İctimai Şura olaraq tələbələrə müraciət etmişik ki, imtahanların keçirilməsi prosesində hər hansı qeyri-şəffaf situasiya ilə qarşılaşsalar, bizə bildirsinlər. Ancaq bizim insanlarımız qaldırılacaq məsələ haqqında çox mürəccəd formada danışırlar. Konkret faktın əsaslandırılmasına gəldikdə isə deyirlər ki, mənim adım olmasın. Axı belə olan halda biz bunun hüquqi əsaslandırılmasını necə apara bilərik? Bu şəkildə işləmək çətinlik yaradır".
G.Səfərovanın sözlərinə görə, "Facebook"da qaldırılan 10 məsələdən 8-nə İctimai Şuranın üzvləri tağ edilir:
“Ancaq məsələnin hüquqi əsaslandırılmasına başlayanda buna qarşı çıxanlar elə həmin şikayətlərə bizi tağ edənlərdir. Biz isə ümumi tezislər üzrə rəy bildirə bilmərik. Bəli, neqativ hallar təəssüf ki, hələ də var. Yoxdur, desəm, cəmiyyət buna inanmaz. Ancaq bizə edilən müraciətlərin faktlaşdırlmasına həmişə şikayətçi tərəf qarşı çıxıb”.
“Biz Bakı Slavyan Universitetində keçirilən imtahanları müşahidə etdik. Pedeqoji universitetdə də İctimai Şuranın üzvləri iştirak edib. Bizim universitetlərin çoxunun lizensiyası Təhsil Nazirliyinə aid olsa da, onlar publik hüquqi şəxsdir. Təhsil Nazirliyinin balansında olan universitetlərin əksəriyyətinə isə biz getmişik. Biz özümüz iştirak etdiyimiz universitetlərdə imtahan prosesində problemlər aşkar etməmişik. Bununla bağlı ancaq sosial şəbəkələrdən bizə hadisəni aşkarlayanlar müraciət edirlər. Sözün açığı bu il belə bir müraciət olmayıb. Keçən semestrdə belə müraciət var idi. Ancaq onlar da dedilər ki, yox, biz istəmirik bu məsələyə müdaxilə olunsun. Çünki bizim burada kimliyimiz üzə çıxacaq. Biz isə anonim müraciətlərə baxmaq, onun ardınca getmək resurslarına malik deyilik. Bunun nə qədər doğru olub olmaması da mübahisə doğuran məsələdir".
Təhsil eksperti Kamran Əsədov hazırda ölkədə 51 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini xatırladıb:
“Etiraf edək ki, hazırda bir çox ali təhsil müəssisəsində semestr imtahanlarının keçirilməsi obyektiv və şəffaf şəkildə təşkil edilir. Lakin bəzən Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universitetlərində semestr imtahanları ilə bağlı ciddi pozuntuların, tələbələrdən əsassız tələblərin edildiyinin şahidi oluruq. Özəl universitetlərdən də şikayət daxil olur ki, semestr imtahanlarında tələbələrdən pul tələb edirlər”.
Onun fikrincə, ümumilikdə semestr imtahanları universitetlərin çoxunda şəffaf keçirilir:
“Məsələn, biz Bakı Dövlət Universitetini nümunə göstərə bilərik. BDU-da 25 min tələbə təhsil alır və imtahanlar tamamilə şəffaf, biliyin obyektiv qiymətləndirilməsi meyarları əsas götürülməklə həyata keçirilir. Bir çox hallarda da tələbələrə humanizm prinsipi tətbiq edilir. Pandemiya şəraiti, onların təqaüd alması məsələləri nəzərə alınır”.
Bununla belə, Kamran Əsədov deyib ki, ümumilikdə ali təhsil müəssisələrinin keyfiyyəti qaneedici deyil:
"Hazırda tələbələrimizin bilik səviyyəsi yüksək deyil. Onlar yüksək balla ali təhsil müəssisələrinə qəbul olsalar da, təhsil aldıqları müddət ərzində özlərini təkmilləşdirib, inkişaf etdirməkdə o qədər də maraqlı olmurlar. Bu da ciddi problemlərə gətirib çıxarır. Bir çox hallarda tələbələr semestr imtahanlarında sadə suallarla, böyük güzəştlərlə qiymət almaqda maraqlı olurlar. Bu da onların sonradan əmək bazarına mütəxəssis kimi daxil olmasına problemlər yaradır. Hesab edirəm ki, biz bunda maraqlı olmamalıyıq. Təbii ki, artıq Bakıda ali təhsil müəssisələri 10-15 il əvvəlki kimi deyil. Onlar daha çox proseslərin şəffaf olmasında maraqlıdır. Onlar tələbələri pulla imtahandan keçirməkdə yox, əksinə onların kreditlərə pul ödəyib imtahanlarda iştirakında maraqlıdırlar. Bu da təbii ki, tələbələrin dili ilə desək, rüşvətin qanuni yoludur. Tələbələri kəsirlər ki, onlar pul ödəyib alt qruplarda otursunlar”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi