"Sədini qürurla yola salıb, fəxrlə qarşıladım"

12:56 17-10-2022 | icon 1334 | Şəhidlər və şahidlər
"Sədini qürurla yola salıb, fəxrlə qarşıladım"

"Sədi gedəndə uşaqları mənə, məni isə Allaha tapşırıb getdi"

 

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, şəhid Sədi Süleyman oğlu Musayevin (1 aprel 1978-ci il Kəngərli rayonu, Qıvraq qəsəbəsi – 28 sentyabr 2020-ci il Füzuli rayonu) həyat yoldaşı Gülşad Musayeva ilə müsahibə.

 

Dünya sonsuz, ölümsüz bir məhfumdur, lakin onun içində yaşayanların sonu bir gün çatacaqdır. Yəni dünya özü ölümsüz, sonsuz olsa da onda yaşayanlar ölümlüdür. İnsan yalnız bu dünyadan köçəndə o dünyada ölümsüz olur. Lakin ölümsüzlüyü yalnız o dünya üçündür, bu dünyada yaşayanlar üçün isə onlar çoxdan ölmüş, çürüyüb torpağa qarışmış bilinirlər. Eyni zamanda bu dünyadan elə insanlar da köçür ki, onlar Allah tərəfindən seçilmiş, fərqli insanlar olur. Bu da Allahın saysız-hesabsız, dünya qədər sonu görünməyən möcüzələrindən biridir, uca Allah bu möcüzəni öz seçilmiş kimsələrinə yaşadır. Bu dünyadakı hər canlı ölümü dadır, çoxları acı zəhər kimi, çoxları da acı dərman kimi. Acı zəhər kimi qarşılayanlar cəhənnəmə, acı dərman kimi qarşılayanlar ölümü bu dünyadan xilas yolu, bu dünyanın dərmanı kimi görürlər. Ancaq bu seçilmiş insanlar hər insanlardan fərqli olaraq ölümü dadmırlar. Ölüm bu insanlara şamil olunmur, bu insanlar şəhadətə qovuşurlar, şəhid olurlar. Bu seçilmiş insanlar şəhadətindən sonra o dünyada sorğu-sual edilmirlər, onlar rahatlıqla cənnətin ən gözəl bucağında əbədi yaşayırlar. Təbii ki, bunun bir bədəli, bir şərti var. O da fədailikdir! Bu insanlar ömrün müxtəlif yaşlarından birində yolun ayrıcı ilə rastlaşırlar. Yol 2 yerə haçalanır: Vətənin dar günündə bu dünyanın keyfini, işrətini seçmək və ya Vətən uğrunda bu dünyada hər arzundan, amalından, sevdiklərindən keçmək. Heç düşünmədən sonuncu yolu seçən bu böyük insanlar, təbii ki, Allahın seçilmiş insanlarıdırlar. Allah bu insanlara fədailik vəzifəsini verdiyi kimi fədailərə verdiyi səbri, dözümü də verir. Həmin səbrin meyvəsi olaraq cənnətin ən gözəl bucağını Allah bu sevgili bəndələrə bəxş edir. O gözəl bəndələr Şəhidlərdir. Azərbaycan oğuz eli, türk yurdu, qəhrəmanlar səltənəti, vətənpərvərlər vətəni olduğu üçün Allah bu sevgili bəndələrin çoxunu Azərbaycana qismət edib. Ona görə də Azərbaycan bu qəhrəman övladların itkisi ilə nə qədər böyük və ifadəsi çətin olan kədər hissi keçirsə də onların qəhrəmanlığı və Qarabağ adlı yarasının sarınması sevinci ilə təskinlik tapır. Azərbaycanın 30 ildir qanaya-qanaya az qala qanının quruduğu yarasına çevrilmiş Qarabağı azad edənlər, Azərbaycanın yarasına şəfa tapanlar da seçilmiş Allah qullarıdır, seçilmiş kəslərdir. Allah o mübarək kəslərə bildirdi ki, Qarabağın qurtuluşu sizin əlinizdədir! Azərbaycanın sağalmaz yarasının dərmanı, şəfası sizin qanınızdır! O qanı Azərbaycan yolunda, Mənim yolumda tökün və kafirləri zəbt etdikləri torpaqlardan qovun! Allahın və torpağın çağırışına on minlərlə vətənpərvər səs də verdi, qan da verdi, can da verdi. Bu gün biz torpağın üstündə rahat, əmin-amanlıq içində gəziriksə, bu həm də torpağın altında yatan həmin kəslərin torpağın üstündəki soyuq, donmuş gülüşlü məzarlarının sayəsindədir…

 

İndi istərdim ki, Allahın göydən yerə endirdiyi o mübarək kəslərdən, o seçilmiş bəndələrdən olan, Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Sədi Süleyman oğlu Musayevin həyat yoldaşı Gülşad xanımdan götürdüyüm müsahibəni siz oxucularımın diqqətinə çatdırım.

 

- Salam. Zəhmət olmasa, xahişimə əsasən özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?

 

- Salam. Mən Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Sədi Musayevin həyat yoldaşı Gülşad Musayevayam.

 

- Şəhidimizlə harada, nə vaxt, hansı şəraitdə tanış olmağınız, nə vaxt ailə həyatı qurmağınız barədə nə deyə bilərsiniz?

 

- Sədi ilə biz Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində təsadüfən tanış olduq. İlk tanışlığımızdan 3 ay müddət keçmişdi ki, ailə həyatı qurmağa qərar verdik və valideynlərimizin xeyir-duası ilə nişanlandıq. 2004-cü ildə isə ailə həyatı qurduq. Sədi həmin vaxt hərbiçi idi. Onunla ailə həyatı qurandan sonra artıq mən də bir hərbiçiyə çevrilmişdim. Evliliyimizin ilk ilində Sədini Balakən rayonu ərazisində yerləşən hərbi hissəyə xidmətə göndərdikləri üçün biz birlikdə Balakən rayonuna getdik və orada yaşadıq. Digər hərbiçi ailələri kimi mən də Sədini heç vaxt tək buraxmayıb onunla bərabər bütün çətinliyini çiyinlərimdə daşıdım. Sədi ilə evliliyimizin 3-cü ilində qızımız Arzu dünyaya göz açdı. 2009-cu ildə isə oğlumuz Süleyman anadan oldu. Biz elə xoşbəxt ailə idik ki…

 

- Şəhidimizin fərdi xüsusiyyətləri, xarakteri və xasiyyəti haqqında nə deyə bilərsiniz?

 

- Sədi çox mehriban, qayğıkeş və mülayim bir insan idi. Heç kimin xətrinə dəyməz, bacardıqca hər kəsin könlünü alar, xoş davranardı.

 

- Şəhid olmazdan əvvəl Onun hərbi xidməti ilə bağlı hansı təsəvvürünüz var idi?

 

- Hərbiçi ailəsi olmaq mənim üçün çox qürurverici bir hissdir. Sədinin hərbiçi olması uşaqlıq vaxtlarından gələn arzusu olmuşdur. O, öz peşəsini həddən çox sevirdi. Hərb sənəti onun həyatı idi. Mən onu yalnız bir hərbiçi kimi təsəvvür edirdim, elə indi də xəyallarımda elə canlanır.

 

- Bilirəm ki, Şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı idi. Onun bir komandir kimi tabeliyində olan hərbiçilərlə münasibəti necə idi?

 

- Sədinin tabeliyində olan hərbiçilərlə münasibəti çox yaxşı idi. Çünki Sədi onlarla tabeçiliyində olan sıravi əsgər kimi deyil, dost kimi, qardaş kimi, öz övladları, əzizləri kimi davranırdı, münasibət saxlayırdı. Sözsüz ki, nizam-intizam, məsuliyyət, tələbkarlıq, hərbi sirləri öyrənmək tələblərini bu münasibətlərlə qarışdırmırdı. O, tələbində sərt, yoldaşlıqda, münasibətdə ipək kimi yumşaq idi. O, hər münasibətin yerini və qaydasını çox gözəl bilirdi.

 

- Vətən müharibəsindən qabaq sonuncu dəfə onunla nə zaman görüşmüşdünüz? Şəhidimizin Vətən müharibəsində iştirak edəcəyindən xəbəriniz var idimi?

 

- Müharibə başlamazdan 3 gün əvvəl, yəni sentyabr ayının 24-də gecə saat 3-də evə gəlmişdi və mən ondan nə üçün bu vaxt evə gəldiyinin səbəbini soruşanda gözləmədiyim bir cavab ilə qarşılaşdım. Mənə dedi ki, yuyunub pak olum, birdən Allahın işidir, Şəhidlik qismət olar. O, həmişə özünə Şəhidlik arzulayardı. Sədi hələ müharibə başlamazdan əvvəllər də deyirdi: “Biz Qarabağ adlı savaşı gələcək nəsilə miras saxlamayacağıq, biz bu savaşı bitirməliyik ki, daha analar övladlarını əsgərə yola salanda onları itirmək qorxusu ilə yaşamasınlar”. Bu sözləri mənə deyərkən əslində olacaqlardan xəbər verirmiş. O, həmişə mənə deyirdi ki, sən güclüsən. İndi dediyi sözlərlə nə demək istədiyini daha yaxşı başa düşürəm. 2020-ci ilin sentyabr ayının 26-da, səhər saat 5-də sağollaşıb onu yola saldıq. Sədi gedəndə uşaqları mənə, məni isə Allaha tapşırıb getdi.

 

- Müharibə başlayandan sonra həyat yoldaşınızla hər hansı vasitə ilə əlaqə saxlaya bilirdinizmi?

 

- 2020-ci ilin sentyabr ayının 27-də səhər-səhər müharibə başladığını eşidən kimi Sədiyə zəng etdim. Telefonu açanda mənə dediyi ilk söz bu oldu: “Narahat olma, hər şey yaxşıdır”. Mən isə ona ehtiyatlı olmasını dedim və o, telefonu söndürdü. O gündən sonra Sədi ilə əlaqə qura bilmədik. Yalnız əllərimi göyə açıb onun sağ-salamat olması üçün Allaha dua etdim.

 

- Şəhidimizin gələcəklə bağlı nə planları var idi?

 

- Sədinin planları həmişə övladlarını tərbiyə edib onlara yüksək təhsil almalarında kömək etmək, onları vətəni, xalqı üçün layiqli bir övlad kimi böyütmək, işğalda olan torpaqlarımızı azad etmək, peşəsini daha da dərindən öyrənmək, işində irəli getmək, yaxşı işlərə imza atmaq idi. Hər kəs kimi onun da planları, arzuları çox idi, amma yarımçıq qaldı.

 

- Onun Şəhidliyə yüksəlməsindən nə vaxt, harada və kimdən xəbər tutdunuz?

 

- Sədinin qardaşı gəlib Sədinin ona zəng vurduğunu dedi və bizi Bakıya aparmaq istədi. Onun çox israrından sonra biz onunla birlikdə Bakıya yola düşdük və orada Sədinin Şəhid olduğunu öyrəndik. Mən Sədini qürurla yola salıb fəxrlə qarşıladım. Sədi təkcə mənim üçün deyil, həm də vətənimiz üçün bir Qəhrəman idi.

 

- Vətən müharibəsi bitdikdən və böyük Zəfər qazanılandan sonra hansı hislər keçirdiniz?

 

- Son 30 illik müddət ərzində həsrət qaldığımız torpaqlarımızı Sədi və onun kimi oğullar bizə qaytarmışdı. Düzdür, nə qədər qürurverici bir hiss olsa da bir o qədər də ağrılı-acılı idi mənim üçün. Mən Sədinin özünün yaşayıb azad etdikləri torpaqlarımızı görməsini çox istərdim. Ancaq qismət belə imiş. Sədi və onun kimi vətən fədailəri o torpaqları cənnətlərindən seyr etsələr də indi hamımız bilirik ki, şəhid qanı ilə müqəddəsləşmiş vətən torpağına düşmənin murdar ayaqları dəymir. Bu, bizim ən böyük təskinliyimizdir.

 

- Son olaraq bir şəhid xanımı kimi şəhid ailələrinə və şəhid xanımlarına nə demək istərdiniz?

 

- Şəhid ailələrinə Allahdan səbir diləyirəm və həyat yoldaşlarının adına-sanına layiq, o ada yaraşan həyat yaşamağı arzu edirəm. Qoy övladlarını şəhid atalarının adına layiq övlad kimi böyüdüb vətən üçün yetişdirsinlər.

 

-Gülşad xanım, müsahibəyə görə Sizə minnətdarlığımı bildirirəm. Siz əgər öz ailənizin başçısını, evinizin dirəyini, ocağınızın işığını, köməyini Allah yolunda, haqq yolunda, vətən yolunda fəda etmisinizsə, sizin bu ağır itkinizin və böyük səbrinizin qarşılığını uca Allah verəcək və verir də. Çünki bu gün on milyonluq Azərbaycan xalqının dilində Sədinin və minlərlə Sədilərin adı əzbərdir. Vətən onları unutmayacaq, çünki onlar Vətənin Qarabağ adlı bağrından qopub, ruhumuza, qəlbimizə hopublar.

 

QEYD: Şəhid polkovnik-leytenant Sədi Musayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" medalı ilə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə, Füzuli və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

İnsanları ölümlü, özü ölümsüz olan bu dünyada dünya qədər əbədi olan Şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Amin!

 

 

Sevindik Nəsiboğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI