ƏZİZ ANA

10:57 27-04-2023 | icon 281 | Cəmiyyət
ƏZİZ ANA

Akademik Zərifə ƏLİYEVA - 100

 

 

 

QƏNİRƏ PAŞAYEVA
/MM-in Mədəniyyət Komitəsinin sədri/

 
 

O, böyük və şərəfli bir ömür yolu keçmiş, həyatı, əməlləri ilə başqalarının da ömrünü işıqlandırmışdır. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gələn görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 62 illik şərəfli ömür yolu nəsillərə örnəkdir. Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi. O, hər zaman Ulu öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub.

 
 
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də, təravətli bir yaz günündə qədim Naxçıvanın Şərur elinin Şahtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının xarakteri, davranışları və yaşam tərzi onun üçün əsl örnək olmuş, zəngin və mənalı ömür yaşamağın sirlərini ondan öyrənmişdi. Ailədə böyüyən dörd övladın üçü – Zərifə Əliyeva, Tamerlan Əliyev, Cəmil Əliyev atalarının yolunu davam etdirərək həkimlik ixtisasını seçmiş, bu sahənin görkəmli mütəxəssiləri kimi tanınmış, Gülarə Əliyeva isə şöhrətli musiqiçi olmuşdur.
 
 
Zərifə xanım orta məktəbdə 1932-1942-ci illərdə təhsil almışdır. 1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə təhsilini uğurla başa vurub məzun olmuşdur. İnsanlara həyat işığı bəxş etmək arzusu onu 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutuna gətirib çıxarmış, burada oftalmologiya ixtisası üzrə kurs keçərək, göz xəstəliklərinin profilaktikası və müalicəsinin incəliklərini mənimsəmişdir.
 
 
Zərifə xanım Əliyeva aspirantura təhsilini 1950-1953-cü illərdə almış, 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 1960-cı ildə uğurla dissertasiya müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldığı vaxtdan 1967-ci ilədək bu institutun böyük elmi işçisi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsində çalışmışdır.
 
 
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqat və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən ünlü oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alaraq, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. Zərifə xanım Azərbaycan tibb elminə və səhiyyəsinə önəmli töhfələr vermişdir.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələni təşkil edir. Onun elmi fəaliyyəti zəngin və əhatəli olmuş, oftalmologiyanın ən aktual mövzularına həsr edilmiş çoxşaxəli, konseptual tədqiqatları tibb elmimizi zənginləşdirmişdir. Bir-birindən dəyərli 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı elm yolu bu gün də yeni nəsilləri elmin zirvəsinə doğru aparmaqdadır. Alimin zəngin elmi irsi ilə yanaşı, pedaqoji fəaliyyəti də çoxsaylı araşdırmaların mövzusu olaraq tədqiq edilir, yeni tədqiqatlara stimul və material verir.
 
 
O, bir çox fəxri adlar, elmi titullar və mükafatlara layiq görülmüşdü. Qürur qaynağı olan bu adların hər biri uzun illərin fədakar alim zəhmətinin bəhrəsi idi. Zərifə xanımın həyatda qazandığı ən mötəbər, şərəfli ad isə Ana adıdır – Əziz Ana! Zərifə xanım Əliyeva Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır.
 
 
 
Onun adı Azərbaycan Oftolmologiya elmi tarixində misilsiz xidmətləri ilə yadda qalmışdır. Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında olan peşə fəaliyyəti ilə (özəlliklə kimya və elektron sənayelərində çalışanlarla) bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr etdiyi tədqiqatları ilə elmə ciddi yeniliklər gətirmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar ərsəyə gətirən alim, həmçinin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.
 
 
Zərifə Əliyeva səhiyyəmiz üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına böyük əmək sərf etmiş, eyni zamanda örnək alim və pedaqoq ömrü ilə yetirmələri üçün bir məktəb olmuşdur. Onun elmi-pedaqoji fəaliyyətinin ən önəmli istiqamətlərindən biri məhz gənc alim kadrların yetişdirilməsi idi. Zərifə xanım oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi önəm vermiş, həkimləri daim öz üzərində işləməyə, çağdaş tibbin inkişafı ilə ayaqlaşmağa səsləmişdir.
 
 
Alimin tədqiqatlarının nəticələri yalnız Azərbaycan və ya keçmiş SSRİ səhiyyəsində deyil, bütövlükdə dünya oftalmologiyasında yeni cığırlar açmışdır. O, dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya miqyasında məşhurlaşdırmışdır.
O, elm tarixində ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş, bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Böyük alimin uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində apardığı geniş­miqyaslı elmi-tədqiqat işləri nadir araşdırmalar sırasındadır. Həmin tədqiqatların nəticələri onun “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli mono­qrafiya­larında öz əksini tapmışdır.
 
 
Akademik Zərifə Əliyeva elm təşkilatçısı və ictimai xadim kimi də Azərbaycanımıza böyük xidmətlər göstərirdi. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət heyətinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (“Вестник офтальмологии”; Moskva) jurnalı Redaksiya heyətinin üzvü idi. Yüksək elmi uğurlarına görə keçmiş SSRİ-nin Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına, respublikamızın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü.
 
 
Vəfalı ömür-gün yoldaşı, gözəl ana, yüksək intellektual səviyyəsi ilə hələ gənclik illərindən sayılıb-seçilən xanım aydın, dünya tibb elminə töhfələr vermiş oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi uğurları və həkimlik fəaliyyəti təsəvvürümüzdə mükəmməl bir şəxsiyyətin əzəmətli portretini canlandırır. Atası – görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevdən əxz etdiyi ali mənəvi keyfiyyətlər onu xalqcanlı, vətəncanlı bir aydın kimi yetişdirmişdi.
 
 
Zərifə xanım tələbkar və yüksək erudisiyalı alim, tanınmış həkim, sədaqətli həyat yoldaşı və çox qayğıkeş ana idi.
 
 
Zərifə xanım Əliyevanın zəngin mənəvi aləmi, özünəxas fəlsəfəsi, həyata müdrik münasibəti, geniş dünyagörüşü vardı. İşığına toplaşanları yalnız elmi, biliyi ilə deyil, aydın xarakter cizgiləri ilə də heyran edən Zəirfə Əliyeva, öz fitri istedadı ilə seçilir, yenilikçiliyi təbliğ və təşviq edirdi. Yetirdiyi kadrlar Zərifə xanımdan təkcə tədqiqat metodlarını öyrənməklə qalmır, həm də bir kübarlıq məktəbi keçirdilər. Pak mənəviyyatlı, bütün ruhu ilə öz işini sevən, ailəsinə bağlı, böyük ürəyi vətən sevgisiylə döyünən Zərifə Əliyevanın mənalı ömrü, keçdiyi şərəfli həyat yolu Azərbaycan xanımları, hər bir alim və həkim üçün örnəkdir.
 
 
Bəli, o, həyatını hamıya işıq bəxş etmək üçün yaşadı. Üzündəki nurlu təbəssümü də əsl həkim şəfqəti qədər xəstələrinə şəfa oldu. Zərifə xanım zəngin elmi irs, fundamental tədqiqatlar və onu tanıyanların yaddaşında gözəl xatirələri yadigar qoyaraq əbədiyyətə qovuşdu. Akademik Zərifə Əliyeva dünyasını vaxtsız dəyişərək 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etdi. Məzarı Bakıda, I Fəxri Xiyabandadır. Görkəmli heykəltəraş Ömər Eldarovun yaratdığı, Zərifə xanımın məzarı üstündə ucaldılan əzəmətli tunc heykəli onun kübarlığını, xarakter cizgilərini incəliklərinə qədər əks etdirir.
 
 
Qədirbilən xalqımız və dövlətimiz Zərifə xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmiş, görkəmli alimin adını əbədiləşdirmişdir. Hazırda Bakıda Göz xəstəlikləri İnstitutu, Binəqədi rayonu ərazisində istirahət parkı, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakıda və Naxçıvanda Zərifə Əliyeva adına küçə var. Bakıda akademik Zərifə Əliyeva adına lisey, Bərdədə texniki fənlər təmayüllü məktəb-lisey fəaliyyət göstərir. 2008-ci ildə Zərifə xanım Əliyevanın 80 illiyinə həsr edilmiş poçt markası buraxılıb.
 
 
Zərifə xanım Əliyevanın həyat və fəaliyyət yolu bir çox görkəmli alim, dövlət xadimi tərəfindən yüksək qiymətləndirilib. Dünya oftalmologiya elminin tanınmış simalarından olan akademik A.Nesterov Zərifə Əliyevanı böyük professional, öz sahəsinin ünlü alimi hesab edirdi. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının həm də sosial-iqtisadi baxımdan əvəzsiz olduğunu vurğulayırdı: “Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş ortamını yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko Azərbaycanlı alim haqqında yazırdı: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
 
 
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi hər zaman sevgi ilə anılacaq. O, “Həkim insanlara Günəş qədər lazımdır” deyirdi. Özü də Günəş kimi istisini, işığını səxavətlə ətrafa yayır, insanları qəlbinin nuruna qərq edirdi. O nur bu gün də Zərifə Əliyevanın yaratdığı ofalmologiya məktəbinin yetirmələrinin yolunu aydınladır, onları parlaq sabahlara səsləyir.
Ruhu şad olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq