Yarası sağalan Vətənimizə baxıb, VƏTƏN SAĞ OLSUN deyirəm
Şəhidi Səyavuş Kəlbalıyevin həyat yolunu anasının söhbətlərindən tanıyaq
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Səyavuş Hümbət oğlu Kəlbalıyevin (16 oktyabr 1987-ci il Cəbrayıl rayonu, Horovlu kəndi – 29 sentyabr 2020-ci il Füzuli rayonu, Alxanlı kəndi) anası Yeganə Quliyeva ilə müsahibə.
Bu günlərdə hər an yaşadığımız, yaşatdığımız, yad edib andığımız, ürəyimizdə, qəlbimizdə əbədi iz salmış və orada qalmış, həm kədər, həm sevinc hissləri yaşadan, Azərbaycan üçün 200 illik bir tarixdə ən şərəfli, qürurverici olan bir gün də təqvim yarpaqlarında yenə də öz izini qoydu. Əlbəttə ki, söhbət 27 sentyabr — Anım Günündən gedir. 27 sentyabr 2020-ci ildən başladığım, zərrə-zərrə yerinə yetirməyə çalışdığım bu borc işi, bu haqq işi hər zaman olduğu kimi bu gün də mənim həyatımın əsas, aparıcı, zəruri olan bir parçasına, bəlkə də məni yaşadan ürəyimə hopub. Yazılarımda ən çox bu mövzuya yer verməyə, günü-gündən öz əhatə dairəmin xaricinə çıxaraq bu vəsiləylə daha çox məlumatlar öyrənməyə, öyrətməyə, bildirməyə çalışmışam, çalışıram və çalışacağam. Hər bir Azərbaycan övladı kimi mən də çalışıram ki, vətən uğrunda öz ömrünü ölümsüz vətənə qurban edib ölümsüzləşdirən azadlıq fədailərini uğrunda canını verdikləri bu millət, bu vətən, bu vətənin övladları daha yaxından tanısın, tanıtsın, onları unutmasın və unutdurmasın. Bu işdə zərrə qədər də olsa, öz borcumu ödəyə bilmişəmsə, özümü xoşbəxtlərin xoşbəxti kimi hesab edirəm.
Bu dəfəki yazımda da məqsədim və niyyətim Vətən müharibəsinin vətəni yaşadıb özünü sevdiyi vətəni yolunda qurban vermiş daha bir şəhidimizin ailəsindən, şəhid anasından öz övladı haqqında, onun dastana dönən ömür yolu haqqında müsahibə aparmaq, şəhid anasının ağzından süzülən o müqəddəs sözləri qələmə almaqdan ibarət oldu. Niyyətimi gerçəkləşdirməkdə mənə kömək etdiyi və suallarıma səmimi bir şəkildə cavab verdiyi üçün şəhidimizin anası Yeganə anaya əvvəlcədən dərin minnətdarlığımı bildirir, əllərindən öpürəm. Sadəcə 6 il gördüyü, 6 yaşında tərk etməyə məcbur olduğu Qarabağa 32 yaşında qayıdan, dünyaya göz açdığı torpaqlarda dünyadan şəhid kimi cənnətə köçən və əbədiyaşarlıq qazanan qəhrəmanımız, fədaimiz — şəhid mayor Səyavuş Hümbət oğlu Kəlbalıyev haqqında anası Yeganə anadan götürdüyüm müsahibəni oxuculara təqdim edirəm.
- Salam, ana. Zəhmət olmasa, özünüzü oxucularımıza, izləyicilərimizə təqdim edə bilərsinizmi?
- Salam, oğlum. Mən Quliyeva Yeganə İsmayıl qızı — Vətən müharibəsi şəhidi, mayor Səyavuş Kəlbalıyevin anasıyam.
- Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Səyavuş Kəlbalıyev haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? Bir ana kimi onun uşaqlıq vaxtlarını, ailədə, başqa insanlar, yaşıdları arasında özünü necə aparmasını xarakterizə edə bilərsinizmi?
- Səyavuş ailəmizdə mənim ilk övladım, ailəmizin ilki idi. O lap uşaqlıqdan xarakterinə, gözəl xasiyyətinə görə başqalarından, əsasən də həmyaşıdlarından çox seçilir, tanıyanların diqqətini cəlb edirdi. O çox qayğıkeş, zəhmətsevər, səmimi qəlbli, düzgünlüyü sevən biri idi. Hələ kiçik vaxtlarından ailənin, bacı-qardaşlarının qeydinə qalan, bacardığı qədər onların yüklərini öz üzərinə götürən və çətinlikdən çıxış yolu axtaran ağıllı bir uşaq olub.
- Bildiyimə görə, Şəhidimiz Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya göz açmışdır. Şəhidimizin qaçqın həyatı barədə nə deyə bilərsiniz? Səyavuş ilk dəfə Qarabağı, öz doğma yurdu Cəbrayılı ilə hansı şəraitdə və necə tanış olmuşdu?
- Səyavuş 16 oktyabr 1987-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Uşaqlıqdan çox ağıllı, tərbiyəli, söz eşidən, valideynlərini, müəllimlərini incitməyən uşaq idi. 6 yaşınadək Səyavuşun uşaqlığı Cəbrayılda, kəndimiz Horovluda keçib. Təəssüf ki, bu gözəl anlar çox çəkmədi. 1993-cü ildə erməni cəlladları tərəfindən məcburi olaraq ev-eşiyimizdən, yurd-yuvamızdan çıxarıldıq, didərgin salındıq. Başqa məcburi köçkünlər kimi biz də respublikanın müxtəlif regionlarına səpələndik, pərən-pərən düşdük, qohum-qardaşa, el-obaya həsrət qaldıq. Əvvəlcə biz Bakı şəhərinin Zığ qəsəbəsində məskunlaşdıq. Ona görə də Səyavuşun məktəb yaşı çatdığından o, məktəbin ibtidai sinfinə Zığ qəsəbəsində getdi. Həmin vaxtda dolanışığımız çox çətin olduğu üçün Səyavuş lap tezdən, hər kəsdən əvvəl yuxudan oyanar, heyvanları otlağa aparar, saat 8-də qaçaqaçla evə gələrək bacısını məktəbə aparar, sonra yenə işlərinin ardınca gedərdi. Günorta bacısını məktəbdən gətirər, özü hazırlaşıb məktəbə gedərdi. Bir müddət sonra biz oradan Sabunçu rayonunun Pirşağı qəsəbəsinə köçdük və 16 il qatar vaqonunda məskunlaşıb orada yaşamalı olduq. Həmin vaxtlar biz çox imkansız idik, hətta uşaqların məktəb paltarını, kitab-dəftəri belə almağa çətinlik çəkirdik. Ona görə də dərslər bağlanandan sonra Səyavuş bütün yay boyu özü işləyər, həm özünün, həm də bacı-qardaşının paltarlarını və məktəb ləvazimatlarını alar, öz zəhməti bahasına onların ehtiyaclarını ödəyərdi. Dərs kitablarını isə sinif yoldaşlarından alıb oxuyardı. Bu çətinliklərlə bərabər o heç bir zaman zəif oxumadı. Elə yoldaşlarından kitab alaraq, əlavə müəllim yanına hazırlığa getmədən 520 balla Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Onun məqsədi də hərbi təhsil alıb uşaq yaşlarında məcburən tərk etdiyi torpaqlarımıza qalib Azərbaycan əsgəri kimi dönmək, düşmənləri əzib oradan qovmaqdan ibarət idi. O, Cəbrayılı, onun uşaqlıq illərinin keçdiyi Horovlumuzu bir an olsun yaddan çıxarmırdı, daim oraların həsrəti ilə yaşayırdı.
- Şəhidimizin uşaqlıq və gənclik illərində xasiyyəti necə idi? Böyüklə, kiçiklə, sinif və kursant yoldaşları ilə münasibəti necə idi?
- Səyavuşun dilində həmişə bir sözü vardı: “Çətin yolda rəqib az olar”. Özünü çətinliyə vurmağı, müraciət etdiyi hər işdən mütləq uğurla çıxmağı sevən insan idi. Bu, özünü onun xasiyyətində də büruzə verirdi. Olduqca ağır təbiətli — hərbiçi xasiyyətli biri idi. Sanki hərbiçi rejimi onun xarakterində də özünü göstərirdi. O, bizim yanımızda olanda da, işdə olanda da sadəcə səsinin gəlməsi bəs edirdi ki, hər kəs onun varlığını hiss etsin. Yanımızda olmasa belə, 3-4 aydan bir evə gəlsə də kiçik bir ehtiyacımızda həmişə öz varlığını hiss etdirirdi. Özü də həmişə deyirdi ki, hər kəs məni çox sərt xarakterli biri kimi tanıyır. Amma əslində o, başqalarına qarşı olduqca mehriban, həlim və mərhəmətli insan idi. Böyüklə böyük, kiçiklə kiçik olurdu. Onun ailəsinə, övladlarına olan münasibətini görsəydiniz, deməzdiniz ki, o sərt xarakterli, xasiyyətli Səyavuş bu insandır. O, övladlarına çox bağlı, onları canı qədər sevən bir insan idi. Bununla bərabər onda başqalarına qarşı yerində səmimiyyət, xoş münasibət, qayğıkeşlik var idi. Uşaqlıqdan bu xasiyyətlər onda cəmləşmiş, özü böyüdükcə inkişaf etmiş, püxtələşmişdi. Dostlarının, tanışlarının, tələbə və iş yoldaşlarının haqlı işinə görə özünü fəda edərdi.
- Şəhidimizin ailəsinə, uşaqlarına qarşı münasibəti necə idi?
- Mənim fikrimcə hərbiçilər, adətən, ailələrinə, övladlarına bağlı insanlar olurlar. Bəlkə də bu, onların uzun müddət ailələrini görə bilməməsindən irəli gəlir. Amma Səyavuşdakı ailə, övlad istəyi işi ilə bağlı deyildi. Bu, onun xarakteri idi. İmkanı daxilində, ən az müddətdə olan asudə vaxtını belə ailəsinə, övladlarına ayırmağı çox sevirdi. Telefonla tez-tez əlaqə saxlayır, oğluna gələcəyini, onları da öz yanına aparacağını deyirdi. Böyük nəvəm rayonda olarkən çox vaxt atası ilə birlikdə hərbi hissəyə, onun iş yerinə gedər, gününün çoxunu atasının yanında keçirərdi. Soruşanda deyirdi ki, qoy oğlum əsl əsgər həyatı yaşasın, o həyata indidən öyrəşsin, alışsın. Bəlkə də indi ona görədir ki, nəvəm Hümbət atasının yoxluğunu çox ağır acı ilə, əvəzolunmaz itki kimi keçirir və onun yoxluğunu qəbul edə bilmir. Son vaxtlarda uşaqlarına çox hədiyyə alırdı. Şəhid olacağı, onlara bir də nəsə ala bilməyəcəyi, bəlkə də ürəyinə dammışdı. Deyirdi ki, bilmək olmaz, bəlkə, gələn il heç mən olmayacağam, mənim övladlarım kiməsə baxıb “onun atası var” deməsin. Belə deyərdim ki, Səyavuş övladları üçün ola biləcək ən mükəmməl ata nümunəsi idi. Ümumiyyətlə, o, siqaret və bu kimi zərərli vərdişlərdən uşaqlıq vaxtlarından uzaq idi, övladlarının yanında isə artıq-əskik bir kəlmə belə danışmazdı ki, mənim evimdə 2 oğlan övladım böyüyür və mən onlara nümunə olmalıyam. Çox ailəcanlı, uşaqcanlı idi.
- Zəhmət olmasa, Şəhidimizin əsgərlik həyatından və ilk hərbi xidmətə necə yollanmasından danışardınız.
- Səyavuş çox çətinliklər görməsinə baxmayaraq dərslərinə çox məsuliyyətli idi və çox ciddi hazırlaşırdı. Ona görə də qəbul imtahanlarından 520 bal topladı. Texniki fənləri — riyaziyyatı, fizikanı olduqca gözəl bilirdi. O, əvvəlcə riyaziyyat müəllimi olmaq istəyirdi. Topladığı bal da buna imkan verirdi ki, istədiyi ixtisası seçsin. Lakin çox düşündükdən sonra hərb sahəsini seçdi və sənədlərini H.Əliyev adına Ali Hərbi Məktəbə verdi. O çox özünə qapalı uşaq idi, fikirlərini bölüşməyi sevmirdi, onun qərarları da yalnız özünə məxsus idi. Nəyi düşünürdüsə, ona uyğun qərar verirdi və qərarının da arxasında dayanırdı. Sonra yoldaşlarından eşitdik ki, Səyavuşun Qarabağa — Cəbrayıla qayıtmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək istəyi sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə vermək qərarına gətirmişdir. O hətta kursant olduğu vaxtlarda da dəstəyini bizdən əskik etmirdi. Ali məktəbi bitirdikdən sonra təyinatla bir sıra ön cəbhədəki hərbi hissələrdə xidmət etdi. Peşəsini həddən artıq çox sevirdi, çox intizamlı, məsuliyyətli, hərbi formasını səliqəli daşıyan, hərbiçi yoldaşlarına qarşı qayğıkeş, səmimi, eyni zamanda tabeçiliyində olanlara qarşı həm də tələbkar idi. Məhz bu xarakterlərinə görə o, 16 illik hərbi fəaliyyətində mayor rütbəsinə qədər yüksəlməyi bacarmışdı.
- Şəhidimizin bir zabit mundiri daşıyan peşəkar komandir kimi tabeliyində olan əsgərləri ilə münasibəti necə idi?
- Adətən, belə deyirlər ki, komandirlər əsgərlərini öz övladı, öz qardaşı kimi görür, sevirlər. Bəli, Səyavuş da eyni ilə belə komandir idi. Onun tabeçiliyində xidmət etmiş hərbiçilər əbəs yerə onu bu gün kədərlə anmırlar. Çünki həmişə o, əsgərlərini düşünən, onların sıxıntısı ilə maraqlanan insan olub. Bəli, qeyd etdiyim kimi onda bir hərbiçi sərtliyi var idi. Amma bu sərtlik də onun işi ilə bağlı idi, işi bu sərt xarakteri tələb edirdi. Əsgərlərinə keçdiyi dərsləri, hərbi hazırlıqları öncə özü yerinə yetirər, özü nümunə olar, sonra əsgərlərindən bunu tələb edərdi. Çünki o, işinin fərqində idi. Anlayırdı ki, hərb sadəcə bir iş deyil, vətənin müdafiəsi, müqəddəs peşədir. Düşmən üzərində qələbə çalmaq üçün mütləq həm savadlı hərbiçi, həm sağlam idmançı, həm də peşəkar əsgər olmalısan. Bu iş yola verilə bilməzdi, bu işdə güzəştə gedilə bilməzdi. Çünki döyüş vaxtı düşmən heç nəyi güzəştə getmir. Məhz Səyavuş kimi hərbiçilərin, onların hazırlıqlarının sayəsində biz düşmən üzərində qələbə çaldıq, böyük zəfərə nail olduq. Torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün biz qalibik. Qarabağ Azərbaycandır deyə bilirik.
- Şəhidimizin hərbi təlimləri barəsində nə deyə bilərsiniz? O, hərbi təlimlərdə tez-tez olurdumu, bu təlimlərdə olarkən yorğunluğu hiss olunurdumu?
- Səyavuş hərbi təlimlərdə tez-tez olurdu. Bəzi hallarda hərbi təlimlərə görə həftələrlə, hətta aylarla evə gəlmədiyi vaxtlar olurdu. O, təlimlərdən xüsusi zövq alırdı və təlimlərdə yorulmadan çalışırdı. Təlimlərdən qayıdanda biz onda heç bir yorğunluq əhval-ruhiyyəsi hiss etməzdik. Deyirdi ki, təlim nə qədər çətin olsa, döyüş o qədər asanlaşır. Təlimlərdə olduğu vaxtlarda da imkan tapan kimi 5 dəqiqə vaxt ərzində belə ailəsi ilə, bizimlə əlaqə saxlayar, hal-əhval tutardı. Çünki onun üçün narahat olduğumuzu özü bilirdi. İndi həmin çətin təlimlərin nəticəsində biz qələbə qazandıq.
- Şəhidimiz Vətən müharibəsi başlayanadək Qarabağla, Cəbrayılla, doğulduğu Horovlu kəndi ilə bağlı söhbət açırdımı?
- Səyavuş “N” saylı hərbi hissəsinin kəşfiyyat rəisi vəzifəsində çalışırdı. O nəinki bir kəşfiyyatçı, nəinki bir hərbiçi, ümumiyyətlə, bir vətəndaş olaraq belə işi ilə bağlı bizimlə qəti heç nə danışmırdı. İşi işdə qoyar, evə sıravi bir vətəndaş, ailə başçısı, ata olaraq gəlirdi. Qarabağla, Cəbrayılla, kəndimizlə bağlı isə onun öz xatirələri vardı. Həmişə rayondakı evimizin yollarını soruşurdu. Bir gün ora gedəcəyindən əmin idi, onun da, elə bizim də xəyalımızda Qarabağ, Cəbrayıl, kəndimiz, evimiz bizim qoyub getdiyimiz kimi idi. Heç ağlımıza da gəlməzdi ki, erməni vəhşiləri, vandalları evlərimizi bu qədər dağıdar, bu qədər vəhşilik edər, bu qədər ekoloji terror törədib təbiəti darmadağın edərlər. Mənə belə gəlir ki, Səyavuş evimizin yollarını soruşanda, yəqin ki, o yollarla evimizə getmək istəyirdi. Yəqin, onun da ağlına gəlmirdi ki, o yollardan əsər-əlamət qalmayıb, talanıb, viran qoyulub. Amma həmişə onu deyirdi ki, bir gün həmin yerlərə qalib ordunun əsgərləri kimi gedəcəyik.
- Səyavuş Vətən müharibəsinə yollananda bir ana kimi hansı hissləri keçirdiniz və onu hansı hisslərlə döyüş meydanına yola saldınız?
- Biz Səyavuşun müharibəyə nə vaxt yollandığından xəbərsiz idik. Çünki o elə həmişə ön cəbhədə, təmas xəttində, düşmənlə üzbəüz olurdu. Müharibənin nə vaxtsa olacağını bilirdik, ona görə ki, torpaqlarımız mənfur düşmənlərimiz tərəfindən işğal olunmuşdu, keçən bu 30 ilə yaxın müddətdə onlar bizim torpaqlarımızdan sülh yolu ilə çıxmaq istəmirdilər və çıxmayacaqdılar da. Ancaq müharibənin nə vaxt başlayacağı barədə Səyavuş azacıq da olsa, bizə ipucu verməmişdi. O, işi barədə, ümumiyyətlə, bizə heç nə danışmazdı. Başqaları kimi Vətən müharibəsinin başlaması barədə xəbərləri biz də elə 2020-ci ilin sentyabrın 27-də televiziyada verilən xəbərlərdən eşidib bildik. Təbii ki, övladım ön cəbhədəydi və bir ana kimi mən də bundan çox narahat oldum. Onların sağlığı və qələbə ilə qayıtmaları üçün Allaha dua etdim.
- Vətən müharibəsinin gedişi zamanı qəhrəmanımızla hansı vasitələrlə və nə qədər müddətdən bir əlaqə saxlaya bilirdiniz?
- Çox təəssüflənirəm ki, müharibənin gedişi zamanı Səyavuşla əlaqə saxlamaq imkanım olmadı. Müharibə başlayan günü səhər tezdən telefonla zəng edərək həyat yoldaşı ilə əlaqə saxlayıb, övladlarını, bizi soruşub. Qısa söhbəti zamanı deyib ki, imkan varsa, getməyin, gəlib uşaqlarımı görəcəyəm. Ondan sonra telefonlarını söndürüb. Bir daha onunla əlaqə saxlaya bilmədik.
- Səyavuşun şəhid olması xəbərini, bu çətin, ağır, üzücü xəbəri nə vaxt, kimdən eşitdiniz?
- Ondan bir neçə gün məlumat ala bilmədiyimiz üçün Beyləqan rayonuna, ailəsi ilə yaşadığı evə getdik və onu axtardıq. Bir çox yerlərlə dəfələrlə əlaqə saxladıq. Hər birində bizə yaxşı olduğunu, imkan tapsa, bizimlə əlaqə saxlayacağını dedilər. Bu xəbərlər bizi az da olsa, rahatladır, ümidləndirirdi. Çünki biz bilirdik ki, Səyavuş kəşfiyyatçıdır və kəşfiyyatçıların tapşırığı icra etməsi ilə əlaqədar onlar bir müddət gizli də fəaliyyət göstərə bilərlər. Lakin bizim düşündüyümüz kimi deyilmiş. Demə, elə həmin vaxt oğlum artıq şəhid olubmuş.
2020-ci ilin sentyabr ayının 29-da biz Bakıya qayıtmaq istəyirdik. Bu vaxt bir zəng gəldi. Həmin zəngə əsasən Səyavuşun atası və qardaşı onlara deyilən ünvana getdilər. Biz əvvəlcə elə bildik ki, onlar Səyavuşla görüşməyə gediblər. Bir müddətdən sonra atası mənə zəng edərək Səyavuşun yaralandığını, hospitala gətirildiyini dedi. Təcili Füzuli rayonunda yerləşən hərbi hospitala yollandıq. Onu bir neçə xəstəxanada, hospitalda axtardıq. Lakin onun barəsində bir məlumat ala bilmədik. Ondan sonra xəstəxanadan bizi Füzulidə məscidə göndərdilər. Nə baş verdiyini anlaya bilmirdik. Axı niyə? Niyə məscidə gedirdik? Demə, oğlumun nəşi artıq məsciddə imiş. Bizi oradan yenidən xəstəxanaya göndərdilər. Ardınca isə o dəhşətli zəng gəldi. Atasının səsi batmışdı, dedi ki, Səyavuş şəhid olub, onun cənazəsini təcili yardım avtomaşını ilə Bakıya yola saldıq. Ondan sonrasını xatırlamıram desəm, bəlkə də doğru olmaz. Bakıya qədər bütün yol boyu öndə Səyavuş getdi, biz də onun arxasınca düşdük. Onun böyük oğlu Hümbət bizə təskinlik verməyə çalışırdı. “Atam sağdır, nəsə olsa, atam mənə zəng edər” — deyirdi. O anda keçirdiklərimi dilə gətirib danışmaq indi də mənim üçün çox çətindir…
- Bir ana kimi şəhidimizin gələcək planları barədə bilirdinizmi, əgər bilirdinizsə, bu barədə nə deyə bilərsiniz?
- Onun gələcək planlarını bilən bir anası kimi onu deyə bilərəm ki, bildiyimə görə onun bütün gələcək planları övladları ilə bağlı idi. Amma məncə, o, özünün ən böyük arzusunu, planını həyata keçirdi. Çünki həmişə deyirdi ki, müharibə — Qarabağın azad olunması məsələsi mənim övladlarıma, gələcək nəsillərimizə miras qalsa, mən buna dözə bilmərəm. O, bu arzusuna yetdi, planını həyata keçirdi, qanı, canı bahasına Qarabağı özü və özü kimi vətənsevərlərlə birlikdə azad etdi, övladlarına miras saxlamadı. Övladlarının gözəl təhsil almasını, vətənə layiq övlad olmasını istəyirdi. Bunları tez-tez dilinə gətirərdi. Hazırda övladları Səyavuşun bu arzusunu reallaşdırmaq üçün qətiyyətlə böyüyür və çalışırlar. İnanıram ki, oğlumun bu arzusunu onun övladları yerinə yetirəcəklər.
- 44 gün davam edən şanlı Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz düşmən ordusunu darmadağın etdi və onun üzərində qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasından, Səyavuşun şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?
- Səyavuş Vətən müharibəsi zamanı “N” saylı hərbi hissənin kəşfiyyat rəisi vəzifəsində, rəhbərlik etdiyi qrupu ilə döyüşmüş və düşmənə sarsıdıcı zərbə endirməklə onların xeyli sayda canlı qüvvəsini məhv etmiş, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda qarşıya qoyulan vəzifə borcunu yerinə yetirərkən mənfur düşmənlərin çoxsaylı itkilər verməsinə səbəb olmuşdur. Döyüş yoldaşlarının söylədiklərinə görə Səyavuş hər kəsdən öncə Füzuli istiqamətində irəliləmiş, çoxsaylı düşmən postu yarmış, əsgərlərimizin düşmən üzərinə hücuma keçməsi üçün şərait yaratmışdır. Onunla əlaqə saxlayanda yoldaşlarına bildirib ki, mən öndə sizə yol açacağam, siz arxadan rahatlıqla gəlin. Çox irəliləyərək arxadan gələn döyüşçü dəstələrinə yol açıb. Eyni zamanda ermənilərin 30 ildir bütün dünyaya keçilməz sədd olaraq tanıtmağa çalışdıqları “Ohanyan” səddini də ilk yaran kəşfiyyat briqadası məhz Səyavuş Kəlbalıyevin qrupu olub və əməliyyatlara şəxsən özü rəhbərlik edərək düşmənin 3 böyük eşalonunu yarıb. Sonuncu dəfə Füzulinin Alxanlı kəndində su kanalına girərək orada əlverişli mövqe tutub. Döyüşçü yoldaşlarına deyib ki, öncə mən gedim, heç nə olmasa, ardımca siz gələrsiniz. Körpüdən keçərkən düşmən tərəfindən atılan minamyotun qəlpələrinin zərbəsindən balam qəhrəmancasına şəhid olub.
“N” saylı hərbi hissənin kəşfiyyat rəisi, mayor Səyavuş Kəlbalıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, qarşıya qoyulmuş hərbi tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsində göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzuli rayonunun işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib. Dövlətimiz tərəfindən övladımın müxtəlif orden-medallarla təltif edilməsi, bu gün yaşadığımız küçənin onun adını daşıması bir şəhid anası olaraq mənim üçün çox böyük qürurdur. Bizi Səyavuşun özünün də dediyi kimi torpaqlarımıza oğlum və oğlum kimi vətən fədailəri qaytardı. Çox istərdim ki, doğma kəndimizi, evimizi oğlumun gözü ilə görüm, onun ayağı ilə o torpaqlarda gəzim. Bizi oralara məhz Səyavuş özü aparsın. Oğlunu çiyinlərinə alıb o torpaqlarda fəxrlə gəzdirsin. İndi də cənnətindən o torpaqlara fəxrlə baxır, bundan əminəm. Çünki onun sayəsində torpaqlarımız öz azadlığına qovuşdu. Alnımızdakı o qara ləkə silindi. Xocalı faciəsi, özünün yaşadığı o ağır məcburi köçkünlük həyatı Səyavuşda ermənilərə qarşı bir kin, nifrət, qisas hissi yaratmışdı. Hər zaman o, bu qisas hissi ilə yaşayırdı və şükürlər olsun ki, sağlığında qisasını da aldı. Bu gün bir təskinliyim var ki, torpaqlarımızı bizə qaytardı.
- Son olaraq şəhid mayorumuz Səyavuş Kəlbalıyevin anası kimi şəhid ailələrinə, şəhid övladlarına və biz gənclərə nə arzulayar, nə tövsiyə edərdiniz?
- Hər kəs bu gün üçün şəhidlərimizin ruhuna, onların ailələrinə borclu olduğunu bildirir. Demək istəyirəm ki, mən belə bu gün o şərəfi mənə yaşatdığı üçün öz övladıma və bütün şəhid övladlarımızın ruhuna borcluyam. Səyavuş mənim bu dünyadakı ən böyük dayağım idi. Mənə yalnız övlad yox, dost, dəstəkçi, bacı-qardaşlarına dayaq idi. Mənim başımı həm yaşadığı müddətcə, həm də elə şəhidliyi ilə hər zaman uca etdi. Mən oğlumla fəxr edirəm. Şəhidlərimiz Allah tərəfindən seçildiyi kimi onların ailələri də seçilmiş ailələrdir. Bir övlad ata-anasının, bir ata övladlarının, bir ər həyat, ömür gün-yoldaşının başını ancaq belə — canını hər şeydən çox sevdiyi Vətəninə fəda etmək yolu ilə uca edər. Sağalan vətənimizə baxıb, Vətən sağ olsun deyirəm. Gənclərimizə, şəhid övladlarına da şəhidlərimiz kimi vətənpərvər, vətənsevər, mərd, cəsur, qorxmaz, yenilməz olmağı tövsiyə və arzu edirəm. İnşəAllah, inanıram ki, belə də olacaqlar.
Əziz Ana, müsahibə verdiyiniz üçün sizə bir daha dərin minnətdarlığımı bildirir və qarşınızda baş əyirəm. Bizim bundan sonra nə zaman yolumuz Cəbrayıla, Füzuliyə, Qarabağa düşsə, fikrimizdə, xəyalımızda Səyavuşun, Səyavuşların qanları ilə çəkdiyi Zəfər yolu canlanacaq. Bizim üçün oralar Səyavuşların məskənidir. Qarabağımızın hər qarışında Şəhidlərimizin izi vardır. Qarabağdakı hər təpə Şəhidlər təpəsi, hər dağ Şəhidlər dağı, hər çay, hər göl, hər meşə Şəhidlərin adınadır. Cıdır düzü Şəhidlər düzü, İsa bulağı həm də Şəhidlər bulağıdır. Qarabağın ikinci adı da Fədailər yurdu, Vətənpərvərlər yurdu, Şəhidlər yurdudur. Bunu deyəndə sübuta ehtiyac görmürəm. Çünki bunu 27 sentyabrda Şəhidlərimiz, Səyavuşlarımız qanları, canları ilə sübut etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi