Onu görmək ümüdi CƏNNƏTƏ QALDI
Özündən sonra şərəfli həyat yolu, döyüş yolu, qürurlanan Vətən qoyub gedənlər...
/Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi Taleh Səndəl oğlu İsmayılovun (26 noyabr 1986-cı il Lənkəran rayonu, Boladı kəndi — 4 noyabr 2020-ci il Şuşa) həyat yoldaşı Gülay İsmayılova ilə müsahibə./
Yaşadığımız bu keşməkeşli dünyada bəşər övladlarının məşğul olduqları yüzlərlə, minlərlə peşə sahələri, onların hər birinin işi, ayrı-ayrı məşğuliyyəti var. Hər kəs öz işinin maraqlı, eyni zamanda çətin tərəflərindən danışır. Bəzən onlardan birini dinləyəndə fikirləşirsən ki, onun çalışdığı peşədən çətin peşə yoxdur. Ancaq bir çətin və şərəfli peşəni bu vaxt unutmaq lazım deyil, çünki bu peşə çətinliyi və şərəfliliyi ilə bütün peşələrdən öndə, yüksəklikdə dayanır. Gəlin hamımız etiraf edək ki, bu, hərbiçilik peşəsidir. Bu peşə sahəsində çalışan insanlar öz peşələrinin çətinliklərindən, onun sirlərindən danışmırlar, danışa bilməzlər, bu, qanun pozuntusu olar, yəni hərbi sirrin yayılması. Eyni zamanda peşələri barədə danışmağa nə vaxt imkan verir, nə də peşələrinə uyğun olaraq içdikləri andları. Ona görə də onların çalışdığı bu işin, bu peşənin çətinliyindən danışmaq da, yazmaq da hərbi sirlər barədə qanunları pozmamaq şərti ilə əli silah yox, qələm tutan insanlara, yəni bizlərə düşür. Hərbiçi olan bir insan, təbii ki, çətinliklər görür, bərkə-boşa düşüb-bişir, necə ki polad odda bişib bərkidiyi kimi onlar da bişib-bərkiyir, möhkəmlənir, mətinləşir. Ancaq xidmət başında əbədiyyətə köçən bir hərbiçi ondan da çətin, müqəddəs, əlçatmaz iş görmüş olur, bu çətin işi ilə ən müqəddəs zirvəni — şəhidliyi və cənnəti qazanır. Çünki amalı yolunda həyatda ən şirin nemət olan canından keçir. Bu da ayrı bir sənətdir. Uca Allah qatında seçilmiş olmaq, Allah yolunda şəhid olmaq da ayrı bir peşədir, sənətdir. Bu peşə şərəfli, müqəddəs peşədir, lakin bu həyatda peşə sahibi özü onunla, qovuşduğu məqamla qürur duya bilmir. Onunla qürur duymaq ancaq şəhadətindən sonra qoyub getdiyi insanların, uğrunda canını verdiyi millətin, xalqın, canını uğrunda sevə-sevə verdiyi vətənin üzərinə düşür. Bu işin ən şərəfli tərəfi də odur ki, cənnətə köçəndə uğrunda canını verdiyin vətən torpaqlarına baxırsan, o torpaqlarda dalğalanan üçrəngli bayrağına baxırsan və o bayrağın altında nəfəs dərib o torpağın havasını ciyərlərinə çəkən yurddaşlarına baxırsan, kənardan seyr edirsən... Bu mənzərədən əvəzolunmaz sevinc tapmamaq mümkün deyil. Bu mənzərəni seyr edib fəxr etməyən başqa heç bir mənzərəylə fəxr edə bilməz. Bir Şəhidin yaşadığı qısa, lakin mənalı ömür müqabilində ona verilən ən böyük hədiyyələrdən birincisi cənnət, ikincisi də bu qürurdur, ruh şadlığıdır. Hesab edirəm ki, qazanılmasının 2-ci ilini yaşayacağımız şanlı Vətən müharibəsi Zəfəri bizə 200 illik bir tarixdə itirə-itirə getdiyimiz vətən torpaqları, bayraq qüruru ilə bərabər eyni zamanda daha çox şeylər qazandırdı. Zəfərlə birgə biz həm də igid, qəhrəman, qeyrətli oğullarımızı və onların dastanlarını qazandıq. Bu dastanlar nəsillərdən-nəsillərə ötürüləcək bir dərsdir, tarixdən heç vaxt silinməyəcək bir yaddaşdır. Çətin və şərəfli bir həyat yaşamaq istəyən cəsur gənclərimiz, cavanlarımız, mərdlərimiz bu dastanları özlərinin həyat kitabı, bu dastanların qəhrəmanlarını isə öz idealları bilərək onların seçdikləri yolu seçəcəklər. Çünki qəhrəmanlar həmişə hər şeyin ən ulusuna, ucasına, ən yaxşısına layiqdirlər.
Bu gün haqqında müsahibə aparacağım Şəhidimiz isə uzun müddət ata yurdum olan Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin yaxınlığında, daha dəqiq desək, ana yurdum Xocavənd rayonunun ərazisində olan qədim tariximizin səlnaməsi — Nərgiztəpə ərazisində yerləşən N saylı hərbi hissədə artilleriya batareyasında şərəfli bir xidmət yolu keçmiş, 2014-cü ildən burada özünə peşə, sənət yolu seçib Aprel döyüşlərinə və Vətən müharibəsinə öz peşəsi ilə buradan yollanmışdır. Vətən müharibəsində Şəhadət şərbətini dadaraq qisməti olan cənnətinə qovuşmuşdur... Özündən sonra şərəfli bir həyat yolu, şərəfli bir döyüş yolu, şərəfli bir ailə və qürurlanan bir Vətən qoyub getmişdir... Haqqında yazdığım bu gənc, mərd, igid, qəhrəman MAXE hərbi qulluqçusu, artilleriyaçı Şəhid Taleh Səndəl oğlu İsmayılovdur!
Taleh İsmayılov 26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 2004-cü ildə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusunun sıralarına yollanmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 2009-cu ildə Gülay xanımla ailə həyatı quran Şəhidimizin Vətənə əmanət 3 övladı yadigar qalmışdır. Bir müddət mülki sahədə fəaliyyət göstərən Şəhidimiz 2015-ci ildən Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisində yerləşən N saylı hərbi hissənin artilleriya batareyasında müddətdən artıq hərbi qulluqçu kimi hərb sənətini davam etdirməyə başlamışdır. Bu mühüm qərardan 1 il keçmir ki, şanlı Aprel döyüşləri başlayır və Taleh İsmayılov Aprel döyüşlərinə cəbhə xəttində yerləşən bu hərbi hissədən yollanır. Ağcabədi-Ağdam-Xocavənd üçbucağında gedən döyüş əməliyyatlarında böyük şücaət göstərir. Bu döyüşlərdə can dostuna çevrilən əsgər yoldaşı, əslən Ağcabədi rayonunun hərbi hissəylə qonşu Arazbar kəndindən olan Ceyhun Möhübbət oğlu Hüseynovla birgə çiyin-çiyinə mətin addımlarla addımlayır. Onların bu dostluğu tezliklə ailə hüdudları çərçivəsində yaxınlığa və doğmalığa çevrilir. Döyüşlərdən sonrakı son 4 ildə onlar öz dostluqlarını daha da möhkəmləndirirlər. 2020-ci ildə Vətən müharibəsi başladıqda onlar hər ikisi xidmət etdikləri kənddə yaşayan ailə üzvləri ilə halallaşır və yenə həmin hərbi hissədən döyüşlərə yollanırlar. Taleh Ağdam-Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək düşmənə sarsıdıcı zərbə endirsə də 16 oktyabr 2020-ci ildə can dostu Hüseynov Ceyhunun şəhadətə yüksəlməsindən və onu da özü ilə birlikdə cənnətə aparmamasından bərk sarsılır. Bu sarsıntı eyni zamanda ona yeni bir qisas gücü də verir və Taleh tez bir zamanda özünü Ağdama, Xocavəndə, oradan da Qarabağın tacı olan Şuşaya yetirir. 4 noyabr 2020-ci ildə o, Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhidlik zirvəsinə yüksələrək can qardaşı Ceyhun Hüseynovun da uyuduğu cənnətə yollanır...
Taleh İsmayılov şəhadətindən sonra Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olumasına görə” medalları və Müdafiə naziri cənab Zakir Həsənov tərəfindən “Şücaətə görə” medalı ilə təltif edilmişdir. İndi isə gəlin, şəhidimizin 33 illik, qısa, lakin mənalı ömür yolunu onun ömür-gün yoldaşı Gülay xanımdan dinləyək.
— Salam, xahiş edirəm, əvvəlcə özünüzü oxucularımıza təqdim edəsiniz.
— Mən İsmayılova Gülay İbrahim qızı — Lənkəran rayonunun Boladı kəndində anadan olmuşam, şəhid Taleh İsmayılovun həyat yoldaşı və yadigar qoyub getdiyi 3 övladının anasıyam. Onun yadigarlarını böyütməkdən böyük şərəf duyuram.
— Şəhidimizlə ilk tanışlığınızın necə olması, onunla ailə həyatı qurmaq barədə qərara gəlməyiniz haqqında nə deyə bilərsiniz? O anları necə xatırlayırsınız?
— Talehlə ilk tanışlığımız belə olmuşdur ki, biz elə hər ikimiz bir kənddə yaşayırdıq, eyni orta məktəbi fərqli siniflərdə oxuyub-bitirmişik. Tanışlığımız da orta məktəb illərindən başlamışdır. Orta məktəbi bitirdik, o, əsgərliyə getdi, mən isə tələbə oldum.
Bir xeyli müddətdən sonra Taleh mənə olan sevgisini etiraf etdi. Daha sonra elçilərini göndərdi və ailələrimizin xeyir-duası ilə evləndik. Artıq dünyada bizdən xoşbəxt heç kim ola bilməzdi. Amma həyatda hər ikimizin ən çox qorxduğumuz ayrılıq idi. İkimiz də çox qorxurduq. Taleh hər zaman deyirdi ki, biz başqalarından fərqliyik, ona görə də sevgimiz də fərqli olacaq. Biz kimsəyə bənzəmirik, bənzəmərik. Hamı bizdən nümunə götürür və götürəcək... Deyirdi, qorxma, məni səndən ayırsa sadəcə ölüm ayıra bilər, başqa heç kim və heç nə...
Amma indi düşünürəm ki, Taleh o cümləni səhv düşünüb və ya səhv qurub... Bizi ölüm də ayıra bilmədi. Taleh günü-gündən daha çox sevilir və Taleh bu tükənməz sevgisi ilə hər zaman qürur duyurdu... Hətta bəzən ailə tanışlarımızla bir yerdə olanda o günlərdən qürurla, fəxrlə danışırdı. Ən çox da sevgisi yolunda özünün apardığı mübarizədən... Taleh bu sevgini çətinliklə qazanmışdı və ona görə də sevgimiz hər zaman bizim üçün müqəddəs idi. Bu sevgi ilə böyüdük, bu sevgi ilə yaşadıq, bu sevgi ilə şəhid olduq...
— Şəhidimizin ailədə, tanışları və dostları arasında xarakteri, xasiyyəti barəsində nə deyə bilərsiniz?
— Qeyd etdiyim kimi mən Talehi ilk məktəb vaxtlarından tanıdım. Sonra da illər keçdi, mənim onunla yaxından tanışlığım olmasa da mənə elə gəlirdi ki, onun hər xasiyyətini bilirəm, ailə həyatı qurduqdan sonra düşündüklərim doğru çıxdı. Onu o qədər səbirli, təmkinli, sakit görmüşdüm ki, elə bilirdim, Taleh heç vaxt hirslənmir. İlk dəfə nəyə isə əsəbləşdiyini görəndə təəccübləndim, dedim, görəsən, mənim tanıdığım Taleh əsəbiləşə bilir? Çünki o, çox səbirli biri idi.
Onun əsəbləşməsinə səbəb olanı o özü müzakirə edib haqlı və ya haqsız olmasına qiymət vermirdi, o, bu məsələni Allahına həvalə edərdi. Təmkinlə durmağa çalışırdı və inanırdı ki, bu narahatlıq zamanla düzələr. Çox çalışqan idi. Heç vaxt özünü düşünməz, hər zaman ilk ətrafını, ailəsini düşünərdi ki, hər kəsi razı salmalıdır, hamı ondan razı qalmalıdır, o, nümunəvi, yaxşı insan obrazında olmalıdır, ətraf ondan nümunə götürməlidir. Ətrafdan, dostlarından pis münasibət görsəydi də o, bu hərəkətlərə yaxşılıqla cavab verərdi. Təəccüb edirdim ki, bir insan bu qədər yaxşı ola bilərmi? O an başa düşmürdüm ki, bu insan cənnət üçün yetişdirilmiş insandır, ona görə də bu belə olmalıydı. Hər şeyi indi görürəm, başa düşürəm...
Talehin ali təhsil almaq arzusu olub, amma ailə vəziyyətlərinə görə uşaq yaşlarından çalışmağa məcbur olub və dərs oxumağa vaxtı qalmayıb. Hələ 8 yaşından ailəsi üçün çalışıb. Taleh üçün həyatda çətin iş, çətin peşə yox idi. O, qürurla hər işin öhdəsindən gələcəyinə əmin idi. Taleh maddiyyata önəm verən bir insan deyildi. Onun üçün əsas yalnız mənəvi hisslər idi. O, hisslərlə yaşayırdı, hər çətinliyin öhdəsindən gəlirdi. Allaha çox bağlı idi, hər günü yaşadığı üçün daim Allaha şükür edirdi. Çətin anlarında da Allahın bir imtahanı olduğunu düşünər və mütləq hər şeyin düzələcəyini səbirlə gözləyərdi. Yoldaşlarına, dostlarına səmimi, mehriban, nümunəvi, fədakar yoldaş, dost idi. Dostluğa dəyər verirdi. Bir insan ona diqqət etdisə, o insan Taleh üçün çox dəyərli olurdu. Başqasının yaxşı əməllərinə çox yüksək dəyər, qiymət verirdi.
Dostlarının pis və yaxşı günündə mütləq yanlarında olmalıydı. Talehdə deməklə, yazmaqla bitməyən insani keyfiyyətlər var idi. Onun yaxşı əməllərini sözlə ifadə etməyə, yazmağa sözlər yetmir. O, mükəmməl ailə başçısı, yoldaş və ideal ata idi. Hər işdə, ailə həyatında, hər addımında oğullarına örnək olmağa çalışırdı. İstəyirdi ki, onlar da gələcəkdə Taleh kimi ailələrinə, ətrafına, dostlarına dəyər versinlər, sevsinlər, ailənin müqəddəsliyi atalarından görüb-götürsünlər, dərk etsinlər. O, əvəzolunmaz birisi idi.
— Şəhidimizin hərbi xidməti və əsgərlərə münasibəti ilə bağlı nə deyə bilərsiniz?
— Taleh 2005-ci ilin yanvar ayında Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə müddətli hərbi xidmətdə olub. Xidməti boyunca çox məsuliyyətli, işini bilən əsgər olub. Hərbi hissə komandirləri tərəfindən valideynlərinə təşəkkürnamələr göndərilib. 2006-cı ilin iyul ayında hərbi xidməti başa vurub qonşu ölkə olan Rusiyaya işləməyə getmişdi. 2009-cu ildə isə ailə həyatı qurduq. Bir müddət Gəncədə özəl biznes sahəsində çalışdı. 2014-cü ilin avqust hadisələri vaxtı mən televiziyadan xəbərləri izləyirdim. Onda şəhidlərimiz var idi, onlara baxıb kədərlənmişdim. Heç vaxt müharibə olmasın, analar ağlar qalmasın... Bu düşüncələrlə seyr edirdim hadisələri... Taleh işdən gəldi, heç bir sual vermədi, mənimlə bərabər xəbərləri izləməyə başladı, kədərlənib dərindən bir ah çəkdi, sonra qəhərlənib eyvana çıxdı.
Qayıdanda çox düşüncəli vəziyyətdə idi. Soruşdum ki, nə olub? Dedi, mən bu işimdən çıxmaq üçün ərizə yazacağam, gedərik rayona, sənədlərimi hərbiyə verəcəyəm, yenidən xidmətə başlayacağam. Onun bu gözlənilməz, qəti qərarından donub qalmışdım. Dedim ki, Taleh, mən hələ televiziyadan izlədiyim şəhid xəbərlərinə baxanda dözə bilmirəm, sən getsən, sənə bir şey olsa, onda mən nə edərəm? Dedi, narahat olma, alnımıza nə yazılıb, o da olacaq. Taleh dediyi kimi də etdi. Artıq 2015-ci ilin yanvarın 27-də Talehin hərbi hissədə xidmətə qəbul edilməsi ilə əlaqədar əmri gəldi. O, Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu — sürücü, manqa komandiri kimi xidmətə başladı. Xidməti dövründə əsgərlərinə çox mehriban, qayğıkeş, səmimi münasibətlə davranardı. İşdə nə olsa, mən bilmirdim, özü də danışmazdı. Amma Talehlə uşaqlarla birlikdə nə vaxt şəhərə gəzməyə çıxsaq, əsgərlərinin valideynləri və ya qohumları ilə rastlaşsaq, onların Talehə münasibətindən razılıq üçün etdikləri dualarından başa düşürdüm ki, Taleh ailədə necə övladları üçün hər şeyin yaxşısını düşünürsə, işdə əsgərlərinə qarşı da elə davranır. Evdə söhbəti zamanı da hiss edərdim ki, əsgərlərinə görə narahat olur, çətinə düşənlərin işlərini həll edir, diqqətdən kənarda saxlamır. Taleh bir hərbiçi kimi hər zaman əsgərinin qayğısına qalardı, onların məsuliyyətini öz üzərində hiss edirdi və bununla qürur duyurdu.
— Tarixə Aprel döyüşləri kimi daxil olmuş 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə Talehin iştirakını necə xatırlayırsınız?
— 2016-cı ilin mart ayının son günləri idi. Taleh xidmətdən evə gəlmirdi və narahat danışırdı. Hiss edirdim ki, nəsə baş verir. Özümüz də döyüş bölgəsinə, təmas xəttinə yaxın yaşayış məntəqəsində qaldığımızdan hər gün atışma səsləri, hətta topların da atəş səslərini eşidirdik. İlk günlər uşaqlar bu atışma səslərinə alışa bilmirdilər, eşidəndə elə hallar olurdu ki, ağlayırdılar. Belə vaxtlarda Taleh onları başa salırdı ki, ağlamaq olmaz, bəs mən orada niyə durmuşam? Ona görə durmuşam ki, sizi düşməndən qoruyum. Vətənimizi qorumaq üçün mən orada düşmənlə üz-üzə dayanmışam. Həm də siz mənim övladlarım olduğunuz üçün düşməndən qorxmaq yox, onları qorxutmalısınız. Mən və əsgər əmilər qoymarıq ki, sizə bir şey olsun. Belə vaxtlarda Murad ağlayaraq atasına cavab verdi ki, ata, bəs birdən səni öldürsələr, onda necə? O, deyirdi ki, oğlum, atana düşmən gülləsi batmaz, ancaq atanın açdığı artilleriya atəşi düşməni darmadağın edər. Ona görə də heç qorxmayın. Taleh bizə mətin dayanmağı, bir hərbiçi ailəsi olaraq həm fəxr, qürurlu olmağı, həm hər vaxt hər şeyə hazır olmağı daim izah edir, aşılayır, elə bil ki, gələcəkdə baş verəcəkləri əvvəlcədən duyubmuş kimi bizi hazırlaşdırırdı. O günlər o səsləri adi qəbul edirdik. Taleh deyirdi ki, təlimdir, narahat olmayın. Hətta qonşular bizə gəlib soruşurdular ki, nəsə varmı, bəlkə, Taleh sizə deyib? Mən Talehin rahatlığından elə özüm də rahatlıqla deyirdim ki, narahat olmayın, heç bir şey yoxdur, hər şey yaxşıdır. Aprel ayının 1-i axşamı Taleh evə gəldi, tələsik götürüləsi paltarlarını götürdü və uşaqları öpüb mənimlə sağollaşdı. Qapıdan çıxanda mənə dedi ki, uşaqları sənə, səni uca Allahıma əmanət edirəm. Zəng vurmasam, narahat olma. Hər dəfə eyni sözləri dediyi üçün heç nə hiss etmədim. O, tez-tələsik işə qayıtdı.
Gecə saat 1-i ötmüşdü. Güclü atışma səslərinə yuxudan ayıldıq. İlk əvvəl nə olduğunu başa düşmədim, çünki bu güclü atışma səslərini ilk dəfə idi ki, eşidirdim. Pəncərəni açanda bildim ki, yox, həmişəki kimi deyil. Elə bil səma da, göy də alışıb yanırdı... Müharibə... Yox, qəbul edə bilmirdim. Tez Talehə zəng vurdum. Ona zəng çatmadığı üçün narahat idim. Qonşu gəlib bizi çağırdı ki, evdə tək qalmayın, gəlin bizim evdə bir yerdə olaq ki, uşaqlar da səs-küydən qorxmasınlar. Həmin qonşumuz Talehin iş yoldaşı, dostu, silahdaşı şəhid Ceyhun Hüseynovun anası Şəhla xanım idi. Onların evi Ağcabədi rayonunun təmas xəttinə yaxın olan Arazbar kəndində idi, biz də həmin Arazbar kəndində yaşayırdıq. Onlar bizə ana-bacı kimi idi, orada özümüzü yad yerdə hiss etmirdik. Elə bil öz kəndimizdə, doğmalarımızın arasında, əhatəsində idik. Şəhla xala dedi ki, biz də Ceyhuna zəng edirik, ona da zəng çatmır. Ona görə də hamımız dualar etməyə başladıq. Səhərə kimi gözümüz telefona zillənib qaldı. Səhər saat 7-ə qalmış Taleh zəng vurdu. Səsini eşidəndə çaşbaş qaldım ki, İlahi, bu müharibədir? Beləmi danışır Taleh? Çox sevincli, gülə-gülə, sevinə-sevinə danışırdı, elə bil ən ülvi arzusuna çatmışdı. Dedi: “Bizdən narahat olmayın, hər şey yaxşıdır. Mən yaxşıyam, Ceyhun da yaxşıdır, ürəyimizcə mənfur düşmənin başına od ələyirik”. Dedim ki, Taleh, bəs sən niyə gülürsən axı? Biz sizə görə qorxuruq. Dedi ki, bizə görə qəti narahat olmayın, neçə illərdir həsrətlə gözlədiyimiz gün, nəhayət ki, gəlib çatıb. Düşmənlərin dərsini veririk və verəcəyik. Çox danışa bilmədi və bizimlə sağollaşdı.
Top səslərinin gücündən evlərin pəncərə şüşələri cingildəyir, divarlar silkələnirdi. Kəndin sakinlərindən bəziləri təhlükəsiz yerlərə çəkilirdi. Bizim ailəmiz və kənddə qalan başqa bir hərbiçi ailəsi Ceyhungildə, yəni Şəhla xanımın evində idik və cəngavərlərimizi bir yerdə gözləyirdik. Oradan heç bir yerə getmirdik, güvənirdik, inanırdıq ki, ordumuz hər şeyin öhdəsindən gələcək. Onlar öndə olduğu üçün düşmən bizə heç nə edə bilməz. Günorta saatlarında Arazbar kəndinə yaxın əraziyə top mərmisi düşdü. Hətta ora o qədər yaxın idi ki, evimizin arxa hissəsi də sayıla bilərdi. Həmin vaxt yenə Taleh zəng vurdu, dedi ki, maşın gələcək və o kənddən çıxmalısınız. Hətta dedi ki, Gülay, uşaqları götür, rayona get, kənddə qalmaq təhlükəli ola bilər. Mən razı olmadım və dedim ki, səni burda belə qoyub gedə bilmərəm, mən buradan uzaqlaşa bilmərəm. Əgər nəsə də olsa, ikimizə birlikdə olsun. O, dedi ki, bəs uşaqlar... Onun sualının qarşısında cavabsız qaldım və ona görə də Arazbar kəndindən bir kənd aralı, Talehin iş yoldaşının qohumlarıgilə getdik. Oradan döyüş səhnələrini, hər şeyi açıq-aydın izləyirdik...
Bir zamanlar televiziyalardan izlədiyimiz, kitablardan oxuduğumuz müharibə epizodlarını indi canlı olaraq görürdük və yaşayırdıq. İndi ən çox sevdiyim insan müharibədə, o odun-alovun içərisində düşmənə qarşı mərdliklə döyüşürdü. Mən uzaqdan izləyirdim, əlimdən isə dua etməkdən başqa heç bir şey gəlmirdi... Atəş səsləri dayananda şükür edirdim. Atəş səsləri başlayanda hər atəş səsində ürəyimdən bir tel qırılırdı. Deyirdim ki, Allahım, ordumuza, əsgərlərimizə heç bir şey olmasın. Heç bir evin ocağı sönməsin. Heç bir uşaq atasız qalmasın... Bəlkə, bu Talehdir, bəlkə də başqası, lakin biz bilmirdik, eşidirdik, görürdük. Hər an hər şeyə hazır idik, ölümü də, şəhadəti də gözləyirdik... Aprel ayının 5-i günorta saat 12 olardı ki, qohumlarımız zəng vurdu ki, atəşkəs elan olundu. Sevindim, atəş səsləri də azaldı, nəhayət, sakitləşdi. Taleh zəng vurdu, amma o, ilk gündəki kimi olduğu sevincdə deyildi. Bu döyüş, qisas indilik yarımçıq qalmışdı, şəhidlərimizin qisası yetərincə alınmamışdı. O, dedi ki, indi olmadı, amma gələcəkdə, inşəAllah, biz bir gün bu döyüşü tam, birdəfəlik bitirəcəyik və şəhidlərimizin qisasını düşməndən alacağıq. İnşəAllah, müharibə gələcək nəsilə miras qalmayacaq və qalmamalıdır.
— Şəhid Taleh İsmayılovun Şəhid Ceyhun Hüseynov ilə ailəvi və hərbi xidmət sarıdan bağlılığı, sarsılmaz dostluğu ilə bağlı nə deyə bilərsiniz?
— Taleh xidmətə başlayandan 1 ay sonra bizi yanına, xidmətə yaxın Ağcabədi rayonunun Qiyaməddinli kəndinə apardı. İlk vaxtlar alışmadığımız iş rejimi, şəraitsiz evlər, atışma səsləri... Atışma səslərindən qorxurduq, ilk vaxtlar yaxın ərazidə tanışımız olan insanlar da yox idi. Bu çətin şəraitdə Taleh vardı təkcə. O, hər işdən gələndə uşaqların sevinci, ata deyib qabağına qaçıb qucağına atılmaqları bu çatışmazlıqları, çətinliyi aradan qaldırırdı və onun işdən evinə dönüşü bizim üçün hər şeyə dəyərdi. Hər çətinliyin öhdəsindən birlikdə aşdığımız kimi bunların da öhdəsindən gələcəkdik, buna inanırdıq, birlikdə Allaha olan inamımıza, Onun verdiyi gücümüzə, qüvvəmizə arxalanırdıq. Taleh çalışırdı, məni iş yoldaşları ilə ailəvi tanış etsin ki, o, işdə olanda narahat olmayım, darıxmayım, özümü yad hiss etməyim, uşaqlar da darıxmasın, onların da başı qarışsın. Onu da qeyd edim ki, hərbiçi həyatı şərəfli həyat olduğu qədər də çətin həyatdır, bunu yalnız yaşayanlar bilər. Ona görə də bizi özü kimi hərbiçi ailələri ilə tanış edirdi ki, bir-birimizdən muğayat olaq, həmdərd, həmsöhbət olaq. İlk tanış olduğumuz ailə Cavanşir Məmmədovun ailəsi idi. Taleh işə başladığı ilk gün hərbi formasını Cavanşirlə birlikdə əyninə geyinmişdi. İkisi də hərbi kursa birlikdə getmişdilər və ikisi də eyni ixtisas vəzifədə dostlaşmışdılar. Onlar da bizim kimi oraya uzaq rayondan gəlmişdilər. Sonralar Taleh hər dəfə evə gələndə deyirdi ki, bir iş yoldaşım var, adı Ceyhundur, yerli adamdır, bu rayonun Arazbar kəndindəndir. Çox yaxşı adamdırlar, hələ anasını görsən, çox xoşun gələr. Çox mehriban ailəsi var, bir gün vaxt olsa, bizim uşaqları görmək istəyirlər, sizi onlara aparacağam. Onlar uzaq deyil, qonşu kənddə olurlar.
Elə oldu ki, qaldığımız evdə problem yarandı, ona görə başqa ev axtarası olduq. Taleh zəng vurdu ki, iş yoldaşım ev tapıb bizə, gəlirəm, gedək baxaq. O, gəldi, maşında Talehdən başqa bir hərbiçi də var idi. Getdik, evə baxdıq. Baxdığımız evdə çatışmazlıqlar vardı. Bu hərbiçi hər sözdə dedi ki, narahat olmayın, bacı, bizim evdəkilər bütün çatışmayanları gətirər, bizim evdəkilər kömək edər, hər şeyi yoluna qoyarıq. Evə qayıtdıq. Soruşdum, Taleh, o hərbiçi kim idi? Dedi: “Ceyhundur, haqqında sənə danışdığım oğlan, döyüş yoldaşım, silahdaşım, həm də can dostumdur”. Sentyabr ayı idi. Taleh zəng vurdu ki, ev var, tapmışıq, rahat evdir, hazırlaş, ora köçürük. Getdik həmin evə, orada əvvəllər tanımadığım bir qadın bizi çox mehribanlıqla qarşıladı. Bizim uşaqları əzizləyir, oxşayır, “Qızım, nə lazımdı, de, biz də sənə kömək edək” — deyirdi. Belə düşündüm ki, yəqin, həmin qadın ev sahibinin qohumlarındandır. Söhbət zamanı həmin mehriban qadın dedi ki, bala, lap yaxşı oldu ki, bizə yaxın qonşuluğa gəldiniz. Sizi həmişə görmək istəyirdik, uzaqda olurdunuz deyə gələ bilmirdik. İndi bütün günü bizdə olarsınız, sizi darıxmağa, özünüzü yad yerdə kimi hiss etməyə qoymarıq. Mən Ceyhunun anasıyam. Taleh mənim oğlumdur, sən də mənim qızım, gəlinimsən. Nə vaxt nə lazım olsa, biz həmişə sənin, balalarının yanındayıq. Qərib yerdə belə bir insanın adamı ana nəvazişi, ana istəyi ilə qarşılaması bizə çox güvən verdi. Burada, doğrudanda, öz doğmalarımızın arasındaymışıq kimi heç darıxmarıq düşüncəsi yarandı bizdə. Ceyhunun bacıları tez-tez bizə gəlirdi, uşaqları aparıb oynadır, başlarını qatırdılar. Ceyhun Talehlə birlikdə işə gedib birlikdə evə gəlirdi. Nə vaxtsa Ceyhun işdə, növbədə olsa, Taleh evə gəlsə, Şəhla xala soruşurdu: “Bala, qardaşın harada qaldı? Onu niyə gətirmədin?”. Taleh də gülə-gülə ona deyirdi ki, narahat olma, xala, Ceyhun yaxşıdır, işdə növbədədir və ya onun işləri çoxdur. Beləcə Şəhla xala öz iki oğlu ilə bərabər Talehi də 3-cü oğlu kimi görür, oxşayır, əzizləyir, işə yola salır, qayıtmasını gözləyirdi. Biz bir az həyətə gec düşsək, Şəhla xala narahat olar, tez gəlib soruşardı ki, bala, nə baş verir, niyə görünmürsünüz? Daim onun bir gözü öz ailəsinin, bir gözü isə bizim üzərimizdə idi. Bu diqqətinə görə Taleh həmişə söhbət düşəndə Şəhla xalaya təşəkkür edirdi. Şəhla xala Talehin uşaqlarını çox istədiyini, onlara görə narahat olduğunu bildiyi üçün həmişə ona deyirdi ki, Taleh, oğlum, sən uşaqlara görə narahat olma, biz burdayıq, onları öz əzizlərimiz kimi saxlayacağıq, sən bircə öz peşənlə məşğul ol, bunlardan nigaran qalma. Şəhla xala hərdən Ceyhunu nəzərdə tutaraq deyirdi ki, Taleh, bircə bu qardaşına da toy edə bilsəydik, rahat olardım...Taleh də gülərək deyirdi ki, xala, inşəAllah, əvvəlcə bu erməni cəlladlarının iki qardaş bir yerdə dərsini verək, ondan sonra qardaşıma elə bir toy edəcəyik ki, dünyada tayı-bərabəri olmayacaq...
Talehlə Ceyhun işdə bir yerdə, hər zaman bir-birlərinin yanında, hər işdə bir birlərinə arxa-dayaq olar, biri-birlərinə kömək edərdilər. 2017-ci ildə kirayədə qaldığımız evin sahibi evinə qayıdası oldu, ona görə də biz başqa evə köçdük. Uzaq məsafədə olsaq da Şəhla xala yenə də tez-tez zəng vurur, bizimlə danışır, halımızla maraqlanırdı. Talehin işdən boş vaxtı olanda gəlirdi evə, birlikdə Şəhla xalagilə gedirdik. Həmişə sağollaşanda Şəhla xala deyirdi ki, mənə bax, Taleh, Ceyhun sənin balaca qardaşındır. Bir böyük qardaş kimi nə səhvi olsa, sən ona başa sal, həmişə yanında ol, bax Ceyhunu sənə tapşırıram ha... Əvvəl də qeyd etdiyim kimi Aprel döyüşləri vaxtı da onlar birlikdə, çiyin-çiyinə idilər. O ağır günlərdə mən özüm, Ceyhunun anası, bacıları nigarançılıqdan nə günə qalmışdıq? Taleh zəng vuranda, Ceyhun zəng vuranda hamımız birgə sevinirdik. Arzu edirdik ki, bircə səslərini eşidək, “Salamatçılıqdır” desinlər, bəsimizdir. Bir dəfə Taleh bir şəkil göndərdi. Ceyhunla birlikdə döyüş gedən zaman çəkmişdilər.O şəkili görüb necə sevinmişdik?! Ceyhunun bacıları ilə bir-birimizə elə sarılıb ağlamışdıq ki, şükür, sağ-salamatdırlar... O günlər bitdi. Hər dəfə şükür edirdik, bir-birimizə gözaydınlığı verirdik ki, çətin günləri geridə qoyduq. Amma bu dəfə o şükürü, o sevinci yaşaya bilmədik, nə onlar, nə də mən...
2020-ci ilin oktyabr ayının 16-ı qızğın döyüşlər zamanı Talehin səsi çıxmırdı, heç demək olar ki, danışmaq istəmirdi. Bircə kəlmə “Yaxşıyam” deyib “Sağ ol” da demədən telefonu söndürürdü. Bilirdim ki, bu, yaxşı əlamət deyil, Taleh nəsə məndən gizlədir, demək istəmir, elə bil mənimlə danışıqdan qaçırdı. Döyüşlər vaxtı nə qədər çətin anlar yaşasa da mənə bildirməzdi, ancaq heç belə danışmazdı. Narahat qaldığım üçün onun telefon nömrəsini təkrar yığanda “İşim var, yoldayam” deyib sağollaşırdı. Həmin vaxt nigaran halda məktəbə, uşağın arxasınca getdim. Bu vaxt Cavanşirin yoldaşı mənə zəng vurdu, o, ağlayırdı. Dedi ki, Gülay, Ceyhundan xəbərin varmı? Dedim, yox. O, yenə ağladı... Dedim, ola bilməz, yox, indi Taleh mənimlə danışdı, bir şey olsa, deyərdi axı, yoxsa... Tez Talehə zəng vurdum, alo deyən kimi dedim, Taleh, Ceyhun... Taleh doluxsunmuş halda çətinliklə qırıq-qırıq “hə” dedi....Və ardından bu sualı verdi: “Mən Şəhla xalanın üzünə necə baxaram? O, Ceyhunu mənə tapşırmışdı, mən onun qapısına Ceyhunsuz necə gedərəm? Ona nə cavab verərəm?” Dedim ki, bəs sən bilirdin, mənə niyə demədin? Dedi: “Bunu necə deyim? Sən uzaqdan eşidib nə hala qalmısan, düşün ki, mən indi gözümün qabağında... İndi nə haldayam, dostum, qardaşım bildiyim insan... Necə dilimə gətirim?” — dedi. Ağlayırdım, yanımda valideynlər vardı. Onlar ağlamağımdan elə hiss etdilər ki, həyat yoldaşım şəhid olub. Onlara dedim ki, yox, qardaşım şəhid olub.
Talehlə Ceyhunun yaxınlığını, dostluğunu heç kəs bizim kimi duya, başa düşə bilməzdi. Çünki Şəhla xala ilə bizi çətin günlər, çətinliklər birləşdirmişdi. Biz çətin günlərin dostu idik. İndi də hər iki ailə eyni dərdin daşıyıcısı kimi birləşmişik. Uzaqda olsaq da Şəhla xala tez-tez bizimlə telefonla danışır. O, Ceyhun deyir, susur, boğulur, qəhərlənir, danışa bilmir, mən Taleh... Onlar bir-birlərindən ayrı qala bilmədilər, cənnətdə bir-birlərinə qovuşub qardaşlıqlarını davam etdirdilər. Biz də onlarsız, onlarlı günlərin xoş xəyalları ilə onlarsız günlərin acısını daşıyaraq yaşayırıq, əgər yaşamaq demək olarsa... Taleh Şəhla xalanın yanında xəcalətli qala bilməzdi. O sualların, o sual dolu məzlum baxışların qarşısında yanıb qovrulacaq, əziləcəkdi. Bir anaya nə cavab verəcəyəm sualının cavabını ən gözəl formada verdi Taleh. İndi Şəhla xala narahat deyil, yenə əvvəlki kimi bilir ki, iki oğlu: Taleh və Ceyhun yenə də birlikdədir. Taleh burada yaxşı baxa bilməsə də orada o, balaca qardaşı Ceyhuna yaxşı baxır, Şəhla xalanın ona tapşırdıqlarını Ceyhun üçün yerinə yetirir, onu qoruyur... Əbədiyyətə kimi də qoruyacaq...
— Şəhidimiz Vətən müharibəsi başlayanda döyüşlərə hansı əhval ruhiyyədə yollanmışdı, bu anı necə xatırlayırsınız?
— Taleh hələ Aprel döyüşlərindən sonra həmişə deyirdi ki, bizim davamız, mübarizəmiz, qisasımız yarımçıq qalıb. Biz bu davanı bitirməliyik, bir gün torpaqlarımızı düşmən tapdağından geri qaytaracağıq. 2020-ci ildə Tovuz döyüşləri olduğu zaman Taleh çox pis olmuşdu. General-mayor Polad Həşimovun şəhid olmasından sonrakı ilk günlər fikirli, kədərli, hətta hirsli gəzirdi, sanki özündə deyildi. Tez-tez təlim çantasının əskiklərini düzəldirdi. Deyirdi ki, bircə bu müharibə başlasaydı... Mən onun belə hərəkətlərinə irad bildirib deyirdim ki, bəsdir, niyə belə düşünürsən? Sən əsgərsən, nə vaxt əmr veriləcək, sən də əsgər kimi əmrləri icra edəcəksən. Deyirdi ki, Gülay, bir fikirləş ki, mən 45-50 yaşı ötmüşəm, ordudan ehtiyata buraxılmışam, evdə oturmuşuq. Muradgil gənc oğlanlardır. Deyirlər ki, müharibə başlayır, uşaqları döyüşə aparırlar. Onda necə olarıq biz? Onda məni də yaşım ötdüyü üçün aparmazlar, uşaqları apararlar. Evdə dura bilərikmi onda? Dözə bilərsənmi? Bir anlıq elə düşündüm ki, biz evdəyik, uşaqlar müharibədə. O səhnəni düşündüm və dedim ki, yox! Dedi ki, bax, görürsənmi olmaz, bu döyüşü biz bitirməliyik. Gələcək nəsillərə, uşaqlarımıza, Azərbaycan körpələrinə müharibə miras qalmamalıdır. Onun bu halına çox pis olurdum... Mənə tapşırırdı ki, hər an hər şeyə hazır olmalıyam. Özü də gülə-gülə, sevinə-sevinə verirdi bu tapşırığı. Deyirdim ki, müharibə, qan-qada, ölüm-itim haqqında necə belə rahat, sevinə-sevinə danışırsan? Axı birdən sən şəhid olsan, biz nə edərik sənsiz, onu düşünmürsənmi? Gülürdü, yenə deyirdi ki, elə nə edirəmsə, sizin üçün, vətənim, xalqım üçün edirəm. Siz mənim canımsınız, amma öncə vəzifəmiz vətəni qorumaqdır. Bu yolda şəhid olsam, mənim arzum yerinə yetər, ruhum şad olar, siz də şəhid ailəsi kimi qürurla, başı dik gəzərsiniz. Hara getsəniz, məktəblərdə, hər yerdə düşünün ki, mənim, bizim qəhrəmanlığımızdan danışırlar, onda qürur hiss keçirər, fəxr edərsiniz... O, danışdıqca mən əsəbiləşirdim ki, bu niyə ölmək üçün belə sevinir? Sözünü kəsirdim... Hələ o günlərdə üçrəngli bayrağımızı evə gətirdi. Bir gün həmin bayrağı Muradın çiyninə saldı və şəkillərini çəkdi. Dedi ki, oğlum, bunu ata sənin üçün gətirib, yaxşı saxla. İnşəAllah, Şuşanı düşməndən azad edək. Hiss edirəm ki, gələn yay, inşəAllah, bu evdə olmarıq, o tərəflərdə — Şuşa tərəfdə xidmət edərəm. Onda sizi Şuşanın dağlarına aparacağam. Bu bayrağı orada dalğalandırarıq. Sonra Murada dedi ki, gəlin, kömək edin, bayrağı asaq. Bayrağı uşaqlarla birlikdə evin ən gözəl yerinə asdılar. Dedim ki, Taleh, ora niyə asdın? Ev sahibi gəlib bizə nə deyəcək? Narazılıq edər birdən. Dedi ki, heç nə deməz. O da buna sevinər. Çünki bir hərbiçinin evində bayraq ən uca yerdə olmalıdır, biz də bunu edirik.
Sentyabr ayının 15-də Taleh uşaqlara söz vermişdi ki, ilk Bilik günü münasibəti ilə onları məktəbə özü aparacaq. Elə bu sözünü yerinə yetirməsi üçün də məzuniyyət götürmüşdü. Evdə idi, ancaq fikri çox dağınıq idi. Tez-tez telefonuna zəng gəlirdi. İş barədə nəsə ciddi tapşırıqlar alırdı. Mənə bildirməsə də hiss edirdim ki, narahatdır. Mənə bircə tapşırıqlarını verirdi ki, hansı işləri necə edim. O günlər ən çox işlətdiyi cümlə bu idi: “Bircə sənə görə narahatam, Gülay. Heç kəsdən qorxma! Mən həmişə sənin arxandayam, bunu bil! Lazım gələndə haqqını tələb etməyi öyrən!”.
Taleh 18 sentyabrda iş yerinə getdi. 19 sentyabrda təlim olduğunu deyib xidmət yerini dəyişdiklərini bildirdi. Çox narahat olurdum artıq, o isə arxayın idi. Deyirdi ki, narahat olma, hər şey yaxşıdır. Hələ bir gün bir az mübahisə də etdim ki, niyə sən həmişə öndə gedirsən axı? Dedi ki, bu, mənim işimdir, getməliyəm, başa düş və bu cür də qəbul elə. Mənim alnıma vətən yolunda şəhid olmaq yazılıbsa, qabaq-arxa nə önəmi var ki, harada olsam, şəhid olacağam. Bu, alın yazısı, Allahın qismətidir. Bir də deyirdi ki, əgər şəhid olsam, söz ver ki, ağlamayacaqsan. Uşaqları sənə, səni Allaha əmanət edirəm. Mən elə o gündən bilirdim ki, elə bil şəhid olacağı ona agah olmuşdu, Taleh şəhadətə hazırdır. Dedim ki, sənə bir şey olsa, mən yaşamaram, yaşasam da yaşayan canlı ölü olaram… Və o gün gəldi, 2020-ci ilin 27 sentyabr tarixində səhər saat 6-da Taleh telefona mesaj yazdı. Mesajında yazırdı ki, mən getdim, hər şey yaxşıdır. Məndən narahat olmayın, dua edin bizim üçün. Və müharibə... Talehin çoxdan arzuladığı, bizim üçün isə çətinliklər günü artıq başlamışdı. Bax beləcə o, müharibəyə, canı bahasına torpaqlarımızı azad etməyə getdi.
— Həyat yoldaşınızın gələcəklə bağlı nə kimi arzuları, planları var idi?
— Talehlə biz hələ nişanlı olan günlərdən gələcək arzularımızdan, xəyallarımızdan, bu arzuları həyata keçirmək üçün planlarımızdan danışırdıq… Sonsuz arzuları vardı Talehin... O, arzularını danışdıqca həmin arzular bizim birgə arzumuza çevrilirdi… İlk dəfə ikimiz parkda gəzəndə qarşımızda bir yaşlı qadın ilə kişi oturmuşdu, söhbət edirdilər. Taleh onları ilk görəndən gözucu tez-tez onlara baxırdı. Hiss edirdim ki, fikri onlardadır. Birdən gülümsədi və dedi ki, bax o yaşlı insanlara, necə bir-birlərini sevirlər. Onlara baxıram, bu yaşda da bir-birlərini çox sevirlər. Bizim də sevgimiz bax belə sonsuz, əbədi olacaq. Biz də qocalarıq, ikimiz əl-ələ tutub parkda gəzərik… Talehin gələcəyimiz üçün ilk arzusu ta o gündən başlamışdı. İkimizlə bağlı arzu edirdi ki, birgə qocalaq, birgə yaşlanaq və birgə ölək… Deyirdi ki, əgər birimiz tez öləriksə, onda o, mən olum. Səndən qabaq ölüm, sən yaşa, mən sənin ölümünü görməyim. Allahımızdan dilədiyi ən gözəl arzularından biri də Allahın ona övlad payı bəxş etməsi idi. Allah onun bu arzusunu çin etdi və onun qisməti ilə 3 övladımız dünyaya gəldi. Taleh bütün arzularını onların gələcəyi ilə bağlayırdı… Uşaqlar böyüsün, onları ali təhsilli, imanlı, savadlı, vətənpərvər bir övlad edək, özlərinin işləri, evləri, ailələri olsun. Biz də yaşlanarıq, hər dəfə birinin evinə qonaq gedərik, nəvələrimizi əzizləyərik… Onlar üçün bu xəyalları qura-qura özünü onlara həsr edirdi, hər çətinliyə bu arzularımıza çatmaq ümidi ilə səbir edirdi... Bəzən ona deyirdim ki, Taleh çox əziyyət çəkirsən, mən sənin üçün narahat oluram, heç dincəlmirsən. Bir kəlmə onda deyirdi ki, hər şey yaxşıdır, mənə xoşdur. Bir düşün ki, bizim indiki əziyyətimizin qarşılığı uşaqlarımız böyüyüb xoşbəxt, rahat həyat yaşayanda qarşımıza çıxacaq. Biz onda necə olarıq? Deyirdim ki, biz xoşbəxt olarıq. Deyirdi, bax o an üçün bütün çətinliklərə dözməyə dəyər. Səbir etməliyik o gün üçün. Taleh son vaxtlar tez-tez deyirdi, şükür edirəm ki, Allah arzularıma çatdırıb məni, çətinliklə də olsa istədiklərim olub. Şükür ki, Allah dualarımı eşidir. Ailə qurduğumuz üçün tez-tez şükür edirdi. Deyirdi, şükür ki, övladlarımın anası sənsən, yoxsa mən nə edərdim? Sən onlar üçün hər şeyin ən yaxşısını düşünürsən, edirsən. Sənə hər vaxt güvənirəm. Uşaqlarla, mənimlə çox çətinliklərə dözürsən. Bir gün hər şey yaxşı olar, həsrət dolu günlər bitər. İlk olaraq ikimiz birlikdə ölkəmizi gəzintiyə, tura çıxarıq, sonra xaricə gedib dünya ölkələrini gəzərik. Tez-tez söz verirdi ki, işdə olduğu günlər bizi görə bilmədiyi o həsrət dolu günlərin əvəzini gələcək illərdə mütləq çıxacaq, o, heç vaxt bizdən ayrı qalmaz…
Talehin arzusu Muradı polis görmək idi. Tez-tez onunla bağlı xəyallar qururdu. Muradın xidməti vəzifəsində, işində yaxşı xidmət etməsini xəyal edirdi. Ata kimi oğlu ilə qürur duymanın xəyalları ilə necə sevinərdi… Övladlarının xoş gününü görmək, rahat yaşamağını görmək... Taleh bu arzuları düşüncələrində canlandırıb rahatlıq tapırdı. Bütün çətinliklər, əzablar gözündə rahatlaşırdı onun. Arzularını övladlarına bağlayıb onlara, ailəmizə olan sevginin gücündən qürurlanırdı, güc alırdı o sevgidən və özünü xoşbəxt hiss edirdi. Həmişə bu sevgi üçün dilindən şükür kəlməsi düşməzdi…
Müharibə vaxtı da telefonda danışanda arzuları bitmirdi, yaşamaq eşqi, birlikdə yaşlanmaq həvəsini deyirdi. Gülay, bu torpaqlar çox gözəl, səfalıdır. Hələ bir bulaqları var ki, suyundan içsən, doymazsan. Deyirdi ki, müharibədən, torpaqlarımız azad olduqdan sonra sizi mütləq buralara gətirəcəyəm, buraları gəzərik, bu gözəllikləri öz gözlərinizlə görərsiniz. Eyni zamanda Taleh maşın həvəskarı idi, xoşladığı maşını alırdı. Onun bu xasiyyətini hər kəs, dost-tanış, hamı bilirdi. Dostları ilə birlikdə olduqları vaxt söhbətin əsas hissəsini maşına ayırardılar. Onun ən çox xoşladığı, arzuladığı maşın modeli var idi ki, onu ala bilməmişdi. Uşaqlar da harada o maşından görsələr, deyərdilər ki, atanın arzuladığı, ürəyindən keçən maşındır. O da deyirdi ki, inşəAllah, ata da bir gün alar o maşından. Vətən müharibəsinin gedişində artıq Cəbrayıl rayonu da işğaldan azad olunmuşdu. Taleh dedi ki, Gülay, fikrimi dəyişdim, daha o maşın modelindən almayacağam, “Mersedes Vito” avtomobilindən alacağam. Ailəmiz böyükdür, rayonları gəzəcəyik, ailəmizin say tərkibinə uyğun, çox tutumlu yeri olan maşın olmalıdır o maşın. Düşünmüşəm, müharibə qələbəmizlə bitsin, qayıdandan sonra o maşından alacağam. Dedim, inşəAllah. Talehi hər arzusuna Allah çatdırırdı, o arzusuna da son anda çatdırdı. O gecə Taleh gələndə “Mersedes Vito” ilə gəldi, iki arzusuna Allah onu birdən yetirmişdi. Həm şəhid olması, həm də “Mersedes Vito”da gəlməsi kimi arzusuna… Mən əvvəl həmin markalı avtomaşını görməmişdim, sonralar videolardan gördüm. Həmin maşının markasını soruşdum, dedilər ki, bu, “Mersedes-Vito” markalı avtomaşındır. Onda ağlıma Talehin o maşını arzuladığı gəldi… Allah yenə arzusuna çatdırdı Talehi. O, Allahın sevimli bəndəsi idi.
Biz Talehin arzularının həyata keçməsi üçün yaşayırıq. Onun arzuladığı, ancaq çata bilmədiyi çox arzularımız yarım qaldı. Onları həyata keçirməliyik ki, Talehin ruhu şad olsun. Güvəndiyi qadına güvənməyində yanılmadığına bir daha əmin olsun. Talehin əsas arzusunu həyata keçirib onun əmanətlərini adına layiq arzuladığı bir övlad kimi yetişdirməliyəm. Bunu etməliyəm ki, övladları həmişə Talehin şərəfli adını ata kimi daim ucaltsınlar. İndi uşaqlar ataları ilə qürur duyur, fəxr edir. Arzulayıram, o gün gəlsin ki, Talehin əsas arzusu olan uşaqları ilə qürur duyma hissini, o hissi onun ruhuna yaşadım, ruhuna hiss etdirim.
Taleh planlarla məqsədinə, istədiyinə çatardı. İlk Allah kəlməsiylə başlayardı işinə və şükür həyata keçirməyim qismət oldu deyə bitirərdi. İlk gündən bütün planlarımızı müzakirə edər, uyğun olan halda başlayırdı icrasına. Son aylar karantin, xəstəliklər olduğu üçün arzusu bu idi ki, hər şey bitsin, müharibə qələbəmizlə başa çatsın, uşaqlara sağlam və xoşbəxt gələcək qismət olsun. Taleh tək özü üçün nəsə düşünməzdi, arzulamazdı, hər işinin, arzusunun başında ilk ailəsi idi ki, arzuları da onun üçün diləyirdi. Bircə özü üçün düşündüyü maşın arzusu idi. Onun da başında o maşında birlikdə gəzintiyə getməyimiz dayanırdı. Maşınla gedib gəzməyimizin xəyalını qururdu. İşi ilə bağlı planları var idi. Onların da çoxunu etmişdi, ancaq son vaxtlar işğaldan azad olunan rayonlarda xidmətin xəyallarını qururdu. Talehin planları, arzuları bizim ailəmizin planları, arzuları idi. Çünki hər şeyi birlikdə düşünürdük, birlikdə qərar verirdik, birlikdə çalışırdıq. Uşaqlarla oturardı, gələcək üçün xəyallar qurardı. İndi uşaqlar hara getsə, nə etsə, atanın istədiyi, atanın dediyi kimi ifadələr işlədirlər…
Mən düşünürəm ki, Taleh özü üçün təkcə şəhid olması duasını etdi, bircə şəhid olmaq duası… Hamıdan fərqli saf sevginin qarşılığı, işdə işi ilə xeyirxahlığı, məsuliyyəti, işini sevmənin, vətəni sevmənin, bütün çətinliklərinin, əzabının, narahatlıqlarının qarşılığı, ən gözəl arzularının ən gözəl planlarının əvəzi olaraq Allah onu Şəhidlik Zirvəsi ilə mükafatlandırdı. Həm özü üçün düşündüyü, həm bizim üçün düşündüyü bütün arzularının sonu cənnəti idi. Yenə bizi düşündü, yenə ətrafı düşündü. Şəhid olanda da hamını düşündü. Vətən üçün bütün arzularına xətt çəkərək çıxdı yola, Allah onu ən gözəl adla mükafatlandırdı. O, şükür ki, bu arzusuna da çatdı.
— Talehin Vətən müharibəsində iştirakı ilə bağlı nə deyə bilərsiniz? Döyüşlər gedən zaman onunla necə əlaqə saxlayırdınız?
— Taleh 2020-ci ilin 27 sentyabrında döyüşlər başlayan zaman ilk dəqiqələrdən çoxdan arzuladığı döyüşlərə qatıldı. Xidməti vəzifəsini icra etməyə başladı. Biz burada ona görə narahat olan vaxt Talehdə heç narahatlıq görmədim, hiss etmədim. Hətta xoşbəxtlik və sevincini hiss edirdim. Talehlə danışanda mən narahat olurdum, nigarançılığımı bildirirdim, ağlayırdım, o isə gülür və sevinirdi. Mən ona vəziyyəti barədə sual verəndə o, məndən uşaqları soruşurdu, deyirdi ki, özünüzə yaxşı baxın, uşağın məktəbi necədir, problemləri varmı? Deyirdim ki, biz evdə rahat yerdəyik, Taleh, narahat yerdə olan sənsən. Sən bizdən narahatsan, özün elə bil rahat yerdəsən. Gülürdü ki, məndə hər şey yaxşıdır, əladır, darıxma, narahat olma... Taleh 44 günlük müharibənin 39 günündə döyüşdə oldu. Bir gün olsun yorulduğunu dilə gətirmirdi. Hər gün elə bil ilk günkü kimi həvəslə mənə zəng vurar, “sabahın xeyir” deyər, gecə yatanda “gecən xeyrə” deyərdi, eyni həmişəki, müharibədən əvvəlki vaxtlar kimi.
Taleh 3 fevral 2013-cü ildə Məşhəd ziyarətinə getmişdi. İlk dəfə onda ayrı günlər yaşadıq. O zəng vuranda elə sevincli və xoşbəxt danışırdı ki, sevincini izah etmək mümkün deyildi. Deyirdi ki, bura elə gözəldir ki, adam heç buradan qayıtmaq istəmir. Bütün günü Allaha ibadət edirik, adam elə rahatdır ki, necə gözəl hissdir, deyilmi? Uşaqlar böyüsün, səni də gətirərəm bura, gəlib birlikdə ziyarət edərik... Döyüş zamanı da eyni hiss — işğaldan azad olunan torpaqlara ayaq basanda o sevinc, o xoşbəxtlik bütün çətinlikləri Talehə unutdurmuşdu... Bəlkə də hiss edirdi ki, şəhadətinə, Allahına yaxınlaşır, özünü daha çox ona görə xoşbəxt hiss edirdi. Allah üçün, vətəni üçün, ailəsi üçün döyüşdüyünə görə, özünü bu yolda fəda etdiyinə görə çox qürurlanırdı. Əvvəlcədən bütün borclarını ödəmişdi, bircə can borcu qalırdı, onu da... Hətta xırda bir-iki borcu qalmışdı, onu da oktyabrın son günü mağazada döyüş vaxtı gedib borc sahibini tapmış, onları da ödəmişdi. Mənə telefonda sevinə-sevinə dedi ki, bütün borclarımı ödədim. Sıfır borcum var, sıfır. Taleh döyüşdə çox təhlükəli anlar yaşamışdı, mənə heç birini bildirməmişdi. Bu barədə sonralar eşitdim onun döyüş yoldaşlarının dilindən, şəkillərdən... Bütün çətinliklərin, od-alovun içində olan bir insan necə gülə, sevinə bilərdi?! İlahi, möcüzədir. O ancaq şəhadət xəbəri ilə müjdələnənlərdən ola bilərdi... Talehdən soruşanda ki yatırsanmı, deyirdi, nə yatmaq, yatmaqmı olar belə vaxtda? Amma ani yuxusunu alırdı, arada ağzından çıxırdı ki, qəribə yuxular görürəm. Nə gördüyünü deməyə vaxtı olmurdu... “Acsan?” deyə soruşanda, deyirdi, elə o sulardan içib doyuram... Yollarda onlara mülki əhali çörəkarası nəsə verirdi, o anlarda sevinərdi ki, onları düşünən var, dəyər verən var. Bu düşüncə ona daha da güc verirdi, daha da irəli getmək həvəsini artırırdı ki, canı-qanı bahasına olsa da bu torpaqlar azad edilməlidir. Taleh ona güvənən insanların güvənini doğruldurdu. 39 gün dayanmadan qəhrəmanlıqla döyüşdü, bütün gücü ilə döyüşdü və hər dəfə işğaldan azad olunmuş torpaqlara ayaq basanda çox sevinirdi. Deyirdi ki, o müqəddəs torpaqlarımıza ilk ayaq basanlardanam. Cəbrayıl, Qubadlı rayonlarının ərazilərində olanda onunla danışanda Talehin sevincini ifadə etməyə sözlər aciz idi… Uşaqlarla da imkan olan kimi danışırdı. Murada telefon istifadə etməyə icazə verməmişdik. Evdə bir telefonu vardı, döyüşlər zamanı bir gün tapşırdı ki, o telefonu Murada ver, nömrə al, qoy telefona, onunla əlaqə qura bilim. Nömrəni aldıq, qoyduq, Murad ilk olaraq atasının nömrəsini həmin telefona qeyd etdi. İlk atasına zəng etdi. Taleh buna çox sevinmişdi. O da “oğlum” deyə nömrəni telefonuna qeyd etmişdi. Mənimlə danışıb uşaqları soruşanda deyərdim, Murad uzaqdadır, ya da dostları ilə bir yerdədir… Murada da zəng vurardı. Bundan onun səbəbini soruşdum ki, axı sən məndən uşaqları soruşdun, nədən narahatsan, niyə Murada zəng vurursan? Deyirdi, qoy oğlum qürurlansın, yoldaşlarının yanında sevinsin ki, atam mənə zəng vurur… Bunu Taleh dəfələrlə etmişdi və səbəbini yanındakılara da bildirmişdi ki, oğluma zəng vururam ki, qoy sevinsin ki, atam mənə zəng vurur… Bəlkə də ürəyinə dammışdı son günləri olduğu. Bir də bu ailədə heç vaxt ata-oğul arasında telefon zəngi olmayacaqdı. Ona görə uşaqlarına o zəngi də etdi. Həmişə deyirdi ki, həyatda heç vaxt heç nəyə həsəd aparmağa qoymaram sizi. Onu da sağlığında qoymadı ki, oğlu atadan gələn zəngə həsəd aparsın…Övladının o arzusunu da qısa müddət də olsa, yerinə yetirdi.
— Şəhidimizin şəhadətə qovuşmasından necə xəbər tutdunuz?
— Talehlə biz çalışdığımız qədər tez-tez, lakin qısa danışıq zəngləri edirdik. İşi ilə əlaqəli döyüş bölgəsində daimi qalmırdı və o, döyüş xəttindən çıxanda telefonuna zəng çatırdı… İlk gündən deyirdim ki, zəng vuracağam, uyğun olmasa da heç olmasa dəstəyi as, bilim ki, yaşayırsan… O, dəstəyi asdıqdan sonra yığıb bir kəlmə deyirdi ki, yaxşıyam, narahat olma, yoldayam, işim var… Yəni heç vaxt məni xəbərsiz qoymurdu. Telefona cavab verməyəndə necə narahat olduğumu yaxşı bilirdi. Bir döyüş bölgəsinə girəndə xəbər verirdi ki, o əraziyə girirəm, birdən zəng çatmasa, narahat olma… Bir də döyüşdən çıxanda deyirdi ki, narahat olma, hər şey yaxşıdır…
İlk dəfə Talehi itirmək qorxusunu 18 oktyabrda yaşadıq… Talehin həmişə döyüş bölgəsinə girib çıxması 3-4 saat çəkirdi, sonra ona zəng çatırdı. Həmin gün səhər bir dəfə danışdı, daha zəng çatmadı. Axşam oldu, zəng çatmadı. Həmin gecəni xatırlayanda pis oluram. Çox qorxdum, hər tərəfə, dost-tanışa xəbər salıb soruşdum ki, niyə Talehə zəng çatmır, bəlkə, başına nəsə gəlib? Çünki işini bilirdim ki, o, həmin ərazidə çox durmur, narahatlığım səbəbsiz deyildi… Çox yerdən xəbər aldım, bir kəs yaxşıdır, danışdıq, gördüm deməsə də pis xəbər yoxdur deyirdilər, bircə ümid o idi… Hətta sonda şəhidlər siyahısında adı yoxdur dedilər… 1 gün keçdi, günorta Talehə zəng çatdı. İlahi, onda necə sevindik? Tez bizə zəng vurdu, sonra dedi ki, narahat olmayın, getdiyim yerdə qalası olduq, rabitə əlaqəsi olmadığı üçün burada əlaqə qura bilmədim. Dedim ki, Taleh, səsini eşitdim, bəsdir. Daha danışma. Bütün hər şeydən əlimi üzmüşdüm. Taleh yenə gülürdü. “Hər şey yaxşıdır, hələ sağam” — dedi. Amma hər vaxt hər şeyə hazır ol, belə etmə. Deyirdi ki, bax şəhid ailələrinə, onlar necədir, bax günlərlə danışa bilməyən ailələrə. Onlar necə dözür, sən də dözməlisən, öyrənməlisən, bacarmalısan... Və 3 noyabr Taleh səhər saat 09:47-də son dəfə zəng vurdu. Bu zəngin sonuncu olacağını haradan bilə bilərdik. Həmişəki kimi rahat, gülə-gülə, şən danışdı. Gizli cümlələrlə başa saldı ki, Şuşa bizimdir, artıq o tərəflərdəyik. O, çox sevinirdi. Dedim, özündən muğayat ol. Taleh dedi, qabağa gedirik, zəng çatmasa, narahat olma… Və bu gedişi əbədi gediş imiş… Sağollaşdıq, telefonu söndürdü. Həmin gün daha Talehə heç zəng çatmadı. Onun sözlərini düşünürdüm: “Qabağa gedirik, zəng çatmaz. Nə vaxt qayıdacağımızı bilmirik, narahat olma”. Narahatlığım barədə heç kəsə heç nə bildirmədim. Düşündüm ki, yenə keçən dəfəki kimi gediblər, zəng çatmaması 1 gün çəkər, yəqin. Noyabr ayının 4-ü olanda yenə zəng çatmayanda artıq çox narahat oldum. Günorta saatlarından sonra hiss edirdim ki, nəfəsim çatmır, boğuluram. Bəzi tanışlardan xəbər aldım, narahatlığımı görüb hərbiçi ailələri sakitləşdirirdi ki, zəng vuracaq, narahat olma. Axşama yaxın saat 5-6 arası Talehin telefonuna bir dəfə zəng çatdı, çox sevindim. Düşündüm ki, indi yığar mütləq. İkinci dəfə yığanda telefon məşğul idi. Tez zəngi kəsdim ki, bəlkə, Taleh məni yığır. Yenə zəng etdim, ancaq zəng çatmadı. Bu, məni çox narahat etdi. Ola bilməz axı, Talehə zəng çatsın, o kiməsə zəng vursun, ancaq mənə zəng vurmasın. Bilirdim ki, bu, qəti olmaz, mümkün deyil. Bilir ki, bir gün danışmamışıq. Bilir ki, mən çox narahat olaram, uşaqlar narahat olar. Bilir axı?! Və o an elə bil daxilimdən bir tel qırıldı. Fikirləşdim ki, bəlkə, bu telefonu məşğul edən heç Taleh olmayıb. Taleh belə etməzdi… Və sonradan öyrəndim ki, həqiqətən də onda telefonu məşğul edən Taleh olmayıb. Həmin vaxt artıq Talehin şəhid ruhu başımızın üstündə, heç nədən xəbəri olmayan, onu gözləyən, onun zəng etməsi, sağ-salamat qayıtması üçün dua edən uşaqlarını, bizi izləyirmiş…
O gecəni heç yatmadım. Telefondan, hər tərəfdən şəhid xəbərləri eşidilirdi. Elə bilirdim, indi mənə də Talehin şəhid olma xəbərini deyəcəklər, ona görə də hər kəsdən, hər şeydən qaçırdım, danışmaq istəmirdim… Noyabr ayının 4-ü günorta saat 12 radələrində Taleh şəhadətə yüksəlibmiş. Bu xəbəri dost-tanışlar, hərbiçi yoldaşlar, ailələri bilirmiş və artıq bizə bu xəbəri necə deyəcəklərini düşünürmüşlər… Mən və uşaqlar dayanmadan Talehə zəng vurur, yazır, zəng vurmasını, telefonu açmasını gözləyirdik… Gecə çox rəfiqələrim mənə mesaj yazırdılar. Həyat yoldaşları döyüşdə olanlar yazırdı. Hətta Talehin şəhid olduğunu bilənlər də mənə mesaj yazırmışlar. Onların yazmağı məni əsəbiləşdirirdi. Hətta bir yaxınıma dedim, elə yazırlar mənə, elə bil Talehə nəsə olub, bu nədir axı… Hətta o qıza “Nəfəs ala bilmirəm, boğuluram, heç görmədiyim qəribə ağrılar hiss edirəm. Nəfəsi də ağrı ilə alıb verirəm, üzümün dərisi ağrıyır. Qəribə ağrılardır. Bu nədir? Bircə Taleh zəng vursun, hər şey düzələcək” deyəndə qız bilmirmiş, necə desin ki, Gülay, sən ömür boyu bu ağrılar, bu acılarla qalacaqsan, Talehin səsini nəfəsini eşitmədən nəfəssiz qalacaqsan. Ancaq deyə bilməyib. Gecəni sabaha kimi yatmadım, yenə düşündüm, görəsən, Taleh bu dəqiqə haradadır? Başına nə iş gəlib? Acdımı, susuzdumu, yaralıdımı? Hər şey düşünürdüm. Hər şey... Bircə ölümü haqqında düşünmək istəmirdim. O olmaz, ola bilməz deyirdim. Taleh bizə söz verib, o, sözünü həmişə tutub, tutacaq, bizi tək qoya bilməz…
Səhəri günü noyabr ayının 5-i günü artıq kəndimiz də şəhidini qarşılamağa hazırlaşırmış. Hətta küçəmizə insanlar gəlib gedirmiş. Bizim bilmədiyimizi eşidib yaxına gələ bilmirmişlər… Bu dəfə dedim, yox, Taleh mənə hirslənsə də mən yenə onu axtarışa verəcəyəm. Yenə hamıya səs salaram, bu dəfə artıq vaxt çox keçib. Nəsə var. Yığdım, yenə iş yoldaşının ailəsinə ki, yoldaşıyla danışsın, dost-tanışa səs salsın. Taleh yoxdur, daha dura bilmərəm… Qız da məni sakitləşdirdi ki, narahat olma, indi yığıram. Başqa bir ailə tanışımızın ailəsinə də eyni sözləri dedim ki, Talehi axtarın. Dedi, Gülay, Taleh sənə nə deyirdi həmişə? Sən hərbiçi ailəsisən, hər an hər şeyə hazır olmalısan, övladlarınız var onlar üçün… Bu sözləri deyənlər artıq bilirmiş hər şeyi, sadəcə mən eşitmirdim, görmürdüm ki, bunlar açıq deyir hər şeyi və görmək istəmirdim… Noyabr ayının 5-i günorta saat 12-yə qalmış statuslarda oxuyuram ki, kəndimizə iki şəhid gəlir. Soruşuram ki, kimdir? Deyirlər ki, biri Valehdir, digərini tanımırıq… Düşünürəm ki, yenə 2 ailənin çırağı söndü, pis oluram, ağlayıram. O anda istədim ki, tez Taleh zəng vursun, onunla danışım, şəhid olanları ondan soruşum, bəlkə, tanıyır, bəlkə, bilir və ona “iki ailə başsız qaldı, özünü qoru, bizi sənsiz qoyma, bu acını yaşatma” kəlmələrini deyə bilim… Və ağlıma gəlməzdi ki, o gələn şəhidlərin biri Valeh, biri isə Taleh imiş…
Sonuncu dəfə rəfiqəmə zəng vurdum ki, daha ürəyim partlayır. Nə olar, yoldaşına bu dəqiqə zəng vur, Talehi soruş. Gör Talehdən nə xəbər var. Bilirəm ki, nəsə var. Onun başına nəsə gəlib ki, o, bu qədər vaxt zəng vurmadı. Bəlkə, yaralıdır, bəlkə, köməyim lazımdır. Qız dedi, xətdə gözlə, yoldaşım zəng vurur. Onunla danışım, indi sənə deyərəm … Xətdə gözlədim və ani məni xətdən ayırdılar. Düşündüm ki, yəqin, ya əli toxunub, ya da yoldaşı ilə söhbəti uzun çəkəcək deyə gözlətmədi… 2 dəqiqə ara verdim ki, özü zəng vursun. Gördüm, zəng vurmadı. Özüm zəng vurdum. Gördüm, telefon çağırır, ancaq telefonu açmır. Həmin an artıq bildim ki, ciddi nəsə var. Bu qız indicə mənimlə danışırdı, məni belə qoyub dəstəyi asıb heç yerə gedə bilməz, bunu etməz. Artıq get-gedə ümidlərim üzülürdü. Ona görə də fasiləsiz olaraq həmin tanışın telefon nömrəsinə zəng vurdum və nəhayət, dəstəyi qaldırdı. Səsi çıxmırdı, bildim ki, bu nə isə məndən gizlədir. Qışqırdım, ağladım ki, nə olar, düzünü de, nə olub axı? Onsuz da hansı cavabı alacağımı bilirdim. Dedi ki, Talehin maşınına yüngülcə nəsə olub, narahat olma, Gülay. İnanmadım, dedim, bu yüngül şey deyil, qışqırdım. Elə qışqırdım ki, nəfəsimi son dəfə onda dərindən çəkib son sualı verdim. Dedim, düzünü de, nəfəs alırmı, yaşayırmı… Dedi, hər şeyə hazır ol… Düşdüm, qaçdım küçəyə doğru, Talehə doğru. Hara qaçacağımı da bilmirdim, qohumlar, qonşular tez bir zamanda yığıldı. Əmim dedi ki, nə eşitmisənsə, yalandır. Talehlə indi danışdıq, yaxşıdır, yanına gedirik… Hamısı boş yalanlar imiş. Bir yarım inanmaq istəyirdi. “Olmasın, Talehə heç nə olmasın” — deyirdi. “Hər şey yalan olsun” — deyirdi. Bir yanım deyirdi, yox, o, nəfəs alsa idi, mən belə çətinliklə nəfəs almazdım. O, yaralı olsa da, nə olsa da son anda mənə zəng vurardı, mənə məlumat verərdi. Heç kimə zəng vurmazdı, bilirdim… Yenə özümü aldatdım ki, olmasın, yaralı gəlsin, əlsiz-ayaqsız gəlsin, amma Taleh yanımıza gəlsin…
O gecə axşam saat 9-a kimi çırpındım. Kimin düz, kimin yalan dediyini bilmək üçün ağızları-gözləri izlədim. Kim yalan desə də atam deməzdi. Artıq ona həqiqəti dedikləri üçün atam məndən qaçırdı. Gözləri gözümə dəyməsin deyə nəzərlərini məndən qaçırırdı. Heç kəs üzümə baxa bilmirdi… Hava qaraldı, qohumların başıma yığılmasına daha da narahat olurdum. Deyirdim, niyə gəlirsiniz, nə olub ki? Deyirdilər, eşitdik ki, Taleh yaralanıb, onu eşitdik, gəldik. “Gəlməsin, heç kəs gəlməsin, bircə Taleh gəlsin” — deyirdim. Və budur... Çöldən düşən maşın işıqları... Evin divarlarını bürüyən al-qırmızı işıqlar... Pəncərədən evə sızan səslər... ürəyimin tellərini bir-bir qoparırdı. Budur, dedilər, dur, qarşıla, sevdiyin, gözlədiyin gəldi. Və çölə qaçdım… Heç kimi tanımırdım, heç kimi görmürdüm. Talehi axtarırdım, Taleh qapıdan belə girməz, birinci uşaqları qucaqlayardı, mənim üzümə gülümsəyərdi, hanı o Taleh?! Budur, çiyinlərdə vətənin üçrəngli bayrağına bükülü gəldi və bu gəliş hər şeyimizi aldı-apardı, o gündən, o andan Taleh yaşadı, mən öldüm… Və beləcə hərbi formada qürurla, sonsuz ümidlərlə döyüşə yola saldığım qəhrəmanımı üçrəngli bayrağa bükülmüş halda qarşılayası oldum.
— Yenidən Şəhidimizi görmək imkanınız olsaydı, ona nə deyərdiniz? Və ya ona hansı sualları verərdiniz?
— Yenidən Talehi görmək… Kaş belə bir şansımız olaydı, kaş mümkün olaydı… Ona o qədər sualım, sözüm var ki... Mənim bütün suallarımın cavabı ondadır… Bundan sonra nə qədər ömrüm var, bilmirəm, amma yaşayacağım günlərin və ayların cavabı ondadır… Nəyi necə yaşayım, onsuz bilmirəm… O gündən yaşamaq sözü bitdi mənim üçün. Sadəcə nəfəs almaq, onun yadigarlarını böyüdüb ərsəyə gətirmək, bu dünyadakı günləri başa vurmaq və Talehə qovuşmaq… Ona bu sualı verərdim ki, onsuz qaldığımız günlərin, saatların, dəqiqələrin necə əzablı keçdiyini, necə əzab çəkdiyimi, çarəsizliyimi görürdümü? İlk ağlımdan çıxmayan sual da budur: O an nə baş verdi? Nə hiss etdin? Çoxmu canın ağrıdı? Və bilirəm ki, gözlərini yumanda bizi düşünüb. Bizim uşaqların və mənim “Sənsiz necə dözərik, nə edərik? suallarımızı düşünə-düşünə getmək səni çoxmu incitdi? Və daha bitməyən suallar… Bütün gün hər an ona qəlbimdə suallar verərək cavabsız suallarımın bir gün cavabı olar ümidi ilə günləri keçirmək mənə çox əzab verir… Və ona verəcəyim əksər sualların cavabını özüm bilirəm. Məsələn, nə etsəm, o, razı olar və ya olmaz, artıq özümdə müəyyən edib ona uyğun addım atıram. Mən görməsəm də hiss edirəm, bilirəm ki, Taleh hər an bizim yanımızdadır. O, həmişə bizimlədir və bizimlə olacaq. O, hər şeyi görür… O, bizdən ayrı dura bilməz, bizsiz bacarmaz, bilirəm. Həmişə ayrı qaldığımız zamanlarda deyirdi ki, siz tək deyilsiniz, mən sizinləyəm! Yanınızdayam, ürəyinizdəyəm, qəlbinizdəyəm, siz mənim qəlbimdə olduğunuz kimi… İndi də bilirəm, ruhumuz birdir, birlikdədir… Həsrətli günlərdən çox qorxurduq, çox… Həsrət də payımıza düşdü, imtahanımız oldu. Bir gün bu həsrət bitər dedik. Ancaq o ümidimiz cənnətə qaldı, yalnız orada bizim həsrətimiz bitər…
— Buradan sizin kimi əzizləri vətən yolunda fəda olmuş bütün şəhid ailələrinə nə demək istərdiniz?
— Şəhid ailələrinə heç bir sözüm və təsəllim yoxdur. Çünki bu acının necə bir acı olduğunu yaşamayan bilməz… Sözlərin, cümlələrin onlar üçün mənasız söz yığını olduğunu yaxşı bilirəm. Allah güc versin, bu dünyada vəzifəmizi Şəhidlərimizin adına layiq başa vuraq… Düzdür, acımız böyükdür, həyatımız parçalanıb qəlbimiz kimi. Bu acını ölənə kimi daşıyacağıq. Amma yenə də mətin olmalıyıq və şəhidlərimizin yadigarlarını onların özünə, canlarını fəda etdikləri vətənə layiqli övlad kimi böyütmək onların müqəddəs ruhu qarşısında bizim də müqəddəs borcumuzdur. Şəhidlərimiz qısa və şərəfli ömür yaşadılar, yaşatdılar. Bitməyən, əbədiyaşar sevgimizə, sevdiklərimizə qovuşmaq Cənnətdə qismətimiz olsun. İnşəAllah.
— Müsahibə üçün təşəkkür edirəm. Son olaraq təəssürat və təsəvvürlərinizi bildirməyinizi istərdim.
— Çox sağ olun ki, vaxtınızı bizə, Şəhid ailələrinin qəlbindən keçənləri qələmə almağa həsr edib onların xatirələrini yaşadırsınız. Ona görə də sizə Allahdan işlərinizdə hər zaman uğurlar diləyirəm. Allah yolunuzu hər zaman açsın, parlaq gələcək qismətiniz olsun ki, hər daim Şəhidlərimizi yaşatmaq şansınız olsun! Amin!
Çox sağ olun, Gülay xanım. Mən də ətraflı müsahibə üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə bundan sonra övladlarınızın uğurları ilə sevinməyi, həyat yoldaşınız Şəhid Taleh qardaşımın şəhadəti ilə yalnız qürurlanmağı arzu edirəm. İnanıram ki, uğrunda ömür-gün yoldaşınızı qurban verdiyiniz bu Vətən, bu vətənin qədirbilən övladları Sizi və Şəhidimizi unudulmağa qoymayacaq. Allah bizə bu yolda sona qədər köməkçi olacaq və Vətənimiz ölməz, əbədiyaşar Talehlərlə, Ceyhunlarla birgə fəxrlə, qürurla yaşayacaq, yaşayacaq, yaşayacaq!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
Sevindik Nəsiboğlu
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi