Sevindik Nəsiboğlunun layihəsinin iştirakçıları MÜKAFATLANDIRILDILAR
Məqsədim uşaqlarımıza qarşı erməni vəhşiliyini dünyaya göstərməkdir
May ayının 6-da "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin Heydər Əliyev ili çərçivəsində təşkil etdiyi "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" adlı tədbir keçirildi. Həmçinin “Sizi Tanıyaq” layihəsinin 6 yaşı qeyd olundu.
Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov, şəhid Fəxri Məmmədovun anası Kəmalə Fəxri, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Ramin Əliyevin yoldaşı Natiqə xanım, Birinci Qarabağ müharibəsi qazisi, Prezident təqaüdçüsü Afaq Sadıxova, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rəhbəri olduğum “Qarabağ müharibəsində şəhid olmuş uşaqlar” adlı layihənin iştirakçıları layihədə iştirak etdiklərinə görə "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin diplomları ilə təltif olundular. Mən tədbir əsnasında layihəmə qoşulan şagirdlərlə birlikdə hörmətli millət vəkilimiz Vüqar müəllim İskəndərovla görüşdüm. Ona sayca 6-cı, Vətən müharibəsi şəhidi Nurlan Həsənova həsr etdiyim “Zəfəri nurlandıran Nurlan” adlı kitabımı hədiyyə etdim. Hörmətli millət vəkilimizlə xatirə fotoşəkili çəkdirdik.
Onu qeyd edim ki, “Qarabağ müharibəsində şəhid olmuş uşaqlar” adlı layihə başlatmaqda məqsədim Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsi nəticəsində şəhid olmuş körpələrimizi, uşaqlarımızı dünyaya tanıtmaq və erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaqdan ibarətdir.
Bu vaxta qədər layihəmə özüm də daxil olmaqla respublikamızın müxtəlif regionlarından 7 nəfər şagird qoşulmuş və 8 nəfər körpə şəhidimiz haqqında ingilis dilində məlumat verilmişdir. Layihəmdə bəhs olunmuş körpə şəhidlərimizin adlarını izləyicilərimin nəzərinə çatdırıram:
1. Şəhid Əsgərova Nigar Azər qızı.
2. Şəhid Quliyeva Zəhra Elnur qızı.
3. Şəhid Mayakov Artur Vladimiroviç.
4. Şəhid Qurbanova Fidan Elşən qızı.
5. Şəhid Şahnəzərli Mədinə Röyal qızı.
6. Şəhid Xəlilli Orxan Qoşqar oğlu.
7. Şəhid Əsgərova Narin Teymur qızı.
8. Şəhid Bədəlov Fariz Arzu oğlu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Nə qədər Vətənimiz var, həmişə şəhidlərimiz də yad olunacaqdır.
Layihədə iştirak edən şagirdlərin adları aşağıdakılardır:
1. Bakı Modern Təhsil Kompleksinin 4-cü sinif şagirdi Quliyev Ələddin.
2. Bakı şəhər Elçin Mansurov adına 88 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Gözəlova Nuriyyə.
3. Abşeron rayon Masazır qəsəbəsi 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Gülay.
4. Bakı şəhər Sabunçu rayonu 198 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Məmmədli Şükriyyə.
5. Abşeron rayon Xırdalan şəhər 9 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Zeynalova İradə.
6.Ağdam rayon Quzanlı-Qasımbəyli qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi Cəfərova Fatmeizəhra.
Tədbirdə fəal iştirakıma və ümumiyyətlə fəaliyyətimə görə diplomla təltif olundum.
Layihə iştirakçılarını və məni diplomla təltif etdiyinə görə "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin rəhbəri Vüsalə xanım Qələndərliyə dərin təşəkkürümü bildirirəm. Bütün məktəbliləri layihəmə dəvət edirəm.
Tədbirdəki çıxışımı dəyərli izləyicilərimin nəzərinə çatdırıram:
“Hörmətli tədbir iştirakçıları! Baharın gözəl çağında 6 may günündə, “Sizi Tanıyaq” layihəsinin 6 illiyi münasibətilə keçirilən tədbirdə Sizləri salamlayıram. Bildirmək istəyirəm ki, bu gün biz gənclər üçün çox əlamətdar bir gündür. Çünki 6 il bundan əvvəl hörmətli Vüsalə xanım Qələndərlinin təşəbbüsü və rəhbərliyi ilə “Sizi Tanıyaq” layihəsinə start verildi. Bu layihə ictimai həyata atılmaq, burada öz sözünü demək istəyən bir çox gənclərə şərait yaratdı və Vüsalə xanımın təşəbbüsü ilə onlar öz istedadlarını, bacarıqlarını göstərərək fəal bir şəkildə yollarına başlayıb inamla bu sahədə bacarıqlarını, istedadlarını nümayiş etdirməyə davam etdilər. Bu layihənin tərkibində biz gənclər dəfələrlə bir çox tədbirlərdə iştirak etmiş, bir çox tanınmış ictimai xadimlərimizlə, millət vəkillərimizlə görüşmüşük. Vüsalə xanım və onun “Sizi Tanıyaq” layihəsi bütün istedadlı gənclər üçün bir açıq qapı olub və bu gün də elədir. Bu açıq qapı hər an, hər zaman yeni-yeni istedadlı gəncləri gözləyir və onlara hər zaman harada olmalarından asılı olmayaraq şərait yaratmağa, onları işıqlandırmağa hazırdır. Yetər ki onlar özlərində olan istedadın fərqinə varsınlar və valideynlərinin dəstəyi və “Sizi Tanıyaq” layihəsinin vasitəsi ilə həm istedadlarından, həm də vaxtlarından səmərəli şəkildə istifadə edə bilsinlər.
İstərdim ki, Sizlərə erməni vandallarının azərbaycanlı uşaqlara, körpələrə etdiyi zülm, törətdikləri qətliam, cinayət və vəhşəti bütün dünyaya tanıtmaq, çatdırmaq üçün ingilis dilində başlatdığım “Qarabağ müharibəsində şəhid olan uşaqlar” adlı layihəmdən bəhs edim. Bildirim ki, bu ilin yanvar ayında start verdiyim layihəyə mənimlə birgə bir çox şagirdlər qoşulmuş, səsimə səs vermiş, Qarabağda, Gəncədə, Bərdədə və yurdumuzun, vətənimizin başqa yerlərində erməni terrorizminə məruz qalmış körpələrin harayını dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəməmiş, ermənilərin yaydığı əsassız məlumatlara qarşı mətinliklə mübarizə aparmışlar. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, layihənin əsas məqsədi erməni vandallığına məruz qalan körpələrimizi və onlara edilən bu zülmü bütün dünyaya çatdırmaq olmuşdur. Onu da bildirirəm ki, layihə bununla başa çatmır. Layihəyə bütün məktəblilər qatıla bilərlər. Onlardan tək istədiyim körpə şəhidlərimiz barədə ingilis dilində neçə dəqiqə olmasından asılı olmayaraq video çəkmək və bunu mənə göndərmələrindən ibarətdir. Başladığım bu layihəni dəstəklədiyinə görə Vüsalə xanım Qələndərliyə, mənim səsimə səs verdikləri üçün layihəyə qoşulan bütün məktəbli dostlarıma bir daha təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, layihəyə qatılan məktəblilər bu tədbirdə diplomla təltif olunacaqlar.
Tədbir iştirakçılarının diqqətinə onu da çatdırmaq istəyirəm ki, 44 gün davam edib qələbəmizlə başa çatan, işğalda olmuş torpaqlarımızı canları, qanları bahasına bizə qaytarıb özləri isə qayıtmayaraq əbədiyyətə qovuşan şəhidlərimiz barəsində yazılarımı yorulmadan davam etdirir, bununla da şəhidlərimizin ruhu qarşısında olan borcumu azacıq da olsa yerinə yetirməyə çalışıram. Qeyd edim ki, bu işlərimin davamı olaraq Vətən Müharibəsi şəhidi Nurlan Həsənovun əziz xatirəsinə həsr etdiyim, sayca 6-cı olan “Zəfəri Nurlandıran Nurlan” adlı kitabım bu yaxınlarda işıq üzü gördü. Kitabın nüsxələrini şəhidimizin ailəsinə təqdim etmişəm. Yaxın zamanlarda həmin kitabın təqdimat mərasimi keçiriləcək. Şəhidlərimizlə əlaqədar yazılarımı yorulmadan davam etdirirəm. Şəhidlərimizin unudulmaması üçün əllərindən gələni əsirgəməməyi məktəblilərə tövsiyə edirəm.
Əziz tədbir iştirakçıları! Qarşıdan hamımızın bayram kimi qeyd edəcəyimiz müqəddəs bir gün gəlir. Bu, Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi günüdür. Bununla əlaqədar diqqətinizə onu çatdırmaq istəyirəm ki, biz “Sizi Tanıyaq” layihəsinin üzvləri və heyəti olaraq bildiririk ki, hər bir zaman Ulu Öndərimizin qoyduğu yol ilə gedir, onun izlərini təqib edərək onun yolunda addımlayırıq və bu, həmişə belə də olacaq! Onu da qeyd edim ki, bu yaxınlarda Ulu öndərimizin anadan olmasının 100 illiyi ilə əlaqədar “Ulu öndərimiz Heydər Əliyev və Azərbaycan dili” mövzusunda böyük bir məqalə yazmışam, həmin məqaləm “Kredo” qəzetində, “Carçı”, “Yazarlar” jurnallarında və müxtəlif saytlarda dərc olunmuşdur. Sonda, altıncı ildönümü münasibəti ilə Vüsalə xanım Qələndərli başda olmaqla bütün “Sizi Tanıyaq” layihəsinin üzvlərini təbrik edir, layihənin bütün üzvlərinə uğurlar arzu edir və Ümummilli Liderimiz Heydər Əliyevə həsr etdiyim “Ulu Öndərimiz” adlı şeirimi icazənizlə səsləndirmək istəyirəm.
ULU ÖNDƏRİMİZ
Əziz Ulu öndərim,
Bu gün ruhun şad olsun.
Sənə sadiq olana,
Ürəkdən salam olsun.
Sən etdin ölkəmizi,
Gözəl,qəşəng gülüstan.
Səndən qorxdu,çəkindi,
O mənfur ermənistan.
Sən gəldin,oldu bayram,
Pislər bir başa getdi.
Sənin gözəl yolunu,
İlhamın davam etdi.
Azərbaycanlıları,
Hər yerdə birləşdirdin.
Ordunu gücləndirdin,
Məkkəyə belə getdin.
Sən bu gün olmasan da,
Əsərlərin yaşayır.
Həm çiçəkləndirdiyin,
Azərbaycan yaşayır.”
Sevindik Nəsiboğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...