Vitse-spiker ulu öndərin “100 illik” münasibətilə aksiya keçirib
Versus.az xəbər verir ki, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin deputat ofisində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə hüquqi yardım aksiyası təşkil edilib. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən hüquqi yardımla bağlı silsilə tədbirlərin davamı olaraq təşkil edilmiş aksiyada Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilərə, eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan seçicilərə peşəkar hüquqi yardım göstərilib. Aksiyada vətəndaşların mülkiyyət, mənzil hüququ, əmlak məsələləri və digər məzmunlu müraciətlərinə vəkillər tərəfindən peşəkar hüquqi məsləhətlər verilib, müvafiq tədbirlər görülüb.
Verilən məlumata görə, Adil Əliyev, eyni zamanda şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər dinlənilib, onların bir qismi yerindəcə həll edilib, digər müraciətlərin həlli və araşdırılması üçün aidiyyatı orqanlara sorğular hazırlanıb.
Müraciət edən vətəndaşlara bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Qeyd olunub ki, cənab Prezident tərəfindən əhalinin müraciətlərinə həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək diqqət göstərilir, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"