Mühasirədə yarpaq şehini su əvəzi içən, Nazlısını anasına əmanət edən, arzusu Şuşaya bayraq sancmaq olan, Şuşada can verən ŞƏHİDİMİZ
ŞƏHİD BİLAL: "Bilmək olmaz, elə yerə gedirik ki, dönüşü olmaya bilər…”
Özümü dərk edəndən düşünürəm ki, qəhrəmanlıqlar heç vaxt təsadüf olmur. Elə insanlar var ki, qəhrəmanlıq onlarla birlikdə doğulur. ALLAHIN seçilən, missiyası olan bəndələri kimi gəlirlər bəlkə də bu dünyaya… Şəhid ailələrinin qapısını döyəndə, doğmalarının, yaxınlarının dilindən qəhrəmanlarımızın yarımçıq qalan həyat hekayələrini dinləyəndə buna bir daha əmin oluram. Yəqin ki, müharibə olmasaydı belə, həmin oğullar haradasa, hansısa şəraitdə məqamı çatanda o qəhrəmanlıqlarını göstərəcəkdilər, missiyalarını yerinə yetirəcəkdilər…
44 günlük müharibədə Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçən, uşaqlıqdan ən böyük arzusu Şuşaya getmək, Şuşaya bayraq sancmaq olan, torpaqlarımızın azadlığı uğruna qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Bilal Qənbərovun ailəsini ziyarət edirəm. Bütün şəhidlərimizin evlərində olduğu kimi, divardan Bilalın fotoları boylanır, şəxsi əşyaları - əsgər paltarı, illərlə su içdiyi, üzərində Azərbaycan bayrağı əks olunan fincan, şəhid olarkən cibindən çıxan, sonradan Gültəkin Anaya verilən son yadigarları…
Sentyabrın 29-u Bilalın doğum günü idi, 27 yaşı tamam olurdu. 25 və 26 yaşlarını da hərbi xidmətdə, əsgər yoldaşları ilə birlikdə qarşılamışdı. Sevinirdilər, üç bacının bir qardaşı, evin sonbeşiyi Bilal bu il doğum gününü ailəsi ilə qarşılayacaqdı… Səhərdən telefonu susmurdu, bütün qohumlar, dost-tanışları zəng edib, Bilalı təbrik edirdilər. Hamı ona can sağlığ, uzun ömür arzulayırdı…
Səfərbərliyə könüllü olaraq gedib yazıldığını ailəsindən gizlədir. 2020-ci il, sentyabrın 29-u doğum günü ikinci Qarabağ müharibəsinə yola düşür. Ailəsi də gec saatlarda onunla birlikdə çağırış məntəqəsinə gedir, Gültəkin xanım oğlunun həmin gecəni evdə keçirməsini istəsə də, Bilal razı olmur. “Doğum günümdə dövlətim mənə ən böyük hədiyyəni verdi” deyib, ailəsi ilə vidalaşır…. Anası, bacıları, atası arada olan dəmir qapının arxasından Bilalın üzündən öpüb, yola salırlar və ayrılırlar…
Anası söhbət zamanı deyir ki, Bilal nə qədər ciddi, zəhmli görünsə də, çox zarafatcıl, həyat dolu, deyib gülən, pozitiv enerjisi yüksək biri idi. Onlarla da zarafat edərək, gülərək ayrılıb…
Bilal o gecə təlimə deyil, gizir kimi birbaşa müharibəyə yollanıb. Beyləqana, oradan da Füzuliyə gedib. Füzulidə çox ağır döyüşlərdə iştirak edib. Füzuli düşmən işğalından azad olunduqdan sonra sevinci yerə-göyə sığmırdı. Ailəsi sonradan döyüş yoldaşlarından Bilalın Füzulidə böyük qəhrəmanlıq göstərdiyini, ölümün kandarından döndüyünü öyrənəcəkdi. Qələbəyə çox inanan Bilal hər telefon zəngində anasına hər şeyin yaxşı olacağını deyib, ürək-dirək verirdi. Gültəkin ana deyir ki, narahat idik, gözümüz telefonda qalırdı:
“Hər zəngində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayırdı. Füzuli döyüşlərindən sonra “ana zəng çatmasa, məni axtarmayın, özüm sizi arayacam” dedi. Üç-dörd gün keçirdi, beşinci gün mütləq zəng edirdi. Füzulidəki ağır döyüşlərdən sonra vəziyyətin yaxşı olduğunu bildirib, narahat olmamağımızı tapşırdı. Bilal uşaqlıqdan heç nədən narazı qalmaz, şikayətlənməzdi. Çox yemək də yeyən deyildi, uşaqlıqda ən çox süzməni sevirdi. Sevdiyi yemək isə kartof qızartması idi. Ona görə də bir az rahatlıq tapırdım ki, ac da qalsa, heç nə olmaz. Oğlum onlara hər cür yardım edildiyini, hər şeyin bol, heç nəyə ehtiyacları olmadığını deyirdi. Təkcə onlara dua etməyimizi istəyirdi, bir tək duaya ehtiyacları olduğunu bildirirdi. Mən də ona özüm də daxil olmaqla, bütün Azərbaycan analarının, insanlarının, müharibədə iştirak edən oğullarımıza gecə-gündüz dua etdiklərini deyirdim…”
Bilal hələ kiçik yaşlarından tərbiyəsi, mərdliyi, xeyirxahlığı, dürüstlüyü ilə seçilib. Böyüdükcə onu tanıyan hər kəsin sevdiyi, hörmət etdiyi gənc olub. 1993-cü il sentyabrın 29-da Bakıda dünyaya gəlib. Bilal anadan olanda torpaqlarımız işğal altında idi. Ona 1941-1945-ci illər müharibəsində iştirak edən veteran babası Bilalın adı verilir. Babasının döyüş yolu haqqında danışılanlara həmişə diqqətlə qulaq asıb, Gürcüstana, dədə-baba yurdu Borçalıya gedəndə babasının məzarını ziyarət edib.
Bilal 2000-ci ildə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 nömrəli orta məktəbin birinci sinfinə gedib. Təlim-tərbiyəsi, davranışı ilə müəllimlərinin, sinif yoldaşlarının sevimlisinə çevrilib. O, çox vətənpərvər idi, torpağını, vətənini sevirdi. Hələ uşaqlıqdan ən çox getdiyi yerlərdən biri Şəhidlər Xiyabanı olub. Səyahəti sevən, Azərbaycanın hər yerini qarış-qarış gəzən Bilalın ən böyük arzusu Qarabağa getmək idi. İllər öncə bu barədə sosial şəbəkə hesabında status da paylaşıb…
2018-ci ilin iyul ayında hərbi xidmətə çağırlan Bilal, 2020-ci ilin yanvarın 5-də tərxis olunur. Əsgərlik müddətində də nümunəvi xidmətinə görə seçilir və çox sayda dost, qardaş qazanır. Gültəkin xanım oğlunun çox mehriban, el dilində hamıya tez qaynayıb-qarışdığını deyir:
“Ailədə olduğu kimi, ətrafına qarşı da çox səmimi, böyük-kiçik yeri bilən, mərhəmətli, qəlbi çox təmiz, ürəyi açıq idi, insanlara həmişə inanırdı. Tikəsini tanımadıqları, ehtiyacı olanlarla belə yarı bölərdi. Cəmi üç yaşı var idi, əlindən tutub harasa aparanda, yolda əsgər görən kimi tez dayanıb, əsgər salamı verərdi və “salam əsgər” deyərdi. Bilaldan soruşanda böyüyəndə kim olacaqsan, tez “əsgər olacam” cavabını verərdi. Ən böyük hobbisi maşınlar idi, uşaqlıqda da ancaq maşın oyuncaqlarla oynayırdı. Sakit uşaq idi, heç kimi incitməzdi.….”
Bilalın Füzulidən başlayan döyüş yolu Cəbrayıl, Xocavənd, Hadrut, Şuşaya qədər davam edir. Hər telefon zəngində qələbəyə az qaldığını, torpaqların böyük bir hissəsini azad etdiklərini deyirdi. Gültəkin xanımın sözlərinə görə, Bilal heç vaxt hansısa azad etdikləri yerin adını söyləməzdi, yalnız şifrələrlə danışardı, onlar da şifrələri çözüb, nə demək istədiyini anlayırdılar. Bir dəfə zəng edəndə bacısına Qəmərlidə olduğunu deyir. Gültəkin xanım həmin an oğlunun artıq Şuşada olduğunu bilir. Çünki Borçalıda Qəmərli deyilən aşırım var. Müharibədən, heç vaxt nə şəkil, nə də video paylaşmazdı, heç özünü də çəkməzdi. Şəhidliyindən sonra döyüş yoladaşları ailəyə özlərinin çəkdiyi, Bilalın da çox az yer aldığı bir neçə video göndəriblər.
Bacısı Aida müəllimə qardaşının bahalı telefonunu müharibəyə gedərkən evdə qoyub, yola düşdüyünü deyir. Səbəbini soruşanda Bilal “biz torpağlarımızı düşməndən azad etməyə gedirik, şəkil, video çəkməyə yox…” cavabını verib:
“Müharibədə olarkən bizimlə danışdığı mobil telefona kontur yükləyirdik. Amma həmin konturu Bilalın evə qoyub getdiyi maaş kartından yükləməliydik. O özü bunu istəyirdi. Heç vaxt heç kimə qıymazdı. Məndən maaşının kartına köçürülüb, köçürülmədiyini soruşurdu. Bilal çox dəqiq idi. Qardaşım əsgərlikdən qayıtdıqdan sonra elə bilirdim ki, bir daha ayrılmayacağıq. Mən onun müharibədən də qayıdacağına çox inanırdım. Uşaqlıqda da mehriban idi, həmişə bir yerdə olurduq. Qardaşım şəhid olandan sonra anladım ki, mən qəhrəmanla bir yerdə böyümüşəm, uşaqlığımız, gəncliyimiz bir yerdə keçib. Nə yaxşı ki, mənim qardaşım Bilal olub….”
Müharibədə, odun-alovun içində olan Bilal ən çox qızı, canından çox sevdiyi 3 yaşlı Nazlısından nigaran idi, hər telefon danışığında onu soruşurdu…
Bilal sevib-seçdiyi qızla çox gənc yaşda ailə qurur. Sonra Nazlıları dünyaya gəlir. Tale elə gətirir ki, bu ailənin ömrü uzun sürmür, Bilal müharibəyə yola düşməmişdən 12 gün öncə ayrılırlar. Amma Nazlıya görə zaman-zaman bir araya gələcəklərini düşünərkən, Bilal əbədi bir yola çıxacaqdı… Nazlısını da son dəfə sentyabrın 29-u görüb, 27 yaşını ilk olaraq qızı ilə birlikdə qeyd edib. Bilal bütün boş vaxtlarını qızı ilə keçirərdi. Onunla bağlı çox böyük arzuları vardı, Nazlısının adı dilindən düşməzdi. Ən böyük istəyi Nazlının xoşbəxt böyüməsi, ali məktəbə qəbul olması idi. Divarda Bilalın fotosu, aşağıda isə 5 yaşlı Nazlısının atası üçün çəkdiyi rəsmlər var. Ən çox atası ilə birlikdə getdikləri, gəzdikləri yerlərə getmək istəyir…
…Döyüşlərin birində Bilal ayağından yaralanır. Xəstəxanaya aparmaq istəsələr də, israrla irəli addımlayır. Sonradan döyüş yoldaşları ailəyə mühasirəyə düşdüklərindən, çox ağır vəziyyətdə, ölümün bir addımlığında olduqlarından, susuzluqdan yanarkən meşədə yarpaqların şehi ilə dodaqlarını islatdıqlarından, yenə də Bilalın ümidini itirmədiyindən söhbət açacaqdılar…
Bilal Cəbrayıl uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərir. Hadrutu işğaldan azad etdikdən sonra anasına telefonda o yerlərin gözəlliyindən danışıb.
Oktyabrın 31-i axşam zəng edir. Bu Bilalın ailəsinə son zəngi olur… Anası Gültəkin xanım da, bacısı Aida müəllimə də müharibəyə getdiyi gündən bəri ilk dəfə Bilalın səsindəki narahatlığı hiss ediblər. Tələm-tələsik danışıb, elə bil harasa tələsirdi deyir, Gültəkin xanım:
“Torpaqlarımızın özümüzə qayıtdığına çox sevinirdi, amma səsində narahatlıq vardı. Elə ilk gündən son telefon danışığına qədər “mənim də vətənə bir xeyrim olsun” deyirdi. Onsuz da müharibə başlayandan, oğlum cəbhəyə gedəndən bütün analar kimi mən də gecə-gündüz dua edirdim. Onu da dedi ki, “ana, Nazlımla birlikdə mütləq gəlib Hadruta, Şuşaya, Qarabağa gedərsiniz, görərsiniz ki, bizim necə cənnət torpaqlarımız var…” Mən də ona, “niyə gedərsiniz deyirsən, oğlum? Elə sən bizi apararsan, hamımız birlikdə gedərik” cavabını verdim. Bir neçə saniyə susdu, sonra - “Bilmək olmaz, bu son danışığımız ola bilər. ALLAHA əmanət edirəm sizi, qızımı da sizə… Nazlımdan muğayat olun. Ordumuza dua edin ana, çünki bizi sizin dualarınız qoruyur. Bilmək olmaz elə yerə gedirik ki, dönüşü olmaya bilər…” dedi oğlum”…
Bu zəng qəhrəman Bilalın ailəsi ilə son telefon danışığı olur… Bəlkə də o gün anası, atası, bacıları ilə halallaşırdı, vəsiyyətini edirdi Bilal. Ailənin tək oğlu, üç bacının bir qardaşı, bütün nəslin, tanıyanların sevimlisi, yaraşıqlı, sarışın, uca boylu Bilal sevgi içində böyümüşdü. Yayda dədə-baba yurdu Borçalıya Arıxlıya gedəndə bütün qohumlar, qonşular onunla görüşməyə gəlirdilər. Bilal isə son telefon zəngi ilə hamıya vida etdi…
Noyabrın 4-ü Bilal bayraq sancmaq arzusu ilə yaşadığı Şuşada qəhrəmancasına şəhid olur. Düşmən istehkamını darmadağın edən Bilal qolundan yaralanır, uzun müddət neytral zonada qalır. Qanaxmadan halsız olan Bilalı komandiri, döyüş yoldaşları oradan çıxarıb, çiyinlərinə götürüb, neçə kilometr piyada yol qət edirlər… Bilal onlara “mən şəhid olacağam” deyir və su istəyir. Damarı kəsildiyi, qanaxma güçləndiyi üçün su ilə onun dodaqlarını isladırlar. Şəhid olacağını deyən, qanı Şuşa torpağına hopan Bilal şəhidlik zirvəsinə ucalır…
O geçə bacıların hamısı yuxu görmüşdü. Aida bacısı isə Bilalın qolundan yaralandığını görmüşdü yuxuda. Narahat idilər, yuxularını yaxşılığa yozub, Bilaldan zəng gözləyirdilər… Amma… Zəng deyil, noyabrın 5-də qara xəbər gəldi. Bilalı tanıyanlar, qonşular, qohumlar, dostları, hər kəs sarsılmışdı bu xəbərdən. Noyabrın 6-da qəhrəman şəhidimiz Bilal Qənbərov Badamdar qəbristanlığında torpağa tapşırıldı. Ölümü ilə əbədi yaşamaq haqqı qazanan, qəhrəmanlığı ilə qəlblərə köçən Oğullarımızdan biri də Vətənə dönüb Vətən oldu…
Şəhid olduqdan sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bilalın döyüş dostları onun ailəsini ziyarət edir, görüşür, xatirələrini bölüşürlər. Füzuli uğrunda gedən döyüşlərdə birlikdə döyüşdüyü əsgər dostunun dediklərindən:
“Aramızda iki Bilal var idi. Qənbərov Bilalı saç rənginə görə “Sarı” ləqəbi ilə çağırırdıq. O çox zarafatcıl, pozitiv, mərhəmətli idi. Müharibə şəraitində yaşadığımız çətinliklərə baxmayaraq, öz zarafatlarından qalmırdı və komandanın ruhunu yüksəldirdi. Həmişə qızından danışırdı. İlk gündən etibarən bir yerdə olsaq da, Füzulidə yollarımız ayrıldı. Mən yaralandım və yoldaşlarımdan ayrı düşdüm. Sarının (Bilalın) artıq aramızda olmadığına inanmıram”…
Hadrutdan Şuşaya qədər birlikdə döyüş yolu keçən əsgər yoldaşının dediklərindən:
“Biz üç dost idik, yediyimizi, içdiyimizi yarı bölürdük. Həmişə qızı Nazlı haqqında danışırdı. Yaşadığımız ünvanları bir-birimizə vermişdik ki, müharibədən sonra da əlaqə saxlayarıq. Mən 2 noyabrda qəlpə yarası aldım. Bilal və Əbdül məni xəstəxanaya yola saldılar. İndi isə öyrənirəm ki, nə Bilal var, nə də Əbdül. Mənim üçün danışmaq çox çətindir”…
Bilal cəmi 27 il ömür yaşadı… Amma 27 illik ömründə ölümü ilə elə bir qəhrəmanlıq tarixi yazdı ki, cild-cild kitablara belə sığmaz… Azərbaycan gəncliyinə örnək olacaq Bilal ömrü… Bu məmləkət var olduqca, Bilallar da yaşayacaq, var olacaqlar…
Ağanisə Əliqaraqızı
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi