“Prezidentliyə iki-üç real namizəd varsa, onlardan biri Fuad Əliyevdir”

17:46 14-11-2017 | icon 520 | Siyasət
“Prezidentliyə iki-üç real namizəd varsa, onlardan biri Fuad Əliyevdir”

“Biz istəyirik ki, bu seçkilərdə müxalifət vahid namizədlə iştirak etsin”

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin siyasi məsələlər üzrə müşaviri Füzuli Kərimovun Versus.Az-a müsahibəsi.

– Füzuli müəllim, bu il aprelin 12-də partiyanız qurultay keçirib. Artıq 6 ay geridə qalıb. Bu müddəti necə qiymətləndirərdiniz?

– Bəli, bu il aprelin 12-də Azərbaycan Liberal Demokrat Partiyasının V Qurultayı keçirilib. Qurultayda mühüm məsələlər müzakirə edilib və qərarlar qəbul olunub, həmçinin 2018-ci il üçün fəaliyyət proqramı qəbul olunub. Bildiyiniz kimi qərarlardan biri də 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştrakımızla bağlıdır. Qurultayda ALDP lideri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Fəaliyyət istiqamətlərindən biri də bu məsələylə bağlıdır. Yəni ALDP liderinin seçkilərə qədər təbliğat-təşviqat işlərinin gücləndirilməsi və genişləndirilməsi ilə əlaqədardır. İkinci istiqamət ALDP Gənclər Təşkilatının (GT) 2016-2017-ci illərdə başladığı işlərinin davamlı olmasıdır. Artıq 6 ay geridədir və deyə bilərəm ki, hər iki istiqamətdə işlər uğurla başlanıb. Gənclər Təşkilatının ötən ildən başladığı aktivliyi bu il də uğurlu tədbirlərlə davam etdirilir. Partiyaya yeni gənclərin üzvlüyə qəbul olunması, müxtəlif tədbir və aksiyaların keçirilməsi, müxtəlif müxalifət düşərgəsində təmsil olan siyasi qurumların Gənclər təşkilatları ilə əməkdaşlıq və yaxud da müştərək tədbirlərin təşkili işi uğurla davam etdirilir.

– Füzuli müəllim, seçkilərə hazırlıq necə gedir?

“Sonradan yanıldıqlarını, səhv mövqedə olduqlarını anlayıblar”

– Sentyabrın 15-dən partiyanın Mərkəzi Seçki Qərargahı (MSQ) öz işinə start verib. Artıq ənənəvi olaraq dörd Regional Seçki Mərkəzi (RSM) – Qərb, Cənub, Şimal və Mərkəzi Seçki Qərargahları fəaliyyətə başlayıb. Partiyamızın hüquqşünasları və iqtisadçıları bizim namizədin seçki proqramını hazırlamağa başlayıblar. İnanıram ki, bu dəfə də bizim namizədin seçki proqramı digər namizədlərin proqramından tam fərqli olacaq. Fuad Əliyev 2008-ci ildə prezidentliyə namizəd olanda İTV-dəki çıxışları ilə yadda qalıb. Digər namizədlərdən fərqli olaraq novator təklifləri və fikirləri ilə seçilib, ənənəvi fikirlər söyləməyib. Bu dəfə də belə olacağına şübhəmiz yoxdur.

– ALDP lideri Fuad Əliyev seçkilər yaxınlaşdığı bir ərəfədə “Namizədlər Klubu”nun yaradılmasını təklif edib. Digər partiyalar bu təklifə heç bir reaksiya vermək istəmirlər. Sanki təklifə qısqanclıqla yanaşırlar. Sizcə məqsəd nədir?

– Qısqanclıq. ALDP yaranan gündən bu günə qədər irəli sürdüyü təklifləri heç vaxt özəlləşdirməyib. Proporsional seçki sisteminin bərpası, iqtidar-müxalifət dialoqu, “Namizədlər Klubu” və bu kimi məsələləri irəli sürüb və heç vaxt deməyib ki, bu bizim təkliflərdi. Biz həmişə qeyd etmişik ki, irəli sürdüyümüz təkliflər bütün müxalifət düşərgəsini əhatə edir. Amma digər partiyalar ümumi məsələləri qabardaraq bunu məhz onların təklifləri olduğunu qeyd ediblər. Ona görə də müxalifət bu kimi vacib olan məsələlər ətrafında birləşə bilməyib. ALDP heç vaxt özünü fikirləşməyib, hansı məsələdən çıxış edibsə müxalifətin birliyini, həmrəyliyini düşünüb. Amma bir vaxtlar partiyamızın irəli sürdüyü təkliflərə qısqanclıqla yanaşanlar, onların reallaşacağının mümkünsüzlüyünü düşünüb dəstək verməyənlər sonradan yanıldıqlarını, səhv mövqedə olduqlarını anlayıblar.

“Yox, görsək ki, burada başqa məqamlar var…”

– Sizcə, partiyanızın namizədi digər partiyanın namizədinin xeyrinə geri addım atarsa, partiyanın buna münasibəti necə ola bilər?

– O baxır hansı mərhələdə. Əgər namizədlərin irəli sürülməsi mərhələsində olsa, onda şəxsən mənim münasibətim mənfi olacaq. Hesab edirəm ki, qeydiyyatdan keçəndən sonra bu məsələyə qayıtmaq olar. Və ona görə də biz “Namizədlər Klubun”un yaradılması təklifini irəli sürdük ki, belə məsələlər ortaya çıxanda hansı addım atacağımızı müəyyənləşdirə bilək. Bu tək bizə aid deyil, Klubda yer alacaq digər namizədlərə də aiddir. Biz istəyirik ki, bu seçkilərdə müxalifət vahid namizədlə iştirak etsin. Əvvəlki seçki təcrübəsində müxalifətin bu məsələdə fikir və mövqelərinin haçalandığının şahidi olmuşuq. Seçki zamanı və sonrası bir-birlərini ittihamlaması, hansısa məqamlarda günahlandırması, mətbuatda savaşlarını gördüyümüzdən bu variantın üzərində dayanmışıq. Amma biz heç bir partiyanı bizim fikirlərimizlə razılaşmağa və mövqeyimizi dəstəkləməyə zorla razı sala bilmərik. Fikir və təkliflərimizi səsləndirmişik, ictimaiyyətin müzakirəsinə təqdim etmişik. Bəzi partiyalardan dəstək, bəzilərindən təkliflərimizlə bağlı əlavə təkliflər də almışıq. Bu gün real zaman yetişmədiyi üçün o haqda danışmaq istəmirik. Çünki bizə daxil olan müraciət və təklifləri analiz edirik, dəyərləndiririk. Seçki ərəfəsində ümumi müxalifət düşərgəsini qane edici təkliflər reallığa cavab verəcəyi təqdirdə müxalifətlə bir masa arxasında otura biləcəyik. Yox, görsək ki, burada başqa məqamlar var, heç bir partiya ilə əməkdaşlıq etməyəcəyik, seçkiyə müstəqil şəkildə qatılacağıq. Hər halda, partiyanın V Qurultayı bu məsələni Rəyasət Heyətinə həvalə edib. Əgər qərar qəbul olunsa ki, biz digər partiyanın namizədini müdafiə edəcəyik, mən bu qərara hörmətlə yanaşacağam. Amma şəxsən mən hesab edirəm ki, Azərbaycanda prezidentliyə iki-üç real namizəd varsa, onlardan biri də məhz ALDP lideri Fuad Əliyevdir.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?