II Qarabağ savaşında əldə olunan hərbi zəfərimiz 9-10 Noyabr üçtərəfli sazişdən sonra 2 il ərzində aparılan danışıqlar prosesində bu gün Azərbaycanın üstünlüyü ilə davam edir.

 

Versus.az xəbər verir ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərə beynəlxalq münasibətlərin fonunda diqqət çəkən YAP idarə heyətinin üzvü, politoloq Asif Əsgərli Soçi görüşü müstəvisində mövcud reallıqlara diqqət çəkib.

 

Asif Əsgərli ilk növbədə bildirib ki, Azərbaycan dövlətinin, xalqının, ordunun böyük qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının illərlə gözlədiyi tarixi günün bir nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın işğalçı Ermənistan üzərində əldə etdiyi bu zəfər, eyni zamanda beynəlxalq hüququn acizliyi və bu hüququn Azərbaycanın öz ordusunun gücü ilə yerinə yetirilməsinin bir nümunəsi, ərazi bütövlüyü ilə yanaşı bölgədə nüfuzunun artmasının təntənəsidir.

 

A.Əsgərli Vətən Müharibəsinə beynəlxalq təşkilatların, xarici dövlətlərin münasibətləri fonunda yanaşaraq bildirib ki, bu savaş Azərbaycana dost olan dövlətlər tərəfindən haqq işimizin bərpası kimi xarakterizə edilib. Onun sözlərinə görə, biz bu münasibəti beynəlxalq hüquqa hörmət edən dövlətlərdən, dost dövlətlərdən də gördük:

 

“Bu gün Belarus Prezidentinin maraqlı bir açıqlaması oldu. O, KTMT rəhbərləri ilə görüşəndə dedi ki, zamanında cənab İlham Əliyev bu məsələ ilə bağlı öz təkliflərini vermişdi və o, bu barədə Ermənistanın o vaxtkı rəhbərliyinə də demişdi ki, münaqişənin sülh yolu ilə həll olunmasına imkan var. O açıq etiraf edir ki, Ermənistan cənab İlham Əliyevə başqa bir çıxış yolu qoymadı, Azərbaycanın hərbi yoldan başqa bir yolu qalmadı. Bizə dost olan, beynəlxalq hüquqa hörmət edən ölkələr bir daha etiraf etdilər ki, bəli, Azərbaycan dəfələrlə ərazi bütövlüyünün sülh yolu ilə həll olunmasına çağırışlar etdi, amma təəssülər olsun ki, Ermənistan buna adevat cavab vermədi və Azərbaycan beynəlxalq hüququ özünün gücü ilə təmin etmiş oldu”.

 

A.Əsgərli bildirib ki, məsələyə beynəlxlaq təşkilatların, dövlətlərin münasibətləri fonunda yanaşdıqda, onları iki qrupa bölmək olar:

 

“Müəyyən ölkələr, təşkilatlar var ki, bunlar Azərbaycan da daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Təbii ki, bu dövlətlər heç də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə aqressiv münasibət göstərmədilər. Yalnız Avropada Fransa kimi dövlətlər və onun dəstəyində olan təşkilatlar var ki, o ölkələr bu münaqişənin yekununda bizim qələbəmizi həzm edə bilməyərək müxtəliv bəhanələr gətirdilər. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini hərbi  yola əl atması kimi xarakterizə etdilər, qələbəmizə kölgə salmaq istədilər. Bunlar beynəlxalq aləmdə sülh tərəfdarları kimi yox, yalnız Azərbaycana qarşı aqressiv münasibət, Ermənistanın isə aqressiv münasibətinin dəstəklənməsi kimi yozula bilər. Əslində Azərbaycan prezidenti dəfələrlə Fransa onu dəstəkləyən digər dövlətlərə, onun təsiri altında olan təşkilatlara bəyan edib ki, Qarabağ münaqişəsi deyilən anlayış yoxdur, Qarabağ münaqişəsi tarixdə qaldı, indi yalnız Cənubi Qafqazda münasibətlərin normallaşmasından söz gedə bilər. Bu artıq regional məsələ, Cənubi Qafqazın ümumi təhlükəsizliyi məsələsidir. Ona görə də burada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından, sülh münasibətlərindən, qarşılıqlı iqtisadi münasibətlərindən söhbət gedir. Azərbaycan buna hazır olduğunu dəfələrlə bəyan etsə də, Ermənistan zaman-zaman prosesləri uzatmaqla, danışıqları özünün maraqlarına uyğun yönəltməklə, digər təşkilatları guya münaqişənin bitmədiyinə səsləməklə, regionda  hər iki dövlətin münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur. Ermənistanın və onu dəstəkləyənlərin bir məqsədi var: onlar Cənubi Qafqazda sabitliyin tam oturuşmasında, regionda kommunikasiyaların, iqtisadi əlaqələrin qurulmasında maraqlı deyillər. Bu dövlətlər, Ermənistan başda olmaqla Azərbaycanı törətdikləri təxribatlarla, münaqişənin alovlandırılması fonunda hərbi əməliyyatları yenidən başlamağa təhrik edirlər”.

 

A.Əsgərli bildirib ki, istər Fransa, istər digər dövlətlər Qarabağla bağlı cəfəng çıxışları ilə ilə heç nəyə nail ola bilməyəcəklər. Politoloq qeyd edir ki, Azərbaycan istər Soçidə keçirilən danışıqlarda, istərsə də Avropada keçirilən danışıqlarda və digər danışıqlarda bir daha bəyan edir ki, bölgədə Ermənistanla regional təhlükəsizliyin, sülhün qorunmasında maraqlıdır və bu istiqamətdə özünün 5 baza prinsipini də təklif edib:

 

“Qarabağ münaqişəsi”, “status” məsələsinin yenidən ortaya atılması ilə bağlı cəfəng iddiaların zaman-zaman cavabı verilib. Bəyan edilib ki, Qarabağ münaqişəsi bitib və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan vətəndaşları üçün tətbiq olunan qanunlar, vətəndaşlarımız olan ermənilərə də eyni şəkildə tətbiq ediləcək. Bölgədə sülh müqaviləsinin bağlanması Avropanın marağındadır. Azərbaycan bu prosesin iştirakçısı, həm də təşəbbüskarı kimi sülh prosesinin ilin sonuna qədər yekunlaşmasını istəyir.  Təbii, sülhün bərpası prosesində bir neçə anlaşmaların olması nəzərdə turulur: ərazi bütövlüklərinin rəsmən təsdiq olunması, dövlətlərin bir-birinə qarşı ərazi iddiaların olmaması və kommunikasiya xətlərinin açılması,  delimitasiya demorkasiya ilə bağlı anlaşma ola bilər. Ümumən bu, sülhün bərqərar olmasına aparacaq. Bununla yanaşı, Azərbaycan bölgədə erməni təxribatlarının qarşısını almaq üçün hər zaman hazırlıqlı olduğunu göstərəcək. Ermənilər sülh danışıqlarını uzatmaqla danışıqlar prosesini yenidən geriyə qayıtmaq istəyirlər. Soçi razılaşmasında əldə olunan birgə bəyanatda da Qarabağla bağlı cümlə işlənmədi. Soçidə də Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətlərinin normalaşmasından danışıldı. Heç şübhəsiz, yaxın zamanlarda Azərbaycanın diplomatik uğuru, haqlı mövqeyi özünü göstərəcək. O, qalib olan tərəf olmaqla yanaşı, sülh istəyən dövlətdir”. (həftə içi)

 

LƏMAN
Versus.az