“Bu müxalifət hakimiyyətlə deyil, müxalifətdə olanlarla rəqabət aparır” – MÜSAHİBƏ

13:45 02-11-2017 | icon 885 | Siyasət
“Bu müxalifət hakimiyyətlə deyil, müxalifətdə olanlarla rəqabət aparır” – MÜSAHİBƏ

Demokratik seçki olmadığından cəmiyyət doğrunu, yalanı müəyyən edə bilmir”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, bir partiya sədri, bir psixoloq və ictimai-siyasi xadim kimi bu gün siyasi düşərgədə partiya liderləri və üzvlərinin bir-birinə antaqanist yanaşmasını, eləcə də insanların kütlə psixologiyasının siyasi proseslərə münasibətindəki mövcud durumunu nə ilə əlaqələndirərdiniz? Nəyə görə hakimiyyətə gələ bilməyən müxalif qüvvələr ən azı sosial sferanın mübarizlik əzmini yüksəltmək üçün birgə hərəkət edə bilmirlər?

– Bütün bunlar zəncirvari inkişaf edən məsələlərdir. Hətta problemlərin çoxluğu, işsizlik, maaşların az olması və sair hallar belə, kütləvi etirazların yaranmasına gətirib çıxarmır. Hamı evində oturub durumundan şikayətlənir, amma məhz kiminsə qabağa çıxmasını gözləyir. Kimlərsə də üzünü siyasətçilərə tutub deyir ki, siz öndə getməlisiz. Siyasətçilər, elə özümüzdən danışaq, oturmuşuq, deyirik ki, biz partiya olaraq etiraz edirik, amma sizlər gəlmirsiniz. Görünən odur ki, hamı bir-birindən narazıdır və şikaytçidir. Məncə bizim özünü lider hesab edən siyasətçilərin ən böyük problemi hakimiyyət üçün mübarizə aparmamalarıdır. Onlar daha çox müxalifətdə birinci olmaq üçün bir-biri ilə rəqabət aparırlar. Mən şəxsən seçkilərdə iştirak edəcək bir namizəd kimi özümə hakimiyyəti rəqib görürəm və çalışırıq ki, onun namizədinin proqramına qarşı öz proqramımızı qoyaq. Yəni biz çalışırıq ki, cəmiyyət daha çox dedi-qodularla deyil, problemlərin həllinə kömək edə biləcək əsaslı proqramlarımızla tanış olsun. Biz küçələrə çıxıb “ar olsun”, “istefa” kimi mənasız şüarlara qarşıyıq. Hesab edirik ki, bu gün etiraz edən müxalifət partiyaları vermək istədikləri mesajların strategiyasını düzgün qurmurlar.

“Sanki kimin daha çox müxalifət adını qazanması uğrunda mübarizə gedir”

– Müxalifətin düzgün strategiya seçə bilməməsi, dediyiniz kimi təkcə “ar olsun”, “istefa” və sair kimi ittihamlayıcı şüarlara üstünlük verməsi nədən irəli gəlir?

– Qeyd etdiyim kimi, bu müxalifət hakimiyyətlə deyil, müxalifətdə olanlarla rəqabət aparır. Sanki mitinq, yürüşlər də özlərini bir-birinə göstərmək üçündür. Tutaq ki, bir partiya mitinq keçirir, digər partiya isə dərhal yürüş elan edir. Sanki kimin daha çox müxalifət adını qazanması uğrunda mübarizə gedir. Haqlı sual yaranır – əgər mübarizənin hədəfləri bəllidirsə, nəyə görə partiyalar bir araya gəlib aksiyalar keçirmək istəmirlər, əksinə keçirdikləri mitinqləri də özəlləşdirirlər. Bu gün “mənim mitinqim”, “mənim yürüşüm” iddiaları ortadadır. Üstəlik də dilucu deyilir ki, kim istəyir gəlib iştirak etsin. Amma hər kəsə yaxşı aydındır ki, bunun üçün partiyalar bir araya gəlib rəsmi bir qərar ortaya qoymalıdır. Yəni “kim istəyir mitinqə qoşulsun” sözləri də sözgəlişidir. Milli Şura digər partiyaların mitinqdə iştirakını istəmirsə, təbii ki, bu onların öz seçimidir. Amma bu seçimin səhv olduğu göz önündədir və cəmiyyətə də heç nə verə bilməz. Milli Şuranın mitinqləri bu üzdən davamlı ola bilmədi. Çünki eyni adamlar, eyni sözlər, eyni alqışlarla davam etmək mümkün ola bilməzdi. Problemin kökündə isə dediyim kimi, düzgün strategiyanın seçilməməsi dayanır.

– Proseslər onu göstərir ki, demokratik düşərgə sanki ayrı-ayrılıqda öz “xanlığını” qurmaqda, ağalıq etməkdə, şəxsi ambissiyalarını ümummilli dəyərlərdən üstün tutmaqda daha maraqlıdır. Siyasi partiyaların yaşadığı bu mövcud problemlər mental dəyərlərimizə tarixən kök salmış “mənəmlik” azarı ilə bağlı ola bilərmi?

– 1988-ci ildə Topxana hadisəsinə görə bütün millət ayağa qalxmışdı və onun davamı olaraq hərəkat yarandı. Bu onu göstərir ki, millətimiz vacib məsələlərdə birləşə bilər və bu gün bir-birini bəyənməyən o liderlər də həmin hərəkatdan çıxıblar. Amma çox təəssüf ki, illər keçsə də, bu liderlər səhv siyasət apardılar və arxalarınca gələn kütlə azalmağa başladı. Səhv addımlarla yanlış, təcrübəsiz adamları, dövlət işindən başı çıxmayanları, təşkilatçılıq qabiliyyəti olmayanları hakimiyyətə gətirdilər. Bu da böyük problem idi. İkinci məsələ isə verdikləri sözlərin üstündə dura bilməmələri idi ki, bu da onlara olan inamı azaltdı. Əksinə, hərəkatda olanlar hərəsi özünə bir partiya yaratdı və parçalanma baş verdi, cəmiyyətlə arada uçurum yarandı. Bu azmış kimi partiyalar bir-birinə qarşı qara piar aparmağa başladılar. Vaxtilə bir yerdə olanlar bir-birini qəbul etmədilər. Bugünkü mitinqlər də onu göstərdi ki, xalq müxalifəti dəstəkləmir. Bu mənada sosial problemlər vətəndaşların özlərini hərəkətə gətirməlidir. Əgər cəmiyyət bu müxalifətin arxasınca getmirsə, əhali özü ayağa qalxmalı və öz içindən yeni liderlər yetişdirməlidir. Yəqin ki, bu gün cəmiyyətdə elə bir hadisə baş verməlidir ki, insanlar, siyasilər birləşsinlər. Amma axı bizim  Qarabağla bağlı problem var və bu, mütləq bizi birləşdirməlidir.

“Müxalifətin özünü yeniləməsi lazımdır”

– Sanki insanlar öz haqlarını dilə gətirmək istəmirlər, etiraz hissləri ölüb.

– İnsanlarda narazılıq, etiraz hissi var. İnsanlar problemlərinin həll olunmasını istəyirlər, sadəcə olaraq bu, evdən kənara çıxmayan dedi-qodudan başqa bir şey deyil. Məncə birinci maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaşlar öz haqlarının müdafiəsindən çəkinməsinlər və narazılıqlar evlərdən, çayxanalardan kənara çıxsın. Bunu da özlərini lider, cəmiyyətin önündə gedənləri hesab edənlər etməlidir.

– Fuad bəy, illərdir müxalifət qınanır və baş verən əksər neqativlərə görə ittiham olunur. Bundan inciyirsiz, yoxsa haqlı hesab edirsiniz?

– Sözsüz ki, cəmiyyətin müxalifətə qarşı olan münasibətinə görə insanları qınamıram. Hesab edirəm ki, müxalifətin özünü yeniləməsi lazımdır. Müxalifət isə hələ ki, yenilənmək istəmir və yeni liderlər ortaya çıxmır. Bəzən bizə deyirlər ki, gənclər arasında liderlərin yaranmasına imkan vermirsiniz. Mən deyirəm ki, sən çıx öz mövqeyini, proqramını ortaya qoy, kimsə sənə mane ola bilməz. Biz hakimiyyətlə bərabər səviyyədə mübarizə aparmırıq. Demokratik seçki olmadığına görə də cəmiyyət doğrunu, yalanı müəyyən edə bilmir. Məsələn, mən iki parlament seçkisində iştirak etmişəm və qalib gəlsəm də nəticələr dəyişib. Amma bizim müxalifətdə olan dostlarımız bunu qəbul etmir və hesab edirlər ki, onların seçildiyi dairələrdə saxtakrlıq olub, mənim və mənim kimi digər partiyaların dairələrində isə olmayıb. Bu da onların digər partiyalara qısqanc yanaşmaları ilə bağlıdır. Tutaq ki, hansısa tədbirdə, yaxud hansısa bir məsələ ilə bağlı müsahibədə açıqlama verəndə Fuad Əliyevin adını çəkmək istəmirlər. Belə qısqanc yanaşmalar var. Mən isə kim maraqlı və düzgün hesab etdiyim bir fikir səsləndiribsə, bunu qeyd edirəm. Biz bu yaxınlarda Namizədlər Klubu ideyasını qaldırmışıq və mən Sərdar bəylə görüşəndə bu ideyanın ona aid olduğunu dedim. Yəni etiraf etməyi bacarmaq lazımdır.

– Belə bir fikir də var ki, müxalifət keçirdiyi son mitinqlərlə özü-özünü məhv edir. Bu barədə Rəsul Quliyev də son müzakirələrində bildirib. Siz necə düşünürsünüz?

– Hardasa müxalifətin özünü məhv etməsi fikrində haqq var. Biz özümüz də mitinqlərdə iştirak etmişik və şüarları dəstəkləmişik. Baxmayaraq ki, mitinqdən sonra bizim üzvlərimiz də polisə çağırılıb və təzyiqlər olub. Sadəcə olaraq, dediyim kimi, bu mitinqlər davamlı olmadır. Yenə mitinqlər dayandı və cəmiyyət əvvəlki kimi mitinqlərin cəfəngiyyat olduğunu qabartdı. Mitinqlər davamlı olmalı idi. Digər ölkələrdə keçirilən mitinqlər davamlı keçir və bu minvalla hakimiyyətə gələ bilirlər. Ona görə də müxalifətin mitinqinə tənqidi yanaşmaları qəbul edirəm.

– Fuad bəy, sizə də məlumdur ki, bu yaxınlarda Rəsul Quliyev öz tərəfdarları ilə görüş keçirdi və müzakirələrdə çox problemlər qaldırdı. İstər-istəməz bir sual yarandı – nəyə görə siyasilər bu tədbirə qatılmaq marağında olmadılar?

– Rəsul Quliyevin belə bir tədbir keçirməsini mən dəstəkləyirəm. Amma təşkilatçılar bununla bağlı düzgün mesajını vermədilər. Bu, Rəsul Quliyevin GAP və tərəfdarları üçün təşkil etdiyi tədbir kimi elan olunmuşdu. Bu mənada digər siyasi partiyalar buna qısqanclıqla yanaşaraq tədbirə qatılmadılar. Təşkilatçılar partiyalara görüşlə bağlı düzgün mesaj göndərsəydilər, məncə  hər kəs iştirak edərdi.

“Rəsul Quliyev burdakı müxalifətdən qat-qat üstündür”

– Amma yeganə partiya olaraq siz iştirak etdiniz.

– Mən bunu Rəsul Quliyevin cəmiyyətə verdiyi bir mesaj kimi qəbul etdim və tədbirə qatıldım. Rəsul Quliyevin qaldırdığı məsələlərin hər biri ilə razıyam. Onun proqram və çıxış yolları var və çalışır ki, seçkilərə 1 il qalmış bunları aktiv şəkildə cəmiyyətə təqdim etsin. Yəqin ki, belə görüşlər bundan sonra da davam edəcək.

– Bu sual Rəsul Quliyevin özünə də verilib. Necə hesab edirsiniz, onun Azərbaycana gəlişi nə dərəcədə mümkün olacaq və ondan asılı olan nədir?

– Tanıdığım bir şəxs kimi Rəsul Quliyev önə çəkdiyi fikirləri maksimum həyata keçirməyə çalışır. Sadəcə bugünkü hakimiyyət ona sərt mövqedə dayanıb ki, dolayısı ilə gəlməsinin qarşısını alır. Amma Rəsul Quliyevdən nə aslıdırsa, o bunu edir və onun gəlişi cəmiyyətə çox şey verə bilər. Təcrübəli bir insandır, iqtisadiyyatı, dövlətçiliyi idarəçiliyi bilən biridir, burdakı müxalifətdən qat-qat üstündür.

– Rəsul Quliyevin vaxtaşırı görünməsi bir çox müxalifət liderlərində əks reaksiya doğurur və hesab olunur ki, onun bu cür gündəmə gəlməsi hakimiyyətdə olan müəyyən bir klanın əlinə işləyir. Rəsul Quliyevin Okeanın o üzündən müxalifəti idarə etmək istəyi qəbul olunmur. Sizcə bu münasibətlər nəyin göstəricisidir?

– Onlar bilirlər ki, Rəsul Quliyev hakimiyyətdə olsa, onunla bir koalisiyada ola bilməzlər. Onlar müxalifətin iç üzünün və harada hansı səhvləri etmələrinin üzə çıxacağından qorxurlar. Ona görə də çalışırlar ki, Azərbaycana gəlməsin. Onun verdiyi mesajlara sosial şəbəkələrdə mənfi yanaşırlar. Amma ortaya tutarlı heç nə qoymurlar.

“Sanki hamı nəsə baş verəcəyini hiss edir və gözləyir”

– Fuad bəy, müxalifət nəyi gözləyir?

– Bu gün maraqlı bir situasiya yaranıb. Sanki hamı nəsə baş verəcəyini hiss edir və gözləyir. Məncə gözləyirlər ki, hakimiyyət daxilində baş verən proseslər yekunlaşsın və nəsə yeni bir hadisə yaransın. Gözləntilər yalnız bununla bağlı ola bilər.

– Seçkilərlə bağlı nə söyləyərdiniz, hazırlıqlar necə gedir?

– Seçki hazırlıqlarına strat vermişik. Artıq sentyabrın 15-dən seçki qərargahımız fəaliyətə başlayıb və rayon təşkilatlarında fəaliyyətimizi aktivləşdirmişik. Seçkilərlə bağlı uğurlu işlərin ortaya qoyulacağına inanıram.

T.Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?