"İranın, Avropanın dairələrinə işləyən QHT-lər, tanınmış adamlar, teleekspertlər, din xadimləri..."
Aydınxan Əbilov: "Onlar da Azərbaycana qarşı aparılan bu siyasətin bir alətinə çevrilmişdi və..."
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Qərbin, Avropanın USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlarının ölkəmizdə vətəndaş cəmiyyətlərindən istifadə edərək “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri yenidən müzakirələrin gündəmində. Belə qeydlər var ki, 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub və bu gün regionda, ölkə daxilində sabitliyi pozmaq, Qarabağ üzərindən prosesləri öz nəzarətləri altına salmaq üçün çabalar etməkdədirlər. Məlumdur ki, məhz bu cür milli mənafeyə ziddi faliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Lakin bu heç də o demək deyil ki, bu prosesdə maraqlı qüvvələr öz niyyətlərindən geri çəkilib. Hazırda regionda müşahidə olunan gərgin situasiyada xarici təşkilatların “maliyyə yardımları” ilə daxilə olan sızıntıları hansı mərhələdədir və vəziyyəti nədir?
Versus.az xəbər verir ki, bu istiqamətdə mövcud vəziyyəti şərh edən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydınxan Əbilov hesab edir ki, əslində bu problem ilk baxışda həll olunub. O, fikrini belə əsaslandırıb ki, Azərbaycan Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının razılığı olmadan xarici fondların bir çox yerli təsisatlara -QHT-lərə, mediaya, siyasi təşkilatlara maliyyə yardımı, qrant ayırması qeyri-mümkündür. Çünki dəyişikliklərə görə həm daxildə ayrılmış qrantlar, həm xaricdən göndərilən qrantlar, maliyyə yardımları Maliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmalı, maliyyəni alan təşkilat ya onlayın, ya da əyani şəkildə nazirliyə məlumat verməlidir. Əks təqdirdə çox böyük inzibati, bəzən də cinayət məsuliyyəti daşıya bilər.
A.Əbilov qeyd edib ki, vaxtilə bu sahədə müəyyən xaotik vəziyyət olsa da, QHT-lər Haqqında Qanuna dəyişikliklər ediləndən sonra bunun qarşısı alınıb:
“Bank Haqqında Qanunda da ölkəyə daxil olan və yaxud ölkədən kənara çıxan maliyyə vəsaitləri haqqında arayışlar tələb olunur. İl ərzində 20 mindən çox dolları dəyişmək olmaz və böyük miqdarda vəsaitlər alan zaman dövlət qurumlarına xüsusi arayışlar, izahatlar verilməlidir. Bu baxımdan keçmişdə olduğu kimi QHT-lər böyük maliyyə imkanlarına malik deyillər”.
Ekspert bu məsələnin müsbət və mənfi tərəflərinə diqqət çəkib. O, bunu qara pulların yuyulması, beynəlxalq terrorizminin dövlət strukturlarına və dövlətin tələb prinsiplərinə qarşı çıxanların maliyyələşdirməsi, daxildə xaricdə olan qüvvələrin qarşısının alınması baxımdan müsbət hal kimi qiymətləndirib. Məsələnin mənfi tərəfinə gəlincə, bildirib ki, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycana humanitar, mədəni və digər sahələr üzrə 1 dollar da pul ayrılmır. Amma Gürcüstan, Ermənistan və qardaş Türkiyə il ərzində xaricdən 100 milyonlarla qrantlar alırlar. Bu qrantlar nəticəsində ictimai, sosial, tibbi, elmi, ekoloji, mədəni yeni layihələr həyata keçirdilir.
“Bu qurumların əməkdaşları öz işlərini düzgün qura bilmir, bacarmır, ya da bu pulların Azərbaycana daxil olmasında özlərinin də müəyyən maraqları var”
A.Əbilov bütün bunlara baxmayaraq qeyd edib ki, dövran dəyişib. Qanunlarda dəyişikliklər eləsək də, qayda-qanunları sərtləşdirib, müəyyən aktlar qəbul edilsə də, digər tərəfdən həm xarici ölkələrlə əlaqəsi olanlar, həm vətəndaş cəmiyyəti, ayrı-ayrı fərdlər buna qarşı müxtəlif vasitələr tapırlar. Onun sözlərinə görə, yenə müşahdə olunur ki, siyasi partiyaların bəzi qanadları, bəzi QHT-lər xaricdən maliyyələşə bilirlər. O, hesab edir ki, bunun qarşısı aidiyyatı dövlət qurumları tərəfindən alınmalıdır.
“Bilirsiz ki, pul köçürmələri və vəsaitlərin daxil olması Mərkəzi Bankın, Maliyyə, Ədliyyə Nazirliyinin icazəsi olmadan mümkün deyil. Bu hallar varsa, deməli, ya bu qurumların əməkdaşları öz işlərini düzgün qura bilmir, bacarmır, ya da bu pulların Azərbaycana daxil olmasında özlərinin də müəyyən maraqları var. Yaxud, bu pulları alanlar və göndərənlər o qədər dəqiq, maraqlı və qeyri-adi mexanizm tapıblar ki, o mexanizmin qarşısını almaq üçün bizdə lazımi mütəxəssislər yoxdur. İsrənilən halda beynəlxalq terrorizmin ölkə daxilindəki sabitliyi pozmaq, qonşu ölkələrin müəyyən qüvvələrinin Azərbaycana dini, ictimai, siyasi, sosial, mədəni maliyyə maraqlarını təmin etmək üçün daxildə və xaricdə müəyyən insanların imkanlarından istifadə edirlər. İstər İranın, istər qardaş Türkiyənin, Rusiyanın, Amerikanın, Avropanın bir çox dairələrinə işləyən QHT-lər, tanınmış adamlar, teleekspertlər, din xadimləri, din adamları var. Biz bu istiqamətdə tənqidi fikirlərimizi hər zaman bildirmişik”.
Onun fikrincə, hələ Azərbaycanda “nurçuluq” inkişaf edən zaman onları dəstəkləyən məmurların da kim olduğu bəlli idi:
“Onların bəziləri istefaya göndərilib, bəziləri həbs olunub, bəziləri deputat mandatından məhrum olunublar. Son vaxtlar İranın Azərbaycanla bağlı törətdiyi hadisələr zamanı həmin dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bir sıra KİV-lərin qarşısı alındı. Dindar adı altında Azərbaycanın dövlət maraqlarına zidd mövqe sərgiləyən sosial şəbəkə və internetdə fəaliyyət göstərən şəxslərin bəziləri artıq həbs olunub. Eyni zamanda müəyyən QHT, dini qrumlar da var idi ki, onlar da Azərbaycana qarşı aparılan bu siyasətin bir alətinə çevrilmişdi. Əlbəttə biz ictimaiyyət nümayəndələri olaraq belə halları qınayırıq. Çünki əgər biz Azərbaycan vətəndaşlarıyıqsa onun dövlət, milli maraqlarını əsas götürməliyik. Qardaş, bacı, qohum, dost dindaş, etniqdaş bu bağlılıqlar olsa da, əsas insan, millət, dövlətin özüdür. Millət, toplum güclü olanda, öz dəyərlərinə hörmətlə yanaşanda, alimlərinə, digər milli sərvətə çevrilən dəyərlərinə önəm verəndə topluma heç bir xarici qüvvə təsir də bilməz. Bu əsas şərtdir”.
Ekspert bildirib ki, istənilən halda bizim çoxsaylı gənclərimiz var ki, onlar ölkə xaricində oxuyur, xaricə gedib- gələ bililər:
“Onlar təhsilin, mənəvi təlimlərin zəif olduğu bu vaxtın insanlarıdır. O gənclərə müxtəlif qüvvələrin -dini. elmi, mədəni. kreativ təsirləri mənfi təsiri ola bilər. Bu mənfiliklərin qarşısını almaq üçün dövlət, cəmiyyət, kütləfi informasiya vasitələri birləşib konsepsiya işləyə bilər. Bu mümkündür. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün vərtəndaşları, dil, din, etniq mənsubiyyətdən asılı olmayaraq birləşib Qarabağı geri aldılar və lazım gəlsə bu insanları bu məqsəd ətrafında birləşdirmək mümkündür və buna da getmək lazımdır. Amma dövlət qurumları ancaq məmurların qərarları ilə deyil, tanınmış insanlar, aktivistlər, ictimai fəalların, düşüncə adamlarının, alimlərin, mədəniyyət adamlarının fikirlərinə önəm verməlidir ki, bu işdə təsir imkanlarına malik konsepsiya yaransın”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...