Azərbaycanda yeni TREND
Son vaxtlar saqqal saxlamaq dəb halını alıb. Bu tendensiya artıq dövlət qurumlarında çalışan məmurlara da sirayət edib. Belə ki, bir müddət əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, elm və təhsil nazirinə müavin təyin edilən Həsən Həsənlinin saqqal saxlaması müzakirələrə səbəb olmuşdu. Bəzi insanlar məmurların saqqal saxlamasının yolverilməz olduğunu düşünsə də, əks fikirdə olanlar da az deyil. Xüsusilə gənclər dövlət qurumlarında çalışan insanların geyim və imic baxımından sərbəst olmasının tərəfdarıdır.
Bəzi ekspertlər saqqal trendinin filmlərin təsiri ilə, digərləri insanların daha azad yaşamaq istəyi ilə başladığını düşünür.
Kişilərin saqqal saxlaması bu sahə ilə əlaqəli şirkətlərin gəlirlərinə də təsir edib. 2019-cu ildə 100 ildən artıqdır ki, fəaliyyət göstərən məşhur "Gilette" şirkəti 8 milyard dollardan çox ziyana düşdüyünü açıqlayıb. Şirkət rəsmiləri bildirir ki, saqqal təraşına tələbatın azalması ülgüc və təraşdan sonra istifadə edilən köpüklər, gellərin satışına mənfi təsir göstərib. Ancaq "yeni saqqal dövrü" ülgüc şirkətlərinə mənfi təsir etsə də, bazarda saqqala baxım üçün məhsullara tələbat artıb.
Saqqallı məmurlar… (Ətraflı BURADAN oxuya bilərsiniz)
Saqqal saxlamaq yalnız son illərin trendi deyil. Məsələn, Rusiya imperatoru I Pyotrun əmri ilə 1689-cu ildə saqqal vergisi tətbiq olunmağa başlanılmışdı. Həmin qərara görə, nökərlər, tacirlər, məmurlar, yəni cəmiyyətin müxtəlif təbəqələrindən olan bütün kişilər saqqal saxladıqlarına görə dövlətə müəyyən olunmuş məbləğdə saqqal vergisi ödəyirdi. Vergini ödəməyə pulu olmayanlar isə cərimə kimi sürgünə göndərilirdi.
Dünyada davan edən trendlərə baxmayaraq, müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə saqqal dinin tələblərinə görə saxlanılır. Əksər ölkələrdə insanların saqqal saxlaması adi hal kimi qəbul olunsa da, Azərbaycanda yanaşma tamamilə fərqlidir, xüsusilə də məmurlara münasibətdə...
Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a bildirib ki, dövlət məmurlarının saqqal saxlamasını düzgün hesab etmir:
“Düşünürəm ki, dövlət məmuru saqqal saxlamamalıdır. Məmur öz geyimi ilə seçilməlidir. Hər bir dövlət məmuru həm ətrafındakı işçilər, həm də rəhbərlik etdiyi qurum üçün nümunədir. Bu səbəblə o, geyiminə də, davranışına da diqqət yetirməldir. Bu, mənim şəxsi fikrimdir. Son vaxtlar bu kimi halların sayının artmasını müşahidə edirik. Mən bunu düzgün hesab etmirəm. Bu vəziyyət ölkəmizdə artıq ənənə halını alıb. Azərbaycanda hər zaman insanlar öz səliqə-sahmanları ilə seçilib. Biz bunu geyimə də şamil etməliyik. Son vaxtlar bəzi məmurların cəmiyyət qarşısında sərbəst geyimlə çıxış etdiklərini görürük. Hesab edirəm ki, rəsmi və sərbəst geyimin zamanı mütləq gözlənilməlidir. Bu çox önəmli məsələdir”.
Parlamentari, həmçinin saqqal saxlamağa dini aspektdən də yanaşıldığını söyləyib: “Dini baxışa gəldikdə, din yanaşması məlumdur. Yəni İslama görə müsəlmanlar saqqal saxlamalıdır. Bu dində öz əksini tapıb. Hesab edirəm ki, xüsusilə, hazırkı dönəmdə Azərbaycan cəmiyyətində fərqli yanaşmalar olduğuna görə din xadimləri, din sahəsində çalışan insanlar istisna olmaqla, digər insanların saqqal saxlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də, biz uzun illər ərzində əldə etdiyimiz təcrübəni və ənənəni qorumalıyıq.
Qeyd etdiyim kimi, dövlət məmurları da bu prinsiplərə və ənənələrə əməl etməlidirlər. Fikrimcə, din sahəsində çalışan insanların saqqal saxlamasında heç bir problem yoxdur. Bunun dini əsası da var. Bu gün şəriətdə bununla bağlı məsələlər var. Lakin bu məsələlərin və ehkamların dövlət məmuru ilə heç bir əlaqəsi yoxdur. Dövlət məmuru dövlət qurumunda çalışır və dövləti təmsil edir. O, cəmiyyətin norma və qaydalarına əməl etməyə çalışmalıdır”.
Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova isə kişilərin saqqal saxlamasının səbəbini kumiri olduqları sənət adamları ilə əlaqələndirib:
“Son dövrlərdə müşahidə olunur ki, saqqal saxlayan kişilərin sayı daha da artıb. Müasir dövrdə saqqal saxlamağa əslində dinlə bağlı deyil, dəb kimi yanaşılır. Yəni bu hal bütün dünyada bu şəkildə qəbul olunur. Rusiyada, Türkiyədə, ümumiyyətlə, Avropa mədəniyyətində kişilərin saqqal saxlamasının səbəbinin dəblə əlaqədar olduğunu görə bilərik. Hər gəncin bu dəbi təkrar etdiyini müşahidə edirik. Düşünürəm ki, bunu təkrar etmələrinin səbəbi izlədikləri, kumiri olduqları sənət adamlarıdır. Məsələn, türk filmlərində rol alan aktyorlar var ki, həmin filmdə saqqallı formada rol alırlar. Filmi izləyən insanların isə bu forma xoşuna gəldiyi üçün özlərini həmin aktyorlara bənzətmək istəyirlər və nəticədə bu, dəb halını alır”.
Psixoloqun fikrincə, saqqal saxlamaq həm də güc göstəricisi hesab olunur: “Həmçinin dəbə görə saqqal saxlanması artıq güc göstəricisidir. Müşahidə etsək görərik ki, dəbə uyğunlaşaraq saqqal saxlayıb, eynək taxan kişilər daha güclü obraz kimi qəbul olunur. Bu obrazı yaratmaq üçün saqqal saxlamaq dəb halını alıb.
Saqqalla bağlı bizdə, yəni sırf Azərbaycanda mövcud olan köhnə stereotipləri qırmağa başlayıblar. Köhnə stereotiplərə görə, saqqal saxlamayan şəxs daha ciddi və baxımlı hesab olunurdu. Amma hazırkı dəb bunun əksini göstərir. Saqqal qarşı cinsə daha çəkici və özgüvənli gəlir. Köhnə stereotiplər qırılmağa başlayıb. Bu stereotipləri qıran şəxslər azad, 30 yaşın üstündə olan, öz bizneslərini, sərbəst şəkildə qazanclarını təmin etməyi bacaran şəxslərdir. Yəni cəmiyyətdə öz mövqeyini tutan şəxslər də saqqal saxladığı üçün köhnə stereotiplərdən çıxış edərək birmənalı şəkildə demək olmaz ki, saqqal saxlayanlar ciddi, müəyyən mövqeyi olmayan şəxslər deyil”.
Stilist Kamran Ağayev isə hər kəsin fərqli mövqeyi olduğunu söyləyib:
“Əgər dövlət məmurlarından söhbət gedirsə, hər kəsin şəxsi marağı olduğunu düşünürəm. Fikrimcə, kimisi dinlə əlaqədar, kimisi dəblə ayaqlaşmaq üçün saqqal saxlaya bilər. Yəni, konkret mövqe demək olmaz. Çünki, hətta hər məmurun özünün dinə marağı var. Bu baxımdan dəqiq fikir söyləmək mümkün deyil”. /modern.az/
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...