Onun ürəyi həyat eşqi ilə çırpınırdı

18:37 18-10-2022 | icon 1475 | Şəhidlər və şahidlər
Onun ürəyi həyat eşqi ilə çırpınırdı

44 günlük müharibə - Həyatın, ömrün qızıl hərfləri ilə tariximizə həkk olunan illər

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Fəxri Habil oğlu Məmmədovun (27 iyul 2000-ci il Bakı şəhəri — 27 sentyabr 2020-ci il Cəbrayıl rayonu, Nüzgar kəndi) anası Kəmalə Fəxri ilə müsahibə.

 

Türk dünyasının böyük şairi rəhmətlik Hüseyn Nihal Atsız “Qəhrəmanlıq” adlı şeirində deyirdi ki, qəhrəmanlıq acı ölüm kuzəsindən içib irəliyə atılmaq və bir daha dönməməkdir. Əzəldən əbədiyə qədər qəhrəman gəlib qəhrəman gedən Azərbaycan oğulları can verilməli olan zaman düşünmür, öz canını Vətən uğrunda fəda edir və heç uf da demir. Onlar üçün bu dünya, bu ucsuz-bucaqsız torpaqlar, sonu görünməyən səma və bunların hamısını görməyə imkan verən həyat ikinci, bəlkə də sonuncu dərəcəli bir şeydir. Onlar üçün ən əsas olan Vətən, torpaq və Allahın çağırışları üçün irəliyə, yalnız irəliyə düşmən üzərinə atılmaqdır. Allaha iman edən, Vətənini sevən hər bir qəhrəman bilir ki, bu dünya belə insanlar üçün bir sınaq meydanıdır, əsl qəhrəmanların baş çıxara biləcəyi bir meydandır. Əsas olan axirət dünyası və orada bəşər övladının tutacağı mövqedir. Qəhrəmanlar məhz o biri dünyada yaxşı bir mövqe tutmaq üçün bütün ömürlərini doğru-dürüst, kişi kimi, mərd və Allaha sədaqətlə sürürlər. Onlar əslində bilmirlər ki, çoxdan Allahın seçilmiş bəndələri olublar və gələcəkdə haqq ordusunun kafir ordusu ilə girişdiyi müharibədə vəzifələndiriliblər. Onlar öz ömür paylarını bundan xəbərsiz yaşayırlar, Vətənə layiq, Allahın bəndəsi olmağa layiq bir insan kimi, əsl insan kimi yaşayırlar. Sonra isə bir gün gəlir və Allah hər bəndəsini sınağa çəkdiyi kimi bu seçilmiş bəndələrini də sınağa çəkir. Onlar haqq ilə kafirin savaşını cani dildən, qəlbdən qarşılayırlar və sanki toy-bayram imiş kimi alovun-odun adi hal aldığı cəng meydanına atılırlar. Hər kəsi qorxudan, ətini ürpədən çətin vəziyyətlər və hətta ömür boyu insanların o mətləbdən uzaq gəzdiyi ölüm riski onlar üçün adiləşir, heç nəyə çevrilir. Çünki onlar ilk başlanğıcdan bəri bunu istəyirdilər. Allah yolunda yaşamaq, Allah yolunda çarpışmaq və onun yolunda Şəhid olmaq. Ömürlərini ziyan qaranlığında yox, ziya işığında yaşayan və sağ ikən hər kəsə yaxşı mənada örnək olan Şəhidlərimiz buna misaldırlar. 44 günlük şanlı Vətən müharibəmizdə oddan-oda, alovdan-alova qaçan, Zəfərə doğru addımlayan və xalqımızı gündən-günə Zəfərə yaxınlaşdırmaq üçün namümkünləri belə mümkün edən Qazilərimiz və Şəhidlərimiz bizim baş tacımızdırlar. Onların həyatını öyrənmək üçün bizə onilliklər belə bəs etməyəcək. Lakin bunun ziyanı yoxdur, ziyası var. Şəhidlərimizin yolu Allahımızın yoludur və bu yolda sərf olunan illər həyatın, ömrün qızıl hərfləri ilə tariximizə həkk olunan illəridir.

 

Vətəni yolunda, heç zaman görə bilmədiyi ata yurdu Laçını uğrunda 20 illik cavandan cavan olan ömründən keçən, səhhətində problemləri olsa belə evdə qalmağı yox, hərbi hissədə Vətənə şərəflə xidmət etməyi seçən, ilk azad olunan kəndlərimizdən, həm də böyük Zəfərimizin qızıl açarlarından olan Cəbrayıl rayonunun Nüzgar kəndində şəhidliyə ucalan hərbiçimiz Fəxri Habil oğlu Məmmədov da buna misaldır. Mən qərara gəldim ki, onu tərcümeyi-hal ilə çərçivəyə salmayım. Çünki onun həyatına neçə-neçə çərçivələr gərəkdir. İstədim ki, Şəhidimizi bir də onun anasının dilindən eşidim və nəticədə, Şəhidimizin anası Kəmalə anadan oğlu ilə bağlı müsahibəni götürdüm. Həmin müsahibəni siz oxucularıma təqdim edirəm.

 

Salam. Zəhmət olmasa, əvvəlcə özünüzü təqdim edə bilərsinizmi?

 

- Salam. Mən 30 il erməni tapdağı altında qalmış Qarabağ torpaqlarının bağlı qapılarını qanı və canı bahasına açanlardan biri, 20 yaşlı şəhid Fəxri Habil oğlu Məmmədovun anası Kəmalə Fəxriyəm.

 

Vətən müharibəsi şəhidi Fəxri Məmmədov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? Uşaqlıq vaxtlarında o, necə biri idi?

 

- Fəxri lap körpəlik çağlarından çox sakit, ağıllı uşaq idi. O, tez-tez xəstələnərdi. Buna baxmayaraq idmanı çox sevir, futbol və kikboksinq idman növü ilə məşğul olurdu. Televiziyada yayımlanan müharibə mövzusunda filmləri izləməyi çox sevirdi. Hər zaman atasına oyuncaq silahlar aldırır, həmin oyuncaq silahla oynamağı, xüsusən də düşmənini məhv etməyi çox sevirdi. Kiçik yaşlarından yaxşını pisdən ayırmağı bacarırdı. Çox hissiyatlı, həssas uşaq idi. Heç vaxt tərbiyəsi zəif uşaqlara qoşulmazdı. Onun ətrafında olan uşaqlar da özü kimi ağıllı, tərbiyəli uşaqlar olardı. Fəxri məktəbə qədər yazıb oxumağı bacarırdı. Musiqiyə çox bağlı idi. Evimizdə pianino var idi. Mən pianinoda ifa edərdim, o isə oxuyardı. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri, Sabunçu rayonu Şəhid Cəlal Məmmədyarov adına 155 saylı tam orta məktəbdə almışdı. Məktəbə qədəm qoyan gündən Fəxri sakit, mehriban, tərbiyəli davranışı və çalışqanlığı ilə müəllim, şagird və valideynlərin hörmətini qazanmışdır. Oxuduğu müddətdə o, məktəbin nümunəvi şagirdi kimi tanınırdı. İbtidai siniflərdə oxuyan vaxtlarda Fəxri möhkəm xəstələndi. Bu səbəbdən Fəxrinin səs tellərində dəyişikliklər olmuşdu. Həkimlərin qoyduğu diaqnoza görə Fəxri astma xəstəsi idi. Orta məktəbi Fəxri həkimlərin və mənim səyim nəticəsində 9-cu sinifə kimi oxudu. Və bu müddət ərzində məktəbin bütün tədbirlərində yaxından iştirak etdi. 9-cu sinifi bitirdikdən sonra təhsilini 14 nömrəli liseydə davam etdirdi. Bu təhsil ocağında da qısa müddətdə Fəxri hamının hörmətini qazandı və nümunəvi şagird olaraq şəklinin şərəf lövhəsindən asılmasına nail oldu. Hərbi xidmətə, hərb sənətinə marağı çox olduğuna görə o, atıcılıq dərslərinə gedir və eyni zamanda musiqiyə də böyük maraq göstərərək gitaranı ifa etməyi öyrənirdi. O, liseyin bütün tədbirlərində vətənpərvər mahnılar ifa etməklə iştirak edirdi. Fəxri 2019-cu ildə təhsilini başa vurduqdan sonra çoxdan arzuladığı vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollandı. Həmin gün, bəlkə də həyatında onun ən sevincli, ən xoşbəxt günü idi.

 

Öyrəndiyimə əsasən deyə bilərəm ki, Şəhidimiz əslən Laçın rayonunun Şamkənd kəndindəndir. O, uşaqlıq vaxtlarında Laçın haqqında maraqlanırdımı, sizdən Laçının təbiəti, mənzərəsi, havası, suyu haqqında nə isə soruşurdumu?

 

- Fəxrinin atası əslən Laçın rayonundandır və yurd-yuvaları, ata ocağı erməni mənfurları tərəfindən işğal edilib viran qoyulmuşdu. O, vətənini, doğma yurd-yuvasını həddən çox sevirdi və vətən sevgisini ailədə övladlarına da aşılayırdı. Hər dəfə əlinə ağ vərəq alan ata ailəsini, uşaqlarını başına toplayıb Laçındakı evlərinin sxemini, çertyojunu ağ vərəqə cızar, evlərinin harada, necə bir füsunkar təbiətdə yerləşməsini ağız dolusu, ürək yanğısı ilə onlara izah edirdi. O, uşaqlara Laçının dağlarından, igidlərimizə sipər olan, qartallı sıldırım qayalarından, Laçının füsunkar gözəlliyindən, çaylarından, bulaqlarından, ağaclarından, kollarından ağız dolusu, həm də fasiləsiz, yorulmadan söhbət açardı. Fəxri də, bacıları da atalarının bu söhbətlərinə diqqətlə, yorulmadan qulaq asardılar. Fəxri Laçına qayıtmaq arzusu ilə ümidi sönməyən bir ailədə böyümüşdü. O, deyirdi ki, torpaqlarımızın azad edilməsi uğrunda başlayan haqq müharibəsində Laçına ilk qədəm qoyanlardan biri mən olacağam və Laçının azad edilməsi xəbərini sizə ilk olaraq mən müjdələyəcəyəm. Bəlkə də deyərdim ki, bu, onun ən ülvi arzusu idi.

 

Şəhidimizin necə xasiyyəti var idi? Böyüklə, kiçiklə necə davranırdı, onlara qarşı münasibəti necə idi?

 

- Fəxri çox müsbət xarakterə, xasiyyətə malik idi. Yaşından asılı olmayaraq insanlarla salamlaşmağı, onlardan hal-əhval tutmağı çox sevər, bunu, bəlkə də özünə borc bilərdi. Onun altıncı hissi güclü idi. Dostlarına sadiq idi. Evimizdə də hamının qayğısını çəkərdi. Hərdən mən xəstələnəndə balaca bacılarını məktəbə o, aparıb-gətirərdi. O, kiçik yaşlarından bizim, onu tanıyanların dərd ortağı, həmdəmi, sirdaşı idi. Onda hər kəsi sona qədər səbirlə dinləmək qabiliyyəti vardı. Mən qəmlənəndə tez gitarasını əlinə alıb mənim sevdiyim mahnını — "Könlümə düşmüsən" mahnısını ifa edib oxuyardı. Onun ürəyi daim həyat eşqi ilə çırpınırdı. Sevirdi, sevilirdi. Gələcək üçün planlar qurardı. Bizi yaxşı yaşatmaq, çətinliklərimizi unutdurmaq üçün gələcəkdə nələri edəcəyini vəd etməzdi ki?

 

Zəhmət olmasa, Şəhidimizin hərbi xidmətə nə vaxt yollanmasından və əsgərlik həyatını neçə keçirməsindən bəhs edərdiniz.

 

- Fəxri hələ 9-cu sinifdə oxuyanda hərbi komissarlıqdan onun üçün ilk çağırış vərəqini aldıq. Mən ana olaraq düşünürdüm ki, yəqin, Fəxrini xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız sayarlar. Ayaqlarında revmatizm olduğu üçün çox vaxt axsaya-axsaya yeriyirdi. Atası isə həmişə deyirdi ki, mən Laçındanam, mənim oğlum Murov dağında xidmət etməlidir ki, o yüksəklikdən doğma Laçın torpaqlarını görə bilsin. Fəxri nə qədər ağrısa da onun arzusu vətənə xidmət etmək idi və o, özünün ən ülvi arzusunun, eyni zamanda atasının arzusunun ardınca sevə-sevə addım atdı, bu yolda irəlilədi. 21 iyul 2019-cu ildə hərbi çağırışa getdi. İki gün sinif yoldaşları və ailəmiz onu yola salmağa getdik. Bəlli olmayan səbəblərdən Fəxrimi əsgərliyə aparmadılar. Nəhayət, 23 iyul 2019-cu ildə Fəxrini əsgərliyə apardılar və o, Ağcabədidə yerləşən N saylı hərbi hissədə xidmət etməyə başladı. Əsgər həyatı Fəxri üçün çox sevindirici və maraqlı idi. İlk telefon danışığımız 27 iyul 2019-cu ilə, Fəxrimin ad gününə təsadüf etmişdi. Biz ondan nigaran idik, o isə bizdən. Söhbət zamanı o, “Hər şey yaxşıdır”— dedi. Telefon danışığı zamanı o, mənim kövrəldiyimi hiss etmişdi, ona görə də dedi: “Ana, ağlama. Torpaqları işğal altında olan əsgərin anasına yalnız torpaqlarımızın işğaldan azad edilməsi xəbərini eşidəndə sevincdən ağlamaq düşər”. Xidməti zamanı biz tez-tez onun yanına görüşə gedərdik. Heç vaxt narazılıq etməzdi. And içmədən sonra Fəxrimizi Beyləqandakı N saylı hərbi hissəyə göndərdilər. Orada da xidmətindən məmnun olduğunu bildirir, narazılıq etməzdi, hansı ki biz onun mədəsində də ağrılarının olduğunu bilirdik. Onun sinif yoldaşları sağ olsunlar ki, ziyarət edib darıxmağa qoymurdular. Həkim diaqnozuna əsasən Fəxrinin mədəsində daxili qanaxma müəyyən edilmişdi. Həkim Fəxrimizi otağa çağırıb ona “Səni bu diaqnozla xidmətdən azad edirik, sən bu diaqnozla xidmət edə bilməzsən”— demişdi. Ancaq Fəxri həkimlə razılaşmamışdı. Demişdi ki, mən xidmətimi davam etdirmək istəyirəm. Beləcə hospitaldan çıxıb xidmətini davam etdirmişdi. Gedəndə özü ilə sevimli gitarasını da aparmışdı. Demişdi ki, asudə vaxtlarda çalacağam. Yeni mahnılar yazmışdı. Arada telefonda mənə zümzümə də edirdi. 11 yanvar 2020-ci ildə nümunəvi xidmətinə görə onu məzuniyyətə buraxmışdılar. Gəldi və hamıyla görüşdü. Hara çağırırdılarsa, hərbi formada gedirdi. Hərbi formasını çox sevirdi. 10 gündən sonra onu yola saldıq və bir daha üzünə həsrət qaldıq.

 

Şəhidimizin gələcəklə bağlı nə kimi planları, arzuları, düşüncələri var idi? Bu barədə sizə bildirirdimi?

 

- Onun gələcəklə bağlı çox arzuları, düşüncələri, planları var idi. Hətta gələcəkdə ailə quracağı, sevdiyi qız var idi. Həmin qızla hələ orta məktəb illərindən paralel siniflərdə oxuyurdular. Ailələrimiz biri-biri ilə tanış olmuşdu. Onlar biri-birlərini çox sevirdilər. Fəxri hərbi xidməti başa vurduqdan sonra işə düzələcəkdi və onlar ailə həyatı quracaqdılar. Fəxri xoşbəxt, firavan bir ailə qurmaq, halal zəhmətlə çalışıb halal zəhmətlə təməli qoyulacaq bir ailə qurmaq arzusunda idi. Nə etmək olar, qismət olmadı...

 

Şəhidimizin Vətən Müharibəsində iştirak etməyindən xəbəriniz var idimi, əgər var idisə bu xəbəri nə vaxt, kimdən və necə əldə edə bilmişdiniz?

 

- Axırıncı dəfə Fəxri 23 iyul 2020-ci ildə bizimlə telefonla danışdı. Çox qəribə idi. Həmişə zarafatlaşardı, amma bu dəfə çox ciddi danışdı. “Özünüzə yaxşı baxın”— dedi. Təəccübləndim. Amma ağlıma belə gəlməzdi ki, bu, bizim onunla son danışığımız olacaq. Dostlarının dediyinə görə Fəxri bizə qıymayıb müharibə xəbərini verməyə. Deyib, anamın ürəyi xəstədir, anam dözməz bu xəbərə. 27 sentyabr tarixində başlanan döyüş əməliyyatında Fəxrinin iştirak etdiyini bilmirdim, amma hiss etmişdim ki, mənim balam od-alov içində, mənim üçün darda, əslində isə öz arzusunun yolundadır. Vətən müharibəsinin başlandığını isə Prezidentimizin televiziyada yayımlanan çıxışından, hətta Cəbrayıl rayonunun Nüzgar kəndi də daxil olmaqla 7 yaşayış məntəqəmizin azad olunması xəbərindən eşidib bilmişdim. Bütün günü Fəxrinin uşaqlığından, dünyaya gəlişindən, həyatından, yaşadıqlarından bacıları ilə danışırdım. Sonra elə bil ikinci bir səs mənə “Hospitala zəng et”— dedi. Həmin səsi eşidib hospitala zəng etdim. Fəxrini soraqlayıb axtardım. O, yaralılar arasında tapılmadı. Həyəcanla zəngini gözlədim. Lakin ondan zəng yox idi, telefon Fəxri sarıdan elə susduqca susur, mənim ürəyimi dara çəkirdi.

 

Vətən müharibəsi zamanı Şəhidimizlə əlaqə saxlaya bilirdiniz?

 

- Vətən müharibəsinin xəbərini alandan sonra özü ilə əlaqə saxlaya bilmədiyim üçün onun əsgər yoldaşlarının telefon nömrələrinə zəng vurdum. Dedilər, Fəxri döyüş ərazisindədir, oradan gələn kimi sizə zəng edəcək. Sonradan bildim ki, bu ərazi neytral ərazidir. Fəxrim 12 saat yaralı halda düşmənə əsir düşməmək və döyüş yoldaşlarını qorumaq üçün səsini belə çıxartmayıb, tərpənmədən hərəkətsiz qalıb, onu götürməyə gələnlərə özünü nişan verməyib. Fəxrim snayper gülləsindən aldığı yara nəticəsində yaranan qanaxmadan elə həmin ərazidə şəhid olub. Döyüş yoldaşlarının sağ qalması üçün vətən yolunda öz canını qurban verib.

 

Onun şəhid olma xəbərini nə zaman və necə aldınız?

 

- 29 sentyabr 2020-ci il. Bizim üçün həm ən ağır, həm də qürurlu o payız səhərini xatırlamaq çox çətindir. Fəxrinin bacısı yuxudan ayılıb dedi ki, ana, yuxuda gördüm, Fəxri evə qayıdıb. Soruşuram: “Qaqaş, niyə belə tez gəldin?”. Fəxri söyləyib ki, məni xidmətdən üç ay tez tərxis etdilər. Hərbi biletimi də verdilər. Bacısı yuxusunu danışdı və birdən yerə yıxıldı. Hamımız həyəcanlandıq. Tez dərman verdik, onu sakitləşdirdik. Birdən həyət darvazası döyüldü. Atası qapıya çıxdı, kiminləsə danışdıqdan sonra birdən ani olaraq yerə çökdü. Mən də qapıya qaçdım və bu zaman qapıda başlarını aşağı dikmiş dövlət nümayəndələrini gördüm. Onlar “Oğlunuz Fəxri hospitalda yaralıdır”— dedilər. Mən bu gəlişdən anladım ki, Fəxri Şəhiddir. Əgər yaralı olsaydı, xəstəxanadan zəng edərdilər. Lakin hələ də ümid etdim ki, bəlkə, məlumat səhvdir və 27 sentyabrda müharibə başlayandan etdiyim dualarımı bir daha təkrarladım: “Allahım, Fəxrim Şəhid olsun, amma əsir düşməsin”. Bundan sonra qonşuların qapılarını döyməyə başladım. Köməksiz qalmışdım, polis işçiləri köməyimə çatdı və qonşuları çağırdı. Elə bildim, bizi morqa aparacaqlar. Elə bu vaxt yaşadığımız məhləyə təcili yardım maşını gəldi. Mən elə bildim, vəziyyətimin pis olduğuna görə mənim üçün çağırıblar. Yalvardım ki, mənə iynə vurdurmayın, mən Fəxrimi görüb tanımalıyam. Təcili yardım maşınının açılan qapıları bütün ümidlərimi alt-üst etdi. Qırmızı rəngli, üstü Azərbaycan bayrağı ilə örtülmüş Şəhid tabutu. Bir anlıq soyuq torpaqda ayaqyalın dayanan gözü yaşlı iki qızıma, “Oğlum Murovda döyüşməlidir”— deyən yoldaşıma və bacısına yuxuda “Üç ay tez təxris olmuşam”— deyən Şəhid oğluma baxdım və ürəyimdə "Ay Fəxri, ay oğul, axı demişdim sənə, ürəyim xəstədir. Gələndə xəbər elə. Ürəyim sürprizlərə dözməz, bu nə böyük hədiyyədir"— deyə pıçıldadım.

 

Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasından, Fəxri Məmmədovun şəhid olduğu yerlərin azad olmasından sonra siz hansı hissləri keçirdiniz?

 

- Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasında mənim Şəhid balam Fəxri Məmmədovun əməyi, zəhməti, rolu olduğundan şəhid olduğu Cəbrayıl torpağının, ata yurdu Laçının azad olunduğu xəbərinə hayqıraraq ağladım. Torpaqlarımız azad olsun. Qaçqın, məcburi köçkünlər öz evlərinə yurd-yuvalarına dönsünlər və heç zaman Şəhidləri unutmasınlar.

 

Son olaraq Vətən müharibəsi şəhidi Fəxri Məmmədovun anası kimi şəhid ailələrinə və biz gənclərə nə deyərdiniz, nələri tövsiyə edərdiniz?

 

- Son olaraq Vətən müharibəsi Şəhidi Fəxri Məmmədovun anası olaraq özümə və ailəmə, ümumi Şəhid ailələrinə və Azərbaycan gənclərinə tövsiyə edirəm. Şəhidlərimizin nur üzünə xatir onların adlarına layiq yaşayın, yaradın. Fəxri kimi, mənim kimi Azərbaycan bayrağını, himnimizi, torpağımızı sevin, qoruyun və hər açılan səhərimizdə Şəhidləri salamlayaraq "ŞƏHİDLƏRƏ SALAM OLSUN''— deyin.

 

Əziz, istedadlı oğlum Sevindik. Sənə müsahibə aldığın üçün təşəkkür edirəm. Sən Azərbaycanın istedadlı, vətənpərvər oğullarından birisən. Səninlə fəxr edirəm.

 

Mən isə bir gənc vətənpərvər kimi deyirəm! Əziz Ana, mənə təşəkkür etməyə ehtiyac yoxdur. Bu, mənim borcumdur. Bu, təkcə mənim yox, Şəhidlərimizin can verib qan tökdüyü Azərbaycan torpaqlarında yaşayan, özünə “Bu ölkənin vətəndaşıyam”— deyən hər bir fərdin borcudur. Mən Sizə müsahibəyə görə təşəkkür edirəm. Təşəkkür edirəm ki, mənim borcumdan çıxmaq üçün etdiyim cəhdə köməkçi oldunuz. Bu borc can borcudur. Biz, əgər Allah möhlət versə, ömrümüzün sonuna qədər bu borcu ödəməyə çalışacağıq və nə etsək də bu borcdan çıxa bilməyəcəyik. Fəxri qardaşımızın Vətən yolunda borcundan çıxmasına 20 il bəs etdi, lakin bizə həm Sizin, həm oğlunuzun, həm də Vətənimizin borcundan çıxmağımıza ömrümüz belə bəs etməyəcək.

 

Qeyd edim ki, şəhid Fəxri Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı ilə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalı ilə, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Mən yazımda, fikrimdə və qəlbimdə qurmağa çalışdığım Qəhrəman ana və qəhrəman övlad abidəsinə bir daha baxır, bu abidənin baş qəhrəmanları olan Sizə və şəhid oğlunuz Fəxri qardaşımın əziz ruhuna minnətdarlığımı bildirirəm və onu da bildirirəm ki, biz Sizə ömür boyu minnətdar olacağıq.

 

Allah Şəhidlərimizə rəhmət eləsin!

 

 

Sevindik Nəsiboğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI