Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

14:00 29-09-2022 | icon 978 | Şəhidlər və şahidlər
Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Heç vaxt çarpayısı olmayan, 24 rəqəminin 20 illik ömrünə doğum və ölüm tarixi kimi yazılan Şəhidimiz...

 

Bu xalqın, bu millətin qürur yeri, həm də sızlayan yarası olan Şəhid oğullar kiçik, dar, kasıb evlərdə dünyaya gəlirlər, böyüyürlər. Amma o kiçik evlər  hallallıq, saflıq, dürüstlük və qəhrəmanlıq ocaqlarıdır. Balaca evlərdən dünyaya baxan oğullar gün gəlir, böyük vətənin işğal altında qalan torpaqlarını canları bahasına azad edib, özləri də Vətən olub, Vətən torpağına çevrilirlər...

 

O oğullardan birinin evinə üz tuturam. 44 günlük Vətən müharibəsində yüzlərlə döyüşçünün həyatını xilas edən, onlara ilkin tibbi yardım göstərən, çiynindəki çantası özündən ağır olan, cəmi 20 yaşında canını torpaqlarımız uğruna qurban verən şəhid Cavidanın ailəsini, fotolarının, şəxsi əşyalarının güclə yerləşdiyi dar, kiçik evlərini ziyarət edirəm. Eyni vaxtda iki acı yaşayan ailəsini...

 

Evlərini tanımadığım üçün qardaşı Şamxal qarşılayır. Az məsafədə Cavidandan danışırıq. Evlərinin sonbeşiyi olsa da, qardaşı ilə həmişə fəxr etdiyini, uşaqlıqdan bütün tanıyanların onu sevdiyini, ürəyi yumşaq, son dərəcə xeyirxah, ağıllı, heyvanlara qarşı həssas olduğunu, yeməyini belə dilsiz-ağızsız canlılarla böldüyünü deyir, Şamxal. Səsindəki hüznü, kədəri, həsrəti hiss edirəm...

 

... Qapıda Gülnaz xanımla görüşürəm, qara xəbər gəldiyi gün bir gecənin içində saçları ağappaq ağaran, yaşlanan, gözlərindən dərd yağan, səsi titrəyən, qara paltarlı qürurlu ana ilə....

 

Gülnaz xanım övladlarının üçünə də uşaqlıqdan dədə-baba yurdu  Qarabağ, Ağdamdan danışırmış. Deyir ki, Cavidan o qədər suallar verirdi,  dünyanın əvəzedilməz yeri Ağdamdan, evimizdən, həyətimizdən, bağ-bağçamızdan, məktəbimizdən, qonşularımızdan, suyundan, havasından saatlarla söhbət açardım:

 

“Övladlarım artıq o yerləri xəyallarında canlandırırdılar. Cavidan özünü inandırmışdı ki, Ağdama gedəcəyik, hətta həyətimizdəki yelləncəkdə yellənəcəyini deyirdi. Amma böyüdükcə xəyalındakı gözəl evimizi, bütün Qarabağı düşmənin viran qoyduğu gerçəyini anladı. Çox vətənpərvər idi. Bəzən oturub düşünürəm ki, bəlkə torpağa bu qədər bağlı olmağının səbəbi mənim onları uşaqlıqdan Qarabağ sevgisi ilə böyütməyim oldu. Ağdamda doğulub, yaşasam da Şuşanı, Kəlbəcəri, Laçını qarış-qarış gəzmişdim. Ağdamda evlər ikimərtəbəli, çox böyük, el-oba, qonşular  bir-birilə mehriban olurlar. Elə bil hər qarışında bir fərəhlik, xoşbəxtlik var idi o torpaqların. Balam da inanırdı ki, hamımız birlikdə  gedəcəyik ev-eşiyimizə, yurdlarımıza. Haradan biləydim ki, gün gələcək Cavidan kimi balalar o yolu yenidən açacaq üzümüzə, düşmən tapdağından azad edəcək.... Birlikdə getmək qismət olmadı, balamın açdığı, qanının hopduğu, canını verdiyi, otuz il bağlı qalan yolları yenidən gedəcəyik. Cavidan isə hamımızdan qabaq getdi...”

 

Gülnaz xanım 1990-cı ildə, cəmi 18 yaşında ailə qurub, Bakıya gəlin köçüb. Həmin vaxtlarda Ağdamda vəziyyət ürəkaçan olmayıb. Amma heç kim cəmi üç ildən sonra torpaqların işğalını, insanların öz dolu evlərindən, yurdlarından didərgin düşəcəyini, düşmənin Ağdamın altını üstünə çevirəcəyini, xaraba qoyacağını ağlına gətirməyib. Gülnaz xanımın da ailəsi, bütün doğmaları, yaxınları el obasından uzaq düşüb, öz torpaqlarında qaçqın taleyi yaşayıblar... Torpaq itkisini, həsrətini hamımız yaşamışıq, amma o insanlar bu ağrı-acını iliklərinə qədər hiss ediblər, harada yaşamalarından asılı olmayaraq, qəribçilik, yadlıq onları bir an tərk etməyib, gözləri 30 il torpaq yolu çəkib...

 

Cavidan da 2000-ci ilin yaz fəslinin başlanğıcında martın 24-də Bakıda, torpaq, doğma yurd nisgilli bir ailədə dünyaya gəlib. Gəlişi ilə sadə, halal çörəklərini qazanan gənc ailəyə bahar nəfəsi gətirib. Ailənin sonbeşiyi Kənanla Şamxalın kiçik qardaşı...

 

Gülnaz xanım oğlunun uşaqlıq, orta məktəb, hərbi xidmət illərindən  danışdıqca, üzündə dərd qarışıq bir təbəssüm sezilir. Kiçik yaşlarından ağıllı, sakit, mehriban uşaq olub Cavidan. Məktəb illərində də müəllimləri Cavidan haqqında həmişə xoş sözlər deyiblər, valideynlərinə minnətdarlıq ediblər. Sinif yoldaşları arasında da ən sevilənlərdən olub...

 

Gülnaz xanım göz yaşlarını saxlaya bilmir, onun sağalmayan yarasını sızlatdığım üçün özümü qınayıram, “bəlkə gəlməyəydim, ananı yenidən o günlərə qaytarmayaydım” deyə düşünürəm. Amma onlardan yazmaq, Şəhid qapılarını döyüb, ailələri, doğmaları ilə həmsöhbət olmağı borc bilirəm...

 

“Kaş ki, 20 ildə, dil açandan Cavidanım mənə hansısa acı bir söz deyəydi, az da olsa incitdiyi bir an olaydı, olmadı” deyən Gülnaz xanım, oğlunun bu dünyaya mələk simasında, ətrafında olan hər kəsə yaxşılıq, kömək etmək, xeyirxahlıq üçün gəldiyini dilə gətirir, qəhərdən sözləri boğazında düyünlənir:

 

“Eyni vaxtda süfrəyə otururduq. ALLAH verəndən masaya düzüb, yeməyə başlayanda gözümüzü oğurladıb, onun qabına qoyduğum ət tikəsini aparıb pişiklərə yedizdirərdi. Soruşanda deyirdi ki, “ana mən artıq yeməyimi bitirdim”. Uşaqlıqdan həyatdəki bütün pişiklərin, itlərin qayğısına qalırdı. Məktəbə gedəndə verdiyimiz pulu yığıb, onlara yemək alırdı, bala heyvanlara südü əlləri ilə içirdirdi. Evimiz çox kiçik olduğuna görə, pişikləri evə gətirməyə qoymurdum. Amma çox istəyirdi ki, onları evdə saxlasın. Pəncərəmiz evi havalandırmaq üçün həmişə açıq olur. Cavidanın pişikləri də gecə-gündüz pəncərədə otururdular, onları oynadırdı, sığallayırdı. İşdən evə dönəndə pişiklər də dəstə ilə arxasınca gəlirdilər....”.

 

Ana sözünün davamını gətirə bilmir, qəhər onu boğur. Qardaşı Şamxal Cavidanın çox bağlı olduğu bir pişiyin indi də qapının ağzına gəldiyini, pəncərədə oturduğunu deyir:

 

“Qardaşım heyvanların hamısını sevirdi, həmin pişiyə isə xüsusi diqqət göstərirdi. Şəhid olduqdan indiyə qədər pişik saatlarla pəncərədə gəlib oturur, elə bil gözləri Cavidanı axtarır. Bəzən qapını açanda pilləkəndə durduğunu görürük. Yolda da dediyim kimi, qardaşım bütün canlıları sevirdi. Heç vaxt hündürdən danışdığını, kiminləsə mübahisəsi belə olduğunu görmədim. Məhlədə özündən yaşca böyüklərin, elə kiçiklərin də arasında özünə hörmət qazanmışdı. Hamı Cavidanı çox sevirdi. Zəhmətkeş idi, əsgərlikdən qayıtdıqdan sonra evə, ailəyə kömək etmək üçün iş axtarırdı...”

 

Evləri çox kiçik olduğundan Cavidanın heç vaxt yataq otağı, çarpayısı olmayıb, divanda yatıb. Səhər hamı duranda Gülnaz xanım sonbeşiyini yuxudan oyadıb, hansı çarpayı boşalsa, orada bir-iki saat rahat uyumağa göndərirmiş. Amma Cavidan heç vaxt şikayətçi olmayıb. Ailəsinin vəziyyətini bildiyi üçün uşaq yaşlarından onlardan nəsə istəməyib. Ən böyük arzularından biri, böyük, rahat evlərinin olması idi. Gülnaz xanım oğlunun böyüyüb, qardaşları ilə birlikdə işləyib, pul yığıb, ev almaları istəyinin olduğunu deyir:

 

“İnanırdı ki, bir gün rahat, hamının öz çarpayısının, yataq otağının olacağı ev alacağıq. Balam heç vaxt heç nə haqqında pis düşünməzdi, həyat dolu idi, hər şeyin yaxşı olacağına inanırdı. Böyüklərin çoxu işğalın bitəcəyinə ümidlərini itirdiyi halda, Cavidan həmişə deyirdi ki, “ana, torpaqlarımızı ermənilərdən azad edib, şəhidlərimizin qisasını alacağıq. Düşmənə elə bir dərs verəcəyik ki, bir də qorxusundan bizim torpaqlarımıza tərəf baxmayacaq. Sonra da Ağdama, evimizə gedəcəyik”. Cavidan o sözləri deyən haradan biləydim ki, şəhidlərin sırasına mənim balam da qoşulacaq, 18 yaşında ayrıldığım torpağımı sonbeşiyim canı bahasına azad edəcək. Oğlumun arzuları çox idi, hamısını da həyata keçirəcəyinə inanırdı. Sevdiyi qız var idi....”

 

Cavidan 2017-ci ildə 236 saylı orta məktəbi bitirib. 2018-ci ildə hərbi xidmətə çağrılır. Əslində, istəsəydilər əsgərliyə getməzdi, çünki uşaqlıqdan epilepsiya xəstəsi olub. Bununla bağlı sənədlər də var. Amma Cavidan əsgər gedəcəyi günləri sayırdı. Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Əsgərlikdə dəfələrlə diplomlarla, fəxri fərmanlarla təltif olunur, ailəsinə təşəkkür məktubları göndərilir. Xidmətini başa vurub qayıtdıqdan sonra, ailəsi onun bir neçə gün istirahət etməsini istəsə də, Cavidan iş axtarmağa başlayır. “Araz market”lər şəbəkəsində işə düzəlir. İşləyib pul qazanacağı, ailəsinə kömək edəcəyi üçün çox sevinir. İş yerində də məsuliyyəti ilə seçilir, nümunəvi xidmət göstərir, tezliklə kollektivə qaynayıb qarışr. Dəfələrlə həftənin işçisi elan olunur, mükafatlandırılır. Mükafat olaraq hər dəfə 20 manatlıq kart verirlər. Gülnaz xanım indi də kartları saxladığını deyir:

 

“Balam harada olsaydı, orada can-başla, məsuliyyətlə işləyib, xidmət göstərirdi. “Həftənin ən yaxşı işçisi” elan olunanda 20 manatlıq kartı işdən evə gələn kimi sevinə-sevinə mənə verirdi. Hər ay aldığı maaşın da bir qəpiyinə belə dəyməzdi. Gətirib qoyurdu stolun üstünə, “ana, əməkhaqqımı aldım” deyirdi. Ailəsinə kömək etdiyi üçün çox sevinirdi. Mənimlə, atası, qardaşları ilə zarafat etməyi sevirdi. Bir dəfə soruşdu ki, “ana, soyuducuda ət, kolbasa, sosiskadan nəyimiz var”. Dedim ki, mama qurban, heç birindən yoxdur. Üzümə baxıb, gülümsəyərək zarafatla “pişiklərin də yanında xəcalətli olduq” dedi. Hər axşam işdən çıxanda imkanı çatan qədər pişiklərə kolbasa, ət alıb gətirirdi. Yolda tanımadığı bir yaşlı insanın, qadının ağır çantasını alıb kömək edirdi, ehtiyacı olanın əlindən tuturdu balam....”

 

2020-ci il, sentyabrın 20-si Cavidan işdə idi. 21-nə keçən gecə saat bir də xəbər gəlir ki, Cavidanı bələdiyyə nümayəndəliyinə gətirin. Gecə saat 4-də işdən dönən oğlu ilə birlikdə Gülnaz xanım bələdiyyə binasına yollanır. Ürəyində bir narahatlıq var idi. Cavidanın isə çox sevindiyini, az qala uça-uça getdiyini deyir:

 

“Balamın əsgərlikdən qayıtdığı heç bir il deyildi, mən ondan doymamışdım. Narahat idim, yolda Cavidana dedim ki, “birdən müharibə olar, getmə, sən əsgərlikdən yeni gəlmisən”. Üzümə baxıb, “axı anam bizi çağırır” cavabını verdi. Mən də “anan kimdir” soruşanda, “Vətəndir” söylədi. Oğlumun vətənpərvərliyini sözlərlə ifadə edə bilmirəm. O isə şəhidliyi ilə bunu sübut etdi... Həmin gecə apardılar, “bu gecə evimizdə yatsın, sabah gələr” deyəndə, nə Cavidan razı oldu, nə də onlar icazə verdi. Balam getdi....”

 

Cavidan öncə Pirəkəşküldə təlim keçir. Şəhid oğulların əksəriyyəti kimi o da müharibədə, qanlı döyüşlərdə olduğunu ailəsindən gizlədir. Müharibənin başladığı ilk gündən ölüm-qalım savaşına atılır, Füzulinin, Cəbrayılın, Qubadlının və digər torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərir. Cavidanın ailəsi yalnız 12 gün sonra onun savaşda olduğunu biləcəkdi...

 

Gülnaz xanım hər dəfə Cavidanla danışanda top, tüfəng, qulaqtutulan səslərin gəldiyini eşidir və oğlundan harada olduğunu soruşanda, o “təlimdə” cavabını verib. Müharibənin 12-ci günü Cavid qardaşı Şamxalla telefonda danışanda, Gülnaz xanım oğlunun qapını örtüb, o biri otağa keçdiyini və çox yavaş səslə danışdığını görür. Şamxala müharibədə olduğunu deyən Cavidan, bunu anasının bilməməsini israr edir. Amma o gün hər şey məlum olur, ailədə hamı yuxusuz gecələr keçirir, daha çox narahat olmağa başlayırlar. Ömründə yalan danışmayan Cavidan ilk dəfə ailəsinə, ən çox da atasına, anasına görə yalan söyləmişdi...

 

Müharibənin, odun alovun içərisində, güllələr, mərmilər yağarkən yüzlərlə yaralı oğulların həyatını xilas edib, onları qucağına, kürəyinə alıb döyüş meydanından çıxarıb Cavidan. Çiynindəki çantası özündən ağır olan 20 yaşlı gənc, qanaxmadan canını tapşırmaq üzrə olan neçə hərbçimizə ilkin tibbi yardım göstərib və sonradan xəstəxanada həkimlər onlara məhz ilk yardım sayəsində həyatda qaldıqlarını bildiriblər.

 

Ailəsi bütün bunları sonradan öyrənəcəkdi. Cavidanın döyüş yoldaşları, qazilər onların qapısını döyüb, sağ qaldıqları üçün qəhrəman oğullarına borclu olduqlarını bildirəcəkdilər. Gülnaz xanıma qazilərimizdən birinin söylədiklərini o da mənimlə bölüşür:

 

“Qızğın döyüşlər gedən vaxt Cavidan onlarla yaralıya ilkin tibbi yardım göstərir. Yaralılar onları orada qoyub irəliləmələrini istəsələr də, Cavidan razı olmur. İsrarla və çətinliklə yaralılarla birlikdə həmin ərazini tərk edirlər. Çox keçmir ki, bombardman nəticəsində bir az əvvəl olduqları yerdə hər şey göyə sovrulur. Balamın xilas etdiyi yaralı oğullar indi sağalıblar, nə bizi, nə də Cavidanı unutmurlar....”

 

Cavidanın cəbhədə siqaret çəkməyə başladığını, heç vaxt evdən pul istəmədiyini, yalnız orada olarkən 10 manat gərəkdiyini, onların isə 50 manat göndərdiyini, bir gün sonra oğlunun zəng edib, həmin pulu geri qaytaracağını söylədiyini deyən Gülnaz xanımın sözlərinə görə, oğlu səbəbini onunla izah edib ki, yardımsevər biri əsgərlərə çox sayda siqaret göndərib.

 

Müharibədə də fikri ailəsinin yanında idi, 50 manatı xərcləməyə qıymırdı, bilirdi ki, həmin pulla evi bir neçə gün idarə edərlər...

 

Oktyabrın 21-də Cavidanın anası, atası, qardaşları ilə danışdığı son telefon zəngi olur.... Həmin gün ailə ikinci övladları Kənanı da müharibəyə yola salırdılar.... Bir ailədən iki oğul....

 

Gülnaz xanım oğlunun son telefon zəngində səsinin çox yaxşı gəldiyini, sevindiyini deyir:

 

“Gözümüz telefonda qalırdı ki, balam nə vaxt zəng edəcək, ondan zəng gələndə elə bil bütün dünyanı mənə verirdilər. Haradan biləydim ki, həmin gün balamın son zəngidir, son dəfə səsini eşidirəm.... Deyirdi ki, “darıxma ana, hər şey çox gözəldir, torpaqlarımızın yarısını almışıq, böyük qələbəmizə az qaldı. Gəlib səni Ağdama aparacağam”. Elə bil bizi arxayın edirdi, birdən telefon buralarda tutmaz, zəng edə bilmərəm deyib, narahat olmamağımızı bildirirdi. Demə balam bir də heç vaxt zəng etməyəcəkdi....”

 

Oktyabrın 24-ü günortaya yaxın gəlir qara xəbər. Cavidanın şəhid olduğunu atası Nizamiyə küçədə, mağazanın qarşısında deyirlər.... Həyat yoldaşı içəri girəndə Gülnaz xanım görür ki, rəngi ağappaq olub, ağzı əyilib. Ata əsə-əsə Cavidanın şəhid olduğunu deyir. Ananın naləsi yeri-göyü inlədir. Qəhrəman oğullarını qarşılamaq arzusunda olan ailə, tabut yolu gözləyir...

 

Bir gün sonra səhərə yaxın son dəfə Cavidan evlərinə doğru yol alır, son vida üçün.... Ölümlə doğum arasındakı ömür yolu cəmi 20 ilə sığır qəhrəman Cavidanın, amma 20 ildə 100, 1000 illik bir yol qət edir.... 25 oktyabrda Badamdar Şəhidlər xiyabanında dəfn olunur. Bir də 20 illik ömründə 24 rəqəmi var, 24 martda göz açdığı dünyaya 24 oktyabrda vida edir....

 

HAŞİYƏ: Cavidan şəhid olduqdan sonra sosial şəbəkələrdə üzərində “Şəhidləri unutmayın! İbrahimli Cavidan, Bakı, Badamdar” yazılan 5 AZN rəsmi yayılır. Ailə araşdırarkən məlum olur ki, həmin 5 AZN Qazax rayonunda üzə çıxıb. Mağazada müştəri kassaya ödəniş edərkən satıcı qız yazılanları görüb, tez cibindən 5 manat çıxarıb, pulları dəyişib. Sonradan şəkil paylaşıb, ictimailəşdirib. Poçt vasitəsilə pulu Cavidanın ailəsinə göndərib, hazırda 5 AZN şəhidin şəxsi əşyaları  arasında yer alır. Gülnaz xanım ehtimal edir ki, bəlkə də müharibə gedən vaxt, ya sonra hansısa hərbi qulluqçu Qazaxda Cavidanın yazısı olan pulla alış-veriş edib.

 

Kənan qardaşının mərd, dürüst, vicdanlı olduğunu, əgər şəhid olmasaydı, mütləq hardasa içindəki o vətən sevgisini, qəhrəmanlığı göstərəcəyini deyir. Onu da əlavə edir ki, göstərişi sevməyən qardaşının ürəyi sevgi, mərhəmətlə doluydu, ən böyük sevgisi isə vətən, torpaq idi....

 

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Amma Cavidan Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, bu medallarla da təltif edilmək haqqıdır. Ailə bu barədə Müdafiə nazirliyinə müraciət edib. Hələ ki, bir xəbər almayıblar.

 

Cavidanın 40 mərasimi günü atasının ürəyi dözməyib.... Oğlunun 40-ı atanın torpağa tapşırıldığı gün olub....

 

NOT: Cavidanın ailəsi çox kiçik, şəraitsiz bir evdə yaşayır. Şəhidimizin fotolarından, döyüş yolundan, şəxsi əşyalarından ibarət muzey (əgər küncə muzey demək mümkünsə - A.Ə) həm də ailənin oturub, durduğu, yemək yediyi, qonaq qəbul etdiyi balaca otaqdır. Ailə ev üçün müraciət etsə də, onlara “sizin adınıza ev var” cavabı verilib. Təsəvvür edirsiniz, müharibə olanda 20 yaşlı uşağı gecə ilə çağıranlar, şəhid olandan sonra sizin adınıza ev var deyib, rahat kreslolarında heç tükləri belə tərpənmir. Şəhid anasını hansısa idarəyə yollamağa, məktub yazdırmağa, sonra da “yox” cavabı verməyə heç kimin haqqı yoxdur. Şəraiti olan, geniş evdə, ən başda da Şəhidin adına layiq olan evdə yaşamaq, mənzilin bir otağını balasının muzeyi etmək o anaların  haqqıdır. Əmin olmaq istəyirəm ki, qəhrəman şəhidimiz Cavidan İbrahimlinin ailəsi tezliklə mənzillə təmin olunacaq.

 

 

 

Ağanisə Əliqaraqızı
Vesus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI