"Arbitraj prosesin hüquqi proseduru nə vəd edir?-açıqlama
Məlum olduğu kimi, Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Azərbayacanın təqdim etdiyi Arbitraj Bildirişi beynəlxalq təcrübəyə əsasən necə araşdırılacaq və müəyyyən bir qərarın verilməsi üçün proses hansı prosedurlardan keçməlidir?
Bu istiqamətdə Versus.az-a açıqlama verən hüquqşünas Səməd Rəhimli beynəlxalq hüququn tələblərinə diqqət çəkib.
S.Rəhimli bildirib ki, Enerji Xartiyası Müqaviləsinin 27-ci maddəsinin birinci bəndinə əsasən müqavilə tərəfləri Müqavilənin tətbiqi və təfsiri ilə əlaqədar aralarında meydana çıxan mübahisələri diplomatik yollarla həll etməyə çalışmalıdırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər ağlabatan müddətdə tərəflər aralarında yaranan mübahisəni həll edə bilmədikdə, tərəflərdən biri işin (birdəfəlik) tribunal tərəfindən həll edilməsi məqsədilə digər tərəfə yazılı bildiriş göndərir.
Hüquqşünas qeyd edib ki, həmin maddənin 3-cü bəndinə əsasən tribunal üç üzvdən ibarətdir
“Bir üzv icraatı başladan ölkə tərəfindən təyin edilir və bildirişi verdikdən 30 gün müddətində qarşı tərəfi məlumatlandırır. İkinci üzv bildiriş aldıqdan 60 gün müddətində ona qarşı icraat aparılan dövlət tərəfindən təyin edilir. Üçüncü üzv isə ya mübahisə tərəfləri tərəfindən təyin edilir, ya da əgər onlar razılıq əldə edə bilməsələr, onda üçüncü üzv Daimi Arbitraj Məhkəməsinin Baş katibi tərəfindən təyin edilir. Tribunalın üzvləri təyin edilərkən Müqaviləyə dair onların peşəkar bilik və təcrübələri nəzərə alınır. Prosessual olaraq UNICTRAL Arbitraj Qaydaları prosesə tətbiq edilir. Tirbunal qərarını Enerji Xartiyası Müqaviləsinə və beynəlxalq hüququn əlaqədar prinsiplərinə və qaydalarına uyğun qəbul etməlidir. Tribunalın qərarı -təyin edəcəyi kompensasiya qətidir və mübahisə tərəfləri üçün məcburidir. Tribunalın xərcləri mübahisə tərəflərinə aiddir. Ticarət investiyaları ilə əlaqədar məsələlər tərəflərin buna dair razılığı olmadığı müddətcə dövlətlərarası mübahisənin predmeti ola bilməz”.
S.Rəhimli qeyd edib ki, arbitraj icraatı Müqaviləyə tərəf dövlətlər üçün məcburidir. Və Ermənistan Müqavilənin tərəfi olduğu çün icraat həmçinin ona da aiddir. Hüquqşünas bildirib ki, Abirtrajın uğurlu olub-olmaması Enerji Xartiyası Müqaviləsinin müddəalarının bu mübahisəyə nə dərəcədə şamil olunub-olunmaması və sübutetmə məsələlərindən asılı olacaq.
“ Beynəlxalq təcrübədə Enerji Xartiyası Müqaviləsindən indiyə qədər əsasən investorlar dövlətə qarşı istifadə ediblər. Ona görə də dövlətlərarası mübahisələrə dair təcrübə aşağıdır. Eləcə də Arbitrajda icraat başladılması hüquqi prosedurdur. Ermənistan işğalı ilə əlaqədar beynəlxalq advokasi kampaniyası (international adovcacy campaign) hüquqi prosesdən fərqlidir. Belə kampaniya siyasi nəticələr doğurur, birbaşa hüquqi nəticələr deyil”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi