"Qarabağa gedən ərzaq Azərbaycandan keçirsə, demək bizim çörəyimizi yeyirlər"

11:30 04-09-2023 | icon 283 | Cəmiyyət
"Qarabağa gedən ərzaq Azərbaycandan keçirsə, demək bizim çörəyimizi yeyirlər"

Novella Cəfəroğlu: "Hüquqları pozulan ermənilər yox, bizlərik"

 

Bu gün Azərbaycan Qarabağ İqtisadi Zonasında, Şərqi Zəngəzurda erməni üzündən paradoksal bir situasiya ilə üz-üzədir. İşğalçı – ərazilərimizdə soyqırımlar, qətliamlar törədən, şəhər və kəndləri dağıdan, minlərlə azərbaycanlının hüquqlarını pozan erməni havadarlarını razı salmaq üçün Azərbaycanda yaşayan  etnik ermənilərin hüquqlarını bərpa etməli,  sosial-iqtisadi durumu tənzimləmək üçün addımlar atıb beynəlxalq xətlə gələn “Ermənilərin humanitar hüquqları pozulur”, - təpkilərini önləməlidir. Azərbaycan rəsmi müstəvidə sülh şəraitində yaşamaq istəyən erməni sakinlərinə ən yüksək həyatı yaşadacağını vəd edir və bu istiqamətdə çalışmaları ortadadır.

 

Görək, Azərbaycanın erməni sakinləri özləri separatçı rejimə qarşı çıxış edərək, hüquqlarının qorunması üçün cəhdlər edirmi? Əgər Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə və digər bölgələrində müharibədən qırılıb-qalan erməni hərbçilərinin qeyri-qanuni dəstələri, separatçı rejim öz revanşist siyasətindən əl çəkməyərək mülki erməniləri qorxu altında saxlayırsa, erməni hüquq müdafiəçiləri, xalq diplomatları məsələyə dair hansı tədbirləri görürlər?

 

Versus.Az xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Təşkilatının sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu müsahibəsində bütün bunlara aydınlıq gətirib.

 

-  Azərbaycan I Qarabağ müharibəsi dövründə və ondan sonra da erməni vətəndaşlarına sülh, birgə yaşayış şəraitində dialoq təklif edib. Mülki ermənilər dünən bu təklifə hansı reaksiyanı sərgiləyirdi, bugünkü yanaşmaları nədir?

 

-I Qarabağ müharibəsi zamanı məğlub durumda olan bir dövlət idik. Hər dəfə erməni hüquq müdafiəçiləri ilə görüşlərdə onlara bölgədə sülhün vacibliyini aşılayırdıq. Deyirdik ki, siz əvvəl-axır sülhə gəlməlisiniz, əgər sülhə gəlmək istəməsəniz, onsuz da müharibə ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Eyni zamanda, müharibə istəmədiyimizi də vurğulayırdıq. Deyirdik ki, siz istəsəniz də, istəməsəniz də bizimlə razılaşmalısınız. O zaman ermənilər bizə istehza ilə baxır, hətta “Qarabağa gəlsəniz sizi öldürəcəyik”, - deyirdilər. Bir dəfə İordaniyada erməni hüquq müdafiəçiləri ilə görüşümüzdə ermənilərə sülh naminə birgə işləməyi, hüquqlarımızın qorunmasına birgə daha rahat nail olacağımızı deyərkən buna əks reaksiyaları müşahidə edirdik. “Sən müharibə olarsa, məni vurarsan?” -sualıma, erməni gənc qadın “Hə, tüfəngi götürüb sizi vuraram”, - demişdi. Hələ o zaman ermənilərin münaqişənin həlli prosesində apardığımız müzakirələrdə göstərdikləri münasibət bu idi.

Ermənilərlə axırıncı görüşümüzdə təklif etdik ki, siz də hüquq müdafiəçilərisiniz, gedin dövlətinizə bildirin ki, müharibə olacaqsa, bizim övladlarımız, gənclərimiz öləcək. Siz analar uşaqlarınız naminə bu münaqişəyə son qoymaq üçün etiraz etməlisiniz. Müharibə genofondumuzu məhv edir, cavan qızları ərsiz qoyur. Onlara “Gedin dövlətinizə deyin ki, müharibə olmamış torpaqları boşaltsınlar”, - söyləyirdik. O zaman bizim İsveçdən olan kuratorumuz mənə “Belə suallar verməyin”, – deyə etiraz etdi və söylədim ki, o zaman mənim bu insanlarla işləməyim doğru deyil. Elə həmin vaxt xalq diplomatiyası platformasından çıxdım.

Nəhayət, II Qarabağ müharibəsi olandan sonra, Ordumuza çox minnətdaram, Şəhidlərimizin qarşısında baş əyirəm, Allah qazilərimizə cansağlığı versin, Ali Baş Komandana təşəkkür edirəm, bizim ermənilərin qarşısında qürurlu duruşumuzu, namusumuzu, qeyrətimizi qaytardılar. Biz ermənilərlə görüşdə onlara daim sülh təklif etdiyimizi, birgəyaşayış, birgə iş təklif etdiyimizi deyirik, yenə də həmin iddiaları görürük. Bir çoxları reallığı başa düşür.

Məsələn, bu gün Xankəndidən olan bir qrup separatçı istəmir ki, Ağdam yolundan ora humanitar yardım gəlsin. Başa düşməlidirlər ki, istəsələr də, istəməsələr də buna məcburdurlar. Bura Azərbaycan əraziləridir və dövlət öz suverenliyi, təhlükəsizliyi naminə axıra qədər öz siyasətini yürüdəcək.

 

- Etnik ermənilərin Azərbaycan daxilində humanitar və digər hüquqlarının müdafiəsi ilə bağlı xaricdən çox çıxışlar edilir. Əslində, reallıq nədir, hüququ pozulan erməni varmı və o kimdir?

 

- Biz haqlıyıq, hüquqları pozulan Azərbaycan tərəfidir, azərbaycanlılardır, öz torpaqlarımızı işğaldan azad etmişik, bizə qarşı təzyiqlər var. Biz kiminsə torpaqlarına girməmişik. Müharibədə daha çox irəliyə getməyə ixtiyarımız var idi. İndi sərhədimizdə olan torpaqlar da bizimdir. Ermənilər zaman-zaman Azərbaycan torpaqlarını alıb üzərində özlərinə dövlət, həyat qurublar. Qərbi Zəngəzuru alıb maddi-mənəvi, tarixi sərvətlərimizi talayıb, insanlarımızın yaşamaq hüququnu əlindən alıblar. Bu gün dağıtdıqları şəhər- kəndlərimiz, abidələrimiz ortada, amma yenə də haqq-hüquqdan danışırlar.

Bu gün İran, Rusiya, Avropa erməni separatizmini körükləyir. Ona görə də ermənilər deyirlər ki, “Dünya bizim tərəfdədir”. Erməni cinayətlərini, ermənilərin törətdiyi hadisələri ta 1915-ci ildən bu yana millətin yaddaşında saxlamalı, unutmamalıyıq.

Heç kəs düşmən dövlətin nümayəndəsinin öz ərazisində qalmasını istəmir. İstəsək də, istəməsək də Azərbaycanın gözəl diyarı Xankəndidə ermənilərin yaşayışı təmin edilməlidir.  Ermənilər orada qalarsa, başqa iddialarla çıxış etmək üçün sözləri olmayacaq. Dünya da anlayacaq ki, Azərbaycan tolerant bir ölkə kimi, öz ərazisində yaşayan etnik ermənilərə yüksək, bəşəri dəyərlərlə yanaşmağı bilir və erməniyə erməni kimi deyil, yüksək insani dəyərlərlə yanaşır.  Azərbaycan Dövləti əvvəldən ərazilərimizdə yaşayan ermənilərlə danışmaq istəyir, onları reinteqrasiyaya dəvət edir. Azərbaycan erməni vətəndaşlarının qanunla nəzərdə tutulduğu şəkildə hüquqlarının, təhlükəsizliyinin təminatını vəd edir. Biz yenə də erməni əhalimizə təklif edirik ki, əgər Azərbaycanda yaşamaq istəyirsinizsə, digər bütün xalqlar kimi, sülh, dialoq şəraitində yaşamağı bacarmalısınız. Yox, yaşamaq istəmirsinizsə, biz kimisə öldürmək fikrində deyilik, Laçın yolu açıqdır, çıxıb gedə bilərsiniz. Burada yaşamaq istəyən erməni Azərbaycan pasportu alıb, Azərbaycan Bayrağı altında durmağı qəbul etməli, qanunlarımıza hörmətlə yanaşmalıdır.  Sən qanunları tanımalısan ki, qanun da sənin haqqını tanısın.

Təbii ki, erməniləri bir daha danışıqlarla başa salmalı və bunu bütün dünyanın başa düşəcəyi tərzdə etməliyik. Düşünürəm, bu reallığı birinci növbədə elə dünya bilməlidir. Dünya dövlətləri də yaxşı anlayır ki, bir neçə saat ərzində ərazilərimizdə qalan separatçıları çıxara bilərik. Prosesi danışıqlar yolu ilə həll etməyə üstünlük veririk.

Ermənistanda siyasi əqidəsinə görə həbs olunanlarla bağlı bir albom buraxmışıq. Bunlar deputatını öldürüb körpünün altına atanlardır. Parlametdə deputatları güllələyən toplumdur. Bu faktlar insan haqlarının açıq şəkildə pozulmasına yönələn cinayətlərdir. Bu gün də erməni həbsxanalarında siyasi məhbuslar var. Onlar heç bir haqla Azərbaycanı hüquq pozuntusunda günahlandıra bilməz, buna haqları da çatmır.

Təbii ki, “humanitar soyqırımı” iddiası ermənilərin növbəti təxribatlarıdır. Ermənistan və onun beynəlxalq havadarları Azərbaycanda hər hansı bir hüquq pozuntusuna don geyindirməyə çalışır, ona görə də Azərbaycan o qüvvələrə ipucu verməməlidir.

 

- Qarabağda yaşayan azsaylı ermənilərin “humanitar fəlakətə uğraması”, “humanitar soyqırımına məruz qalması” iddiaları ilə səs-küy salan Ermənistan və onu dəstəkləyən bəzi beynəlxalq qurumlar başqa bir dövlətin ərazisində azad sülh şəraitində yaşamı təmin etmək, insan hüquqları adı ilə özləri hansı addımları atır?

 

- Çox yaxın vaxtlarda ermənilərin “humanitar fəlakət” yalanı ilə BMT iclas keçirdi. Deməli, dünya bunların sözünə qulaq asmaqda maraqlıdır. Bu da aydın məsələdir ki, ermənilər BMT-də fiaskoya uğradılar, “hüquq davaları”nın sabun köpüyü olduğu ortaya çıxdı.  Ermənilər Azərbaycanda layiq olmadıqları hüquqi təminatı alırlar. Laçın yolu açıqdır və hər gün o yoldan ermənilərin çox sərbəst şəkildə, gülə-gülə keçdiklərini müşahidə edirik, Ona görə də kimlərinsə ermənilərin müdafiəsinə qalxıb Azərbaycanı nədəsə ittiham etməsinə ixtiyarı yoxdur. Əgər onlar hüquqlarını düşünürlərsə, o zaman separatçıların başqasının ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Separatçı rejimin təsiri altında hüquqları pozulan ermənilərin, eləcə də azərbaycanlıların problemini həll etmiş olarlar. Soruşan lazımdır: sənə humanitar yardımın hansı yoldan gəlməsinin nə əhəmiyyəti var? Əgər doğrudan da acından ölürsənsə, sənin üçün yardımın haradan gəlməsinin heç bir mənası olmamalıdır.  Bu günlər də bizim Qızıl Aypara Cəmiyyəti humanitar yardımla Ağdamdan Xankəndiyə gedib. İndi də bir erməni deyir ki, “Mən onların çörəyini yeyə bilmərəm”. Sanki biz buna çörək vermək üçün yalvarırıq. Biz təklif edirik. Dünyaya göstəririk ki, məsələləri sülhlə həll etməyə çalışırıq, siz də başa düşün, gəlin, görün. Belə bir şəraitdə ermənilərin sosial hüquqlarını təmin etmək üçün çalışırıq.

 

- Ermənilərin Azərbaycana qarşı humanitar soyqırımı iddiaları ilə baglı hazırlanan hesabatları hansı standartla hazırlanıb, özündə nəyi ifadə edir?

 

- Beynəlxalq dövlətlərin özləri beynəlxalq hüququn standartlarına əməl edə bilmirlər. Otuz il bundan əvvəl BMT Təhlükəsizlik Şurasında 4 qətnamə ilə qərar verilmişdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz geri qaytarmalıdır. Həmin o beynəlxalq standartlar Ermənistanı həmin qətnamələri icra etməyə məcbur edə bildi, yaxud bu qərara məhəl qoyuldu? Xeyr! Ona görə də həmin o çürük beynəlxalq standart yalnız maraqlar, ikilistandartlarla işləyir və bir çox hesabatlarda da bu cür yanaşmalar özünü göstərməkdədir. Ona görə də Azərbaycana qarşı hazırlanan hər hansı bir yalan hesabatın heç bir gücü yoxdur, ola da bilməz. Beynəlxalq hüquqa, standartlara əsasən ermənilərə kömək edirik, amma bunu istəmirlərsə, bu onların öz problemi, seçimləridir.

Ermənilərlə danışıqar aparıb, onları düz yola gətirməliyik. Bunun üçün Türkiyədə və Moskvada yaşayan ermənilərlə əlaqələr qurmalıyıq. Həmin ermənilər illərdir “soyqırımı” iddiası ilə çıxış etməklə yanaşı, Türkiyədə ən yaxşı işlərdə çalışır, yaxşı yaşayırlar.  Ermənilər Azərbaycanın işğalda olmayan ərazilərində də yaşayırlar. Onlara da anladaq ki, Zəngəzur yolu açılarsa və qonşu ölkələrin hamısı bu prosesə qoşularsa, hər kəs kimi ermənilər də bundan qazanacaqlar. Zəngəzurun açılması Azərbaycanın Qarabağ bölgəsində hərtərəfli təhlükəsizliyin təmin edilməsidir. Biz konflikti bir yerdə həll etməklə çözümün nümunəsini göstərə bilərik. 44 günlük müharibədə ərazilərimizi hansı hərbi strategiya ilə azad etməyimizin yollarını öyrəndikləri kimi, Azərbaycanla Ermənistan bir yerdə danışaraq, münaqişənin sülhlə çözülməsi təcrübəsini hər kəsə nümunə göstərə bilər. Ermənilərin başı olsaydı, heç vaxt Qarabağa girməzdilər…

 

– Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra, ermənilərin Azərbaycanla bağlı mövqeyində az da olsa dəyişiklik varmı?

 

- Mülki ermənilər Qarabağ bölgəsində,  Xankəndidə 5-3 nəfər erməni separatçının girovluğunda qalıb. Onlar qorxurlar. Erməni sakinlər Azərbaycana inteqrasiyanı istəyirlər. Bilirlər ki, Azərbaycanla birlikdə onlar daha çox inkişaf edib, daha yaxşı yaşaya bilərlər.  Çörəyimizi yeyib, üstəlik, “Düşmənin çörəyini yemək istəmirəm” – deməklə heç nəyə nail ola bilməyəcəklər. Anlamalıdırlar ki, Qarabağa gedən ərzaq Azərbaycandan keçirsə, demək elə bizim çörəyimizi yeyirlər. Bunu etməyə də bilərik, amma sülh istəyimiz bizi hər güzəştə getməyə məcbur edir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq