"Bu müharibə bizi özümüzə qaytardı”...-Təhlil
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı və 44 gün ərzində əldə olunan zəfərdən 2 il ötür. Vətən Müharibəsi adını alan II Qarabağ savaşı Azərbaycana hansı tarixi -hərbi üstünlüyü qazandırdı və dünyaya hansı mesajlarını verdi?
Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən hərbi ekspert Elxan Şıxəliyev mühüm məqamlara diqqət çəkib. O, bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatını analiz etmək üçün bir qədər əvvələ qayıtmaq yetər...
“Silahlı qüvvələrimiz 1994-cu ildən 2020-ci ilin 27 sentyabr ayına qədər bütün istiqamətlər üzrə hazırlıq mərhələsini keçdi. Ermənistan silahlı qüvvələri 2016-cı ilin aprel döyüşlərində silahlı qüvvələrimizin gücünü test etməyə qalxdı. Ermənilərin ilk hərbi təxribatından sonra Ermənistan hökuməti çökdu və yeni dalğa Nikol Paşinyanı baş nazir seçilməsinə qədər gətirib çıxartdı. Hələ 2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı prezidenti Azərbaycan torpaqlarını müharibəsiz azad etməyə dair söz versə də, bunu yerinə yetirmədi. Nəticədə yeni hökumət Azərbaycana qarşı iddialarını artıraraq hərəkətə keçdi. Xüsusən də 2019-cu ildə o vaxtkı Ermənistanın müdafiə naziri Tonoyan Nyu-yorkda diaspora qarşısında “Ermənistan yeni torpaqlar və yeni müharibələr uğrunda hazırlaşır” bəyanatını verdi. Yeni torpaqların əldə olunması isə yeni təcavüzə hazırlığın göstəricisi idi. Bu bəyanatdan sonra yeni seçilmiş baş nazirin "Qarabağ Ermənistandır nöqtə" -deyərək sərsəmləməsi və gəlib Şuşada içkili halda aqressiya nümayiş etdirməsi mütləq hərbi sahəyə yansımalı idi. Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra bütün sahələrdə öz drektivlərini Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, yeni torpaqların əldə olunması üzərində qurdu. Erməni silahlı qüvvələri 27 sentyabrdan öncəki təmas vəziyyətində təxribat diversiya fəaliyyətinə keçdilər və təmas vəziyyətində olan yaşayış məntəqələrimizi mütəmadi olaraq atıcı silahlardan, artilleriya minaatanlardan atəşə tutmağa başladılar. Bu ermənilərin yeni ərazilər uğrunda başladıqları yeni təcavüz proqramı idi. Azərbaycan silahlı qüvvələri buna cavab verməli idi. 1994-cü ildən sonrakı mərhələdə birinci hərbi imtahanını 2016-cı ilin aprel ayında verən ordumuz ərazilərin işğaldan azad olunması uğrunda müharibəyə başladı. Əks hücum əməliyyatında silahlı qüvvələrimiz bütün cəbhə boyu, bütün güc strukturları ilə qarşılıqlı əlaqəli şəkildə əməliyyatlara başladı. Bu əməliyyatların əhəmiyyəti böyük oldu. 30 il möhkəmləndirilmiş “Ohonyan müdafiə həddi” ordumuz tərəfindən 1 gün ərzində yarıldı. Ermənilər atəşkəsdən sonra əllərində nə qədər mina var idisə, xüsusən də Rusiyadan alınan, həm də özlərinin istehsal elədiyi piyada əleyhinə minalarla bizim bütün təmas xəttimizi, müharibənin hövzəsini Arazdan Murova qədər minalamışdılar və bu ərazilərdə mühandis ehkam qurğularını yaratmışdılar. Bunlar elə başa düşürdülər ki, Azərbaycan bu ehkamlardan xəbərdar olduğuna görə hərbi hücum əməliyyatlarına qalxmayacaq. Lakin əks - hücumla ordumuz təməs xəttində olan möhkəmləndirilmiş əraziləri 1 gecədə keçdilər və 1-ci həftədə biz artıq Füzuli, Cəbrayılın bir neçə kəndini işğaldan azad etdik. Döyüş əməliyyatları çox uğurlu başladı. Biz burda həm ordumuzun yüksək döyüş hazırlığını, həm də xalqımızın ordumuza verdiyi dəstəyi gördük. Xalqımız səfərbərlik məntəqələrinə axışdılar, müharinbənin gedişatında bir dənə də fərarimiz olmadı. Xalqımız əllərində olan güc və vasitələrlə ordumuza maddi-mənəvi dəstəyini verdi. Biz qarşımızda olan düşməni 44 gün ərzində yenə bildik..”
E.Şıxəliyev bildirib ki, biz bu əməliyyatları bir çərçivə içərisində birləşdirəndə 4 əsas kompanentin müharibədə qalib olmağımıza imkan yaratdığını önə çəkdi. Ekspert birinci əsas amil kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin ordunun əməliyyatlara hazırlanması, İdarə olunmasındakı sərkərdəlik məharətini önə çəkdi.
“İkinci amil, silahlı qüvvələrimizn müharibəyə başladığımız gərgin dövrdə döyüşə hazır olmaq bacarığı, üçüncüsü xalqımızın müharibəyə psixoloji hazır olması və orduya verdiyi dəstək, dördüncüsü bu haqq işimizdə bizi siyasi müstəvidə dəstəkləyən dost dövlətlərin mənəvi dəstəyi idi. Bu dörd komponenti təhlil etsək görərik ki, biz müharibəyə çox güclü xalq, güclü, fərqli ordu olaraq qoşulduq. O zamana qədər biz ərazilərimizi itirə-itirə öz qürurumuzu da itirmişdik, psixoloji gücümüz sınmışdı. Lakin bu müharibə bizi özümüzə qaytardı”...
Hərbi ekspert hesab edir ki, 27 sentyabrda başlayan əməliyyatlar hərb tarixinə düşünən əməliyyatlar oldu. Ekspert bildirib ki, müharibənin ilk günlərində sərhəd qoşunlarının silahlanmasında olan “An-2” təyyarələrinin havaya qaldırılaraq öncə pilotlu, sonra da pilotsuz olaraq havada döyüş təyyarəsi kimi uçuş göstərməsi düşməni yanıltdi. Onun fikrincə, bu, dünyada hərb tarixində 1-ci dəfə idi ki, istifadə olunan hərbi element idi. Düşməni yanıltmaq və onun hava hücumundan müdafiə sistemlərini aşkar etmək.
“Müharibə tarixində ilk istifadə etdiyimiz ikinci məsələ pilotsuz uçuş aparatlarının kütləvi istifadə edilməsi oldu. Əslində pilotsuz aparatların idarə edilməsi çox böyük heyət və məharət tələb edirdi. Hər bir ordu bunu edə bilmir. Çünki onu edə bilmək üçün eyni arealda bunun koordinasiyasını, hədəflərə gedib çatma bacarığını müəyyən etmək lazımdır və Ermənistanın buna qarşı qoyacağı silah olmadı. Ona görə də deyirik ki, II Qarabağ savaşı 21-ci əsrin hərb siyasətində yenidir. Bizdən öncə dünya hərb sahəsində Pilotsuz aparatları bütün hərbi sahədə kordinasiya edib hərəkət etdirən 2-ci bir ölkə olmamışdı. Biz dünyaya bunun nümunəsini göstərdik”.
E.Şıxəliyev II Qarabağ savaşında xüsusi təyinatlıların keçirdiyi əməliyyatları xüsusilə qeyd etdi və bildirdi ki, xüsusi təyinatlılarımız indiyə qədər hərbdə istifadə edilməyən məziyyətləri ortaya qoydu. Ekspert xüsusi təyinatlılarımızın əməliyyatlar zamanı düşmənin öz dilində danışaraq onları necə “tələyə” saldıqlarını qeyd etdi.
E.Şıxəliyev bütün əməliyyatların zirvəsi kimi Hadrutun azad edilməsini və sonra Şuşa əməliyyatını qeyd etdi.
“Şuşa əməliyyatı 44 günlük müharibədə ayrı bir səhifədir. Şuşanın azad edilməsi hərb elminin əsaslanmadığı əməliyyatlar kontekstinə aiddir. Şünki Şuşa alınmaz bir qala idi. Şuşa elə bir coğrafiyada yerləşir ki, ora yalnız bir nəqliyyat daxil olur. Belə ki, xüsusi təyinatlılar qalaya 360 dərəcə peremetrdə sərt qayalardan qalxmalı idi. Hərb elmində belə bir məqam var: ələ keçirilməsi, yaxud azad olunması çətin olan hədəflər varsa öncə bu hədəflər aviasiya və artilleriya atəşlərinə məruz qoyulmalıdır ki, qarşı tərəfdəki hədəflər məhv edilsin. Çətinliyi ondan ibarət idi ki, Şuşa atəş basqısı olmadan alınmalı idi. Çünki atəş basqısı olsaydı, çox böyük dağlantılara səbəb olardı. Şuşa əməliyyatında hava şəraiti çətin, dumanlı idi və həmin vaxt pilotsuz aparatlarımız da onları müşayət edib dəstək verə bilmirdi. Lakin həmin gün təbiət də xüsusi təyinatlılarımızı qorudu, Şuşanı işğalda saxlayan 2000-ə yaxın qeyri-qanuni erməni hərbi birləşmələri bir həftəlik əməliyyat nəticəsində darmadağan edildi...”
E.Şıxəliyev bildirib ki, 27 sentyabrda başlayan və 9 noyabrda dayanan bu müharibədə, azad olan toraqların hər qarışında şəhid qanı var.
“Allah şəhidlərimizə rəhmət eləsin, Yaralılarımıza, əlillərimizə Allahdan şəfa diləyirəm”.
E.Şıxəliyev müharibəni bitirən 10 noyabr bəyanatının imzalanmasına da diqqət çəkməklə, bu sazişin Ermənistan üçün nəfəslik olduğunu önə çəkib.
“Biz humanist addım atdıq və Ermənilərin Xankəndində, Xocavənddə, Ağdərədə yaşamını təmin etmiş olduq. Amma üçtərəfli bəyanatın uğurlu tərəfi odur ki, düşmən Ağdam, Laçın Kəlbəcər rayonlarını silahsız təhvil verdi. Əslində bu da Ali Baş Komandanın yüksək vizionunun nəticəsi idi...”
Hərbi ekspert hesab edir ki, müharibənin başlanması nəticə etibarilə xalqımızı, ordumuzu müzəffər ordu, xalq anlamına gətirdi və artıq qalib xalq kimi çıxış etdi.
“27 sentyabrda başlanan müharibə Ermənistana dərs oldu. 10 noyabr sazişindən sonra ermənilərin törətdiyi təxribatlar dəmir yumruqla susduruldu. Ermənilər anlamalıdır ki, Azərbaycanla müharibə dilində danışmaq mümükün deyil. Bundan sonra da Ermənistanla hərbi -siyasi münasibətlərimiz bu ölkəyə bağlıdır. Ermənistan Azərbaycanın təklif etdiyi sülhə müsbət cavab verəcəksə, onlara yaxşı olacaq. Əks halda, nə əkəcəklərsə onu da biçəcəklər”.(həftə içi)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi