Qarabağda ermənilər yaşayacaqlarsa...
Elxan Şahinoğlu: “Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır”
"Dünən və bu gün Ordumuzun mövqelərinin atəşə tutulmasının başqa səbəbinin olması da mümkündür. Çünki ermənipərəst deputatlar Avropa Parlamentində ölkəmizin əleyhinə növbəti sənədin qəbul edilməsinə çalışır. Yəni Azərbaycanı cavab atəşi açmağa təhrik edib, bundan fakt kimi öz çıxışlarında və hazırlanan sənəddə istifadə etmək niyyətindədirlər...”
Versus.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni separatçılarının Azərbaycanla sərhəddə atəşkəsi pozması, sülh danışıqlarından qaçması və paralel olaraq Avropada Azərbaycana qarşı qətnamənin hazırlanması ilə bağlı məsələləri təhlil edərkən bildirib.
Politoloq hesab edir ki, ermənilər eyni səhvləri təkrarlamaqda davam edirlər:
“2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı, sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdəki Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutublar”.
Politoloq qeyd edib ki, ermənilərin bu təxribatı Azərbaycan ordusunun növbəti hədəflərinə çatmasını sürətləndirməlidir:
“Ermənilər bilirlər ki, Azərbaycan ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Digər tərəfdən erməni icmasının nümayəndələrinə növbəti görüşü Bakıda keçirməyi təklif ediblər. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqda əngəlləməyə çalışıblar. İşin içində Rusiya hərbi kontingenti, onların təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz”.
E.Şahinoğlu regionda yaradılan gərginlik fonunda Paşinyanın sülh sazişini imzalamağa hazır olmadığını önə çəkib. O, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar:
“Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.
Politoloq Nikol Paşinyanın “fundamental problemlər” dedikdə nələri nəzərdə tutması ehtimalına diqqət çəkib:
“Birincisi, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir. Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədr.
İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Realıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur.
Üçüncüsü, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq.
Dördüncüsü, Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib. Bu Azərbaycanın maraqlarına ziddir”.
Butün ermənilərin iddiaların fonunda ekspert hesab edir ki, ikinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə risqinin artdığını da etiraf edib.
T.Qafarlı
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...