“Mən hakimiyyətə gələnə qədər kimlərinsə gözündə "xain" olacağam” - LAYİHƏ

09:23 06-02-2019 | icon 7180 | Layihə
“Mən hakimiyyətə gələnə qədər kimlərinsə gözündə "xain" olacağam” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

 

İqbal Ağazadə: “Gedib İlham Əliyevin adamı olaram, daha niyə gedib hakimiyyətdəki üçüncü, dördüncü, beşincinin adamı olum ki?”

 

 

(əvvəli bu linkdə)

 

- ...Bizim sizinlə götürdüyümüz müsahibənin özü də cəmiyyətin siyasi yöndən maarifləndirilməsi istiqamətində atılmış addımlardan biridir. Bu baxımdan sizin maarifləndirmə işində hakimiyyətin daha çox yükümlü olmasını önə çəkməyiniz deyəsən demokratiyanın şərtləri ilə uyuşmur. Demokratiyanın ən ilkin şərti Əhməd Ağaoğlunun təbirincə desək, cavabdehlik və məsuliyyət hissidirsə, onda sizin bölgü prinsipiylə danışmağınız yanlış anlaşıla bilər...

 

“...Oturub gözləyək...”

 

 

- O zaman icazə verin, yanaşmanı əlavə detallarla aydınlaşdırım. Əgər bu gün bizimlə eyni kökdən, bizimlə eyni dil qrupundan olan Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstandan fərqli bir cəmiyyətimiz varsa, buna görə müxalifətə də minnətdarlıq düşür. Əgər biz bu gün ən azı demokratiyadan danışa biliriksə, siz məndən müsahibə götürüb mövqelərimi soruşursunuzsa, mən düşüncələrimi ifadə edirəmsə, buna görə də Azərbaycan müxalifətinin əməyi qiymətləndirilməlidir...

 

- Bu “minnətdarlıq”da həm də bizim mərhəmət hissimizin konturları görünməkdədir, İqbal bəy...

 

- İcazə verin... Əgər bu qədər çətinliklərin, seçkiyə, insan haqlarına, korrupsiyaya yönəlik hakimiyyətin cəmiyyəti qane etməyən addımlarının içərisində hələ biz müxalifət olaraq öz fikirlərimizi, öz düşüncələrimizi yaşada, müəyyən addımlar ata biliriksə, deməli siyasi təşkilat olaraq üzərimizə düşən məsuliyyətin nədən ibarət olduğunu görürük və ölkəni avtoritarlaşmağa qoymamışıq. Bir az da vətəndaşlarımız, jurnalistlər bu məsələlərdə bizə yardım etməlidirlər. Jurnalistlər bu istiqamətdə fərqli mövqe sərgiləməlidirlər. Həə, hesab edirsinizsə ki, vəzifəniz təkcə məndən müsahibə götürüb getməkdir, eyvallah, o zaman mənim də vəzifəm hakimiyyətə gəlməkdir, oturub gözləyək. Yox, vətəndaş olaraq hamımız ölkənin taleyini düşünürüksə, o zaman məsuliyyətin bir hissəsi də sizin üzərinizə düşməlidir...

 

- Zatən biz bu məsuliyyəti dərk edirik. Və elə ol səbəbdən təmsil olunduğu siyasi düşərgədən asılı olmayaraq, cəmiyyətimizin bütün seçilmiş insanlarına apardıqları mücadilədə “qəzan mübarək!” deyib onları Sözün Cəng Meydanına dəvət edirik. Dəvət edirik ki, qoy problemlərimiz hər tərəfdən, bütün rakurslardan işıqlandırılsın. Qoy problemlərimizin aradan qaldırılması prosesinə iqtidarlı-müxalifətli, sadə elektoratlı, hər kəs millətçilik və dövlətçilik prinsipləri baxımından gücləri çatan qədərində güc qatsınlar ki, beynəlxalq güclərin bizləri salmaq istədikləri labirintindən çıxa bilək. Amma nə yazıq ki, bu mücadilədə fərarilik edən siyasətçilərimiz də olub və buna da eyvallah, İqbal bəy. Bu da onların ifasında özü-özünü təqdimatın bir görüntüsüdür. Ancaq indiki görüntüdə qarşımızda bir Qazi dayanıb, olub olacaqlara, atılan addımlara, bu addımların mahiyyətinə, birliyimizə, bütövlüyümüzə əngəl ola biləcək məqamlara, bütövlükdə cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirmək üçün görüb götürdüklərindən, zaman etibarilə bilib demədiklərindən bizə anladacaq inşəAllah...

 

“İstədiyimiz ondan ibarətdir ki...”

 

- Təbii ki, mən apardığımız mücadilədə heç kimin rolunu kiçiltmək istəmirəm və zatən belə davranış mənim düşüncəmə görə ümumiyyətlə zərərlidir, ziyanlı xarakter daşıyır. Ortalıqda olan daşın qaldırılmasında cüzi əmək belə qiymətləndirilməlidir. Elə bizim də istədiyimiz ondan ibarətdir ki, torpaqlarımızı işğaldan azad edək, Azərbaycanda normal bir cəmiyyət qura bilək, demokratik seçki mühiti yaradılsın, dövlət öz vətəndaşına sahib çıxmanı əməli şəkildə ortaya qoysun, təbii resurslardan, maddi nemətlərdən xalqın rifahı, xalqın sosial durumunun yaxşılaşdırılması üçün tam olaraq istifadə edilsin, demokratiyanın verdiyi imkanlardan vətəndaşlarımızın hər biri yararlansın, eybəcər əxlaq kodeksinin cəmiyyətə sırınmasına son qoyulsun, şəffalıq təmin edilsin, ortaya çıxan məsələlərin uğurla həll edilməsi, çözülməsi üçün iqtidarla müxalifət arasında qarşılıqlı hörmət şəraitində dialoqlar təşkil olunsun, siyasi düşərgənin hansı tərəfində dayanmasından asılı olmayaraq sözünü demək, mövqeyini bəyan etmək üçün hər kəsə bərabər imkanlar yaradılsın, hamımız əl-ələ verib dövlətimizin sabahı naminə birgə mübarizəni ortaya qoya bilək. Deməyim odur ki, ölkənin taleyini düşünmək baxımından məsuliyyət təkcə siyasətçilərin deyil, elə jurnalist olaraq sizlərin də üzərinə düşməlidir ki, hakimiyyətlə bağlı məsələlərdə çəkinməyəsiniz, problemlərin və neqativlərin ictimailəşdirilməsində iştirakçı olaraq öz funksiyanızı yerinə yetirəsiniz. İqtidar da görsün ki, təkcə siyasətçi demir, həm də jurnalist yazır, vətəndaş söyləyir. Təəssüf ki, son illər biz də bunu Azərbaycan jurnalistikası tarixində çox az görürük...

 

- Deyəsən axı özünə baxışdan yan keçirik, İqbal bəy...

 

- Əsla. Zatən bizim addımlarımız göz önündədir. Və mən dediklərimlə heç də jurnalistləri qınamıram. Ölkənin vəziyyətini, idarəetmə sistemini, problemləri hamımız görürük, hiss edirik. Biz siyasətçilər özümüzə bilərəkdən, ya da bilməyərəkdən çox günah götürürük. Amma Azərbaycan jurnalistikasını, ziyalıları, QHT sektorunu da çox kiçiltmək olmaz. Partiyalar olaraq ən azı bu günün özündə də dəyişiklik barədə düşünən, demokratik vərdişləri tam sıradan çıxmağa qoymayan bir institutuq. Əldə olunan irəliləyişlərdə təkcə müxalifətin deyil, sizin də, başqalarının da payı var. Demokratiyanın oturuşmasında iştirakçılıq vacib şərtdir. Hakimiyyət hər zaman çalışıb ki, o iştirakçılığı azaltsın. Biz də öz növbəmizdə o iştirakçılığı artırmağı bacarmalıyıq. Və bu gün sizinlə danışmağımız da elə o iştirakçılığı artırmağa xidmət edən məqamlardandır.

 

“Heç kim iddia etməsin ki, hansısa dönəmdə biz itirməmişik”

 

- Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən siyasi partiya sədri olaraq düşdüyümüz problemdən çıxış yolunu nədə görürsünüz, sizcə ən birinci nədən başlamalı?

 

- Bilirsiz, mən heç sizə sual vermərəm ki, saytınızın dizaynını, yaxşı oxunmasını nədə görürsünüz və niyə bunu etmirsiniz? Vermərəm o sualı, çünki o, sizin peşəkar olaraq bilməli və görməli olduğunuz işdir. Siz də jurnalist olaraq bizə, şəxsən mənə, İqbal Ağazadəyə peşəkar siyasətçi kimi inanın. Çünki biz Ümid Partiyası olaraq ardıcıllıqla bu prosesi, bu işi aparırıq. Mən elə sizin versus.az saytına müsahibələrimin birində demişdim ki, hakimiyyətə gəlmək, problemləri həll etmək üçün təkcə daxili faktorlar, təkcə təşkilatın gücü yetərli deyil. Beynəlxalq şərtlər və digər məqamlar da konfiqurasiyaya uyğun olmalıdır. Biz də çalışırıq ki, onların hamısını uyğunlaşdıraq və Azərbaycanda demokratik cəmiyyət quruculuğuna öz töhfəmizi verə bilək. Biz buna çox səmimi şəkildə gedirik. Nədən başlamışıq, necə gedirik, bu da mənim və komandamın peşəkar olaraq bildiyimiz sahələrdir. Narahat olmayın, əgər bütün bunları deməyə və açıq iddia irəli sürməyə gücüm çatırsa, demək biz bir yerlərə gedib çatacağıq. Var gücümlə çalışıram ki, o yerlərə itkisiz gedə bilək. Yaxın tarixə ekskurs edəndə görürük ki, biz bütün siyasi dəyişikliklər dönəmində itirmişik. Bağırovdan tutmuş indiki hakimiyyətə qədər dəyişən iqtidarlar zamanında elə hey itirə-itirə gəlmişik. Çalışmalıyıq ki, növbəti dönəmlərdə itirmə olmasın. Bunun üçün ehtiyatla çıxarları düzgün hesablayaraq itirməməyə çalışmalıyıq. Və heç kim mənə iddia etməyə çalışmasın ki, biz hansısa dönəmdə itirməmişik. Biz itirmişik. Görünən itkilər də var, görünməyən itkilər də...

- “Biz” deyəndə siz hansı qüvvələri nəzərdə tutursunuz?

 

- Mən Ümid Partiyasını və komandamı nəzərdə tuturam. Çünki bunun əsas yükü və ağırlığı məhz bizim partiyanın və mənim çiyinlərimdədir.

 

- Bu məsələdə ümummüxalifətin mövqeyini necə dəyərləndirirsiniz?

- Yanlış olmasın, burada bütün funksiya təkcə İqbal Ağazadəyə, Ümid Partiyasına aid deyil. Hərə öz funksiyasını yerinə yetirir - kimi etirazçı təbəqə ilə işləyir, kimsə ictimai rəyi yönləndirir, kimsə də görünməyən hansısa funksiyanı yerinə yetirir. Biz hamının nə iş gördüyünü və necə gördüyünü bilir, qiymətləndiririk. Hər kəs əməyinin dəyərini artıqlaması ilə alacaq.

 

- Sizə yönəlik hansısa addımlar atılanda onlara qarşı getməməyiniz, başqaları kimi hansısa aqressiya göstərməməyiniz də o funksiyadan irəli gəlir?

 

- Mən ümumiyyətlə qarşıdurmalara getmənin tərəfdarı deyiləm. Hər zaman qeyd etmişəm ki, Azərbaycanda barışın tərəfdarıyam və bunun üçün hər şeyimdən keçərəm. Bu mübarizəmizdə "mən" yoxdur, AZƏRBAYCAN var. Məni nə qədər istəyirsiniz kiçildin, əzin, söyün, təki Vətən böyüsün, qoyun, hər kəsin aqressiyası mənə yönəlsin, bircə düşmən olmayın bir-birinizlə.

 

“Nə iqtidar, nə də müxalifətlə düşmən deyilik”

 

- Sizcə bu prosesdə yeni təsis olunan Azərbaycan Xalq Hərəkatının funksiyası nədir?

 

- Təbii ki, AXH-nin də öz funksiyası var. Və o funksiyalardan biri də yəqin budur ki, daha çox etirazçı təbəqə ilə işləsin, daha çox təşkilatlansın. Ancaq bununla bağlı mən daha ətraflı məlumatlar verə bilmərəm, daha ətraflı bilgiyə sahib deyiləm, çünki siyasi partiya sədri olaraq mən o təşkilatda deyiləm...

 

- Amma ara-sıra adıçəkilən hərəkatın iclaslarında deyəsən axı görünmüsünüz?

 

- Nə olsun? Mən hər yerdə iştirak edə bilərəm. İndi sizə də müsahibə verirəm. Məsələyə o məntiqlə, o düşüncəylə yanaşsaq, deməli mən versus.az saytındayam...

 

“Bu o demək deyil ki, mən hakimiyyətdəyəm”

 

- Təbii ki, yox...

 

- AXH məsələsi də elə bu qəbildəndir. Demokratikləşmə üçün sabah hakimiyyətin özü ilə gedib otura bilərəm. Amma bu o demək deyil ki, mən hakimiyyətdəyəm. Azərbaycan cəmiyyətinin maraqları, insanlarımız harda varsa mən ordayam - istər hakimiyyət olsun, istər müxalifət, ya da cəmiyyət. Biz bütövlükdə cəmiyyətin problemlərini həll etmək istəyirik. Hərəkatda təmsil olunmasaq da, prosesləri yaxından təqib edirik, izləyirik. Azərbaycan cəmiyyətində bizə düşmən olan qüvvə yoxdur. Biz heç kimlə - nə iqtidarla, nə də müxalifətlə düşmən deyilik, əksinə, hamısı dostlarımızdır.

 

- Dəyişən siyasi hakimiyyətlər zamanında İqbal Ağazadə neçə dəfə “xain”, neçə dəfə “qəhrəman” elan olunub?

 

- Mən hakimiyyətə gələnə qədər "xain " olacağam...


- Bəs hakimiyyətə gələndən sonra necə, o “xainliyiniz”dən əl çəkəcəksiniz?

 

- Hakimiyyətə gələndən sonra o “xain” dedikləri İqbal Ağazadənin bu dövlətə, bu millətə, bu cəmiyyətə, bu xalqa nələr verə biləcəyinin şahidi olacaqlar. Və düşünəcəklər ki, ötən müddət ərzində bu adam gör nələr verə bilərdi bu millətə! Sadəcə olaraq, biri bir az utanaraq deyəcək ki, İqbal Ağazadəylə bağlı o zamankı mövqeyimiz tamamilə yanlış olub. Belə olan halda indi mən də durub enerjimi ora sərf edim ki, ay filankəs bəy, mənim haqqımda yanlış fikirdəsən. Eyvallah, fikirləşir, fikirləşsin də. Mən brilyant deyiləm ki, hansı tərəfə qoyursan qoy, parıldayım. Mən də bir insanam, əyər-əskiklərim var. Hakimiyyətdə olanda əsas işimiz ölkəmizin əyər-əskiyini düzəltmək olacaq.

 

“Əhalinin 90 faizindən çoxunun vəziyyəti yaxşı deyil”

 

- Bir zamanlar okeanın o tayından “Azərbaycan parlamentində tək müxalifət partiyası Ümiddir” deyən hansı təşkilat idi və belə deyimlərə münasibətdə İqbal Ağazadənin yanaşmasını bilmək maraqlı olardı?

 

- Mən hər şeyə öz zamanında münasibətimi bildirmişəm. Dediyiniz məsələ də bu baxımdan istisna deyil. Mənim hərəkətlərimə, sözümə qiymət verirlər. Okeanın o tayından da 2010-cu ilin parlament seçkisindən sonra Dövlət Departamenti vermişdi o bəyanatı. Burada qəribə bir şey yoxdur...

 

- O zaman məgər sizdən başqa parlamentdə digər müxalifət partiyası yox idi? Və Departamentin belə açıqlaması sizcə Azərbaycan cəmiyyəti içərisində şübhə toxumları əkməyin göstəricisi deyildimi?

 

- Onunla bağlı mənim mövqeyimi soruşmayın...

 

- İqbal bəy, Dövlət Departamentinin bəyanatına sizin yanaşmanızı görmək indi də maraqlı olardı. Axı bayaqdan elə hey cəmiyyətdaxili konsolidasiyanın, siyasi qüvvələr arasında birliyin olma zərurətindən danışırsınız. Və mən inanmıram ki, İqbal Ağazadə kimi bir siyasətçi Departamentin belə bəyanatının bölücü xarakter daşımasını bilməsin...

 

- Bizi sevənlərə də, sevməyənlərə də minnətdarıq...

 

- Müxalifət Azərbaycanda tez-tez klan hakimiyyətindən danışır. Müxalif düşərgədə necə, belə klanlaşma, belə yerlibazlıq, belə regionçuluq varmı?

 

- Fağır müxalifət o qədər azdır ki, kimi tapır, həmin dəqiqə istəyirlər ki, o adamları öz sıralarına cəlb etsinlər. Haradandır müxalifətdə o yerliçilik, haradandı müxalifətdə o klançılıq, haradandı müxalifətdə o regionlaşma? Konkret olaraq bizim partiyanın timsalında buna baxa bilərsiniz. Bizim birinci müavinimiz Yardımlıdan, icra aparatı Ağdamdan, müavinin ikisi Naxçıvandan, biri İmişlidən, biri Salyandan, ikisi Bakı, Şəki, Gəncə zonasından da var...

 

- Deyəsən fikrimi düzgün izah edə bilmədim. Deyirlər ki, sosial bazanın zəifliyi ucbatından müxalif düşərgə bu gün tayfa prinsipləri əsasında formalaşmaq məcburiyyətindədir.

 

- Konkret olaraq, öz partiyamızın nümunəsini mən sizə söylədim və bir daha bildirirəm ki, Ümid Partiyasında hansısa tayfa prinsiplərinə söykənmə mövcud deyil. Bugünkü müqayisədə heç iqtidar partiyasının müxalifətin sosial bazası qədər gücü yoxdur. Azərbaycanda əhalinin ən azı 90 faizinin vəziyyəti yaxşı deyil. Bax bu, müxalifətin bazasıdır, biz onu təşkilatlandıra bilmişikmi!?

“Mən niyə zərbə altına qoymalıyam ki...”

 

- Təşkilatlandıra bilmisinizmi?

 

- Təşkilatlanmağa obyektiv şərait yoxdur. Adamlar iqtidar təzyiqindən qorxur, adamı əzirlər, adamı tuturlar, adamı məktəbdən, işdən çıxarırlar. Adam mitinqə gedir, dərhal ona və qohumlarına zəng edirlər. Mənim ağlım başımdadır, niyə sizi zərbə altında qoymalıyam ki? Siz onsuz da mənim tərəfdarımsınız. Mən sizi gətirim təşkilatda göstərim ki, bunu məktəbdən çıxarın. Bir seçim anı gələndə adamlar onsuz da bizi seçəcək. O təşkilatlanma ki, insanların üzərinə hakimiyyətin basqısını artıracaq, eyvallah, qoy hərə öz yerində dursun.

 

- İqbal bəy, deyəsən tikdiyiniz dəyirmana çəkdiyiniz arxın suyu əvvəlki kimi gurhagurla, şırhaşırla gəlmir...

 

- Biz plansız iş görmürük. Biz əvvəlcədən dəyirmanımızı elə tikib arxımızı da elə çəkmişik ki, hansı halımız, hansı vəziyyətimiz olsa belə suyumuz həmişə gələcək və dəyirmanımız da unumuzu üyüdəcək durumdadır, öz işindədir. Allahın lütfüdür bu bizə. Bizim dəyirmanımızın işləməsi bu millət üçün bir şərtdir. Bu millət üçün şərt olduğuna görə o dəyirmanı işlədəcək qədər suyu Allah verəcək. Eyvallah, hər zaman...


- Eyvallah, İqbal bəy, eyvallah. Amma elə indinin özündə biz Ümiddə olan o əvvəlki canlanmanı hiss etmirik, görmürük...


- Şənbə günləri belə olur. Və siz bir dəfə gördüyünüzə qiymət verməyin. Bizim müavinlərimiz bu gün regional görüşlərdədirlər.

 

 

“Heç kimin adamı olmaram”

 

- Bir qism qüvvələrin keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasıyla deputatlıq mandatınızın sizdən iraq düşməsində paralellər aparmalarına və hansısa qənaətlərin ehtimallar formasında ortaya qoymalarına münasibətinizi bilmək istərdik?

 

- Nə deyim... Adamdır da, belə düşünür. Sabah prezident olanda görüm nə deyəcəklər? Bir də mənə sual verəcəksiniz ki, kim idi hakimiyyətdəki adamınız ki, səni prezident etdi? Kiminsə adamı olmaqdan söhbət gedirsə, ağlım-başım yerindədir. Gedib İlham Əliyevin adamı olaram, daha niyə gedib hakimiyyətdəki üçüncü, dördüncü, beşincinin adamı olum? Onun adamı deyiləmsə, heç kimin adamı olmaram. Məgər İlham Əliyevin adamı olan adamlardan ağlım, başım, düşüncəm, savadım, dünyagörüşüm, qabiliyyətim, siyasətdəki yerim, çəkim azdır? Yoxsa ki, mən onlar kimi danışa bilmərəm, ictimai rəy yönləndirə bilmərəm? İlham Əliyevin təyin etdiyi hansı nazirlərdən bacarığım azdır? Elə gedib İlham Əliyevin adamı olaram da... Bu gün cənab İlham Əliyevlə demokratikləşmə sahəsində, Qarabağ məsələsində dialoqa ehtiyac varsa, oturub ölçüb biçəcəyəm. Əgər gərəkirsə, görsəm ki, bundan dövlətə, cəmiyyətə fayda var, heç düşünmədən, ictimai rəydən də qorxmadan gedib İlham Əliyevin yanında dayanacağam. Azərbaycan hakimiyyəti bütün dönəmlərdə millətin, dövlətin problemiylə bağlı nə zaman müraciət etsə, mən orda varam. Bu millət, bu dövlət üçün həmişə sinəsini qabağa verə biləcək tək-tək adamlardanam. Heç nədən və kimsədən çəkinmədən. Bu gün kimsə düşünər ki, reytinqim naminə iqtidarla bir sırada dayanmaram, mən isə bu dövlət və xalq üçün, Qarabağ naminə, demokratikləşmə naminə cənab İlham Əliyevlə qol-qola düşmən önünə çıxmaq lazımdırsa, çıxaram. Çünki Azərbaycan və onun vətəndaşlarının mənafeyi bizim üçün hər şeydən üstündür. O cümlədən müxalifətdə olan hər bir şəxslə də vətən ücün birləşməyə, yol getməyə hazıram.


- Hakimiyyət “üçüncü əl” prinsipindən istifadə edirsə, onda necə?


- Mən hakimiyyətin düşüncəsilə hərəkət etmirəm. Mənim öz düşüncəm var. Öz seçimlərimi də mən özüm edirəm, hakimiyyət yox. Mən hakimiyyətin müttəfiqi ola bilərəm, hakimiyyətin ortağı ola bilərəm, hakimiyyətlə dialoq tərəfdarı ola bilərəm. Ancaq mən heç kimin adamı olmaram.

 

“Onun adamının çox olması məni sevindirir...”

 

- Özünü “ana müxalifət” kimi təqdim edən qurumlarla müəyyən zaman kəsiyində Ümid Partiyasının bir yerdə olması bu siyasi qurumun ayaqda durmasına necə təsir edib?


- Biz harda durmuşuqsa, orda güc olmuşuq, güc olaraq durmuşuq. Biz harda durmuşuqsa, demək ki, doğru bildiyimiz yeri təsbit etmişik. O yerin yaradılmasında bizim əməyimiz olub. Kimsə özünə “ana müxalifət” deyirsə, mən bu funksiyasında ona dəstək verə bilərəm.

 

- Demək bu da sizin funksiyanızdır, eləmi?

 

- Mənim funksiyam ayrıdır. Azərbaycanda demokratik seçim anı gələndə seçilməli olan namizəd Ümid Partiyasının namizədidir. Mənim də vəzifəm budur. O da "Ana müxalifət" olmaq üçün işləyir. Eyvallah, işləsin, biz də kömək edərik. Bu gün onun adamının çox olması məni qorxutmur, əksinə, məni sevindirir ki, prosesə dinamika gəlir.

 

“Siyasi imkanı bizim qədər geniş olan ikinci tərəf yoxdur”

 

-Vətəndaş Birliyi Partiyası Ümid Partiyası ilə birləşəndə gücə güc qatıldı, yoxsa o qurumun imkanlarından yararlanmağa start verildi?


- Gücə güc qatıldı. Bu gün Azərbaycan siyasətində siyasi imkanları bizim qədər geniş olan ikinci tərəf yoxdur. Heç iqtidarın özünün bizim qədər imkanları yoxdur.


- “İmkan” deyəndə siz nəyi nəzərdə tutursunuz?


- Bu gün iqtidarın gücü çatarmı ki, “mən Cəbhəni və ya Müsavatı qucaqlayıram” desin? Yox, çatmaz. Bu gün Cəbhə və ya Müsavatın gücü çatarmı ki, “mən iqtidarı qucaqlayıram” desin? Yox, çatmaz. Ümid yeganə siyasi partiyadır deyir ki, HAKİMİYYƏTƏ GƏLƏCƏYİK, İKİSİNİ DƏ QUCAQLAYACAĞIQ. Heç birinə də bu Vətənin övladı kimi kəm baxmayacağıq. Ona görə deyirəm ki, mənim imkanlarım hamıdan böyükdür. Azərbaycan cəmiyyətinə, sıravi vətəndaşa, seçiciyə, ziyalıya, alimə, gəncə, bir sözlə, ölkəmizə bir birinə əyri baxan siyasi qüvvələr yox, hamını sevən, qucaqlayan partiya və lider lazımdır. Partiyasının və tərəfdarlarının yox, hamının prezidenti olacaq adam gərəklidir. Onların hansı bunu edir və ya edəcək ki? Bizdən başqa buna kimin gücü və cəsarəti çatar ki?

 

- İmkandan danışmışkən, “İşgüzar partiya yaratmaq istəyiriksə, bu partiyanın maddi qaynaqları olmalıdır” deyən İqbal Ağazadə Ümid Partiyasının bugünkü durumunu necə qiymətləndirir?

 

- Allaha şükür, qərargahımız var, əlavə xərc vermirik. Kifayət qədər də üzvlərimiz var...

- Partiyanızın nə qədər üzvü var?

 

- Bizim bu gün 57 mindən çox üzvümüz var. Üzvlərimiz yardım edirlər. Kimin nə qədər yardım etməsilə bağlı da MSK-da məlumatlar var...

- Maddi qaynaqlar məsələsilə bağlı... “Maddi qaynaqlar” məsələsində belə deyilir ki, xüsusən Azərbaycanda siyasi qurumların 2 maliyyə mənbəyi mövcuddur: Birincisi Azərbaycan iqtidarı, ikincisi xaricin xəfiyyə orqanları, hansısa təşkilatlar. İqtidarı hədəf götürən xarici xəfiyyədən, xarici xəfiyyəni hədəf götürən iqtidardan maliyyələşir. Bu konuda Ümid Partiyasının hədəfi kimdir?

 

- Sizin prinsiplərdən...

 

- Mənim yox, müxalifətçi opponentlərinizin...

 

- Olsun. Nə iqtidarı söymürəm, nə də xarici xəfiyyəni. Heç birini söymədiyimiz üçün o prinsiplər də bizə aid deyil. Bizim öz prinsiplərimiz var və o prinsiplərlə də ömür sürürük.

 

- O prinsipləri deyin, qoy yerdə qalan digər opponentləriniz də ağ günə çıxsınlar.

 

- Onların ağ günə çıxmaları bizdən asılıdır. İqtidar olan kimi hamısına şərait yaradıb ağ günə çıxaracağam.

 

- Ümid Partiyası da bu vaxta qədər yaranan çoxlu müxalif birliklərin bəzisində təmsil olunub. Ancaq o da bəllidir ki, yarananda şəninə siyasi serenadalar oxunan həmin birliklərin fəaliyyətləri də elə bir-iki atımlıq barıtın ömrü qədərində olub. Belə ölüb-dirilmələri görəndən sonra könlünüzdən kimə həvarilik etmək keçib?


- Mən harada, niyə və nədən olduğumu çox gözəl bilirəm. O qrupları, o birlikləri yaradanlardan biri də mən olmuşam. Və o birliklər situasiya birlikləri olub.


- Ötən zaman kəsiyində opponentləriniz tərəfindən neçə dəfə “xain”, neçə dəfə “qəhrəman” elan olunmusunuz?

 

- Mən hakimiyyətə gələnə qədər “xain” olacağam.

 

- Deputatlıq bitəndən sonra deyəsən partiyanız yaman kasıblayıb?

 

(ardı var)

 

İGİD TEYMURLU
Versus
.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR